Kino kimi bir həyat və ya Lətif Səfərovun
ömürdən uzun ağrıları
(Əvvəli
ötən sayımızda)
1950-ci ildə Lətif Səfərov müəllimi -
görkəmli rus kinorejissoru Qriqori Kozintsevin xeyir-duası və
"Yol. Səfərov tədris dövründə
özünü ən yaxşı cəhətdən göstərmişdir.
Tələbəlik illərində o, Bakı
kinostudiyasında iki qısametrajlı film çəkmiş və
hər iki film "əla" qiymətlə ekranlara
buraxılmışdır. Yol. Səfərov L. istedadlı, çalışqan,
istehsalatı yaxşı bilən işçidir, gələcəkdə
müstəqil işləmək bacarığı vardır.
Bacarığına və istehsalat stajına
görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev.
7.4.1950." - xasiyyətnaməsi ilə
Vətənə qayıdır.
Ancaq gedişindən fərqli olaraq
dönüşündə o, yalnız deyildi, arvadı və
iki uşağı da onunla birgə idi. Gənc
rejissora yaşamaq üçün kinostudiyanın həyətində
balaca bir otaq verirlər. İş, kino,
çəkiliş, ekran isə otaq kimi asanlıqla həll
olunmur. Lətifin Moskvadan
dönüşü Azərbaycan kinosunun böhran zamanına
təsadüf edir. Məsələn, həmin il studiyada İ.Xeyfis, A.Zarxi və R.Təhmasibin
birgə çəkdikləri "Bakının
işıqları" bədii filmindən başqa heç
bir film çəkilməmiş, bu yeganə film də
ekranlara buraxılmamışdı. Amma L.Səfərovun bitib
tükənməyən yaradıcılı eşqi, həvəsi
onu həvəsdən düşməyə qoymur və 1950-ci
ildə kinooperator dostları Xan Babayev və Teyyub Axundovla
birlikdə "Gədəbəyin sərvəti", 1951-ci
ildə uşaqların həyatından bəhs edən "Gənc
leninçilər" (operator A.Nərimanbəyov) və sərhəd
qoşunlarına həsr olunmuş "Azərbaycan sərhədçiləri"
(operator A.Nərimanbəyov), 1953-cü ildə yurdumuzun
bağlı-bağatlı Quba bölgəsindən söhbət
açan "Quba bağlarında" (operator A.Nərimanbəyov)
sənədli filmlərini yaradır. "Ordenli
Azərbaycan" və "Gənc nəsil"
kinojurnalları, mərkəzi xronika studiyası (Moskva)
üçün də çoxlu süjetlər çəkir.
O
dövrlə bağlı xatirələrində L.Səfərov
yazırdı: "...Yadıma institutu bitirəndən sonra
studiyanın tapşırığıyla sərhədçilərdən
bəhs edən bir film üçün material
toplamağım düşür. Bir kapitanın
və avtomatçı serjantın məni gecə
müşayiət etdiklərini xatırlayıram. Elə
bilirdim ki, onlar məni qoruyurlar, sən demə, silah altında
aparırmışlar ki, birdən o taya keçərəm..."
"Bədii film çəkmək arzusu ilə institutu
bitirəndən sonra dörd il sənədli kinoda məşğul
olmağıma peşman deyiləm. Bu, gözəl məktəb idi-həyatımda,
çox şey gördüm, çox şey öyrəndim:
pambıqçılar, heyvandarlar, bağbanlar, sərhədçilər,
uşaqlar... Bircə onları görmək,
tanımaq lazımdır. Bunun
üçün səndə ürək və göz
(dünyagörüş) olmalıdır. Yalnız
belə olan halda sən onları görə bilərsən.
Əgər sənin qəlbin yoxsa, sən
onları görməyəcəksən - fonoqramla təsvirin
sinxronluğu olmayacaqdır".
