Payızda ilişib qalan...
Ruslan DOST
ƏLİ
Başımda qarğı papaq, bir əlimdə
şeirlər kitabı, bir əlimdə çobanlara xas olan
çomaq, qənşərimdə də on beş-iyirmi qoyun
olardı. Hə, belə keçib mənim
uşaqlığım.
Bir də baxırdım ki, onsuz da dar olan, hər
iki tərəfdən kol basdığından biraz da
darısqallaşmış küçədən kimsə
üzü bəri - sahəyə tərəf gəlir. Kim
olar? Atam? Yox! Axı bu gün gəlməyəcəkdi.
Yaxınlaşdıqca zənnimdə
yanılmadığımı görürəm. Papağı
ver mənə, çomağı da, sən get. Televizorda
şairlər haqqında veriliş gedir - deyir. Xüsusilə
bu verilişdə Musa Yaqub və ya Zəlimxan Yaqub var idisə,
- sevdiyim bu iki şairin təxəllüs adaşı
olduqlarının fərqinə çox sonralar vardım - atı belə yəhərsiz-yüyənsiz
minərdim. Burundaq umuduna - uşaqlığı kənddə
keçənlər yaxşı bilir.
Onu deyim ki, harda olmağımdan, hansı
işi görməyimdən, - hərçənd qoyun
otarmaqdan başqa elə bir işim də yox idi - asılı
olmayaraq mavi ekranlarda bu iki şairdən hansı birini göstərirdilərsə,
mən mütləq evdə olmalı idim. Qoyunlar Hacı
dayının yeni sulanmış yoncasına da dola bilərdi,
İsrafilin köyşən yerinə də. Mənim
üçün heç bir fərqi yox idi. Sonradan yaranacaq
xoşagəlməz ovqat da məni maraqlandırmırdı.
Əsas "Ovqat" verilişi idi...
Musa Yaqubu da ilk dəfə televizorda - elə yəqin
ki, bu verilişdə - görmüşdüm. Həmişə
də belə olacağına inanırdım.
İnanırdım ki, mən həmişə qoyun
otaracağam və Musa Yaquba da həmişə televizordan
baxacağam. Həm də buna sidqi-ürəkdən
inanırdım. Nə vaxtsa Bakıya gedəcəyimi, orda bu
kişi ilə görüşəcəyimi ağlıma belə
gətirməzdim. Alın yazısına, tale deyilən nəsnəyə
nə qədər inanmasam da, elə məqamlar olur ki, nəinki
inkar edə bilmirəm, hətta əməlli-başlı buna
inanıram da.
Təxminən 2 il bundan əqdəm idi.
Bakıya yenicə gəlmişdim. Demək olar ki, kitab təqdimatlarının,
şeir axşamlarının heç birini
qaçırmırdım. Bu təqdimatlara, şeir
axşamlarına həm də ona görə gedirdim ki, həmişə
axırda gənc yazarlara söz verirdilər, mən də
şeirlərimdən deyib insanların marağını
öz üzərimə çəkə bilirdim. Bu da məni
xoşbəxt edirdi.
Bir dəfə jurnalist dostlardan biri Musa Yaqubdan
müsahibə alacaqdı. Birgə getməyimizi təklif etdi.
Əlbəttə, bu görüş üçün işdən
icazə almaq, hətta işdən atılmaq da olar, ancaq belə
bir təklifi rədd etmək mümkün deyildi. Mən də
şairi çox görmək istədiyimi dedim. Musa Yaquba zəng
elədik, "bu gün toya gedəcəyəm, tez gəlin"
- dedi. Yubanmadan getdik. Şeirlərimdən də yaxşı
bildiyim bir neçəsini seçib özümlə
götürdüm ki, verərəm Musa müəllimə.
Düzü, heç oxuyacağına inanmırdım, ancaq əmin
idim ki, oxusa bəyənəcək. Buna görə
özümü Musa Yaquba tanıtmaq istəyi, biraz da
özümə inandığımdan şeirləri
özümlə götürdüm.
