Onsuz
Bəlkə də bu, insanın görünməz güclərindəndir ki, ən böyük acılarla da barışmağı bacarır.
Bu, nə naçar qalaraq ağrıya təslim olmaqdır, nə tədricən dərdə alışmaq, nə də özünətəsəlli.
Bu, insana nəsib olmuş müstəsna istedad - əziz kimsələrin ürəkdəki daimi yerini onların əbədi xatirəsi ilə əvəz edə bilmək, onları könüldə elə diri kimi yaşatmaq qabiliyyətidir.
Aida xanım İmanquliyeva yaşasaydı, gələn il səksəninə çatardı.
Həyat eşqi ilə dolu, gümrah, faydalar verməkdə davam edən o qədər səksən yaşlılar var ki!
Elmlər Akademiyasında, elə bir zamanlar onun da çalışdığı, direktoru olduğu şərqşünaslıq institutunda sinni səksəni çoxdan adlamışköhnə əməkdaşlar indi də hər gün işə gedib-gəlir.
Bir zamanlar hər həftənin neçə günü auditoriyalara girib dərs dediyi universitetdə elə onun vaxtındakı kimi həvəslə müəllimliyini davam etdirən köhnə tanışları da az deyil.
Aida xanım İmanquliyeva isə artıq, otuz ilə yaxındır ki, bizlərdən ayrıdır.
1992-nin payızından Onsuzuq...
Aida xanım qısa və parlaq ömür yaşadı.
İnsafsızca gödək olan bu ömür payı ərzində həmin illərə sığmayacaq qədər çoxlu və gərəkli işlər gördü. Həyat yolu erkən tamamlansa da, elmdə özündən sonra bitmədən davam edəcək bir yol yaratmağa nail oldu.
Yaxşı alim adlanmaq haqqını qazanmaq həmişə çətindir. Amma yaxşı alim olaraq adını elm tarixinə həkk edə bilmək ikiqat çətindir.
Aida İmanquliyeva yaxşı alim idi.
Ərəbşünaslığın dərindən dərin
bilicisi akademik İ.Kraçkovskiyə (1883-1951) "şərqşünasların
şeyxi" deyirdilər. O qüdrətli alimin
başladığı hansısa işi ondan da uğurlu davam
etdirərək yeni səhifələr yaza bilmək şərəfdir.
Aida xanım İ.Kraçkovskinin ərəb məhcər
ədəbiyyatı ilə əlaqədar təməlini
qoyduğu tədqiqatların üfüqlərini genişləndirərək
səthi araşdırılmış bu sahənin dərinliklərinə
endi, çox qaranlıq mətləbləri aydınlatdı.
Aida xanım Azərbaycanda ərəb ədəbiyyatının
tədrisini bir sistem halına gətirən ilklərdən
oldu və ərəbşünaslığımızda
müasir ərəb ədəbiyyatının tədqiqini bir
müstəqil istiqamətə çevirməyin
icraçısı, rəhbəri və təşkilçisi
kimi etiraf edildi.
Bununla da adı Azərbaycan şərqşünaslığının
iftixarlı tarixinə əbədilik yazıldı.
Möhlətsə
qısa idi - vur-tut 52 il.
... Azərbaycan şərqşünaslığının
tarixini tarix içərisində seyr edəcək olsaq, min ildən
uzun bir yol təsəvvür edilməlidir. Lakin müasir mənada şərqşünaslıq
elminin də, şərqşünaslıq təhsilinin də
yaşı xeyli azdır, bu, iyirminci əsrin ortalarında
formalaşıb inkişaf edən bir istiqamətdir.
Şərqşünaslığa İkinci dünya
müharibəsindən sonrakı onillərdə Sovet
İttifaqında xüsusi diqqət göstərilməyə
başlanmışdı və bu da siyasi səbəblərsiz
deyildi.
Sovet İttifaqının xarici siyasətində Yaxın
və Orta Şərqin məxsusi yeri vardı və ona görə
də həm Moskva, Leninqrad, Kiyev kimi böyük şəhərlərdə,
həm də respublikalarda strateji siqlətli şərqşünaslıq
elminin və təhsilinin irəliləyişinə
qayğı il-ildən artırılırdı.
Əslində, on doqquzuncu əsrdə Avropada şərqşünaslığın
diqqət mərkəzinə çıxması, qiymətli
araşdırma və tərcümələrin yaranması, bəsirətli
alimlərin yetişməsi də mahiyyəti, kökü ilə
siyasətə bağlıydı.
Şərq İngiltərənin, Fransanın siyasətində
xüsusi maraq dairəsinə girirdi və dövlətin gərək
olan anda söz soruşmaqçün mütəxəssislərə,
alimlərə ehtiyacı vardı.
Tələbə
ikən müəllimlərimizdən birinin görkəmli
şərqşünas Edvard Braunu hər dəfə
"ingilis casusu" deyə təqdim etməsi, üzə
vurmağa üzüm gəlməsə də, içəridən
məni incidirdi.
Çünki E.Braunun "Persiyanın ədəbi
tarixi" üçcildliyi mütəmadi müraciət
etdiyimiz misilsiz, köhnəlməyən elmi abidə idi.
Lakin neyləməli ki, o müəllimin eyhamlarında da
həqiqət vardı.
... Aida İmanquliyevanın şərqşünas taleyi
bu təhsil və elm sahəsinin Azərbaycandakı inkişaf
cığırları və mərhələləriylə
bilavasitə bağlıdır.
