"Dini radikalizmə
meyllilik xarici təsirlərdən qaynaqlanır"
“525”in müxbirinin suallarını
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Etibar Nəcəfov
cavablandırır
- Etibar müəllim, bu gün Azərbaycanda multikultural mühit və millətlərarası münasibətlər yüksək səviyyədədir. Sizcə, eyni fikri ölkədəki dini durum barədə də söyləmək mümkündürmü? Ümumiyyətlə, mövcud dini durumu necə qiymətləndirirsiniz?
- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasəti vasitəsi ilə ölkədə həm etnik-mədəni, həm də dini müxtəlifliklər yüksək səviyyədə tənzimlənir. Yəni multikulturalizm təkcə etnik, irqi, mədəni fərqliyi deyil, həm də bu anlayışların tərkib hissəsi olan dini müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Assimilyasiya siyasətindən fərqli olaraq multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını alır, bu dəyərləri qoruyur, bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Xüsusilə də milli azlıqların cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir.
Məhz bu siyasət nəticəsində Azərbaycanda din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilir, dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri tarixi ənənə olaraq nəinki qorunur, həmçinin, bu münasibətlərin daha da dərinləşməsi istiqamətində müvafiq şərait yaradılır. Qeyd edim ki, müasir tələblərdən çıxış edərək dini maarifçilik işinə kəmiyyət və keyfiyyət baxımından xüsusi diqqət ayrılır, maarifləndirmə tədbirlərinin geniş miqyasda aparılması təmin olunur. Bir sözlə, dövlət dini icmalara göstərdiyi qayğını günü-gündən daha da artırmaqdadır. Buna böyük tarixə malik məbədlərin təmir və bərpasının davam etdirilməsi, vətəndaşlara dini ayinlərin icrası üçün yüksək şəraitin yaradılması kontekstində əyani şahid olmaq olar. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, dövlət-din münasibətləri demokratik cəmiyyət normalarına uyğun tənzimlənir.
- Dini
radikalizm bu gün ən aktual problemlərdən biridir. Bu problemlə mübarizənin konkret mexanizm və hədəflərini
özündə ehtiva edən hansısa dövlət
proqramına ehtiyac görürsünüzmü? Məsələn, bəzi ölkələr qanunlarla
yanaşı, dövlət-din münasibətlərini tənzimləyən
konsepsiya da qəbul edib. Belə bir
konsepsiya Azərbaycanda da qəbul edilə bilərmi?
- Hesab
edirəm ki, din ideoloji sahədə ən həssas və incə
mahiyyətə sahibdir. Təəssüf ki,
ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən,
yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə
yönələn insanlar da tapılır. Belə
insanlar azsaylı qruplar təşkil edərək digər vətəndaşların
hüquqlarını pozmağa, inanc kimi saf və ülvi
duyğulardan istifadə edərək öz məkrli məqsədlərini
həyata keçirtməyə cəhdlər göstərirlər.
Aparılan araşdırmalar göstərir ki, həmin
qruplar birmənalı şəkildə xaricdən idarə
olunurlar. Necə ki, cari ilin iyul
ayının 3-də və 10-da Gəncə şəhərində
baş vermiş məlum hadisələr bunu bir daha göstərdi.
Gəncə hadisələrində iştirak edən
radikal-ekstremist qüvvələr öz çirkin əməllərini
həyata keçirərkən cəmiyyətin bütün təbəqələrinin,
o cümlədən, dini və etnik konfessiyaların nümayəndələrinin
etirazı ilə üzləşdilər. Ənənəvi
milli-mənəvi dəyərlərimizə sadiq qalan dindarlar
onların bu çirkin əməllərini qətiyyətlə
qınadılar. Çünki Azərbaycanda
dövlət-din münasibətləri möhkəm təməllər
üzərində qurulmuşdur. Ölkəmizdə
dindarlara daim dövlət tərəfindən diqqət və
qayğı göstərilir. Həqiqi və
saf dini dəyərləri yaşayan dindarlar bunu yüksək
səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin
həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər.
