Gənc yazarın yeni kitabı işıq üzü görüb

 

Oktyabrın 7-si "AzərKitab"da gənc yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Həsənlinin "Təşəbbüs" romanının təqdimat mərasimi olub.

Mərasimdə ziyalılar, yazıçının qələm dostları, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müəllif öz yaradıcılığı və yeni çıxan kitabı haqqında ümumi məlumat verib. İlk kitabını 18 yaşında ikən yazdığını deyən T.Həsənli, bundan öncə  "Mən həyata gecikmişəm", "Psixodrama (Özünü axtarış)", "İgid ölər, igidlik ölməz" romanlarının və "Dünyadakı dünyam", "İki sıfır bir dörd" şeirlər kitabının çap olunduğunu deyib.

Yeni kitabı haqqında danışan müəllif deyib ki, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan "Təşəbbüs" romanı müəllifin sayca 6-cı kitabıdır. Detektiv janrında yazılan romandakı hadisələr ölkəmizdə cərəyan edir. Burada 10 il əvvəl baş vermiş bir cinayətin üzə çıxarılmasında xüsusi xidmət orqanlarının peşəkar və məharətli işləri öz əksini tapıb.

Təqdimat mərasimində çıxış edən Əməkdar jurnalist, pedaqogika fəlsəfə doktoru Qafar Əsgərzadə, "Xalq" qəzetinin baş redaktor müavini Afət Sadıqoğlu, Muğam Müsabiqəsinin qalibi, Dövlət Televiziyasının solisti, xanəndə Sərxan Bünyadzadə və başqaları Tural Həsənlinin yaradıcılığı haqqında öz fikirlərini bölüşüb, onun şair və yazıçı kimi bundan əvvəl qələmə aldığı əsərləri ilə geniş oxucu rəğbəti qazandığını vurğulayıblar.

Çıxışlardan sonra müəllif qonaqlar üçün kitablarını imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 9 oktyabr.- S. 7.