Şeir ətri
Gecənin kar vaxtı onun insanlıq dünyasının
səlis, poetik ruhla cilalanmış şeirlərini oxudum. Riyazi təfəkkürünü
yadıma saldım. Bələdçim
onun qeyri-adi həyatı oldu.
Şuşada, bir xoş gündə dünyanı
tapıb, Ağdam şəhəri Əhmədavar kənd səkkizillik
məktəbində oxuyub, 1981-ci ildə Ağdam şəhər
6 saylı orta məktəbi qızıl medalla bitirib. 1986-cı ildə
Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində
təhsil alıb, institutu fərqlənmə diplomu ilə
başa vurub. Mən bu kiçik yazımda
alimin əldə etdiyi böyük elmi nailiyyətləri
bütünlüklə sadalamaq istəməzdim. Bu qeydləri uzatsam, uzun-uzadı bir söz xəzinəsinin
yolunu işıqlandıra bilərdim. Lakin
bu yazıda onun poetik dünyasından bəhs edəcəyəm.
Hələ tələbə ikən Omskda, Sankt
Peterburqda, Vilnüsdə, Bişkekdə, yenə Moskvada 15-dən
artıq beynəlxalq elmi konfransların
iştirakçısı olub. Hər dəfə fəxri
diplomlarla Vətənə üzüağ qayıdıb.
1993-cü ildə namizədlik dissertasiyası
müdafiə edib. Çevik, aydın
düşüncəli bir şair-alim kimi məşhurlaşıb.
Keçmiş Sovetlər İttifaqının və
Azərbaycanın ən gənc alimlərindən olub.
2001-ci ildə texnika elmləri doktoru, professor elmi adına layiq bilinib. Yüksək poetik və
riyazi biliklərə malik bu milli dəyərli, böyük
qayəli gənc alim az vaxt ərzində bir sıra nüfuzlu
beynəlxalq akademiyaların - Nyu-York, Rusiya və "Qafqaz
xalqları" Beynəlxalq Elmlər Akademiyasının, Təbriz
Dil və Mədəniyyət Akademiyasının həqiqi
üzvü seçilib, Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının
akademik adına layiq bilinib.
Söhbət hamının yaxşı
tanıdığı alim və şair Elçin İsgəndərzadədən
gedir.
Elçin İsgəndərzadə 1994-cü ildən həm
də "Vektor" Beynəlxalq Elm Mərkəzinin təsisçisidir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvüdür. "Qızıl qələm"
mükafatına layiq görülüb. Onun rəhbərlik
etdiyi "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən
Xudu Məmmədov adına beynəlxalq elm
mükafatı və Şahmar Əkbərzadə adına beynəlxalq
ədəbiyyat mükafatı təsis edilib. Təvazökarlıqdan
uzaq olsa da, bu sətirlərin müəllifi də Xudu Məmmədov
adına Beynəlxalq Elm Mərkəzinin
mükafatçısıdır və mərkəzin diplomuna
layiq görülüb.
E.İsgəndərzadənin
dünyanın 12 ölkəsində - İran, Türkiyə,
Quzey Kipris, Ukrayna, Qırğızıstan, Qazaxıstan,
Rusiya, Suriya, Bolqarıstan, Rumıniya, Gürcüstan və
Almaniyada kitabları çap olunub. Göründüyü
kimi, onun ədəbi coğrafiyası geniş və əhatəlidir.
O, həm də 130-dan çox elmi əsərin, 54 elmi
ixtiranın, 8 monoqrafiyanın və dərs vəsaitinin,
yetmişdən artıq bədii və elmi kitabın, 40
çevirmə kitabın müəllifidir. Sırf
bədii kitabları, şeirləri, poemaları,
publisistikası, cəmlənmiş əsərləri 45-i
ötüb. Onun haqqında ölkənin
görkəmli alimləri qiymətli fikirlər söyləyiblər.
