70 yaşın mübarək, Robert Müəllim oğlu!

 

Qardaş tatar ədəbiyyatının tarixi qədim və zəngindir. Orta çağlara aid klassik qəhrəmanlıq dastanı olan "Edigey", "Xan qızı Altın Saç", "Cik Mərgən", "Büşman Qıpçaq", "Çura Batır" kimi dastan və əfsanələr, "Kəsikbaş", "Avık" və başqa əsərlər tatar ədəbiyyatının qədim nümunələrindəndir.

Məşhur tatar ədibi Qul Əlinin "Qisseyi-Yusif", Nəsrəddin Rəbğuzinin "Qisas ül-ənbiya", Mahmud Bolğarinin "Nəhc ül-fə-radis", Qütbün "Xosrov və Şirin", Xarəzminin "Məhəbbətnamə", Hüsam Katibin "Cümcümə Sultan", Seyfi Sarayinin "Gülistan bit-türki", Məhəmmədyarın "Töhfeyi-Mərdan" əsəri yalnız tatar ədədbiyyatının deyil, ümumtürk ədəbiyyatının ortaq və çox parlaq nümunələridir.

Yeni dövrdə, xüsusilə, XIX-XX əsrlərdə tatar ədəbiyyatında çoxlu istedadlar meydana gəlmiş, tatar söz sənəti başqa bir səviyyədə inkişaf etmişdir. Şəhabəddin Mərcani, Qəyyum Nəsiri və Əbdürrəhman İlyasi kimi cədidçi ədiblər bunların ən məşhurlarıdır. Abdulla Tukay, Saqit Rəmiyev, Zakir Rəmiyev (Dərdmənd), Şeyxzadə Babiç, Fatih Əmirxan, Ələsgər Kamal, Əhməd Urmançiyev, Fahih Seyfi Kazanlı, Nəcib Dumavi, Səid Sünçələy, Şəhid Əhmədiyev, Mirəziz Ukmasi, Ayaz İs-haqi, Məcid Qafuri, Əbdül-Qafur Güləhmədov və adlarını göstərə bilmədiyimiz onlarca başqa qələm sahibləri öz yaradıcılığı ilə tatar ədəbiyyatına mühüm töhfələr vermiş, onların bəziləri artıq sovet dövrünə qədər gəlib çıxmışlar. Bunlardan üçü - Tukay, Dərd-mənd və Babiç yeni tatar ədəbiyyatının beşiyi başında durmuş azman sənətkarlardır.

Bu üç şairin arasında birincilik məhz Ab-dulla Tukaya məxsusdur. Sovet dövründə onun adına Musa Cəlilin də adı əlavə edildi. Bunun bir neçə səbəbi var. Əvvəla, bu iki sənətkar istedadının miqyasına görə digər ədiblərdən seçilir. Onlar tatar ədəbiyyatı tarixində çox dərin iz buraxmışlar. İkin-cisi, onlar elə bu səbəbdən də daha çox təbliğ edilmişlər. Üçüncüsü, onların şəxsiyyəti, xüsusilə faciəvi taleyi bu məşhurluğa öz damğasını vurmuşdur.

 

***

 

Müasir dövrdə tatar ədəbiyyatının parlaq simaları o qədər çoxdur ki, bu mövzuya girmək özü böyük cəsarət tələb edir. Onların arasında Robert Minnullinin özəl bir yeri var. Tanınmış tatar şairi Robert Müəllim oğlu Minnullin (tatarca orijinalda: Robert M?qallim ulı Mi?nullin) 1 avqust 1948-ci ildə Başqırdıstanın İleş rayonundakı Nəcəde kəndində anadan olmuşdur. Robert bir yaşında olanda onun ailəsi Qıpçaq kəndinə köçmüşdür. Atası burada bir neçə il işlədikdən sonra doğma Şəmmət kəndinə qayıtmışdır. Robertin uşaqlıq və yeni-yetməlik illəri Tatarıstanın Aktanış rayonuna bağlı olan bu kənddə Sön çayının sahillərində keçmişdir. O, ibtidai təhsilini də burada almış, sonra qonşu Akküz kəndindəki 8 illik məktəbdə oxumuşdur. Məktəbi başa vurduqdan sonra Ufa (orijinal adı: Öfö) şəhərindəki ticarət-kulinariya məktəbinə daxil olmuşdur. Bir neçə aydan sonra doğma kəndinə qayıdıb kitabxanada və kolxozda çalışmışdır. Sonra rayon mərkəzindəki məktəbdə oxumuş, orta təhsilini Qarabaş kəndində tamamlamışdır.