Səhv etmirəmsə, şairin evi 8-ci
mikrorayonda idi. Xeyli getməli idik. Səbirsizlənirdim. Musa
Yaqub qapını açıb bizi gözləyirdi.
Görüşdük, bizi içəri dəvət etdi,
keçib oturduq. Jurnalist dostum vaxt itirmədən səsyazanı
açıb sualları verməyə başladı. Mən də
arada şəkillərini çəkirdim. Musa Yaqub əlləri
əsə-əsə danışır, tez-tez şeirlərindən
deyirdi.
...Qoyma üşüməyə çılpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən
keçirt.
Elə bilirdim, yenə televizora baxıram.
Tez-tez ona toxunmaq istəyirdim. Axır ki, şeirlərimi
utana-utana, həyacanla təqdim etdim, Musa müəllim, bu
şeirlərə vaxtınız olanda baxarsız - dedim. Üzümə
və əlimdəki kağızlara baxıb: Boy, ay bala, sən
də şairsən? Bəs bayaqdan niyə demirsən?
Baxaram-baxaram - dedi. Onu görməkdən məmnun
olduğumuzu bildirib müsahibə üçün təşəkkür
etdik. Görüşüb sağollaşdıq. Qapıdan
çıxan kimi jurnalist dostuma dedim ki: Qoca kişidir, Allah
bilir, o kağızları hara tullayacaq. Sonra da yadından
çıxacaq, oxuyan deyil, bilirəm, yox ey, oxuyan deyil. "28
may" metro stansiyasında dostumla xudahafizləşdik. Səməd
Vurğun bağının yanıyla Ədalətin kafesinə
tərəf getdim. Bu kafeyə günün hansı saatı
getsən, şair taparsan.
Mənim bu kafedə ən çox
oturub-durduğum adam isə şair deyil, müstəntiqdi.
Ədəbiyyat adamlarının çoxu onu
yaxşı tanıyır. Ədəbi tədbirlərin birində
bir şeirimi demişdim. Səhərisi gün telefon nömrəmi
tapıb zəng eləmişdi. O gün-bu gün, əməlli-başlı
dostlaşmışdıq. Məni kənardan gördü, həmişəki
kimi ətrafındakı adamlardan ayrılıb gəldi, ikimiz
ayrıca oturduq. Oturan kimi də deyirdi ki, təzə nə
var? "Heç nə" - deyəndə də,
qayıdırdı ki, onda köhnələrdən oxu. Mən isə bu dəfə şeir
oxumaqdan vaz keçib Səlim müəllimə Musa Yaqubla
görüşüməyimdən, bu görüşdən
aldığım təəssüratlardan danışmağa
başladım. Qəfil telefonuma zəng gəldi. Nömrəyə
baxmadan cavab verdim. Səs tanış idi, elə bil, az öncə
bu səsi hardasa eşitmişdim.
- Alo, ay oğul, ay bala, sən kimsən?
Hardansan? Şeirlərini oxudum, çox xoşuma gəldi.
Harda çap olunmusan?
Üstündən cəmi bir neçə saat
keçmişdi, Musa müəllim toya gedəcəkdi. Bu zəng
olacaqdısa belə bu tezliklə ola bilməzdi. Amma olmuşdu
axı... Düzü, biraz duruxdum. Nə deyəcəyimi
bilmirdim. Handan-hana dilləndim:
- Musa müəllim, "Azərbaycan" və
"Ulduz" jurnallarında çap olunmuşam. O gün də
şeirlərimi Rəşad müəllimə vermişəm.
Yaxınlarda "525-ci qəzet"də
çıxmalıdı.
- Mən sənin şeirlərin haqqında təqdimat
yazmaq istəyirəm. Sabah gələ bilərsən?
Bu dəfə işdən icazə almaq yox,
birbaşa çıxmaq lazım idi. Onsuz da fəhləyə
hər yerdə iş var də, beş aşağı,
üç yuxarı. Həm də elə bildim, mənə
bir yaxşı iş təklif ediblər. Hətta bundan daha
üstün nəsə...Sevincək:
- Əlbəttə, gələrəm - dedim.