Mərhum akademik Bəkir Nəbiyev, Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar,
Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət
Qoca, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,
millət vəkili Nizami Cəfərov, xalq şairi Məmməd
Araz, xalq şairi Bəxtiyar Vahabzadə, doktor Cavad Heyət,
BDU-nun rektoru Abel Məhərrəmov, şair Şahmar Əkbərzadə,
şair Çingiz Əlioğlu və başqaları
E.İsgəndərzadənin poetik
yaradıcılığı haqqında bir-birindən dəyərli
fikirlər səsləndiriblər. Bundan əlavə, E.İsgəndərzadə
Azərbaycanın və türk dünyasının
tanınmış söz adamları, dövlət xadimləri,
diplomatlar - böyük qırğız
yazıçısı Çingiz Aytmatov, Şimali Kipr Türk Cümhuriyyətinin
qurucusu Rauf Denktaş, Bilkənt Universitetinin qurucusu, akademik
İhsan Doğramacı, Qazağıstan Dövlət
Universitetinin sabiq rektoru U.Çoldasbəyov, Rumniya-Azərbaycan
Dostluq Cəmiyyətinin sabiq baş katibi İohan Pop De Popa, Yavuz
Bülənt Bakilər, Yaşar Bülənt Bakilər,
Qazaxıstanın xalq yazıçısı, millət vəkili
Muxtar Şahanov, Krım tatarlarının lideri Mustafa
Krımoğlu, Qırğızıstan Yazıçılar
Birliyinin sədri, xalq şairi Nadirbek Alimbekov, Nyu-York Elmlər
Akademiyasının prezidenti T.Viesten, Beynəlxalq Kadr
Akademiyasının prezidenti akademik Giorgi Vasilyeviç və
başqaları olduqca qiymətli fikirlər bildiriblər. Bu siyahı çox uzundur.
Bütünlüklə sadalasaq, böyük bir
siyahı alınar.
Elçin İsgəndərzadə əsl şairdir. Qarabağ
şikəstəli, bayatılı, Xarı bülbüllü
ağrılarla yaşayan, ilmə-ilmə toxunan xalı-gəbə
naxışlı, saz üstündə haray çəkən,
nağıllı-dastanlı, milli ruhlu, əsrarəngiz, poetik
rəngli, tarlı-kamanlı, neyli-balabanlı bir müdrik
söz adamıdır. O, bir şair kimi nə vaxt
şeirləşdi, dərin mənalı sözün, elmi dəyərlərin
rənginə necə vuruldu, bax bunlar onun daxili dünyasın
sirri-xudasıdır.
Şuşada Cıdır düzündə dostlarla
oturmuşduq.
Xarı-bülbül ətirli, şeh
gözlü həzin meh sanki layla çalırdı.
Birdən
Moskvadan gəlmiş yazıçı qardaşım
Əbülfət əlindəki çörək tikəsini
bir yana qoyub susdu, təəccüb etdi. Onda belə qeyri-adiliklər olurdu. Göz işlədikcə görünən
dağlar, dünyanı uda bilən dərin dərələr,
yamyaşıl meşələr, uzaqlardan karvan-karvan
ötüşüb keçən hamilə buludlar onu cəlb
etmişdi. Birdən sükutu pozdu: "Dədə,
baxırsanmı,
bu, şəhər deyil, canlı ruhdur. Adam ruhdan,
bu Tanrı bəxşişi olan şəhərdən
doğulub" - dedi və köks ötürdü...
Şuşa düşmən əlinə keçməsindən
dörd ay əvvəl idi. Elə bil, ürəyinə
nəsə dammışdı. Elçin
dostum da Şuşada doğulub, büllur kimi təmiz silqətli
bir şairdir. Şeirləri bağrı
qan qayasının çiçəklərinə bənzəyir.
Bəli, Elçin Şuşadan qanadlanıb,
Ağdamda pərvazlanıb, Bakıda, Moskvada və
dünyanın neçə-neçə böyük şəhərlərində
şeirdən qanad bağlayıb, intəhasiz üfüqlərə
ucalıb. Bəlkə də ilk şeirini
elə Şuşada bələkdəykən yazıb.
Elçinə görə, şairin üç gözü
olur, şair üç gözlə doğulur:
Ömrün
səhrasında həyat ağacı,
Bir meyvəsi
şirin, birisi acı...