Məktəbdən sonra Robert iki il (1966-68) "Mayak" adlı rayon qəzeti redaksiyasında ədəbi işçi işləmişdir. Ədəbi yaradıcılığa olan marağı bu dövrdə daha da güclənmişdir. Hələ məktəbdə oxuyanda "Başqırdıstan pio-neri" və "Mayak" qəzetlərində ilk şeirləri dərc olunan Robert daha sonra "Leninçi" və "Qızıl dan" qəzetlərində öz məqalələri və şeirləri ilə çıxış etmişdir.

Kazan Dövlət Universitetinin tatar dili və ədəbiyyatı bölməsində təhsil aldığı illərdə (1968-73) Robert istedadlı gənc şair kimi ta-nınmışdır. Onun əsərləri artıq "Tatarıstan yaşları", "Sosialistik Tatarıstan" qəzetlərində, "Kazan odları" jurnalında, "İdel" almanaxında çap olunmağa başlamışdır. 1970-ci ildə nəşr olunan "İlk qaranquşlar" adlı kitaba onun da bir neçə şeiri daxil edilmişdir. Robert 1972-ci ildə gənc şairlərin Ümumittifaq festivalına qatılmışdır. 1973-cü ildə tanınmış tatar şairi İldar Yüzeyev "Tatarıstan yaşları" qəzetində Robert haqqında uğurlu yol yazmışdır.

 

Robert Minnullin universiteti bitirdikdən sonra "Yaş leninçi" qəzetində müxbir (1973-77), "Kazan odları" qəzetində redaktor və məsul katib (1977-83) işləmiş, bir müddət respublika televiziyasında baş redaktor (1983-86) olmuşdur. 1986-95-ci illərdə "Yaş leninçi" (1990-cı ildən "Sabantuy") qəzetində baş redaktor vəzifəsini tutmuş, 1990-cı ildə Tatarıstan Respublikası deputatı seçilmişdir. 1988-94-cü illərdə Tatarıstan Uşaq Fondunun sədri olmuş, 1995-2000-ci illərdə Dövlət Şurasının mədəniyyət və milli məsələlər üzrə daimi komissiyasına rəhbərlik etmiş, 2000-2004-cü illərdə Dövlət Şurası sədrinin müavini olmuşdur. 2004-cü ilin martından Dövlət Şurasının xüsusi komissiyasının sədri işləmiş, 2009-2014-cü illərdə Dövlət Şurasının dördüncü çağırış deputatı seçilmişdir.

2014-cü ildə təqaüdə çıxmışdır. İndi azad sənətkardır.

Robert Minnullin tanınmış şair, publisist, jurnalist və siyasi xadimdir. Müxtəlid dillərdə (tatar, rus, başqırd, Azərbaycan və s.) 70-dən artıq kitabı çıxmışdır. 2007-ci ildə seçilmiş əsərlərinin 7 cildliyi işıq üzü görmüşdür. Evlidir, bir oğlu, bir qızı var. O, Tatarıstanın əməkdar incəsənət xadimi (1993), Başqırdıstanın əməkdar mədəniyyət işçisidir (1998).

Gəncliyində daha çox uşaqlar üçün şeirlər yazmağa başlayan şair bu sahənin Həsən Tufan, Sibqət Həkim, Fatih Hüsnü, Şövkət Qəliyev kimi ustadlarının yaradıcılığını uğurla davam etdirmiş, uşaq şeirinə yeni obrazlar, poetik tapıntılar, mövzu və ifadə əlvanlığı, yeni pedaqoji və psixoloji yanaşma gətirmişdir.