Lakin radikal-ekstremist ruhlu kiçik qruplar öz
çirkin əməlləri ilə bu siyasətə kölgə
salmağa çalışır, heç bir əsas olmadan
ölkədə süni gərginlik yaratmağa, ictimai-siyasi
sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı qanunvericilik
çərçivəsində həmişə qətiyyətlə
alınmışdır və bundan sonra da alınacaqdır.
Hesab edirəm ki, Azərbaycanda dini etiqad
azadlığı möhkəm hüquqi-normativ əsaslara
malikdir. Ölkədə mövcud dini etiqad
azadlığından sui-istifadə edən belə radikal
ünsürlərin fəaliyyətinə hüquqi qiymət
verilməsi, ümumiyyətlə, mübarizə mexanizminin həyata
keçirilməsi üçün ötən dövrdə
qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində dövlət tərəfindən lazımi
işlər görülmüşdür. Xüsusilə,
2015-ci ildə "Dini ekstremizmə qarşı mübarizə
haqqında" Qanunun qəbul edilməsi analoji problemlərlə
mübarizədə çevik fəaliyyət
üçün geniş imkanlar yaratmışdır. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata
keçirən dövlət orqanlarının, eləcə də
vətəndaşların hüquq və vəzifələrini
təsbit edir. Bundan başqa, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə, həmçinin,
"Dini etiqad azadlığı haqqında" Qanuna
müvafiq əlavələrin edilməsi dövlətin dini
radikalizm və ekstremizmlə mübarizə sahəsində
konkret taktikasını müəyyənləşdirməklə
yanaşı, problemin çözümü istiqamətində
təkmil mexanizm formalaşdırmışdır. Hazırda mövcud olan qanunvericilik bazası dini
radikalizmlə mübarizə sahəsində yetərli qiymətləndirilir.
Azərbaycanda
dövlət-din münasibətlərini tənzimləyən
konsepsiyanın qəbul edilməsinin mümkünlüyü
ilə bağlı sualınıza gəlincə qeyd edə
bilərəm ki, Azərbaycan Respublikası Prezidentinin 23 may
2007-ci il tarixli, 2198 ¹-li Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik
konsepsiyası"nda dövlətimizin müstəqilliyini, ərazi
bütövlüyünü, konstitusiya quruluşunu, xalqın
və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən
qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip
və yanaşmaları müəyyən edilmişdir. Sözügedən konsepsiyanın
"Separatçılıq, etnik, siyasi və dini
ekstremizm" və "Milli və dini tolerantlıq
mühitinin qorunması" bölmələrində Azərbaycan
Respublikasının din siyasəti ilə bağlı
müvafiq müddəalar da əksini tapmışdır.
Onu da qeyd edim ki, əgər zaman keçdikcə
dünyada və cəmiyyətdə baş verən sürətli
inkişaf din sahəsində müstəqil yeni konsepsiyanın
qəbul edilməsi zərurətini yaradarsa, təbii ki, bu məsələyə
gələcəkdə baxıla bilər.
- Dini
radikalizmə zəmin yaradan amillər var: savadsızlıq,
yoxsulluq, yanlış dini biliklər və s. Görünən
budur ki, Azərbaycanda radikalizmə əsas zəmin yaradan bu
amillər deyil, xarici təsirlərdir. Əvvəlki
illərlə müqayisədə xarici təsirlərin
gücləndiyi müşahidə edilir. Necə
fikirləşirsiniz, xarici təsirlərin zaman keçdikcə
daha da güclənəcəyini proqnozlaşdırmağa
ciddi əsas var?
- Bəli,
dünyanın dini radikalizmdən əziyyət çəkən
dövlətlərinə ötəri nəzər saldıqda
aydın şəkildə görünür ki, həmin
ölkələrdə bu problemi yaradan amillər
sırasında ümumi savadsızlıq, yoxsulluq, işsizlik,
eləcə də dini biliklərin elmi əsaslarla deyil, xurafat
və mövhumat səviyyəsində təlqini kimi məsələlər
dayanır. Azərbaycanda isə ölkə rəhbərliyinin
həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində
dayanıqlı inkişaf təmin edilir. Ölkəmizdə
yoxsulluğun göstəricisi 5 faizdən
aşağıdır, ümumi savadlılıq səviyyəsi
isə 100 faizə yaxındır. Azərbaycanda
dini təhsil inkişaf dövrünü yaşasa da, səviyyə
baxımından bir sıra ölkələrlə müqayisədə
xeyli irəlidədir. Bu sahənin daha da
inkişafına dövlət tərəfindən xüsusi
diqqət göstərilir.
