Nazilə Gültac:
"Ürək də torpaq kimidir"
Nazilə Gültacla bir neçə il öncə
Yazıçılar Birliyinin tədbirlərində
tanış olmuşduq. Onun mehriban, gülərüz xasiyyəti,
sözə qarşı həssaslığı hər zaman
diqqətimi cəlb edib.
Sonralar onun həm də həkim olduğunu
öyrəndim. Hər iki istiqamətdə birbaşa insanla məşğul
olan, insanı həm xarici, həm daxili, həm də mənəvi
tərəflərdən öyrənən bu insanla
ayaqüstü söhbətlərimiz belə həmişə
maraqlı və fərqli olardı.
Buna görə də onun mənəvi
dünyasına səyahət etmək, bu kövrək
xanımı oxucularımıza da daha yaxından tanıtmaq qərarına
gəldim.
Beləliklə, budəfəki müsahibimiz həkim,
şair, AYB-nin üzvü Nazilə Gültacdır.
- Nazilə
xanım, həm həkimsiniz, həm şair. Biri insanın
fiziki, o biri isə ruhi sağlamlığını təmin
edir. Bəs özünüz necə birisiniz?
- Son zamanlar canlıların ruhu, onların
bir-birinə təsirləri haqqında çox dərin
düşüncələrə dalıram. Daxilən çox
yumşaq xasiyyətli, duyğusal insanam. Elə məqamlar olur
ki, onlar qəlbimin ən dərininə toxunar, amma elə də
hadisə ola bilər ki, əslində başqasına təsir
edə bilər, amma mənə təsir eləməz. Hələ
uşaqlığımdan heyvanlara qarşı çox diqqətcil
olmuşam, onlara sevgiylə, həssas yanaşmışam.
Onların yanından keçərkən elə bilirəm ki,
onlar insanlarla söhbət edir, "biz də varıq"-
deyirlər. Düzdür, biz onların nə dediklərini, demək
istədiklərini dərk eləmirik, amma hiss edə bilərik.
-
Uşaqlığınızı necə
xatırlayırsınız?
- Uşaq vaxtı məktəbdə çox
yaxşı oxumuşam, qabaqcıl, nümunəvi şagird
olmuşam. Uşaqlığımdan çox müşahidəçi
idim. Ətrafımda bir hadisə baş verərkən mən
sakitcə diqqət kəsilərdim, qulaq asardım və
onunla bağlı öz-özümə suallar verərdim.
Günəşin çıxması, batması, qaranlıq,
aydınlıq, dünya, kainat, təbiətdəki
bütün ünsürlər-hər şey mənim
üçün maraqlı idi, onların da daxildə ruhu
olduğuna inanmışam. Axar suyu çox sevirəm. Həmişə
axar suya baxanda elə bilirəm, içimdəki hansısa dərdim,
problemim hamısı onunla birgə çıxıb gedir. Hərdən
evdə fikirli olarkən bir də görürəm ki, suyu
açıb qarşısında dayanmışam və ona
baxıram. Daxili rahatlıq verir mənə bu. Günəşin
doğmasını izləməyi çox sevirəm.
Uşaqlığımdan tənhalığa meyilli olmuşam.
Uşaqlar oynayarkən mən kitab oxuyar, ya da yarpaqlar
yığıb qurudub dəftər arasında saxlayaradım.
Kuklalarım üçün özümdən dərmanlar
düzəldərdim. Guya onlar xəstələnib, mən də
onları sağaltmalıyam.
- Həkimlik
arzusunun ilk göstəriciləri sayıla bilərmi bunlar?
- Bəlkə də elə bir şey idi. Uşaqlığımdan həmişə qayğılarla yüklənmişəm. Anam xəstə idi, dəfələrlə əməliyyat olub. 5-6 yaşımdan bir yaşlı qardaşıma baxmışam, bələyini açıb-bağlayır, əskilərini yuyurdum. Sonra anam işləyirdi, mən yenə də özümdən kiçik bacıma baxırdım. Hələ lap balaca vaxtımdan mən evdə özümü böyük hesab edirdim, elə bilirdim ki, bunlar mənim vəzifələrimdir və ömrü boyu da bu yükü daşımalıyam. Heç kim deməyib bunu elə, amma mən elə fikirləşirdim ki, eləməliyəm. İndiyə qədər də bu, məndə davam edir. Kiməsə yaxşılıq eliyəndə, kiməsə xeyrim dəyəndə, kimisə sevindirəndə mən də sevinirəm. Ondan enerji alıram.
- Özünüzü
fədakar insan hesab edirsinizmi?
- Fədakar insanam. Bu da məncə, çox
pisdir. Çünki özümə aid zamanım heç vaxt
qalmayıb. Bir dəfə dönüb özümdən
soruşmamışam ki, mən necəyəm, nə istəyirəm.