... Bir mələk
gözləyirdi
Rəssam
illər uzunu,
Amma mələk
illərlə
Göstərmədi
üzünü!
Bu misralar Elçinin çoxdan yazdığı
şeirlərindəndir. Şair həqiqətən üç
gözlə doğulur, onun üç gözü olur. Ona görə ki, dünyanın təzadlı, rəngbərəng
sir-sifətini aydın görə bilsin. Desəm
ki, Elçin İsgəndərzadənin şairliyi ilə
alimliyi əkiz doğulub, yanılmaram.
Riyaziyyatçı alim Labaçevski yazırdı: "Sən
demə, həndəsədə olduğu kimi, poeziyada da təb
varmış". Şair poetik irsin,
düşüncənin, mənəvi paklığın, milli
özünüdərkin dünya boyda
ağrı-acıların hakimidir. O, heç bir
şeirini soyuq ürəklə yazmır, mövzunun
arxasınca kəpənək kimi qaçıb çiçəkdən-çiçəyə
qonmur. Mövzu özü onu yaxalayır, yaz, məni
yaz, deyir. Şair həyatın adi həqiqətlərini
sadə dillə poetikləşdirir. Sonra
şair şeirini uşaq kimi ovudur. Özü
də ovunur. Poetik tapıntıya inam gətirir,
ürək dolusu nəfəs alır. Elçinin
şeirlərinin çoxu səfərlər zamanı göylərdə
doğulub, bulud suyu ilə yuyulub, təmizlənib, göylər
kimi maviləşib, sonsuzluq qədər qol-qanad açıb,
üfüqdən-üfüqə üç gözlə seyrə
çıxıb.
Mərhum şair, rəssam Adil Mirseyidin təbirincə
desək, Elçin Füzuli sevdalı bir şairdir. O, eşq və məhəbbət
ruhlu şeirlərini özünün can qəfəsində
aliləşdirə bilir. Füzuli demiş,
... Sən
can almaqla faidə verməzsən cana,
Şövqü-ləlini çıxar mümkünsə
candan, ey təbib.
İndi
isə Elçinin Vətən ağrılı şeirlərindən
nümunələrə baxaq:
Bəlaya
saldın Vətəni
Vətən - başımın bəlası.
İndi mən
dərdin oğluyam,
Balam dərdimin balası.
Və
yaxud,
Qaldır
döyüş bayrağını
Hayqır
zəfər sorağını
Ölsəm,
Şuşa torpağını
Səpin gözümə, gözümə.
Elçin atəşin, sevginin son yanğısıdır. Şair candan can
ayırmır. Sevgi şairin iç dünyasıdır.
Candan can ayrılmaz. Bu baxımdan məhəbbət aşiqi
olan şair görün bu müqəddəs mövzunu necə
mənalandırır:
Bütün
xatirələr adına bağlı,
İndi xatirənin sənsizliyidir.
Şəklini
özündə aparıb gedən,
Solğun gözlərinin mənsizliyidir.
...Mən
sənli dünyanın sənsizliyində,
Sən mənli
dünyanın mənsizliyində,
Necə
tutuşacaq baxışlarımız,
Qaranlıq dünyanın günsüzlüyündə.
Şairin məhəbbət bütövlüyü burada
realdır, qurama söz yığını deyil. Elçin bu
doğma hissləri yaşayıb.
Vəfasız mənsizlik həqiqətən qara
torpağa, yoxsuzluğa yuvarlanır. Xatirələr
heç vaxt unudulmur, ömrün sonuna qədər insanla yol
yoldaşı olur. Şair yeri ocaq yeritək
qaralan xatirələrdən üzülür. Sonra xoşbəxtlik adlı bir səadətin
ovsununa düşür. Bədbəxtliklə
ekiz doğulan xoşbəxtliyin dadını-tamını
oxucu ilə bölüşür.
Xoşbəxtlik
gələndə
Qırıq-qırıq
gəlirsə...