1957-ci ildə universitetin getdikcə daha artıq güc
yığan, sanballılaşan şərqşünaslıq
fakültəsində ərəb filologiyası bölməsi
yaranır.
Fars və
türk dilləri ilə bağlı problem yoxdu, yaxşı
dil daşıyıcıları keçmişdən də
vardı, qırxıncı illərin sonlarında Cənubi Azərbaycandan
gələn siyasi mühacirlərin də arasında
farscanı ana dili qədər təmiz bilən və elm, təhsil
şəbəkəsində çalışmağa qərar
verənlər az deyildi.
Tərcümələr də edirdilər, dərsliklər
də yazırdılar, tədqiqat da aparırdılar.
Ərəb filologiyası sahəsində isə bir
boşluq, qıtlıq vardı.
Fədakar müəllim və alim Ələsgər Məmmədovun
memarı olduğu ərəb şöbəsinin (əlbəttə,
mən ondan da bir qədər əvvəl bu istiqamətdə
faydalı işlər görmüş, hətta dərslik
yazmış parlaq ziyalı və ustad Muxtar Əfəndizadənin
(1880-1975) də əməklərini unutmur, xatirəsini
sayğı ilə anıram. Lakin sözün gerçək mənasında
məktəb yaratmaq bilavasitə Ələsgər müəllimin
adı və fəaliyyətləri ilə bağlıdır)
ilk buraxılışlarının tələbələri
elm və təhsilimizdəki bu "ağ ləkə"ni
yox etmək, bu "xam torpağı" münbitləşdirmək,
bol və sevimli məhsullar verən sahəyə çevirməkçün
pionerlərə döndülər.
Azərbaycan ərəbşünaslığının
sonrakı onilləri onların alim və müəllim əməkləriylə,
tədqiqləri və tərcümələriylə bəzəndi.
İlk
buraxılışların məzunlarından olan Malik Mahmudov ərəbdilli
Azərbaycan ədəbiyyatını, Zakir Məmmədov ərəbdilli
Azərbaycan fəlsəfəsi tarixini öyrənməyə
başladı, Vasim Məmmədəliyev ərəb
dilçiliyi səmtini tutdu, Aida İmanquliyeva isə
müasir ərəb ədəbiyyatının
araşdırıcısına çevrildi.
İllər sonra bu cavanların hər biri elə cavan
yaşlarında ağır alim və müəllim çəkisi
qazandılar, yol açan, istiqamət yaradan oldular, hərəsinin
öz məktəbi formalaşdı.
Mən
1970-ci illərin sonlarında o vaxt yeganə olan Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq fakültəsini
bitirərək Elmlər Akademiyasına təyinat alanda, az
sonra aspiranturaya qəbul edilərək Yaxın və Orta
Şərq Xalqları İnstitutunda işə başlayanda
orada mükəmməl bir elmi heyət vardı. Görkəmli
ədəbiyyatşünas, akademik Həmid Araslı,
tarixçi akademiklər Əbdülkərim Əlizadə və
Ziya Bünyadov, filosoflar Əbdülhüseyn Agəhi və
Əhməd Əminzadə, əruzçu Əkrəm Cəfər,
mətnşünas Məmmədağa Sultanov,
iqtisadçı Əli Kəlavej, həyatları müasir
İran və Azərbaycan tarixinin ayrılmaz parçası
olan və elmdə də mötəbər sözlərini demiş
Mirqasım Çeşmazər, Tağı Şahin...
İnstitutdakı şöbələrin ən
sütülü ərəb filologiyası idi. 1976-cı ildə
yaradılmışdı və ilk müdiri də Aida
İmanquliyeva seçilmişdi. Vur-tut 27
yaşında.
Həm şöbə gənc idi, həm şöbənin
müdiri və tərkib də digər bütün
şöbələrlə müqayisədə cavan idi.
Və əslində,
məhz həmin şöbənin iş ritmi, yaş həddi,
elmi yanaşma üsullarının müasirliyi sonralar həm
bu institutda, həm də bütövlükdə Azərbaycanda
şərqşünaslığın inkişafına yeni bir
impuls verdi. Bu sağlam, gərəkli,
çağdaş qığılcımın müəllifi,
təkanvericisi gənc alim Aida İmanquliyeva idi.
O, həm
şərqşünaslıq institutunda işləyirdi, həm
də şərqşünaslıq fakültəsində dərs
deyirdi.
Bir dəfə özü etiraf etdi ki, vaxtımı alsa
da, məni yorsa da, dərs deməyi iki əsas səbəbə
görə davam etdirirəm. Birincisi, müəllimliyi
sevirəm, tələbələrlə işləməkdən
zövq alıram, ikincisi də yaxından müşahidə
edərək bura üçün - Şərqşünaslıq
İnstitutundan ötrü gələcək əməkdaşları
gözaltı edirəm.
Dissertasiya
yazıb ortaya çıxarmağın çətinliyi bir yana, müdafiə prosesinin özünün
yüz cür narahatlıqlar, süni maneələrlə
bağlı olduğu illərdə Aida İmanquliyevanın
başçılıq etdiyi ərəb filologiyası
şöbəsi müdafiə edən işçilərinin
sayına görə yalnız həmin institutda deyil, ümumən
Akademiya şəbəkəsində seçilirdi.
