Kino kimi bir həyat və ya Lətif Səfərovun ömürdən uzun ağrıları

 

"Əgər məndən soruşsanız ki, "Siz nə etmisiniz", cavab yalnız bir olacaq: "Demək olar ki, heç nə". Əgər soruşsanız ki, "Nə etmək istəyirəm", cavab yenə qısa olacaq: "Çox şey". Görəcəyim işlər barədə çox düşünmüşəm. Müəllimim Qriqori Mixayloviç Kozintsevin vəsiyyətini minnətdarlıqla xatırlayıram: "Əgər özünüzü incəsənətə həsr etməyi qərara almışsınızsa, yatmamağı öyrənin. Bəli, indi o dövr deyil. Yatmaqla çox şey uduzmaq olar, hətta həyatı da. Həyat isə necə də gözəldir, əgər hamı qədrini bilsəydi..."

Bu sözlərin müəllifi kameralarla tanış olanda hələ heç dünyanı, insanları, həyatı, yaxşıyla pisi tanımırdı. Hər şey erkən başlamışdı onunçün. Yuxu kimi, qəfil gələn möcüzə kimi... Amma heç biri möcüzə deyildi. Onun gələcək həyatı hələ uşaq ikən - 7 yaşında müəyyənləşmişdi. Kinematoqrafiya - ona ad-san, şöhrət, sevgi, həyat və ölümü bəxş edən peşə...

O, bu ağır, eyni zamanda, çoxlarının can atdığı, "əlləri uzanıqlı qaldığı" peşəyə bir yay günü, hələ ömrünün ta başındaykən gələndə özüdaxil hər kəsin ona ümidləri böyük idi. Hamı bu qəfil gəlişin arxasında böyük yaradıcılıq işləri, zəngin irs, uzun kino yolu olacağını düşünürdü. Amma bu qəfil gəliş bir gecə qəfil gedişlə yekunlaşdı. Arzular da, xəyallar da, ümidlər də bir gecə güllə səsinə diksinib pərən-pərən düşdü...

 

Erkən parlayan ulduz

 

Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərov 30 sentyabr 1920-ci ildə Şuşada dünyaya göz açmışdı. Atası Bəşir Heydər oğlu dövrünə görə müəyyən qədər təhsilli, savadlı adam sayıldığından yeni hökümət onu işsiz qoymamış, normal bir qulluğa təyin etmişdi. Bəlkə də bu savadın və yeni qulluğun havasından idi ki, Bəşir artıq təhsilsiz arvadını bəyənmir, ondan ayrılmağa bəhanələr axtarırdı. Və bir gün o, ailəsini - arvadını, dörd yaşlı oğlu Lətifi və körpə qızını atıb, özünə uyğun hesab etdiyi bir qadınla evlənir. Anası Maya isə övladlarını götürüb Ağdama - qaynatasının yanına köçür. Balaca Lətif həyatın ilk zərbəsini də bu gedişlə alır. Amma körpə qəlbi gələcəyin ona hazırladığı "sürprizlərdən", alacağı daha böyük zərbələrdən hələ ki xəbərsiz idi.

1927-ci ilin yayında "Tunc ay" filminin çəkiliş qrupu - "Azərkino"nun ekspedisiyası Şuşaya qədər gedib çıxarkən Lətifgilin ailəsi Şuşada istirahət edirdi. Hər şey hazır olsa da, filmdə balaca qəhrəmanı canlandıracaq aktyor hələ tapılmamışdı. Elə burada onlarla uşağın içərisində Lətif təsadüfən onların diqqətini cəlb edir. Arıqlığına, çəlimsizliyinə baxmayaraq, qaynar və ağıllı gözləri, hərəkətliliyi, aydın zəkası onun bu işi bacaracığının ilk müjdəçisi idi və Lətif ona olan ümidləri doğruldur, sınaqdan uğurla çıxır.