Cari ilin fevral ayında Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun
yaradılması buna əyani sübutdur.
Bundan
başqa, ölkəmizdə stabil dövlət-din münasibətləri
modelinin mövcudluğu, tolerantlıq, multikulturalizm, həmrəylik
ideyalarının dini qurumlar tərəfindən nəinki qəbul
edilməsi, həmçinin, gündəlik həyatda tətbiqi
kimi amillər bir daha onu deməyə əsas verir ki, radikalizm
bizim cəmiyyətə kənardan düşmüş
"yad cism"dir. Bayaq da qeyd etdiyim kimi, ölkədə dini
radikalizmə rəvac verən amillər xarici təsirlərlə
bağlıdır. Xarici zərərli təsirlərin
əsas səbəbi isə Azərbaycanın bütün sahələrdə
inkişafını, müstəqil siyasət
yürütdüyünü gözü götürməyən
müəyyən xarici dairələrin bütün vasitələrdən,
həm maddi, həm ideoloji, o cümlədən, dindən
ölkəmizə qarşı öz məkrli məqsədləri
üçün istifadə etmələridir. Bu təsirlər həmişə müşahidə
olunub, bu gün də var, gələcəkdə də
olacağı istisna edilmir. Ümumiyyətlə,
xarici havadarların diktəsi ilə hərəkət edən
radikal qruplar cəmiyyətimizə təsir göstərmək
imkanına malik deyillər. Çünki
onların ölkədə ciddi sosial dayaqları yoxdur və
başlıcası isə Azərbaycanda xalq-iqtidar birliyi
möhkəm dayaqlara malikdir. Bu gün həmin
qüvvələrin təsir imkanları dövlətin
müvafiq strukturlarının həyata keçirdiyi tədbirlər
nəticəsində çox zəifləmişdir, fəaliyyətləri
ciddi nəzarət altındadır. Amma bu
istiqamətdə profilaktik tədbirlər daim davam etdirilməli,
təkcə dövlətin aidiyyəti qurumlarının deyil,
vətəndaş cəmiyyətinin, ümumiyyətlə, hər
bir fərdin bu məsələyə münasibətdə
sayıqlıq və həmrəylik nümayiş etdirməsi
vacibdir.
- Azərbaycanda
insanlar dini bilikləri ya valideynlərdən, ya din xadimlərindən,
ya internetdən, ya da təsadüfi adamlardan alırlar. Valideynlərin və din xadimlərinin hamısı
eyni dini biliklərə malik deyil. Onların arasında
xurafatçı, hətta fanat dindar şəxslər də ola bilər. İnterneti və təsadüfi
adamları isə bir kənara qoyuram. Deməli,
cəmiyyətdə dini biliklər əldə etmək
üçün sağlam və etibarlı mənbə yoxdur.
Belə bir vəziyyətdə ən etibarlı
və sağlam mənbə funksiyasını məktəb
daşıya bilməzmi?
-
Doğrudur, insanların xüsusilə, gənc nəslin dini
bilikləri mənbəyi və mənşəyi məlum
olmayan internet resursları üzərindən öyrənməsi,
yaxud bu məsələ ilə bağlı təsadüfi
adamlara müraciət etmələri tamamilə yanlış və
çox təhlükəli tendensiya hesab olunur. Müasir
dövrdə gənclərin sosial şəbəkə aludəçisinə
çevrildiyini nəzərə alsaq, onları maraqlandıran
dinlə bağlı sualları cavablandıracaq
ünvanları virtual məkanda axtarmaları heç də təsadüfi
deyil. Lakin həmin internet resurslar vasitəsi
zərərli təbliğatın qurbanına çevrilmək
çox asandır. Çünki radikal
qrupların əsas təbliğat məkanlarından biri, bəlkə
də birincisi internetdir.