Robert 1977-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.

"Akbaq sirkdə" (1978), "Yeddi əmi atı qoşur" (1980) və "Aya uçduq" (1982) adlı uşaq kitablarına və televiziyada ədəbiyyatı fəal şəkildə təbliğ etdiyinə görə Robert Min-nullin 1982-ci ildə Musa Cəlil adına mükafata layiq görülmüşdür.

Şairin bir çox şeirlərinə musiqi bəstələnmiş, onun Sara Sadıqova, Rüstəm Yaxin, Rezeda Axiyarova, İlgiz Zakirov ilə birlikdə yazdıqları saysız-hesabsız mahnıları ümumxalq rəğbəti qazanmış, peşəkar və həvəskar müğənnilərin repertuarında əsas yer tutmuş, müxtəlif müsabiqə və festivallarda dəfələrlə birinci yerə çıxmışdır.

Tanınmış ədibin "Bizim kəndin zooparkı" (1988), "Mənə qardaş lazımdır" (1990) adlı kitabları respublika müsabiqələrində birinci yer tutmuşdur. "Dünyadakı ən böyük alma" (1992) adlı kitabı isə beynəlxalq Hans Xristian Andersen diplomuna layiq görülmüş, 1997-ci ildə Tatarıstan Yazıçılar Birliyinin Abdulla Əliş mükafatı verilmişdir. 1998-ci ildə isə Robert Minnul-lin "Küçtənəç" adlı kitabına görə Abdulla Tukay adına Dövlət mükafatını almışdır.

 

***

 

Robertlə tanışlığımız tam təsadüfi oldu. 2011-ci ildə mən Abdulla Tukayın anadan olmasının 125 illiyi münasibətilə şairin "Millətim" kitabını tərcümə edərək çapdan buraxmış və Kazana Tatarıstan Yazıçılar Birliyinə göndərmişdim. Birliyə xüsusi bir məktub yazaraq bu tərcüməni Tukay mükafatına təqdim etməyi xahiş eləmişdim. İnternetdən izləyərək bu təqdimatın baş tutmadığını gördüm. Bu bir yana, mənim tərcüməm barədə heç harada heç bir məlumat verilmədi, mən yubileyə də dəvət edilmədim.

Yubileylə bağlı Tukayın rusca, başqırdca və başqa dillərdə kitabları buraxılmışdı. Ancaq bunlar əski tərcümələr əsasında gerçəkləşdirilmişdi. Mənim tərcüməm isə tamamilə yeni olmaqla yubileyə layiqli töhfə idi. Mən bu barədə bəzi tatar təşkilatlarına (Mədəniyyət nazirliyi, Tukay fondu və s.) məktub yazdım. Bu biganəliyi Tukayın ruhuna hörmətsizlik kimi qiymətləndirdim. Həmin məktublardan biri Robertin əlinə düşmüşdü. Robert araşdırma aparmış və göndərdiyim kitabları Yazıçılar Birliyinin seyfində tapmışdı. Bundan sonra böyük skandal oldu. Tatarıstan mədəniyyət nazirinin müavini, əslən bakılı tatar olan İradə Əyyubova (hazırda Tatarıstanın mədəniyyət naziridir) Bakıya gələrək Milli Kitabxanada keçirilən Tukay bayramında hamının gözü qarşısında məndən üzr istədi, Tatarıstan Mədəniyyət Nazirliyinin "Mədəniyyət sahəsində üstün xidmətlərinə görə" medalını mənə təqdim etdi. Mən, əlbəttə, qəlbən möhkəm incimişdim, hörmətli Anar müəllimin məsələyə qarışmasından sonra medalı qəbul etdim.