Onun şöbəyə
başçılığı müddətində 10 nəfər
müdafiə etmişdisə, həmin əsnada əksər
şöbələrdə bu rəqəm 1, 2, uzaqbaşı
3-dü. Səbəb o idi ki, həm Aida xanım
işçilərinə, yeni başlayan
araşdırıcılara elmi köməklərini əsirgəmirdi,
həm də onlara arxa dururdu, süründürməçiliklərdən,
mərdümazar münasibətlərdən qoruyurdu.
Bu qayğının elə təfərrüatları da
vardı ki, bəzən müdafiə edənlər bundan xəbərsiz
qalırdılar. Aida xanım
yaxşılığını səsə salmadan edirdi və
heç vaxt da bunun üstünü vurmurdu. Bunun örnəkləri çoxdur, ən azı
birini mən bilirəm.
O vaxtlar
dissertasiya müdafiə etməyə hazırlaşanlara
qarşı çox tələblər irəli
sürülürdü ki, bunun ən mühümlərindən
biri ictimai vəzifə daşımaq idi.
Mən institut qəzetinin redaktoru və komsomol təşkilat
katibi idim. Müdafiəmi uğurla başa vurub təsdiqimi
yenicə almışdım ki, bir gün Aida xanım məni
çağırdı.
Müdafiə
ərəfəsində olan, universitetdə mənimlə
paralel oxumuş və artıq ərəb filologiyası
şöbəsində işləyən bir qızdan
ötrü xahiş etdi: "Sən müdafiə etdin, indi gərək
ona kömək edək. Bəlkə komsomol təşkilat
katibliyinə onun namizədliyini irəli sürəsən?
Səni də seçərik gənc alimlər
şurasına sədr".
... Xeyirxahlığı, nəcibliyi insana öyrətmək
olmur. Bu elə hissdir ki, gərək daxildən
gələ, ürəyin hökmü ilə ortaya
çıxa. Bu duyğu həmişə
Aida xanımla idi.
Aida xanım vətənpərvər, millətsevər
bir insan idi və zahirən elə belə də olmalı idi. Əsilli-köklü
nəsildən idi, atası qiymətli azərbaycanlı, mətbuatımızın
canlı patriarxı Nəsir İmanquliyev idi, qovuşduğu
ailə Mir Cəlalın ruhu ilə dolu idi. Lakin bu qaçılmazdır ki, hətta səni
dörd bir tərəfdən bürüyən mühit də
yaxşı vətənçi, xalqçı olmağına
bəs etmir. Gərək bu keyfiyyət öz canında ola, bu hiss könlündə,
varlığında həmişə qaynaya.
... Bir axşam televiziyada növbəti verilişim
göstərilmişdi. Ertəsi gün işdə
rastlaşanda Aida xanım məni təbrik etdi, "Nitqini
çox xoşlayıram, hər dəfə məmnuniyyətlə
dinləyirəm", - dedi. Və əlavə etdi:
"Axı niyə bizdə Azərbaycan dilini gözəl,
cazibəli danışanlar azdır? Moskva televiziyasında
alimlər, yazıçılar bir yana,
aktyorların, musiqiçilərin, idmançıların necə
maraqlı, insanı istər-istəməz həvəslə
dinləməyə vadar edən söhbətlərini eşidəndə,
açığı, qibtə edirəm, arzulayıram ki, bizdə
də belə ola. Fakültədə çox
vaxt qəsdən mühazirənin ortasında keçirəm
Azərbaycan dilinə".
Aida xanım şərqşünaslıq fakültəsində
rus bölməsində dərs deyirdi. Sovet dövrü idi,
rus dilinin hörmət-izzəti çox idi, bir para Azərbaycan
ailələri elə evdə-eşikdə, məişət səviyyəsində
də ana dilində deyil, rusca danışırdı. Şərqşünaslıq fakültəsində
rus bölməsindəki tələbələr əsasən
azərbaycanlılar olsa da, onların bir qismi nəinki dilimizin
qol-qabırğasını sındıra-sındıra
danışırdı, bəziləri ana dilində heç
yerli-dibli kəlmə kəsə bilmirdi. Ona
görə də Aida xanımın sırf rus dilində
aparmalı olduğu dərsdə hərdən azərbaycancaya
keçməsi bəlkə də mühafizəkar təhsil
inzibatçısının nöqteyi-nəzərindən
qüsur sayılardı.
Amma bu, bir ibrət, dərs içində dərs idi.
Aida xanım rus dilini gözəl, lətif bir şəkildə
danışdığı kimi, Azərbaycan dilini də səlis
bilirdi, əla danışırdı. Ən azı nümunə
göstərirdi ki, başqa dilləri də yaxşı bilin
və bu, heç vəchlə öz dilinizi kamil bilmənizə
mane olmasın.
Digər
tərəfdən, öz dilinə əcnəbi dil kimi laqeyd
münasibət bəsləyən, doğma dilinə səthi
bələd olan tələbələrinə xəbərdarlıq
etmiş olurdu ki, özünüzü səfərbər edin,
dilinizi öyrənin, çünki bu sizə, heç olmazsa,
söylədiklərimin hamısını
anlamağınız, sabah soruşacaqlarıma "o hissəsini
azərbaycanca demişdiniz, başa düşməmişdim"
cavabı verməməkçün lazımdır.
Qəribə
bir qanunauyğunluq var. Hər alimin araşdırma mövzusu və
sahəsi bir az onun özünə bənzəyir.