Bəli,
din xadimləri arasında xurafata meylli, yaxud fanatik
dünyagörüşünə sahib olanlara rast gəlinir,
lakin sahəsinə peşəkar yanaşan, ənənəvi
dini dəyərləri gözəl şəkildə öyrətmək
bacarığına sahib rəsmi din xadimlərimiz az deyil. Bununla yanaşı, rəsmi
fəaliyyət göstərən dini icmalarımız da
mövcuddur ki, dinlə maraqlanan, yaxud övladının dini
biliklərə yiyələnməsini istəyən valideynlər
həmin icmalara müraciət edirlər.
Məlum olduğu kimi, İslam dini mütərəqqi
dünyabaxışı, həyat fəlsəfəsi ilə
bizim milli kimliyimizin, mədəniyyətimizin
formalaşmasında mühüm rol oynayıb. Bu din sülh,
dostluq, bərabərlik, həmrəylik və bir çox
mütərəqqi dəyərləri təbliğ edir.
Ümummilli lider Heydər Əliyev dinimizlə
bağlı çıxışlarının birində qeyd
etmişdi ki, "İslam dini əsrlər boyu bizim mənəviyyatımızın
əsasını təşkil etmiş, müsəlmanların
dünyada layiqli yer tutmasını təmin etmişdir".
Ölkə başçısı İlham Əliyev
çıxışlarının birində belə
demişdir: "İslam dözümlülük dinidir,
sülh dinidir, tolerantlıq dinidir. Biz
bütün başqa dinlərin nümayəndələri ilə
sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik
və buna nail olacağıq".
Lakin əfsuslar olsun ki, bu gün dünyada İslam
bayrağı altında bəzi qüvvələr öz
siyasi, yaxud digər maraqları çərçivəsində
dinimizi radikal formada təqdim edir, ətraflarına topladıqları
kriminal və cinayətkar ünsürlərin potensialından
istifadə edərək ekstremizmə rəvac verirlər. Onların bu mənfi
fəaliyyətləri İslamı gözdən salır, onun
terror dini kimi qələmə verilməsinə, islamofob fikirlərin
yaranmasına səbəb olur ki, bu, bizi çox narahat edir.
Yeri gəlmişkən qeyd edim ki, müasir dövrdə
islamofobiya dözümsüzlüyün və
ayrı-seçkiliyin ən geniş yayılmış
formalarından biridir. İslamofobiyadan təkcə Qərb
ölkələrinə yenicə pənah gətirmiş
miqrantlar deyil, orada yaşayan yerli müsəlmanlar da əziyyət
çəkir. Məlumdur ki, islamofobiya
İslam dininə, müsəlmanlara və ümumiyyətlə,
bu dinlə bağlı olan hər bir sosial hadisəyə
münasibətdə qorxuya və qorxudan irəli gələn,
onun məntiqi nəticəsi olan nifrətə, o cümlədən,
ayrı-seçkiliyə, təqibə əsaslanır. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında islamofobiya ilə mübarizəyə xüsusi
önəm verilir. Məsələn, ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun 2018-ci ildə
dərc olunan "Müsəlmanlara qarşı nifrət zəminində
törədilən cinayət" adlı hesabatında
haqlı olaraq etiraf olunur ki, ATƏT ölkələrində
müsəlman icmaları onları terrorçuluqla və
ekstremizmlə tez-tez əlaqələndirən, yaxud onların
Qərb ölkələrində məskunlaşmalarını
bu ölkələrin xalqlarının milli identikliyinə təhdid
kimi qələmə verən ritorikanın qurbanlarıdır.