Bir
gün əllərin sevinirsə,
Bir
gün gözlərin gülürsə,
Bir
gün də səsin
Xoşbəxt
olursa...
Sonra
qırıq xoşbəxtliklər
Qırıq
xəyallar kimi
Gözlərinin
suyunda zədələnirsə...
Sən xoşbəxt olmağını anlayırsan.
Anlayırsan
ki,
Xoşbəxtlik
gələndə
Bütöv
gəlməli,
Tam gəlməli
Və
üzünün ikisi də
Xoşbəxt olmalı.
Şair deyir ki, kişinin bir sifəti, iki üzü
olar. Belə olanda, insan başı uca, alnı
açıq yaşayır, sözü ötkəm, təsirli
və mənalı olur. Bunlar xoşbəxtliyin
detallarıdır. Bütöv xarakter
kişiyə qürur və inam gətirir. Xoşbəxtlik gələndə qapılar taybatay
açılır, həyat qeyri-adi dərəcədə
gözəlləşir.
Şairin "Gedirəm" adlı şeirinə də
biganə qalmaq olmur. Şairin səfərləri uzun,
arzuları sonsuzdur. O, bu fani dünyadan kiçik, lap
kiçik bir ömür alıb havalana-havalana piyada,
canını buludlara çırpa-çırpa sonsuzluğa
ucalır. Öz şair ömrünü özünə
yük edib illərin qanadında səhər yelinə
dönür:
Mən
çoxdan yol əhliyəm,
Yolumu salıb gedirəm.
Havaların
havasında
Havamı çalıb gedirəm.
Gözündə qalıb gedirəm.
Can piyada,
könül atlı,
İllər
uçur yel qanadlı,
Bu
dünyadan Elçin adlı
Yükümü alıb gedirəm.
Əsl
şair arı kimi sözdən bal çəkir,
hörümçək kimi tor hörür. Sözün
mehrabına ucalıb bulud-bulud əlçimlənir, misra-misra
göyərir, məna-məna hikmətləşir. Dünyəvi bir siqlətin yolçusuna
çevrilir. Elçin İsgəndərzadə
poetik deyim tərzinə sadiq qalır. Dərin,
bəşəri duyğular fonunda şeirə poetik məna
verir, sözün hikmətini püxtələşmiş
şair kimi dərk edir.
Elçin İsgəndərzadə haqqında böyük şairlərimiz qiymətli fikirlər deyiblər. Xalq şairi Fikrət Qoca Elçin poeziyasına ürək açıqlığı, könül xoşluğu ilə yanaşır: Onu çağdaş şeirimizin yüksək talantlı bir şairi kimi dəyərləndirir. Elçin yazır:
Sahilə çırpınmış bir balıq kimi
dərd çabalayır
soluxmuş bənizində.
Son
ümid can verir,
ürəyinin tənhalığında.
Fikrət Qoca: "Təkcə bu misraları görsəydim, onu yazan adama uğurlu yol dilərdim. Allah vergisi var, qalanı özündən asılıdır. Elə ən çətini də o qalanıdır. Uğur olsun".
Böyük şairin bu qiyməti Elçin
üçün örnək olmalıdır. Bu qeydləri qələmə
alarkən Elçinin bir sıra kitabını gözdən
keçirdim. Onun mənəvi, pak dünyasına azacıq da
olsa, işıq sala bildim. Bu səyyah şairin poetik
qanadları geniş və taqətlidir. İnanıram ki,
hörmətli şair dostumun şeir qanadları Qarabağ səmasında
daha geniş, əngin üfüqlər aşacaq. Onun sənət
yolu aydın və parlaqdır. Mənəviyyatı büllur
kimi təmiz və aydındır. Şeirləri türk
ruhundan yoğrulub. Türk elmini, türk şeir
bayrağını həmişə uca tutan istedadlı, ali təfəkkürlü
şairimizin poetik üfüqləri geniş və sonsuzdur. Mən
də ona ömür sonsuzluğu, sənət əbədiyyəti
arzulayıram.
Əhməd Ənvər
525-ci qəzet.- 2018.- 10 oktyabr.- S.8.