Bunun hikməti, belə cazibənin sirri haradan
qaynaqlanır görəsən? Təbiətinə,
məzacına uyğun olaraq mövzumu
araşdırıcını özünə sarı çəkir,
ya mövzu araşdırıcını yavaş-yavaş
özünə uyğunlaşdırır?
Elə insanın adı da belədir. Hər birimiz
illər ötdükcə adımıza daha tən gəlməyə,
daha uyğun olmağa başlayırıq.
Yenə sualdır - hansısa anlaşılmaz bir qüvvənin
diktəsiylə dünyaya göz açdığımız
andan irəlicədən bəlli olan taleyimizə uyğun gələn
ad bizə nəsib olur, yaxud tam təsadüfən bizə
verilmiş adın təlqini ilə illərcə ona
müvafiqləşirik?
Aida xanımın adı da, məşğul olduğu
elm sahəsi də, mövzusu da ona çox bənzər idi. Bir ərəb sözü
olan "Aida"nın mənası
"fayda"dır. Ömrü uzunu harada
oldusa, faydalar verməyə çalışdı. Və Aida İmanquliyeva alimlik həyatı boyunca ərəb
məhcər ədəbiyyatı ilə məşğul oldu.
Bu da tam özünə oxşar idi.
Məhcər ədəbiyyatı əslən Suriyadan,
Livandan olan yazıçıların büsbütün
ayrı bir mühitdə, başqa həyat şərtləri
axarında, Amerikada yaratdıqları ədəbiyyatdır.
Bu, eyni zamanda, həm Şərq, həm Qərb ədəbiyyatıdır. Özündə
həm o psixologiyanı, həm bu düşüncə tərzinin
xüsusiyyətlərini birləşdirən söz sərvətidir.
Aida xanım füsunkar, məlahətli bir Şərq
qadını idi. Ailəsinə, evinə-eşiyinə
bağlı, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrə
sadiq bir xalis azərbaycanlı xanım idi. Amma elə həmin andaca o, çağdaş mədəniyyəti,
zövqü, səviyyəni, intellekti zahirində,
davranışlarında, ədalarında əks etdirən bir
müasir avropalı ziyalı xanım idi. Qərb
və Şərq Aida xanımda vəhdətdə idi.
Rüstəm Əliyev güclü və tələbkar
alim idi. Ona nə hər adamı, nə hər əsəri,
nə hər əməli sadəliklə bəyəndirmək
mümkün idi. Aida xanımı isə
o, çox dəyərləndirir, xətrini əziz tuturdu.
Rüstəm Əliyev 1950-ci illərin sonları,
1960-cı illərin əvvəllərində SSRİ şərqşünaslığının
bərq vuran ulduzlarından idi və şöhrəti
dünya boyunca idi.
Və Aida İmanquliyeva 1962-ci ildə Bakı
universitetini fərqlənmə diplomu ilə bitirəndən
sonra aspiranturaya girmiş, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutuna ezam edilmişdi. Elmi rəhbəri də
Rüstəm Əliyev olmuşdu.
O, Aida
xanımı beləcə elmi yolunun lap başlanğıcından
tanıyırdı.
Tale elə gətirmişdi ki, sonralar Rüstəm müəllim
ən yüksələn çağlarında məkrə
tuş gəlmişdi, "vurulmuşdu", Moskvadan Vətənə
dönəsi olmuşdu.
Doğru sözdür ki, hər bədbəxtlikdə bir
xoşbəxtlik də varmış. Təbii ki, Moskvada yolu
davam etsəydi, Rüstəm müəllim dünya şərqşünaslığındakı
ən üstünlərin birincilərindən olacaq, daha
artıq tanınacaq, daha çox əsərlər də
yaradacaqdı. Bunu orada ətrafında
olanlar da yaxşı anlayırdılar və həmin səbəbdən
bu misilsiz azərbaycanlı alimin paxılları, bədxahları
lap çox idi.
Moskvadakı
gələcək irəliləyiş yolları birdəfəlik
qapadılandan sonra Azərbaycana qayıdası oldu və
xoşbəxtlik bizə üz verdi ki,
onunla neçə illər Şərqşünaslıq
İnstitutunda birgə işlədik.
Bir dəfə
Rüstəm müəllim ona xas obrazlı dillə: "Aida
xanım sadəcə şərqşünas deyil, şərqnümadır",
- söylədi. "Şərqnüma"
- yəni Şərqi ləyaqətlə təmsil və
nümayiş etdirməyi bacaran. Mən
buna Moskvada şahid olmuşam. Gənc
qız idi. Dərrakəsi ilə,
mühakimələriylə, mədəni səviyyəsi ilə
hamını heyran qoyurdu. Fəxr edirdim
onunla".
Rüstəm müəllimə bu qüruru yaşadan
gözlərinin önündən keçən olmuşlar
idi.
Sovetlərin baş Şərqşünaslıq
İnstitutunda mənim də aspirantlıq illərim
keçib. Görmüşəm ki, əyalətdən gələnlərə
- orta asiyalılara, qafqazlılara qaba şəkildə nəzərə
çarpdırılmamağa səy edilsə də, hər
halda yuxarıdan aşağı baxma təmayülü var.
Rüstəm müəllimin söylədiyi öz yerində,
amma göz şahidiyəm.
Aida xanımı Moskvada həm Şərqşünaslıq,
həm məşhur Asiya və Afrika ölkələri
institutlarında konfranslarda çıxış edən, alimlərlə
ünsiyyətdə, polemikada görmüşəm. Cavanlı-qocalı
ona bəslənən ehtiramı, ətrafdakılarla
müqayisədə seçilən
üstünlüyünü seyr etmişəm.