 

Məni yubileydən bir müddət sonra Kazana dəvət etdilər və könlümü aldılar. Orada Tatarıstan Milli Kitabxanasında yerli ziyalılarla görüş zamanı Robertlə tanış oldum. Bu tanışlıq dostluğa çevrildi. Bir neçə dəfə Bakıda və xaricdə görüşdük. 2014-cü ildə Aşqabadda hər ikimiz Türkmənistanın "Məxdumqulu Fəraqi" medalı ilə təltif olunduq.

2017-ci ilin axırında Robert mənə bir məktub yollayaraq gələn il 70 yaşının tamam olacağını bildirdi və onun yaradıcılığı haqqında bir məqalə yazmağı xahiş etdi. Mən ona eynən belə cavab verdim: "Bir məqalə nədir ki?! Gəl mən sənin bir kitabını tərcümə edim və həmin kitaba geniş bir ön söz yazım". İndi kitab oxucuların sərəncamındadır.

 

***

 

Bu, Robertin azərbaycanca çıxan ikinci kitabıdır. İlk kitabı mən görməmişəm. Təsirində qalmamaq üçün (əgər həqiqətən dəyərli tərcümədirsə, ki buna ehtimal vermirəm, çünki bizdə tərcümələri orijinaldan deyil, ruscadan edirlər) ona heç baxmaq da istəmədim. Həm də bu qərara gəldim ki, Robertin şeirlərinin orijinalını da burada vermək lazımdır. Qoy oxucu şeirləri hər iki dildə oxusun və dəyərləndirsin. Bu, əslində, tərcüməçinin əl-qolunu möhkəm bağlayır, özündən toxumağa, sərbəstliyə heç bir imkan vermir. Mən Tukayın kitabını və qazaxların məşhur "Qız Cibək" dastanını bu şəkildə tərcümə etmişəm. İki dildə çıxan bu kitablar qardaş dillərimizin bir-birinə nə dərəcədə yaxın olduğunu göstərmək baxımından mühüm əhəmiyyət daşıyır.

 

***

 

Robert Minnullin necə şairdir? Tək bir cümlə ilə desək, qeyri-adi şairdir, parlaq istedad sahibidir. Həm də məhz mənim dostum olduğu üçün yaxşı şair deyil, tam əksinə, yaxşı şair olduğu üçün mənim dostumdur. Bunu sizə misallarla göstərmək istəyirəm.

Robertin yaradıcılığında vətən sevgisi, ana yurdun gözəllikləri, Kazan, Sön çayı... xüsusi yer tutur. Bunlar haqqında şairin bir-birindən gözəl şeirləri var. Biz Robertlə belə qərara gəldik ki (bu, əslində, mənim qərarım oldu), onun 70 illik yubileyi münasibətilə bu kitabda cəmisi 70 şeir verək. Həm də mən bu şeirləri 110 şeirin içindən mövzular üzrə deyil, gəlişi gözəl seçdim. Onun "Bu da belə ölkədir" şeiri ilk baxışda tənqidi səciyyə daşıyır, əslində isə bu, doğma vətənə, xalqa, millətə dərin sevgi hisslərinin poetik təzahürüdür. Bu mənalı şeir qışqırsan eşitməyən, göstərsən gör-məyən, sorsan cavab verməyən, yalvarsan dua bilməyən, kar, kor, lal, dinsiz, hər şeyə biganə insanlara xitabdır, onları qəflətdən oyatmağa çalışan şair harayıdır. Onun "Tatar", "İdilimiz", "Sön çayına qayıtsam", "Sön çayı söyüdsüz olmaz", "Oxuya bilmirəm" kimi şeirləri vətənə övlad sevgisi ilə doludur.

"Tatar" şeirində isə neçə-neçə millətin formalaşmasında müstəsna rol oynamış, onlara qan, göz, üz, çöhrə vermiş bir xalqın tarixi xidmətlərindən söz açılır.