Uşaqlarımı atasız böyütdüyümdən həmişə
onların istəklərinə əməl etməyə
çalışmışam. Düşünmüşəm
ki, birdən onlar nəsə istəyərlər, amma mənə
deməzlər. Onların gözlərindən,
baxışlarından istəklərini hiss eləməyə,
anlamağa çalışmışam.
- Bu xüsusiyyətiniz
sizdən nələri alıb?
- Uşaqlığımın, gəncliyimin bəzi
məqamlarını. Bu yaşıma çatmışam, hələ
indi uşaqlığımı yaşamaq, dəcəlliklər
etmək istəyirəm. Çünki bunları heç zaman
etməmişəm, yaşamamışam. Sən demə,
yaşamaq lazım imiş. İnsan bir zamandan sonra edə bilmədiklərinin
həsrətini çəkir. İndi isə onları eləmək
üçün gecdir. Kimin yanında eliyəsən? Elə
bir adam olmalıdır ki, sənin bütün
şıltaqlıqlarını qəbul eləsin,
nazını çəksin, anlasın. Elə adamlar varmı?
Mənim həyatımda heç zaman olmayıb. Həmişə
mən kimlərinsə nazını çəkmişəm.
Bu zamana kimi mənim göz yaşımı
kimsə görməyib. Amma mən çox
ağlamışam. Bəzən göz yaşlarımı
içimə axıtmışam, bəzən isə təkliyə
çəkilib hönkür-hönkür ağlamışam.
Gülüşümlə aldatmışam insanları. Ancaq
bir dəfə bir nəfər mənə demişdi ki, sənin
gözlərinin dərinliyində bir damla göz yaşı
var, taxdığın eynək onu gizlədir.
- Amma qıraqdan heç də bu qədər
kövrək biri kimi görünmürsünüz. Biz sizi
daim işgüzar və üzügülər biri kimi
tanıyırıq.
- Hərəkətdən enerji alıram.
İşləməyi, ora-bura qaçmağı sevirəm.
Evin bir küncündə yaşayası olsam həmin an
solaram. Çünki məncə, insan hərəkət edirsə
yaşayır. Özümə həmişə iş
axtarıram. Bəlkə də problemləri özüm
özümə elə bu xasiyyətimdən yaradıram.
İnsanı zəif həlqəsindən
sındırırlar. Ona görə də problemlərimi
bildirmirəm, ağlayıb sızlamağı sevmirəm.
Özümü aciz hesab edirəm. Heç kim təsəlli
verə bilmir. Ən gözəl təsəllini
özüm-özümə verirəm.
- Deməli, özünüz özünüzə
yetirsiniz.
- Bəli, özüm özümə yetirəm.
İçimdə təpər tapıb özüm
özümü ələ almasam, ellər
yığışa mənə kömək edə bilməz.
Buna görə Allahıma minnətdaram ki, o istinad nöqtəsini
verib mənə. Özümə söykənirəm həmişə.
- Narahat
insansınız?
- Çox, həddindən artıq narahatam. Həmişə
nədənsə, kimdənsə, kainat üçün, vətənim
üçün, insanlar üçün narahatam.
- Ən
böyük qorxunuz nədir?
- Ən böyük qorxum indi qəfildən
ölməkdir. O da uşaqlarıma, əzizlərimə
görə. Çünki mən hələ onlara lazımam.
Onlar üçün yaşamalıyam, onların həyatını
özlərinə qazandırmalıyam. Yenə də öz
arzularımı, yaşadıqlarım düşünmürəm,
əzizlərimi düşünürəm. Ölümdən
qorxmuram, mənə elə gəlir ki, nə vaxt öləcəyimi
hiss edəcəm.
- Həm həkim,
həm də şair kimi məşğul olduğunuz obyekt
insanlardır. İnsanlar haqqında nə
düşünürsünüz?
- İnsanları, yaxşı insanları sevirəm.
Bir də kim ki, heyvanları, çiçəkləri sevir o
insanlara hər zaman güvənirəm. Onlardan insana pislik dəyməz,
ziyan gəlməz. Getdiyim hər yerdə də
başımı qaldırıb binalardakı eyvanlara
baxıram. Hansında çiçək varsa,
öz-özümə deyirəm ki, hə, burda yaxşı
insan yaşayır. O evdə qəlbi təmiz insan var. Əgər
nə vaxtsa kömək lazım olsa o evin qapısını
döyə bilərəm.
Bu günlərdə bir şeir yazmışam:
"Ürək də torpaq kimidir". Həqiqətən də
düşünsək, torpaq kimi ürəyimiz də
münbitdir, dağı var, aranı var, arzularını,
ümidlərini səpirsən, ya göyərir, ya solub gedir.
