Tatar

 

Rusiyada çoxdur tatar,

Burda tatar aşıb daşır.

Onlardan başqa kimsə var?

Burda tatar başdan aşır.

 

Bax, köçəri quşlar kimi

Dayanmadan köçür tatar,

Şaxtalara düşüb çıxır,

Oddan, sudan keçir tatar.

Mehribandır hamı ilə,

Görən bunun sirri nədir?

Bütün başqa millətlərə

Tatar xalqı nümunədir.

 

Neçə millət baxıb durur

Tatarların gözü ilə,

Neçə millət gəzib durur

Tatarların üzü ilə.

 

Neçə millət yaşayır bəs

Tatarların qanı ilə?

Başqırd, özbək, urus, filan,

Tatarların canı ilə.

 

Tatarlara ölçü olmaz,

Görən, varmı bunun yolu?

Tatar ilə daşır Rusiya,

Tatarlarla ölkə dolu!

 

Polad da əyilər

 

Zəki Zeynullinə

 

Zəki dayı şəfa umur,

Ürəyindən xəstə yatır,

Hər gün neçə dərman udur,

Neçəsini çölə atır.

 

Ağrısı var...

Ürəyinə

Şəfa, qüvvə, güc diləyir,

Ürəyindən yatır, amma

Qələmini itiləyir.

 

Cavan idi, meydanlarda

İgid idi, çox qoçaqdı.

Sanki elə ömür boyu

Belə sağlam qalacaqdı.

 

Dəmir idi ürəyi ,

Polad idi, əyilməzdi.

Hər bir sözü qılınc idi,

İki dəfə deyilməzdi.

 

Mən bir başqa...

Mən şairəm,

Sinəmdə var sadə ürək,

Şair ürəyi ağrısa,

Şaşırmasın kimsə gərək.

 

Mənim kimi adamlara

Ağrı, acı - noral həyat.

Zəki dayı...

Bəs bu nədir,

Əyilirmi yoxsa polad?

 

Nəğmə

 

Başqırd şairi Rəmi Qəribova

 

Dönə-dönə oxumuşam

Dostlar verən kitabını.

Kitabından özüm üçün

Tapdım nəğmə rübabını.

 

Ürəyimi müddətdir

Gözlədiyim nəğmə yaxdı.

Qaynar qanlı damarımdan

Qaynayaraq nəğmə axdı.

 

Demək, tanış nəğmə budur,

Məni içdən yaxan nəğmə,

Neçə illər sezilmədən

Damarımda axan nəğmə.

 

Sağ ol ki, mən istəyəni

Artıq çoxdan sən yazmısan.

Bizə ortaq nəğmə tapıb,

Mənə yazı qaytarmısan.

 

Sona iniltisi

 

Qara gecə. bir sona

Həm yalvarır, həm ağlayır,

Güclü səsi canımdakı

Hönkürtünü qucaqlayır.

 

Bəlkə mən düz eşitmədim,

Səhv elədi bəlkə sona?

Dalğalandı sona gölü,

İniltidən başdan sona.

 

Zülmət gecə aydınlandı

Bu sonanın zil səsindən.

Yoxsa yalqız, tənha sona

Ayrı düşdü dəstəsindən?

 

Gecə gəldim qu gölünə,

Hanı gölün bu sonası?

Gölə gəldim, bəs hardadır

Özümüzün su sonası?

 

Tapa bilmədim sonanı...

dərdi var harasında?

Qaldı səsi göl boyunca

Qayınların arasında.

 

Robert MİNNULLİN

 

525-ci qəzet.- 2018.- 9 oktyabr.- S. 8.