Bakıya yenicə gəlmiş, ədəbi
mühitdə yavaş-yavaş tanınmağa başlayan bir gənc
şair haqqında Musa Yaqub kimi şair yazı yazacaqdı. Ay
kişi, Musa Yaqub ey, Musa Yaqub! Mən özümü necə də
xoşbəxt hiss edirdim, ilahi! O kafedən necə
çıxdım, kirayə qaldığım evə necə
getdim heç özüm də bilmədim. Yəqin ki, gecəni
də rahat yata bilməmişdim. Bu hal illər sonra, məsələn,
indi baş versəydi yəqin ki, o günkü kimi sevinməyəcəkdim,
sevinə bilməyəcəkdim.
Sabahısı gün tərpəndim Musa
Yaqubgilə. Məni bir xeyli üzümə və özümə
təriflədi. Ağ kağız gətirdi, oturdu və qələmi
götürdü. Biraz yazdı. Əlləri aramsız əsdiyindən
davam edə bilmədi, dedi: - Mən deyəcəm, sən yaz.
Otaqda var-gəl edə-edə diktə elədi.
Dedi, kitabın çap olunanda yaxşı bir Ön söz də
yazaram. Sonra, bu yazı elə "525-ci qəzet"də
çap olunacaq şeirlərlə birgə getsin
düşüncəsi ilə Rəşad Məcidə zəng
elədi. Rəşad müəllim dedi ki, elə indi onun
şeirlərini oxuyuram, mən də bir yazı yazmaq istəyirdim,
sabah çapa gedəcək, yazını götürsün,
gəlsin. Musa Yaqub axırda telefonda dedi ki: - Ay Rəşad, sən
Allah, bu uşaqdan muğayat olun...
Sabahısı gün Musa Yaqubun və Rəşad
Məcidin təqdimatında "525-ci qəzet"də
şeirlərim çap olundu. Rayonlardan, universitetlərdən
təbrik, tərif zəngləri gəldi, mesajlar yazdılar.
Bu yazı məni şair kimi bir xeyli insana tanıtdı.
Günlərlə bu hissin təsirindən çıxa bilmədim.
O gündən sonra Musa Yaqubla bir də
görüşə bilmədim. Arada zəng edib kefini xəbər
alırdım. Həmişə də soruşurdu ki: bala,
yazırsanmı?
Bu dünyanın közərən işığını öləziməyə qoymayan tək-tük adamlardan biridir Musa Yaqub. Yaxşı adamların bir-bir yoxa çıxdığı zamanda belə adamların o tərəfə gedən yolunu kəsmək istəyir adam. Qarşısına keçib demək istəyir ki: "Getmə! Bizi qaranlıqlara tapşırma, şair!"
Göte deyirdi ki, indiki şairlər öz
mürəkkəblərinə həddən çox su
qatırlar. Musa Yaqub mürəkkəbi xalis mürəkkəbdir.
Çünki o, içini duru saxlamağı bacarıb. Onunla
təmasda olanda insan özündə qəribə bir
yüngüllük hiss edir. Musa Yaqubdan içib toxdamaq,
keçib durulmaq olar...
Müxtəlif insanların müntəzəm
olaraq üç-üç, beş-beş toplaşıb
İsmayıllının Buynuz kəndinə gedib Musa Yaquba
baş çəkməsi bir ocağı ziyarət etməyə
bərabərdir. Bu ocağı ziyarət edib, Musa Yaqubun hələ
uzun zaman aramızda qalması üçün niyyət tutmaq
lazımdı. Öz aramızdı, "Öyrətmə
özünə, öyrətmə məni" deyən
şairə elə öyrənmişik ki, həlimliyilə
canımıza, qanımıza elə hopub ki, elə bilirik, o
getsə, bu dünyanın qara daşı kimi əkdiyimiz
toxumlar da göyərməyəcək...
İlahi, Musa Yaqubu bu payızın içindən
keçirt...
Qazaxıstan, Türküstan
525-ci qəzet 2018.- 11 oktyabr. - S.7.