Dəyərli alim, alicənab
insan
TEXNİKA
ELMLƏRİ DOKTORU ELÇİN QƏNBƏROVUN
XATİRƏSİNƏ
Doğma Azərbaycanımızın füsunkar
bir parçası olan Qarabağda dünyaya göz açmışdı. Orta məktəbi
əla qiymətlərlə
bitirdikdən sonra
1978-ci ildə Azərbaycan
İnşaat Mühəndisləri
İnstitutuna daxil olmuşdu.
Hələ tələbəlik illərində
yüksək təfəkkür,
istedad sahibi kimi tanınırdı. Texniki fənlərə
olan böyük marağı, tələbə
elmi tədbirlərdəki
çıxışları onun texniki elmlər
sahəsində əvəzsiz
bir mütəxəssis,
gələcəyin istedadlı
bir alimi kimi yetişəcəyindən
xəbər verirdi.
1983-cü ildə Aərbaycan
İnşaat Mühəndisləri
İnstitutunu fərqlənmə
diplomu ilə bitirən Lenin təqaüdçüsü
Elçin Qənbərov
təyinatla Azərbaycan
Elmi-Tədqiqat Su Problemləri
İnstitutuna göndərilir. Burada kiçik elmi işçi vəzifəsində
çalışır. Az
bir zamanda çalışdığı kollektivin hörmətini
qazanmaqla, həm də ciddi elmi
araşdırmaları ilə
elm ictimaiyyətinin diqqətini
cəlb edir.
1984-cü
ildə hərbi xidmətə çağırılan
Elçin Qənbərov
hərbi xidmətini başa vurduqdan sonra yenidən Elmi-Tədqiqat Su Problemləri
İnstitutuna qayıdır.
Elmi axtarışlarını davam
etdirir. Aspiranturaya daxil olur.
O, 1990-cı ildə Moskvada
Su-Geo İnstitutundada müfəvvəqiyyətlə
namizədlik dissertasiyası
müdafiə edərək
texnika elmləri namizədi elmi dərəcəsi alır.
Bununla o,
həm də Azərbaycanın ən gənc alimlərindən biri kimi tarixə
düşür.
1994-cü
ildə gənc alimə böyük etimad göstərərək
onu institutun direktor müavini kimi
məsul vəzifəyə
təyin edirlər. Gərgin elmi axtarışlar, insan həyatının, iqtisadiyyatın, bir sıra həyati sahələrin əsasini su təşkil edir.
2006-cı ildə Moskvada
"Su Geo" Institutunda "Tərkibində texnogen qarışıqlar olan yüksək bulanıqlı
suların reagentsiz üsulla təmizlənməsi
texnologiyası" mövzusunda
doktorluq dissertasiyası
müdafiə edir. Rusiyanın görkəli
alimləri bu Azərbaycan aliminin elmi yaradıcılığını
yüksək qiymətləndirirlər.
2007-ci ildə Elçin Qənbərovun rəhbərliyi
altında Tərkibində
texnogen qarışıqlar yüksək
bulanıqlı suların
reogentsiz üsulla təmizlənməsi üzrə
bir sıra yeni qurğu və texnologiyalar işlənib hazırlanır.
Dünya elminə öz töhfələrini
verən bu istedadlı alimin elmi kəşfləri və ixtiraları dünyanın
bir çox ölkələrində su
təchizatı sistemlərində
tətbiq olunur. O, Yaponiya, Meksika, Almaniya, Avstriya, Italiya, Argentina, Cənubi Koreya, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrdə
su problemləri ilə bağlı keçirilən
beynəlxalq mötəbər
forum və konfranslarda
elmi məruzələrlə çıxış
edir, Azərbaycan elminin nailiyyətlərini
dünyaya tanıtdırırdı.
Onun elmi məqalələri dünyanın
bir çox nüfuzlu elmi nəşrlərində çap
olunurdu. Alimin "Üzən filiz" qurğusunda təbii və çirkab sularının təmizlənmə
texnologiyası və tərkibində texnogen qarışıqlar olan yüksək bulanıqlı
suların reogentsiz üsulla təmizlənməsi
haqda kitabları həm də ali məktəblərdə
dərslik kimi geniş istifadə olunur.
Bu görkəmli alimin elmi kadrların yetişməsində çox
böyük əməyi
var. Onun rəhbərliyi
altında bir
doktorluq, üç namizədlik dissertasiyaları müdafiə
olunub. O, yüzdən
artıq elmi məqalənin, üç
monoqrafiyanın, altı
ixtiranın müəllifidir.
Məhz bu geniş elmi fəaliyyətinə
görə 2008-ci ildə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə "Tərəqqi"
medalı ilə təltif olunmuşdu.
Elçin Qənbərov həm də gözəl ailə başçısı, tələbkar bir ata idi. Qızı Günel Azərbaycan Pedaqoji Universitetinin ingilis dili fakultəsini, Jalə Bakı Dövlət Universitetinin hüquq fakultəsini, Sitarə isə Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakultəsini bitirib.
Elçin Qənbərovun yoxluğu Azərbaycan elmi, xalqımız üçün böyük itkidir. O, olduqca təmkinli, daxilən azad, bütöv bir şəxsiyyət idi. Onun əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
İslam KƏBİRLİ
525-ci qəzet.- 2018.- 10 oktyabr.- S.8.