Sözügedən hesabatda həmçinin qeyd
olunur ki, Qərb ölkələrində müsəlmanlar dini
və mədəniyyəti insan haqları və demokratiya kimi
anlayışlara zidd olan monolit qrup kimi təqdim olunur. Əgər bu dözümsüzlüyün
qarşısı alınmasa, bu ölkələrdə müsəlmanlara
qarşı nifrət zəminində cinayəti təşviq
edən mühit yaranacaqdır. Bu isə
öz növbəsində müsəlmanların cəmiyyətdən
təcrid olunmasına səbəb olacaqdır. Hesabatda bu cür təhlükəli hadisələrin
qarşısının alınması üçün cəmiyyətin
bütün üzvlərinin müsəlmanlara qarşı
ayrı-seçkiliyə, dözümsüzlüyə və
nifrət zəminində törədilən cinayətə
qarşı birgə mübarizə etmələrinin vacibliyi
qeyd olunur.
Hesab edirəm ki, gənclərimiz İslam dinini hər
hansı xarici mühitin təsiri ilə deyil, öz milli-mənəvi
dəyərlərimizin tərkib hissəsi kimi, Azərbaycançılıq
ideyasına bağlı şəkildə öyrənməlidirlər. Bir məsələni
xüsusilə qeyd edim ki, Azərbaycan dünyəvi dövlətdir
və dövlət təhsil sistemi dindən ayrıdır.
Ona görə də orta məktəblərdə
şəriət fənni tədris oluna bilməz.
Qanunvericiliyimizə əsasən, dinşünaslıq,
dini-idraki, dini-fəlsəfi, müqəddəs dini
kitabların əsasları ilə tanışlıq kimi fənlər
dövlət təhsil müəssisələrinin tədris
proqramına daxil edilə bilər və bu məsələ
öz həllini tapmışdır. Çünki orta təhsil
müəssisələrində "Həyat bilgisi"
adlı fənn tədris olunur və onun vasitəsi ilə
şagirdlərə dinin əsasları haqqında məlumatlar
verilir, ibtidai dini bilgilər öyrədilir. Bu fənn vasitəsilə
dini bilgilər dünyəvi tədris metodikasına uyğun
olaraq pedaqoji ixtisaslı müəllimlər tərəfindən
keçirilir. Hazırda aidiyyəti qurumlar tərəfindən
"Həyat bilgisi" adlı fənnin dərsliklərində
dinlə bağlı məlumatların genişləndirilməsi
istiqamətində tədbirlər görülür.
- Radikal
qruplara qoşulanlar cəmiyyətin daha çox hansı təbəqəsi
və hissəsidir? Bu barədə araşdırma
aparılıbmı? Yaxud radikal qrupların ölkədəki
multikultural mühitə yaratdığı təhdidlər
araşdırılırmı? Sizcə, bu qruplar multikultural
mühitə ciddi təsir göstərə bilər?
-
Ümumi öyrənmələr göstərir ki, radikal
qruplara əsasən cəmiyyətin yoxsul, savadsız,
dünyagörüşü kasad olan təbəqəsinə
mənsub insanlar qoşulur. Təəssüf hissi ilə qeyd
etməliyik ki, radikal qruplara qoşulanlar arasında gənclər
üstünlük təşkil edir. Bu, ilk növbədə
onunla izah olunur ki, radikal dini cərəyanlar öz təbliğatlarını
hədəf qrupu olaraq əsasən gənclərə yönəldir,
enerji və vaxtlarını sərf etmək üçün
imkan, vasitə axtaran belə gəncləri məharətlə
arayıb tapırlar. Adətən intellektual səviyyəsi
yetərincə yüksək olmayan gəncləri onlar
asanlıqla manipulyasiya obyektinə çevirirlər.
Həmçinin,
cəmiyyətdə özünü sübut edə bilməmiş
insanların da dini radikalizmə meyillənməsi diqqət
çəkməkdədir. Ötən dövrdə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu sahədə
müştərək araşdırma aparmışdır.
Öyrənmələr göstərmişdir ki, dini
radikalizmin təsirinə daha çox məruz qalanlar işsiz
olan və ali məktəblərə qəbul olmayan gənclərdir.
Bunun qarşısını almaq üçün Bilik Fondu və
BBMM bir neçə layihə də hazırlayıb icra etmişlər.
Belə layihələrdən, məsələn, "Məscidlərdə
kitabxanaların yaradılması"nı qeyd etmək istərdim.