Aida xanım mətni şərqli kimi duyma, avropalı
kimi araşdırmaq vərdişini də müasir Azərbaycan
ərəbşünaslığında bərqərar edən,
Avropa oriyentalistikası modellərini şərqşünaslıq
araşdırmalarımızda işlək ünsürə
çevirən başlıca simalardandır.
Elə həmin səbəbdəndir ki, onun
yetişdirdiyi cavan alimlər də məhz bu düzgün elmi
məktəbin sayəsində ölkədən kənarlardakı
elmi yığıncaqlarda həmişə təriflərlə
qarşılanırdılar.
Və o təriflərin hamısında müəllimin,
yolgöstərənin - Aida xanımın danılmaz payı
vardı.
Aida
xanımın ilk gənclik illərindən saf dost və həmkar
ünsiyyətlərilə bağlandığı bir
moskvalı da vardı.
SSRİ-nin Baş Şərqşünaslıq Mərkəzində
fəaliyyət göstərən unudulmaz Qəzənfər
Əliyev.
Qəzənfər
müəllim Bakıya, Azərbaycana çox bağlı idi,
buralarsız darıxırdı, hər il
azı bir dəfə 2-3 həftəliyə Vətənə
ezamiyyət götürürdü. Hər gəlişində
bütün səfəri boyu elmi rəhbərimi müşayiət
etdiyimdən onu axtaranlardan savayı özünün də
mütləq kimlərləsə görüşmək, hal-əhval
tutmaq istədiyini bilirdim.
Bu mütləqlərdən biri Aida xanımdı.
Qəzənfər müəllimin Moskvada alim çəkisi
yetərincə ağırdı, o, SSRİ Ali Attestasiya
Komissiyasının ən nüfuzlu ekspertlərindən idi. O zamanlar "məxfi
opponent" deyilən bir anlayış vardı. Moskvaya təsdiqə yollanmış
dissertasiyaların bir çoxu əlavə gizli rəydən
ötrü belə adı qapalı saxlanan, mövqelərinə,
obyektivliklərinə inam bəslənən alimlərə
göndərilərdi. Qəzənfər müəllim
söyləyirdi ki, Ali Attestasiya Komissiyasında bir neçə
dəfə "məxfi opponent"lərin sırasına
çox vasvasılıqla, yüz ölçüb bir
biçmək şərti ilə respublikalardan da mütəxəssislərin
vaxtaşırı cəlb edilməsi zəruriyyəti səsləndirilmişdi.
Qəzənfər müəllim bu müzakirələr
zamanı yeni və müasir ərəb ədəbiyyatı
üzrə inanımlı ekspertlər cərgəsində Azərbaycandan
Aida İmanquliyevanın da nəzərdə tutulmasının
təklif edilməsini eşidəndə riqqətə gəldiyini
gizlətmirdi.
Həm də bu namizədliyi yalnız kollegiyadakı tanınmış
ərəbçilər deyil, görkəmli iranşünas
İosif Braginski də irəli sürübmüş, "Mən
Aidanı hələ Moskvada, şöbəmdə aspirantura təcrübəsi
keçdiyi vaxtlardan hər cəhətdən dürüst tədqiqatçı
kimi yaxşı tanıyıram", - deyibmiş.
Bu sizə adi hadisə kimi gəlməsin. SSRİ Ali
Attestasiya Komissiyası "qorxunc" bir təşkilat idi.
Özlərindən başqasına da, adətən,
bel bağlamırdılar. Ucqardan olmaqla
onların belə inamını qazanmaq yalnız tərtəmiz
və ötkəm alim reputasiyası bahasına mümkün
idi. Nəticə etibarilə bu, Aida
xanımın Azərbaycanın elmi nüfuzuna
qazandırdığı sayğı demək idi.
... Suriyaya "Əş-Şam" da deyilir.
"Şamaxı" sözünün yozumlarından
biri isə guya "Şam əxi" - "Şamın
qardaşı" deməkdir.
Aida xanımın ana tərəfi şamaxılı idi.
1980-ci illərdə mən "Tarix boyu Şirvan
şairləri" adlı bir araşdırma
başlamışdım. Ən qədim
zamanlardan zəmanəmizədək söz-sənət
meydanında lap bircə şeirlik belə izi olan adları mənbələrdə
soraqlayır, materiallar cəmləyir, ara-sıra
tapıntılarımla bağlı məqalələr
yazırdım.
İnstitutda hamı bilirdi ki, qocaman alim Cəfər Rəmzi
Abşeron, mən Şirvan şairlərini yığmaqla məşğuluq.
Bir dəfə
Aida xanım mənə ərəb əlifbasıyla
yazılı saralmış vərəqləri təqdim etdi:
"Bax, bəlkə sənin məcmuən üçün
yaradı. Bir şamaxılı qadının
şeirləridir".
Qadın şairlər sarıdan
hazırladığım toplu kasad olduğundan hələ məzmununun
nədən ibarətliyini bilmədiyim bu vərəqlər məni
irəlicədən bərk sevindirdi.
"Kimdir bu qadın, olan elə budur, ya başqa əsərləri
də var?"
- soruşdum.
Aida
xanım: "Təəssüf ki, qalan elə bu bir neçə
vərəqdir, amma naməlum şəxs deyil, mənim nənəmdir,
şamaxılı Fatma xanım".