Hər şairin öz taleyi, öz missiyası var. Robert bunu öz şeirlərində əks etdirir. Onun bu kitabdakı "Biz yazdıq", "Yazmaz idim", "Şairlər", "Gecə şeir yazıram", "Şeiri özüm yazmıram" və başqa şeirləri bu mövzuya həsr olunmuşdur. Şairliyin ilahi bir görəv olması, şeirin isə sehirli qüvvələr tərəfindən gecə qulağa söylənməsi və diqtə edilməsi məcazi bir şəkildə təsvir edilir:

 

Qulağıma söyləyən

Əlbəttə, deyil xuday.

Əgər xuday desəydi,

Mən də olardım Tukay...

 

Robertin məhəbbət lirikası çox qüvvətlidir. Bu, sevən qəlbin iztirabları, sevginin təlatümlü anları, intizar, həsrət, ayrılıq, qısqanclıq, inciklik, sədaqət duyğuları ayrı-ayrı lövhələr halında oxucuya təqdim olunur. "Mərsiyə", "Sevginin son qatarı", "Sənin qatarın", "Unut", "Sən yenə yoxsan", "Ömür boyu gözlərəm", "Səni görəndən sonra", "Sənsiz yaşaya bilməm", "Sizdə yağan qarlar" adlı şeirlərdə bütün bu duyğular tək-tək işlənir, incə-incə nəqş edilir.

Robert Minnullinin yaradıcılığında təbiət motivi, ilin fəsilləri, xüsusilə güz (payız), yaz, yay, qış, yarpaq, xəzan, ağcaqayın özəl yer tutur. "Güz fəslinə girmək ağır", "Payız yarpağı", "Yarpaq toyu", "Son yarpaqlar", "Yayda payız", "Qışı tərk etdim" və başqa şeirləri bunlara parlaq misaldır. Yer azlığı üzündən misal verə bilmirik, çünki hörmətli oxucularımız özləri də bütün bu motivləri kitabda görəcəklər.

Robert Minnullin poeziyasında quş motivi də çox önəm kəsb edir. Həm də burada quşlar bülbül, sona ( qu quşu) və qağayı kimi üç növ halında nəzərdən keçirilir. Belə anlaşılır ki, şairin bülbülə (tatarcada və əski türkcədə: sanduqaç) xüsusi rəğbəti var. Özünün yazdığına görə, şair bu yaşa çatsa da, hələ canlı bülbül görməmişdir, ancaq bülbül nəğ-məsi onun ilham qaynağıdır.

"Bülbül", "Bülbül çağı ötüşdü", "Bülbül həsrəti", "Bülbüllər yazda doğular", "Bül-büllərin toyu" kimi şeirlər bizə haqq verir ki, Roberti "bülbül şairi" adlandıraq. Əbəs deyil ki, kitabın adı məsələsi ortaya çıxanda Robert "Bülbüllərin toyu" adını təklif etdi. Mən "Sevginin son qatarı" adını seçmişdim, ancaq şairin daha doğru qərar verdiyini gördüm. Məncə, şairlərin cəmiyyətin olduğu kimi, bülbüllər də təbiətin şairləridir.

Bu kitabda Robertin iki şeiri var ki, onların haqqında ayrıca danışmaq lazımdır. Bunlardan biri "Qızıla mədhiyyə" şeiridir. Böyük Abdulla Tukay hələ yüz il əvvəl "Altına qarşı" şeirində Maksim Qorkinin obrazlı şəkildə "sarı iblis" adlandırdığı qızıl haqqında belə yazmışdı:

 

Allahım! Yer üzündən bircə bu altını al,

 

Müqəddəs yeri yaxan bu alovu-qanı al!

 

Robert öz şeirində qızıla başqa münasibət bəsləyir; onu müxtəlif vəsilələrlə vəsf və tərənnüm, mədhiyyə oxuyur, ancaq hər dəfə qızıl müqayisə obyektindən daha aşağı, daha dəyərsiz, daha qiymətsiz görünür:

 

Mədhiyyə yazıram bütün dünyada

Var olan , qara, yaşıl altına.

Mənim anam kimi qızıl sırğasız,

Çox uşaq böyüdən qızıl xatına.