Bu layihənin əsas məqsədi ondan ibadətdir ki, məscidlərdə
təkcə dini ədəbiyyat deyil, elmi-populyar və bədii
ədəbiyyatdan ibarət kitabxanalar formalaşdırılaraq
dindarların istifadəsinə verilsin. Layihə uğurla həyata
keçirilmiş, yüzlərlə məsciddə belə
kitabxanalar yaradılmış, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi də bu layihədə yaxından
iştirak etmişdir.
Bilik Fondu
ilə BBMM-nın birlikdə həyata keçirdiyi digər
layihə "Epizod" adlanır. Layihənin məqsədi
ali məktəblərə qəbul olmayan və işsiz qalan
gənclərin sosial problemlərinin, o cümlədən,
onların radikal dini qruplara qoşulmasının
qarşısını almaq üçün maraqlarına
uyğun peşə ixtisaslarına yiyələnməsinə
şəraitin yaradılmasıdır. Layihə çərçivəsində
gənclərin maraqlarına uyğun olaraq avtomexanik,
çilingər, xarici dil, yaxud kompüter
bacarıqlarının inkişaf etdirilməsi istiqamətində
müvafiq dəstək göstərilmişdir.
Sualınızın
radikal qrupların ölkədəki multikultural mühitə
yaratdığı təhdidlərlə bağlı hissəsinə
gəlincə, qeyd edə bilərəm ki, hazırda hər
hansı ciddi təhdid nəzərə çarpmır. Lakin bəzən
radikal qrupların açıq deyil, gizli təbliğatlarında
milli kimliyimizi, milli mədəniyyətimizi, adət-ənənələrimizi
inkar etmələri narahatçılıq doğurur. Milli
identikliyimizi şərtləndirən elementlərə
qarşı çıxmaq və buna dini baxımdan bəraət
qazandırmaq yolverilməzdir. Bizim milli və dini dəyərlərimizin
hər ikisi müqəddəsdir. Gələcək nəsilləri
məhz bu dəyərlərin, eyni zamanda, multikulturalizm ruhunda
tərbiyə etmək bizim borcumuzdur. Ona görə də belə
neqativ düşüncə tərzi ilə mübarizəmizi
geniş maarifləndirmə tədbirləri ilə həyata
keçirməliyik. Bununla bağlı Prezident İlham Əliyev
çıxışlarının birində belə
demişdir: "Milli, dini dəyərlərimiz bizim
üçün hər şeydən üstündür. Biz
çalışmalıyıq və
çalışırıq ki, bizim gənclərimiz də
milli ruhda böyüsünlər, tərbiyə alsınlar.
Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir
ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan,
öz vətənini, millətini sevən insan böyük
hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə
hörmət edən, başqa millətdən olan insanlara
hörmətlə yanaşan insan da böyük hörmətə
layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə
olunmalıdır".
- Dini radikalizmin
yayılma arealından danışdıqda daha çox
Şimal, Şimal-Qərb və Cənub bölgələrinin
adı çəkilir. Bu bölgələr ölkəmizin sərhəd
zonaları hesab olunur. Sərhəd bölgələrindəki
dini radikalizm meyillərini əsas xarici amillərlə əlaqələndirirlər.
Sizcə, bu doğrudurmu?
-
Yuxarıda qeyd etdiyim kimi, ümumən ölkəmizdə dini
radikalizmə meyllilik xarici təsirlərdən qaynaqlanır.