Filmlər
üzərində gecə-gündüz çalışmaq,
bitib-tükənməyən işlər ona az
qala həm ailəsini, həm də öz xəstəliyini
unutdurur. Həyat yoldaşından özünə
və uşaqlarına qarşı diqqətsizlik,
etinasızlıq görən arvadı elə hey şikayətlənir.
Amma Lətif Səfərov büsbütün sənətə
qapıldığından, onun iradlarını eşitmir.
Beləcə, bu vəziyyətdən təngə
gələn qadın uşaqları da götürüb öz
vətəninə qayıdır. Dağılan
ailəsi Lətifdə yeni mənəvi sarsıntılar
yaradır. Arvadı uşaqları aparmaqla
qalmır, onun məktublarına, övladlarıyla
maraqlanmağına da bir cümlə ilə "daha hər
şey qurtarıb..." - deyir və həqiqətən də
hər şey bitir.
"Hacı
Qara"dan başqa hər şey...
... Nəhayət, kinomuzun "durğunluq"
dövrü bitir. Bu ərəfədə
L.Səfərov çoxdandır üzərində işlədiyi
və çəkmək arzusunda olduğu "Hacı
Qara" filminin ssenarisini yenidən təqdim edir. Amma bu dəfə
də arzusu göndə qalır: hələ zamanı
deyilmiş, film ideoloji maraqlara cavab vermirmiş.
Ancaq
"Görüş" filmi tam da "onlar deyəndir",
gərək Lətif bu ssenari əsasında film çəkə.
O isə ssenarini bəyənmir, heç bir bədiilik görmədiyindən
imtina edir. Bu dəfə qarşısına
N.Rojkov və B.Laskinin yazdığı "Mahnı ilə
keçən ömür" ədəbi ssenarisi qoyulur.
Bu da heç bir bəşəri ideya irəli
sürməyən bir əsərdir. Lətif
imtina etmək haqqında düşünür, amma bunun ona
verilmiş son şans olduğunun da fərqindədir. Özünün əlavələri, ideyaları ilə
ortabab bir film ərsəyə gətirmək ümidi ilə
razılıq verir. Amma axı o, hələ
bədii filmlər rejissoru adını almayıb. 1951-ci ildə bu məsələ ilə bağlı
bütün sənədlər Moskvaya təqdim edilsə də,
həll prosesi gecikirdi. Bu da yeni əngəl, yeni maneə...
Son isə hələ deyil...
Sanki filmin alınmaması, Lətif Səfərovun bu dəfə
də uğursuzluğa düçar olması
üçün qəsdən problemlər
yaradılırdı. Gah dekorasiya gecikir, gah da bir qrup insan filmin
çəkilişlərinin yarımçıq qoyulması
üçün onlara hədə-qorxu gəlirdi. Bu barədə
filmin ssenari müəlliflərindən biri,
yazıçı N.Rojkovun Azərbaycan mədəniyyət
nazirinə göndərdiyi məktubda ətraflı bəhs
olunur: "Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə
Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan
ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov,
II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar
C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək
olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah
ab-hava şəraiti yaradılacaq. Lakin bu
Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına
heçə endirirdilər. Dekorasiyalar pis və
qeyri-peşəkarlıqla tikilir... Əgər
siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə
işləmək üçün tədbir görməsəniz
"Mahnı ilə eldən-elə" kinofilmi ("Bəxtiyar"
filminin əvvəlki adı - A.K.) olmayacaqdır. 18 iyun
1954-cü il".
Etirazlar, məktublar öz nəticəsini verir. Beləcə, rejissor öz
fantaziyası və Rəşid Behbudov, Məmmədrza
Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Münəvvər
Kələntərli, Ağahüseyn Cavadov kimi aktyorların məharəti,
operator Arif Nərimanbəyovun, bəstəkar Tofiq Quliyevin
yüksək peşəkarlığı sayəsində
baxımlı ekran əsərini ərsəyə gətirir.