Qocaman kinooperator Seyfulla Bədəlov Lətifin kəşf edildiyi anı sonralar belə xatırlayırdı: "...Ssenari üzrə əsas rollardan biri 7-8 yaşlı uşaq idi. Bu rola namizədi uzun müddət axtarmaq lazım gəlmişdi. Yığılmış bir dəstə uşağın içində diqqəti ən çox cəlb edəni, ağıllısı və kino işiylə maraqlananı Lətif idi. Leo Murun başçılıq etdiyi çəkiliş qrupu bu məsul və çətin rola balaca Lətifi götürdü. O, bacarığı sayəsində yaşından əvvəl özünü doğrultdu, həmyaşıdının rolunu çox gözəl ifa etdi..."

Filmin çəkilişləri bitər-bitməz balaca aktyor şöhrətin ilk mərtəbəsinə addım atır. Artıq onu bütün Şuşada tanıyırdılar. "İkinci mərtəbə" də çox da uzaqda deyildi. Bu da filmin "Gilan qızı" adıyla nümayişindən dərhal sonra baş verir. Azərbaycanda yeni bir ulduz parlamağa başlayırdı - özüçox erkən, cəmi yeddi yaşında. O, uşaq, həvəsləndiyi, artıq sevməyə başladığı sahə - kinematoqrafiya isə çox gənc idi. Bu gənc və ecazkar səhə onu öz sehrinə salmış, kameraların işığı, insanların maraqsevgisi tilsimləmişdi. Bilirdi artıq həyat yolunun onu kinoya apardığını: "7 yaşım var idi. "Gilan qızı" filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş Azərbaycan kinematoqrafiyası işçilərini dağın zirvəsində yerləşən şəhərin nağılvari mənzərəsi heyran etmişdi... Hər şey elə bundan başlandı... Əgər onlar mənim şəhərimə gəlməsəydilər, bəlkə də həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım, insanları müalicə edərdim, müəllim olsaydım, insanlara bilik öyrədərdim... 10-cu sinfi bitirmiş gənci maraqlandıra biləcək çoxlu ixtisas saymaq olar. Mənim qismətimə kinematoqraf düşdü. Burada mən özümü bütün ixtisaslara yiyələnmiş kimi hiss edirəm. Mən bütün peşələrdən olan adamlara xidmət edirəm. Bunu nə qədər çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət hiss edirəm... "

Ancaq hər şey belə asanlıqla həll olacağa bənzəmirdi. Bu sahədə qarşısına çıxan ilk maneyə anası olacaqdı. Filmin rejissoru Leo Mur, operatoru İvan Frolov, görkəmli aktyor Sidqi Ruhulla, filmin yaradıcı heyəti Şuşa dağlarının qoynunda tapdıqları bu incini əldən buraxmaq istəmir, onu da özləri ilə birgə Bakıya aparmaq, bu sahə üçün yetişdirmək istəyirdilər. Atasız, bir qarnı ac, bir qarnı tox iki uşaq böyütməyə məhkum olmuş Maya isə oğlunu gözündən uzağa qoymağa qıyməzkən, indi tanımadığı, bilmədiyi yerlərə göndərmək təklif olunurdu. Çəkiliş qrupu, yaradıcı heyət təkidlə Lətifi Bakıya aparmaqda israr edir, ananı dilə tutmağa çalışırdılar. Nəhayət, rəngbərəng işıqlar, şan-şöhrət, oğluna gələcək rifah ümidi ananın da gözlərini qamaşdırır və Maya balaca körpəsini kino çəkənlərə qoşub Bakıya göndərir. Ancaq bu savadız və sadəlövh qadın nə böyük paytaxtda yaşamağın, nə bu sənətdə baş çıxartmağın çətinliklərindən xəbərdardı. O, yeddi yaşlı balasını hansı çətinliklərin, ağrı-acının ağuşunda yalnız buraxdığının fərqində belə deyildi.

 

Böyük şəhər... Enişlər və yoxuşlar...

 

Doğulduğu, havasını udduğu, suyunu içdiyi torpaqlardan, anasından, balaca bacısından çox erkən ayrılaraq xəyallarının ardıyca Şuşadan böyük bir şəhərə - Bakıya üz tutan balaca qəhrəmanımız rejissor Mikayıl Mikayılov başda olmaqla məhəbbətini qazandığı insanların diqqəti, qayğıkeşliyi nəticəsində kinostudiyanın aktyor ştatında işə götürülür. Günün birinci yarısını internat məktəbində oxuyan Lətif dərsləri bitər-bitməz özünü işə çatdırırdı.