Bu beytlər
həmin yadigar vərəqlərdəndir:
Aşiq
oldum bir gözəlcik şahə mən,
Bu, Xudadandır mənə, bəs neyləyim Allahə mən?
Neyləyim,
kimə gedim bu hal ilə,
Firqətindən
yanə qaldı can ü tən.
Getdi əldən
ixtiyarim, qayib etdim kəndimi,
Eylə insaf ü mürüvvət, düçar oldum
sənə mən.
Bəlkə
də ünvanına yetişməmiş bir məktubun
parçası olan bu şeir də:
Yeri, naməm,
yeri dildarə saru,
Qızılgül açılıb gülzarə saru.
Bahar oldu,
könüllər etdi cünbiş,
Tərənnüm eyləyib sərdarə saru.
Keçib
aşiq dəmadəm can ü dildən,
Olub mədhuş, gedər bazarə saru.
Olub adət
gözəllər sərvərinə,
Təkəllüm eyləyir əğyarə saru.
Əgər
əhvalpürsan olsa səndən,
Elə fəryad ol xunxarə saru.
Həyatda heç nə boşuna olmur. Hər kəsin
gələcək həyatının bir çox cizgilərini
Tanrı, Tale o insan dünyaya gəlməmişdən tədarük
edir. Nəslin yığdığı təcrübə
qanla, qanın hafizəsiylə zəncir təki sonra gələnlərə
ötürülür.
Ürəyini qələmlə boşaldan nənə nə
bilərdi ki, onun sözə sevgisi damla-damla nəvə-nəticəyə
də qismət olacaq?!
... Gəzəri tarix olan insanlarla Şərqşünaslıq
İnstitutunda bir yerdə işləyirdim, onların
nadirliyini, təmas anlarımızın müstəsnalığını
dəyərləndirməyə, bu fürsətin qədrini
bilməyə bilməzdim.
İmkan düşdükcə səslərini lentə
alardım, söylədikləri xatirələri,
ayrı-ayrı fikirləri, onlarla ötən anlarımın
çeşidli məqamlarını, sistemli gündəlik
aparmasam da, yaddaş dəftərlərimdə qeyd edərdim.
İndi həmin pərakəndə yazıların
hamısı əvəzolunmaz tarix fraqmentləridir. Nə
yaxşı ki, hafizəmə ümid bağlayaraq onları
qeyd etməkdən vaz keçməmişəm. Çoxu indi qayıdışsız itirilmiş
olardı.
1979-cu
ilin martı. Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutu divar qəzetinin
qadınlara həsr olunan buraxılışı
üçün Əkrəm Cəfərdən bir neçə
söz yazmasını, yaxud özümün
yazılaşdırmağımçün eləcə
şifahi deməsini rica etmişəm.
Hər sözü kimi, bu cavabı da orijinaldır. Deyib ki, əruz
mənim həyatımın mənasıdır. Əruzun əsası isə təfilələrdir.
Bəhrləri, bütövlükdə vəzni,
əruzun varlığını təfilələr
yaradır. Təfilə əruz
üçün nədirsə, qadınlarımız da institut
üçün o deməkdir.
Dübarə soruşuram ki, hansınınkı hansı
təfilədir?
Sualıma
təəccüblənir: "Necə yəni hansı? Kimin adı hansı vəzndədirsə, elə həmin
təfilədir".
Bir-bir sadalayır və bədahətən hərəsi
haqqında 2 beyt deyir. Hərəsinin də adına
uyğun təfilə şeirin sərlövhəsindədir. Sonra da səliqəli xətti ilə bu şeirləri
kağıza köçürüb verir mənə.
Üstündən də deyir: "Fikir quş kimidir. Gəldi, gərək yazasan, yoxsa bəzən elə
uçub gedir ki, nə illah edirsən, qaytarmaq mümkün
olmur".
Şeirlərdən
biri Əkrəm müəllimin yaxın dost olduğu Nəsir
İmanquliyevin qızı, iş yoldaşımız Aida
xanım haqqındadır.
Beytlərdə elə Nəsir müəllimin də
adı keçir. Şeirin ünvanısa "Aida - fəUlün"dür.
Dəftərimdən
Əkrəm Cəfərin həmin gün yazdığı
"Gözəllərimiz əruzçunun gözündə"
adlı silsilədən Aida xanıma həsr etdiyi misraları
köçürürəm bura:
O sözə
vurğun olmuş, özü də bir şeirkən
Elmi kimi
gözəldir, Nəsir qızı Aida!
Təvazökar,
zəhmətkeş,
axtarışdan yorulmaz,
Ərəbşünas qızların dan ulduzu Aida.
Hələ onda Aida İmanquliyevanın əsl
böyük elmi uğurları gələcəkdə idi.
Amma təcrübəli ustadın fəhmi onu
aldatmırdı. Elə o dövrdə də Azərbaycan ərəbşünas
qadınlarının ən öncüllərindən olan Aida
xanım illər sonra ulduzluğunu bir daha sübut etdi, şərqşünaslığımızda
"ilk" sözü ilə nişanlanan başqa bir nailiyyətə
də imza atdı. 1989-cu ildə Tbilisidə müdafiə
etdiyi, müasir ərəb ədəbiyyatında Qərb-Şərq
sintezi mövzusuna həsr edilmiş, bu söz
yatırının Cübran Xəlil Cübran, Əmin ər-Reyhani,
Mixail Nüaymə kimi korifeylərinin sənət sirlərini
açan fundamental əsəriylə Azərbaycanda ilk elmlər
doktoru ərəbşünas qadın oldu.