Böyük çətinliklərdən sonra L.Səfərovun
ssenaridə adını dəyişib "Xoşbəxt
gün" qoyduğu, bizim isə "Bəxtiyar" kimi
tanıyıb sevdiyimiz ilk adı ilə "Mahnı ilə
eldən-elə" filmi uğurla nümayiş olunur. Filmin qazandığı uğur həm rəhbərliyi,
həm də yaradıcı heyəti razı salır.
Bu ərəfədə rejissorun şəxsi həyatı
da düzəlməyə başlayır. O, görkəmli müğənni
Şövkət Ələkbərova ilə ailə həyatı
qurur. Az əvvəl keçirdiyi
sarsıntılar azalır, mənəvi baxımdan sanki ona
güc-qüvvət gəlir.
Bu uğurdan ruhlanan rejissorun növbəti "Hacı
Qara" cəhdi uğursuzluğa düçar olur, yenə də
"yox" kəlməsi ilə qarşılaşır. "26 Bakı
komissarı"nı çəkmək arzusu da ürəyinə
qalandan və Albaniyanın "Novaya Albaniya"
kinostudiyasıyla, rejissor Q.Xakaniyəylə müştərək
çəkdiyi film yarımçıq qalandan sonra rejissor
işsiz qalmamaq üçün "Bakının
uşaqları" və "Qığılcım" sənədli
filmlərini çəkir. Sevdiyi mövzular
üzrə filmləri lentə almaqdan ötrü rəhbərləri
yola gətirməyə çalışır. Dəfələrlə müraciət edir. Amma ona yalnız sovet insanının xarüqələrini
işıqlandırmaq tövsiyə olunur. Bütün bunlardan sonra H.Seyidbəylinin "Kənd
həkimi" povesti əsasında "Qızmar günəş
altında" filmini çəkmək məcburiyyətində
qalır. Bu işi də uğurlu hesab edilir və L.Səfərov
bir az özünə gəlir.
1958-ci ildə Lətif Səfərov əsasını
qoyduğu Kino İşçiləri İttifaqının sədri
seçilir. Və o, Ümumittifaq kinofestivalının
üzvlüyünə də layiq bilinir. Hər
şeyin yaxşıya doğru dəyişdiyi zənn edilsə
də, bu təyinat özü ilə bərabər yeni problemlər,
sarsıntılar gətirir. Burada da onu
gözügötürməyənlərin ittihamı,
iftiraları yaxasından düşmür.
"Əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən
heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin
həyata keçirilməsi üçün,
kinematoqrafiyamız üçün yaxşı işlər
görə bilərik" fikrini həyat devizinə çevirən
sənətkar bunlara baxmayaraq, yorulmadan
çalışır, arzularını həyata keçirmək
üçün hər kəslə çəkişməyə
məcbur olsa da, dayanmır və bir il
sonra arzularından biri həyata keçir: "Kino evi"
açılır.
Hər dəfə təklif etdiyi "Hacı Qara" bu
dəfə də "olmaz" hökmü ilə
qarşılaşır. Mehdi Hüseynin "Səhər" romanı əsasında
Ağarza Quliyevlə birgə ekran əsərini yaratmaq və
Moskvadan gələn ssenari studiyasının direktoru F.Dulgerov
A.Abakarovun qələmə aldığı
"Dağlılar"a üz tutmaq təkliflərindən
isə o, imtina edir.
Fikri
"Hacı Qara", "Ölülər" kimi klassik
komediyaların üzərində dolaşır. Nəhayət, Lətifə klassik əsər
tapşırılır. Amma komediya yox,
faciə, özü də "Leyli və Məcnun".
Bu əsnada "Koroğlu"nun uğursuz ekran
həllindən narazı qalan rəhbərlik bu işi də
ona həvalə edir. O isə tərəddüd
keçirir. İstəkli deyil. Amma bütün bunlara baxmayaraq, işləmək qərarına
gəlir. Bu işdə də
qarşısına fərqli-fərqli maneələr, vəsait
çatışmazlığı, bir çox problemlər
çıxır. Əsəb, stress,
yuxusuzluq, Bakı-Moskva arasında get-gəllər rejissorun səhhətindən
yan ötüşmür.