1928-ci ildə "Sevil" filmi çəkilərkən Cəfər Cabbarlı çox da düşünmədən Gündüz roluna Lətifi məsləhət gördü. Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi əzəmətli sənətkarla eyni kadrda görünmək Lətif yaşındakı uşaqların ağıllarına belə gəlməyəcək dərəcədə şans və məsuliyyət idi. Filmin çəkilişləri bitərkən onun bu məsuliyyətli işində öhdəsindən məharətlə gəldiyi göründü.

İki uğurlu işdən sonra növbədə ona ən böyük məşhurluq gətirəcək film vardı - "Lətif". Mikayıl Mikayılovun kollektivləşmə hərəkatını mövzu alan ekran əsəri baş qəhrəmanın obrazını yaradan Lətifin təsirli oyunu ilə adını dəyişməli olur. Bir növ filmə balaca aktyorun adını verirlər. Beləliklə, Lətif "Lətif"lə məşhurluq zirvəsinə doğru daha böyük bir addım atmış oldu.

Amma bu məşhurluq çox da uzun çəkmir və bu addım həm də uğursuzluq cığırına atılmış ilk qədəm idi. "Şərqə yol" və "Qızıl kol" adlı epizodik rollarda çıxış etdiyi filmləri zəif alınıb uğursuzluğa düçar olduğundan 2-3 il parlayan ulduz indi diqqətdən kənarda qalır. Bu da azmış kimi, çox keçmədən səhhəti pisləşir və tutulduğu vərəm ucbatından ona işləmək qadağan olunur. Üstəgəl, təhsilinə ara vermək məcburiyyəti... Az zamanda ard-arda gələn uğursuzluqlar, neqativ hallar balaca aktyoru ruhi-mənəvi cəhətdən də sarsıdır, onu qəlbən çox ağır yaralayır.

Lətif, bu ərəfədə bir nəfərə ərə gedib qızıyla birgə Bərdəyə köçən anasının yanına yollanır. Atalığı həm ona, həm də bacısına öz övladı kimi davranır. Amma bir müddət sonra Lətif dözməyərək yenidən Bakıya qayıdır. Onu unutmayan gözəl qəlbli insanların sayəsində işinə geri dönür, təhsilini davam etdirir. Ancaq ona verilcək rol yoxmuş kimi Lətif bir müddət yenə də diqqətdən kənarda qalır. Yaş dövrü ilə əlaqədar nə balaca uşaq, nə də gənc oğlan roluna çəkilə bilir. Nəhayət, bir il sonra yenidən çəkiliş meydanına çıxır. Amma bu meydanda əvvəlki illərdən fərqli olaraq, kameranın önündə deyil, arxasında olur - rejissor assistenti kimi. Özü bu haqda yazır: "1935-ci ildə mən Bakıya qayıtdım, axşam məktəbində təhsilimi davam etdirdim, eyni vaxtda Bakı kinostudiyasında əvvəlcə aktyor, sonra rejissor köməkçisi vəzifəsinə işə düzəldim. 1936-cı ildə mən artıq rejissor assistenti idim..."

1937-ci ildə Lətif özünü kino sahəsinin başqa bir qolunda - dublyajda sınamaq üçün şans əldə edir. Həmin il studiyada açılan dublyaj şöbəsində o, "Çapayev", "Biz Kronştatdanıq", "Lenin Oktyabrda", "Lenin 1918-ci ildə", "Professor Məmlük" kimi sovet bədii filmlərinin Azərbaycan dilində səsləndirilməsində həm rejissor köməkçisi, həm də aktyor kimi iştirak edir, böyük məktəb keçir.

 

"Xalq düşməni"nin oğlu

 

16 yaşlı təhsilini davam etdirmək məqsədilə imtahan verib Gəncə Pedaqoji Texnikumunun qiyabi şöbəsinə qəbul olsa da, heç zaman müəllim olmayacağını, daha doğrusu, kinodan ayrı qalmayacağını anlayırdı. Həyatında hər şeyin düzəldiyini zənn etdiyi zamanda atası Bəşir milyonlarla Sovet vətəndaşı kimi "əksinqilabçı" damğası repressiyanın qurbanına çevrilir. Artıq Lətif "xalq düşməni"nin oğludur.