1991-ci ildə Moskvadan, Ali Attestasiya Komissiyasından
Bakıya Aida xanımın (və şərqşünaslığımızın)
tərcümeyi-halında "ilk" sözü ilə
göstəriləcək daha bir zirvəni təsdiqləyən
professor diplomu göndərildi.
Aida İmanquliyeva xalqımızın yalnız elmlər
doktoru deyil, həm də professor olan birinci ərəbşünas
qadını oldu.
... 1980-ci
illərin ortalarında Türkiyədən bir dəstə
ilahiyyatçı, təsəvvüf üzrə alim
Bakıya qonaq idi, Şərqşünaslıq İnstitutuna da
təşrif gətirdilər.
Onlarla birgə direktor Ziya Bünyadovun kabinetinin qarşısında dayanmışdıq. Aida xanım da gəlməliydi ki, içəri birgə keçək.
Ziya müəllimin kabineti dəhlizin bu başında, Aida xanımın əyləşdiyi ərəb filologiyası şöbəsi isə koridorun o biri ucunda idi.
Birdən Aida xanım o başda dəhlizdə göründü və bizə doğru addımlamağa başladı.
Qeyri-ixtiyari hamı ona sarı qanrıldı. Qonaqlardan biri yarızarafat-yarıgerçək "Gün doğdu!" dedi.
Doğrudan da Aida xanım olan yerdə, elə bil ki, işıq artırdı, boşluqlar dolurdu.
Adam var ki, oldusuyla olmaması heç hiss edilmir. Aida xanımsa
harada görünsə, ora özü ilə xoş bir aura,
canayatan bir mühit gətirirdi.
Gün
doğdu...
Heyiflər,
doğan günəşin batmağı da var!..
51 yaşı vardı, sanki hələ daha ciddi
uğurlar onu səsləyirdi və fırtınaları nisbətən
toxtamış ağrılı keçid illərinin
ardından fərəhlərlə dolu uzun yol gülümsəyirdi.
Və elə bil, zaman qəfilcə dondu,
qatmaqarışıq vaxtın daşlarına
çırpılıb çilik-çilik oldu.
Ömrün 52-ci payızı gözəl Aida
xanımçün ömür qatarının son
dayanacağı imiş.
Qarşıda ümidli, arzulu, xoşbəxt illər
vardı. Nə acı ki, onları görmək Aida xanıma
qismət deyilmiş.
... Mən anamı itirəndə onun 42 yaşı
vardı.
Artıq o yaşı arxada qoymuşam. Amma xatirələrimdə
həmişə həmin yaşdan kiçiyəm.
Əzizlərimizin bizlərə etdiyi son
yaxşılıq, son töhfə bu olur ki, munis xatirələriylə
bizi həmişə olduğumuzdan daha gənc, daha bəxtiyar,
əbədi ayrılıqlarsız - onlarlı edə bilirlər.
... Köhnə gündəlikvari dəftərlərimin
arasında Aida xanımla bağlı bir yadigar da var. Yenə
Əkrəm Cəfərin şeiridir.
Əkrəm müəllimin bütün arxivi indi əlimin
altındadır, ailəsi verib. Vərəqlədikcə, müxtəlif
məktublarını, qeydlərini oxuduqca görürəm
ki, Aida xanımın atası Nəsir İmanquliyevlə,
qayınatası Mir Cəlalla o, hələ 1930-cu illərdən
yaxınmış. Yəqin elə Aida xanıma
xüsusi nəvazişli münasibətinin bir vacib səbəbi
də elə bu qədimi dostluqdan qaynaqlanırmış.
Əkrəm Cəfər tükənməz təsiri
oyadan biliklər və keşməkeşli tale sahibi olan son dərəcə
maraqlı bir insan idi. Fars, türk, ərəb ədəbiyyatlarına
mükəmməl vaqif olduğu qədər rus ədəbiyyatına
da aşina idi. Firdovsini, Nizamini, Xaqanini, Sədini, Hafizi və
bir çox başqa farsdilli poeziya klassiklərini sinədəftər
etmiş, onların yaradıcılığından
özünəməxsus şövqlə, ehtiraslı bir
artistizmlə saatlarla böyük-böyük
parçaları əzbər söylədiyi kimi, türk ədəbiyyatından
Əbdülhəq Hamidi, Tofiq Fikrəti də sevə-sevə
deklamasiya edərdi və qəfildən valı dəyişərək
Vladimir Mayakovskiyə keçərdi, cavanlıq çağlarında
şairin özündən eşitdiyi tərzdə uzun-uzun
seçmə şeirləri dinləyənləri heyran buraxan
bir məharətlə oxuyardı. Amma müxtəlif
dillərdəki poeziyanın hər çeşidindən xəbərdar
olan Əkrəm Cəfərin son saatınacan ən çox
sevdiyi şair Ömər Xəyyam, ən çox bəyəndiyi
şeir şəkli rübai oldu. Və
1980-ci ilin aprel günlərində Əkrəm müəllim
mənə Aida xanıma həsr etdiyi və bir neçə
ay sonra - oktyabrın 10-da gələcək növbəti ad
günü münasibətilə ona bir hədiyyə olaraq təqdim
etməyə hazırlaşdığı təzə
şeirini göstərdi (Aida xanımın arxivi yaxşı
aransa, yəqin o əlyazma da oradan tapılar).