 

Barmağında qızıl üzük olmayan

Əməkçi xatının qızıl əlinə.

Mədhiyyə yazıram qızıl günəşə,

Doğma vətənimin qızıl çölünə.

 

Şair qızılı daha sonra qızıl çöllərdə qızıl taxıl yetirən zəhmətkeş əkinçilərlə, anbarlara yığılan bərəkətlə, vətənin qızıl payızı ilə, müdrik qocanın qızıl kəlamları ilə, öz adını tarixin qızıl səhifələrinə qızıl hərflərlə həkk edən qazilərlə və azadlıq uğrunda ölən şəhidlərlə müqayisə eləyir, insanları saflığa, təmizliyə, ül-viliyə, qızıl kimi olmağa səsləyir, onlara qızıl övladlar, qızıl gəlinlər və kürəkənlər diləyir, öz qızıl arzularını bildirir.

Haqqında ayrıca danışmaq istədiyim ikinci şeir şairin "İnsan ömrü çox qısadır" adlanan şeiridir. Bu şeirdə ömrünün ən müdrik çağını yaşayan şairin ömür və həyat haqqındakı düşüncələri öz əksini tapır:

 

İnsan ömrü çox qısadır...

Qiymətlidir hər hissəsi.

Dəyərlidir hər saatı,

Dəqiqəsi, saniyəsi.

 

İnsan ömrü çox qısadır...

Sezilmədən dönüb gedir.

Sanki ömrün ocaqları

Bir andaca sönüb gedir

 

İnsan ömrü çox qısadır,

Bir söndüsə, bir də yanmaz.

Hər kəs üçün bu doğrudur,

Şairlərə aid olmaz.

 

Burada həm də "bədii eqo" ilə qarşılaşırıq. Gerçəkdən də, hər insanın ömrü bir dəfə və əbədi sönən şam kimidir, yalnız şairlərin ömrü istisna təşkil edir. Əsərləri yaşayırsa, şair özü də yaşayır. Robert şeirlərinin birində mavi göylərdə doğan ulduzdan, ləpələnən mavi dənizdən, şölələnən mavi ocaqdan bəhs edir, sonda bunların möcüzə-filanla əlaqədar olmadığı, yalnız şa-irin, söz-sənət adamının işi olduğu qəna-ətinə gəlir:

 

Bu, əlbəttə, sehir-tilsim

İşi deyil.

Bu şair də elə-belə

Kişi deyil!

 

Təbii ki, bunu yazan Robert Minnullun elə-belə kişi deyil, o, şairdir, elə-belə şair də deyil, o, bir tatardır, elə-belə sıravi tatar da deyil!

Bu kitab burada bitir. Ömür isə hələ davam edir. Hələ biz dostumuz, Tatarıstanın Xalq şairi Robert Minnullinlə çox görüşəcəyik. Bakıda, Kazanda! Azərbaycanda, Tatarıstanda! Türk dünyasında! Yubiley şənliklərində, toplantılarda, bayramlarda! Bu kitabla Robet bir qədər də azərbaycanlılaşır, bir qədər də bizdən olur. Bu kitabdan sonra biz onu Bakı Dövlət Universitetinin türkologiya kafedrasında tədris və tədqiq etmək şansı qazanırıq. Azərbaycan oxucusu isə onun xalq şairimiz Sabir Rüstəmxanlı qədər özününkü olaraq qəbul edəcək! Buna inancım tamdır! Bu iki azman şairin ömür yolu, milli əqidəsi, ədəbi-bədii və siyasi mübarizəsi, yaradıcılığı, üsyankarlığı, bir sözlə, hər şeyi üst-üstə düşür. Ulu Tanrı hər ikisinə uzun ömürlər əta eləsin. Tanrı Türkü qorusun! Amin!

 

Robert Müəllim oğlu!

70 yaşın mübarək!

Qismət olsun, səninlə

75-də görüşək!

 

Ramiz ƏSKƏR

Filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri

 

525-ci qəzet.- 2018.- 9 oktyabr.- S. 8.