İllər sonra aktyor həmin günləri xatırlayarkən yazırdı: "...Mən "xalq düşməni"nin oğlu olanda cibimdə pasportum yox idi. Öz müstəqil həyatımı küçədən başladım. Onda yeganə yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız isti, amma skamyalar gündüzkü kimi bərk olurdu..."

Sürgündən sağ qayıdan atası ilə görüşünü isə aktyor belə yada salırdı: "...Mənə bu yaxınlarda atamı görmək xoşbəxtliyi nəsib oldu. Bədbəxtlikdən o da uzun sürmədi... Pərəstişin son zərbəsi mənə cəmi altı ay bundan əvvəl dəydi. O, vəfat etdi..."

Bu görüş çox sonralar baş vermişdi. İndi isə repressiyanın ən qaynar çağları idixalq düşməninin oğlu damğası ilə Lətifin üzünə bütün qapıların bağlanacağı düşünülürdü. Ancaq belə olmadı, gənc oğlan 1939-cu ildə texnikumu fərqlənmə diploma ilə bitirdi.

Bütün bunlar baş verərkən, Lətif bir tərəfdən də kinostudiyada "Ordenli Azərbaycan" sənədli (1938), "Kəndlilər" bədii filmlərində rejissor köməkçisi, "Yeni horizont" bədii, "İyirminci bahar" sənədli filmlərində rejissor assistenti işləyir, S.Mərdanov, A.Quliyev, R.Təhmasib, M.Mikayılov kimi sənətkarların zəngin təcrübələrindən yararlanırdı.

 

Xəyalların ardınca

 

Lətif oxuyur, işləyir, çox gənc yaşda həyatını təkbaşına davam etdirməyə çalışırdı. Bütün bu qayğıların, problemlərin içərisində onun həssas qəlbi xəyal qurmağa, arzular yaratmağa da vaxt tapırdı. Ən böyük arzusu isə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil almaq idi. Bu arzuya yetmək isə çox da çətin olmur. Rəhbərlik onun on ildən artıq təcrübəsini müsbət qiymətləndirir və bu əməyin qarşılığında o, 1940-cı ildə göndərişlə arzusunda olduğu ali məktəbin tələbəsinə çevrilir. Lakin burada cəmi bir il təhsil ala bilir. Müharibə başlayarkən Smolensk vilayətində müdafiə xəttinin tikintisində iştirak edir, qısa müddətlik "Mosfilm"də çalışır. İnstitut arxa cəbhəyə - Alma-Ataya köçürülərkən pulsuzluqdan Bərdəyə qayıdan gənci buradan da dərhal cəbhəyə aparırlar. Amma səhhətindəki problemə görə o, qulluq edə bilməzdi.

Tərxisdən sonra bir neçə il Bərdədə rayon mülki tədris şöbəsində hərbi inspektor işləyən gənc rejissorluq xəyallarından hələ də vaz keçməmişdi və səbrsizliklə təhsilinə qaldığı yerdən davam edəcəyi anı gözləyirdi.

Nəhayət, o an gəlib çatır və Lətif qələbədən sonra yenidən Moskvaya yola düşür. Tələbəykən kurs yoldaşı Faina Nikolayevnayla ailə qurur. Oğlu Lətif, qızı Anna dünyaya gəlir. İnstitut illərində müəlliminin "Piroqov" filminin çəkilişlərində iştirak edir, 1947-ci ildə ilk dəfə müstəqil şəkildə özü ekran işi çəkir. Bu, pambıqçı, əmək qəhrəmanı Sürəyya Kərimova və onun briqadasının fəaliyyətindən söhbət açan "Çağırışa cavab" kinooçerki idi. Lətifin öz ssenarisi əsasında çəkdiyi bu sənədli filmin operatoru onunla bir vaxtda Moskvada təhsil alan Teyyub AxundovXan Babayev olur. İki ildən sonra isə gənc rejissorun "İskra" kolxozunda çalışanların həyatını ekrana gətirdiyi "Yeni həyat qurucuları" sənədli oçerki diplom işi kimi əla qiymətə layiq görülür.

 

(Ardı var)

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 9 oktyabr.- S. 6.