Həmin şeirin də mayasında elə rübai
dayanırdı. Şeirin sərlövhəsində də
"rübai" kəlməsi vardı.
Əkrəm
müəllim hesablamışdı ki, fars,
türk, ərəb ədəbiyyatlarında son min ildə
üç mindən çox rübai yazan şair olub. Aida xanımı isə obrazlı şəkildə
o, İlahinin yaratdığı bir rübai sayırdı.
Şeirin adı da məhz belə idi: "Allahın
rübaisi".
Bəlkə
lap dünyaya gəldiyim gündən
Mən bütün ruhumla şeirə məftunam.
Bütün
gözəlliklər şeirdir mənə,
Məni şeirə vurğun doğmuşdur anam.
Şeirlər
içində ən çox sevdiyim
Rübai olmuşdur, indi də odur.
Hətta
Aidaya baxdığım zaman
Gözümün önündə rübai durur.
Məncə,
Aida da bir rübaidir,
Yazanı Allahdır bu rübainin.
Candan
vurulardı, görsəydi onu
Rübai allahı Xəyyam da, yəqin.
Aida ilahi
bir rübaidir,
Gözləri,
qaşları iki beyt kimi -
Füzuli
şeirinin iki şah beyti
Gözəllik heykəli, könül hakimi.
Məcnun
ilə Leyli evlənsəydilər,
Uşaqları, yəqin, ona bənzərdi.
Bir
qız doğulsaydı nikahlarından,
O əsmər
nazənin ona bənzərdi.
Aida
baxarsa axar bir suya,
O su dəyişilib
gülab olacaq.
Aidanın
əksi düşsə güzgüyə,
Güzgünün qucağı güllə dolacaq.
O, Həvva
olsaydı, cənnətdə İblis
Adəmə yüz kərə səcdə edərdi.
Züleyxa
olsaydı, bütün cavanlar
Yusifə dönərdi, Misrə gedərdi.
Mən
ona səadət diləkçisiyəm,
Ensin ayağına elmin meracı.
Diləyim
budur ki, ölməyim, görüm
Mən onun başında doktorluq tacı.
Əkrəm müəllim bu şeiri oxumuşdu və
sonra da əlavə etmişdi ki, bax, rübai dörd
misradır. Aidanın da adı dörd hərfdən ibarətdir,
həyat yoldaşı, dostum Mir Cəlalın oğlu Arifin də
adı dörd hərfdir. İki
balaları var - ailələri də dörd nəfərdir.
Elə bil Allah rübailiyi hər cəhətdən
Aidanın alnına yazıb.
1905-ci ildə
doğulmuş Əkrəm müəllim 86 illik uzun
ömür yaşadı, şeirində arzuladığı
günə, Aida xanım İmanquliyevanın 1989-cu ildə
uğurla doktorluq dissertasiyası müdafiə edərək
layiq olduğu yüksək elmi dərəcəni də
almasına şahid oldu.
Nə acı ki, Aida xanımın özünün
ömründəki rübai bütövlüyü başacan
davam etmədi.
Rübainin bir misrası erkən düşdü.
Aida
xanım zahirən də, daxilən də,
yarımçıq qırılan işıqlı
ömür yolu ilə də unudulmaz şeirin bir şah
misrasına bənzər oldu - parlaq, sevimli və heyflər ki,
qısa!..
Günləri gözəl edən, ömrümüzü bənzərsizləşdirən bizə məhrəm, ruhən yaxın insanların varlığıymış.
Yaşın üstünə yaş gəldikcə bu həqiqəti daha artıq dərk eləyirsən ki, bağlı olduğumuz, işıq aldığımız insanlarsız ən məsud günlərdə belə həyat onlarla birgə olduğumuz anlardakı qədər şirin, canayatan deyil.
Keçmişlərə daldıqca, itirdiyimiz doğma surətlər yaddaşımızda uzaq ulduzlar kimi sayrışır. Anlayırsan ki, ömrümüz əslində elə tikə-tikə, qəlpə-qəlbə həyatımızdan keçib getmiş istəkli insanlar deməkdir. Ömrümüzü başqa cür yox, məhz belə edən onlarmış, onların indi bizimlə yaşamaqda davam edən xatirələriymiş.
... İllər illəri qovur, professor Aida İmanquliyevanın kitabları müxtəlif dillərdə, nəfis tərtiblərdə işıq üzü görür, xatirəsinə həsr edilən elmi yığıncaqlar keçirilir, sevənləri, dostları onu səmimi hərarətlə, ürək sıyıran xiffətlə anırlar, haqqında ən isti sözləri söyləyirlər.
Danışırlar, xatırlayırlar və sərt həqiqəti bilə-bilə inanmırlar, inanmaq istəmirlər ki, artıq onillərdir ki, Aida xanım bizsizdir, onsuzuq.
Və bundan sonra nə qədər yeni ad günləri, yuvarlaq ildönümləri gəlsə də, Aida xanım həmişə 52 yaşında qalacaq.
Şəfqətli, gözəl, nəcib, daha
yaxşı sabahlara ümidli!..
Rafael
HÜSEYNOV
Milli
Məclisin Mədəniyyət komitəsinin sədri, akademik
525-ci qəzet.- 2018.- 10 oktyabr.- S.1;4.