Qeyd etdiyiniz sərhəd zonası bölgələrində
digər bölgələrdən fərqli olaraq tarixən ənənəvi
İslam dəyərləri güclü olmuşdur, hətta
sovetlər dönəmində belə, bu bölgələrdə
dini dəyərlərə xüsusi həssaslıqla
yanaşılmışdır. Lakin təəssüf ki, buna
baxmayaraq, müasir dönəmdə həmin bölgələrdə
də qeyri-ənənəvi dini təsirlərə məruz
qalanlara tez-tez rast gəlinir. Bunun da müəyyən səbəbləri
vardır. Xüsusilə, ötən əsrin 90-cı illərində
xeyriyyəçilik adı altında ölkəmizə gələn
müəyyən xarici təşkilatlar bu bölgələrdə
bizim milli xüsusiyyətlərimizlə uyğun olmayan qeyri-ənənəvi
dini baxışları yaymağa başladılar və
qısa dövr ərzində müəyyən kontingent
formalaşdırmağı bacardılar. Təbliğat
üçün sərhəd bölgələrin seçilməsi
də təsadüfi deyildi. Həmin dövrdə təbliğatı
həyata keçirən missionerlərin ardıcılları
az idi və onlar öz fəaliyyətlərini ucqar rayonlarda
aparmağa və paytaxtda görünməməyə
çalışırdılar. Sonrakı dönəmdə bu
təşkilatların əsl məqsədi və məramı
üzə çıxandan sonra, onların ölkə ərazisində
fəaliyyəti dayandırıldı. Müşahidələr
deməyə əsas verir ki, həmin bölgələrdə
dini radikalizmə meyllilik göstərənlər məhz
qeyri-ənənəvi dini-ideoloji təbliğatın
qurbanına çevrilmiş insanlardır.
Bu gün
həmin bölgələrdə ənənəvi dini dəyərlərin
daşıyıcısı olan dini icmalara dövlət tərəfindən
xüsusi diqqət göstərilir. Onlara əhali arasında
qeyri-ənənəvi dini təbliğata alternativ olaraq ənənəvi
milli-mənəvi dəyərlərimizə uyğun maarifləndirməni
həyata keçirmələri üçün həm maddi,
həm də mənəvi dəstək verilir. Radikal
ünsürlərin fəaliyyəti isə aidiyyəti
qurumların ciddi nəzarəti altındadır.
- Gəncləri
zərərli vərdişlərdən qorumaq baxımından
dinlərin böyük potensialı var. Amma görünən
odur ki, son dövrlər valideynlər övladlarını zərərli
vərdişlərdən qoruduqları kimi dindən, daha
doğrusu, zərərli dindən qorumağa
çalışırlar. Bu cür vəziyyətdə biz zərərli
dinlə faydalı dini ayırd etməyin yolunu
insanlarımıza göstərə bilərik?
- Din mahiyyət
etibarı ilə insanın ruhi tələbatının ödənilməsində
əvəzolunmaz bir vasitədir. Ona təkcə zərərli
vərdişlərlə mübarizə predmeti kimi yanaşmaq
da düzgün deyil. Həqiqi, mütərəqqi dini dəyərlər
insanın əxlaq və mənəviyyat baxımından
kamilləşməsinə xidmət göstərdiyi kimi, onda
vətənə, millətə sevgini, mənsub olduğu cəmiyyətə
bağlılığı, inancından, milliyətindən,
sosial statusundan asılı olmayaraq bütün insanlarla
xoşrəftar və mehriban davranmağı aşılayan
keyfiyyətlərlə zəngin olmalıdır. Əslində,
bu keyfiyyətlər inanc dəyərləri kimi universal mahiyyət
daşıyır və qızıl qaydanı müəyyənləşdirir.
Amma təəssüf ki, hansı dinin
daşıyıcısı olmasından asılı olmayaraq,
bəzən insanlar öz inanclarından çıxış
edərək iftar təəssübkeşliyə, fanatizmə,
mövhumata, dözümsüzlüyə yol verir, cəmiyyətin
fərdləri arasında ədavət yaratmaq,
bölücülük təlqin etmək kimi mənfi
xüsusiyyətləri yaymağa çalışırlar.
Ülvi duyğulara xidmət edən həqiqi, mütərəqqi
dini dəyərlər heç bir halda bununla razılaşa
bilməz, çünki bütün dinlərin missiyası insanlığı
Uca yaradanın himayəsi altında xoşbəxtliyə, səadətə
nail etməkdir. Hesab edirəm ki, dinə yanaşmada zərərlilik
və faydalılıq meyarlarını məhz bu prizmadan dəyərləndirmək
lazımdır.
- Sizcə,
dini radikalizmlə mübarizədə vətəndaş cəmiyyətlərinin
və KİV-lərin rolu nə dərəcədə əhəmiyyətlidir?