Belə bir zamanda 1962-ci ilin noyabrında Gəncədə
və Bakıda keçirilən kino günləri çərçivəsində
nümayiş etdirilən "Leyli və Məcnun" filmi
tamaşaçıların və mətbuatın müsbət
qiymətini alır.
Son epizod
Bu qədər sevdiyi, uşaqlığından bəri
xidmət etdiyi, həyatını, səhhətini qurban verdiyi
sənətindəki ard-arda uğursuzluqlar onun əlini hər
şeydən soyudur. Rejissorun bir zamanlar dediyi fikir onun necə haqlı
olduğunu göstərir: "...Bəzən fikirləşirsən
ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt
adamlardı. Onlar həftə ərzində
yazdıqlarını bir göz qırpımında
cırıb zibil qabına atar və oturub təzədən
yazarlar. Kinematoqrafda isə uğursuz alınmış
epizodu təzədən çəkməyə cəhd elə!
Axı, bu da yaradıcılıqdır-təkcə
rejissorun keyfiyyətlərindən asılı olmayan çətin
və kollektivin əməyindən, ağacdan, dəmirdən,
atdan, dəvədən, nəhayət, havadan asılı
yaradıcılıqdır. Quruluşçu
rejissoru planla divara dirəmək lazım deyil ki, o da axırda
gücdən düşüb əlini yelləsin".
Beləcə bir müddət özünə qapılır. Nəhayət bezginliklə bədii şuradan sifariş tələb edir. Həsən Seyidbəylinin "Möcüzələr adası" ssenarisi təklif olunur. Diqqətlə oxuyur, üzərində ciddi işləmək hesabına nəsə alınacağına inanır. Yenə plan tələbi, çəkişmə, kiməsə nəyisə anlatma cəhdi... Belə bir vaxtda gənc, perspektivli operator Rasim Ocaqovun "sürprizindən" çaş-baş qalır: Kamera ustası məktub yazaraq, müəyyən səbəblərdən çəkiliş apara bilməyəcəyini xəbər verir. Lətif davam etməyə çalışır. Amma daha gücü, taqəti qalmayıb. Xəstəlik canını yeyir, yaşamaq əzaba, işgəncəyə çevrilib.
Və dekabrın 8-i... O məşum gecədə Lətifgilin evinə vahiməli kölgə kimi sürünərək daxil olan faciə çöldəki qışın soyuğundan daha dondurucudur.
Ömür-gün yoldaşı Şövkət xanıma, altı yaşlı oğlu Bəşirə sonuncu dəfə nəvaziş göstərir, sanki onlarla beləcə vidalaşır. Həmin gecə onlarda qonaq olan ikinci rejissor Ruslan Şahmalıyevi yola salandan sonra xanımına "hələ işləyəcəyəm" deyir. Gecənin bir aləmi, iş otağındakı əlyazmalarını, ssenarilərlə, qeydlərlə dolu qovluqlarını, "Azərbaycan möcüzəsi" irihəcmli sənədli filminin ssenarisini son dəfə gözdən keçirdikdən sonra otaqdan bir güllə səsi eşidilir. Cəmi bircə güllə... Və artıq böyük sevgilərin, böyük ümidlərin, arzuların adamı yoxdur. Özü öz qatilinə çevrilib. Ov tüfənginin tətiyini bircə dəfə çəkməklə son verib 43 illik əzablarına, ağrı-acısına...
O güllə Lətifin həyatını bitirdi, amma Lətif Səfərov həyatını bitirməyə gücü çatmadı. Çünki Lətif Səfərovu yaşadan daha böyük və güclü işləri - dəyərli yaradıcılığı vardı...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.- 10 oktyabr.- S.6.