-
Düşünürəm ki, müasir dövrdə Azərbaycanda
dini radikalizmlə mübarizə sahəsində vətəndaş
cəmiyyətinin və kütləvi informasiya vasitələrinin
göstərdiyi xidmətlər kifayət qədər əhəmiyyətlidir.
Sevindirici haldır ki, qeyri-hökumət təşkilatlarının
dini radikalizmlə mübarizəyə həsr etdikləri layihələrin
sayı günü-gündən artmaqdadır. Xüsusilə,
bölgələrdə əhalinin müxtəlif təbəqələri
ilə aparılan maarifləndirmə tədbirlərinə
diqqət və marağın artdığını
müşahidə edirik. Prezident Administrasiyasının Millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsi bu istiqamətdə qeyri-hökumət təşkilatlarına
lazımi dəstəyi göstərməkdədir. Eyni zamanda,
kütləvi informasiya vasitələrində bu sahəyə
həsr olunan verilişlərin, məqalələrin
yayılması böyük əhəmiyyət kəsb edir.
Misal üçün, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin (DQİDK) müəllif
proqramları olan, İctimai televiziyada yayımlanan "Din və
Cəmiyyət", "Space" telekanalında efirə gedən
"İnam" verilişini qeyd etmək istərdim. Həmçinin,
yaxın müddətdə Azərbaycan Televiziyasında
BBMM-nın "Multikulturalizm" adlı müəllif
proqramı öz işinə başlayacaq. Bundan başqa,
DQİDK-nın "Dövlət və Din", BBMM-nın
"Multikulturalizm" adlı jurnalları da nəşr
olunur. Qeyd olunan mətbu orqanlarda və digərlərində
dini radikalizmlə mübarizəyə həsr olunmuş məqalələrin
dərc edilməsi və geniş oxucu auditoriyasına
çatdırılması çox böyük əhəmiyyətə
malikdir.
- Necə
fikirləşirsiniz, Azərbaycan dini radikalizmlə mübarizədə
daha çox hansı ölkələrlə əməkdaşlıq
etməlidir? Tarixi-dini ənənələri olan müsəlman
ölkələri, yoxsa MDB-yə daxil olan dövlətlərlə?
- Hesab
edirəm ki, Azərbaycan bu sahədə fərq qoymadan
dünyanın bütün ölkələri ilə konstruktiv
əməkdaşlıq qurmaq potensialına malikdir və bu əlaqələr
qurulmuşdur. Demək istəyirəm ki, dini radikalizm müxtəlif
beynəlxalq platformalarda geniş müzakirə olunan
mövzulardandır. Məsələn, ölkəmizin xarici
siyasətinin əsas istiqamətlərindən biri
bütün dünyada mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Bu
istiqamətdə ölkəmiz böyük uğurlara imza
atmışdır. Belə uğurlardan biri kimi son dövrdə
siyasi leksikona daxil olmuş "Bakı prosesi"ni qeyd etmək
olar. Bu il on illiyini qeyd etdiyimiz və qlobal hərəkata
çevrilmiş "Bakı Prosesi" - müxtəlif mədəniyyətlər
arasında dialoqun inkişaf etdirilməsini nəzərdə
tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev
tərəfindən ilk dəfə irəli sürülən
və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər
sistemində təzahürü olan bu təşəbbüs
çərçivəsində mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə
xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər
Azərbaycanda keçirilmişdir və həmin tədbirlərdə
dini radikalizmə həsr olunan mövzulara yer verilmişdir.
Qeyd edim ki, "Bakı Prosesi" çərçivəsində
Bakıda 4 Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, 5 Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini
Liderlərinin Sammiti, eləcə də Birləşmiş
Millətlər Təşkilatı Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Yeri gəlmişkən
bildirim ki, bu il oktyabr ayının 25-26-da Bakıda VI Bakı
Beynəlxalq Humanitar Forumu keçiriləcək və
hazırda bu istiqamətdə hazırlıq işləri
gedir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2018.- 9 oktyabr.- S. 4;
6.