Hansı toxumu səpsən onun məhsulunu alacaqsan, kin səpsən
kin, sevgi səpsən sevgi. Amma hər ürəyin cücərməsi
üçün günəş insan lazımdır ona. Həmin
insandan nur alsın, onunla isinsin.
- Amma insanlar həmişə bir-birinə
qarşı xoş niyyətli olmurlar axı.
- Çox zaman insanlara fikir verməmək
lazımdır. Danışılanlara qulaq tıxamağı
bacarmalıyıq. Çünki hər kəs həmişə
səni istəyə bilməz. Doğru yolundan döndərməyə
çalışanlar, hazır işinə pəl vurmağa cəhd
edənlər də olacaq. Amma sən düşüncələrində,
qərarlarında əminsənsə, doğru olduğunu
bilirsənsə, öz işlərini görməlisən.
İllər öncə mən o deyilənlərə,
"camaat nə deyər"ə çox qulaq asdım.
Gördüm ki, onlar mənə həyatımı qurmaqda
çox mane oldular.
-
Peşmanlıqlarınız var?
- Çoxdur. Əgər mümkün
olsaydı həyatımı başqa cür qurardım. Həyatda
sevgimi dilə gətirməyi bacarsam da, şeirlərimdə
bu sevgini, iztirablarımı açıq ifadə edə bilməmişəm.
Qadınlıq hisslərim onun önünə keçib. Hisslərimi
sözə çevirməyə həya edirəm. Şeirlərim
ən çox təbiətdən, güldən,
çiçəkdəndir.
Hər zaman yaxşı insanların
axtarışındayam. Onu tapanda sevinirəm. Şairlərin
yaxşı insan olduqlarına inanıram. Şeir elə bir
şeydir ki, ürəyində azca da olsa bu hissləri
daşımırsansa, onda onu yaza bilməzsən. Mən də
içində bircə damcı yaxşılıq, gözəllik
olan insanın mənfiliklərini o yaxşılığa
bağışlaya bilirəm. İstəyirəm o iynə ucu
boyda da olsa olan işığın böyüməyinə
yardımçı olum, o da özü özünü
tanısın. Pisə pis deyib sıradan çıxarmaq
asandır, ondakı gözəlliyi kəşf edib onu cəmiyyətə
qazandırmaq isə hünər istəyir.
-
Maraqlıdır, bir həkim kimi insanlarla bağlı
müşahidələriniz nələrdir?
- 20 ildir həkim işləyirəm. Bu, mənim
bu illər ərzində müşahidələrimdən gəldiyim
qənaətdir ki, gözəl xarakterli, səmimi, mehriban
insanlar ağır xəstəliklərin belə öhdəsindən
tez gəlirlər, sağalırlar. Amma qəlbi qara, kinli,
paxıl, qəddar, insanları sevməyən, ya da sevmədiyi
insanların əhatəsində olan insanlar ən adi xəstəliyə
belə məğlub olurlar, ya gec sağalır, ya da heç
sağala bilmirlər. Bir də hər bir xəstəlik insan
psixologiyasında öz təsirini qoyur. İnsanın
danışığından, hərəkətindən belə
onda hansı xəstəliyin olduğunu bilmək olur.
- Onda deyə bilərikmi
həkim Nazilə şair Naziləyə, şair Nazilə də
həkim Naziləyə kömək edir?
- Bəli, edir. Həkimlik çox gözəl
və şərəfli peşədir. Bütün həyatımı
bu sənətə bağlamışam. Bu sənətdən
də çox faydalanmışam. Şairlik isə mənəviyyatdır.
Şeiriyyat insanın qəlbindədir, o bir duyğudur.
İçindən gələni yaza da bilərsən, yazmaya
da. Hər halda yenə də sənətim yanımdadır. Hər
yerdə əvvəlcə özümü həkim kimi təqdim
edirəm. Hər şeyə də birincə həkim kimi
yanaşıram, sonra isə şairlik gəlir. Onlar ikisi bir
yerdə, mənsə, onların arasında bir-birimizə dəstək
oluruq.
- Şair kimi fəaliyyətinizin
bir hissəsini Türkiyə ilə ədəbi əlaqələr
təşkil edir.
- Türkiyə əslində, mənimçün
heç də yad torpaq deyil. Hətta mən oraya ilk dəfə
gedib ayağımı yerə qoyanda öz içimdə
ağladım. Çünki Türkiyə, türk
qardaşlarımız bizim üçün çox əziz və
doğmadır. Orada çox gözəl insanlar
tanıdım. Ankarada rəssam, şair Funda Gökçən,
Səfər bəy, Fəthiyədə şair Coşqun
Qarabulud artıq bizim doğmamıza çevriliblər. Sabah
(12 oktyabr- red.) yeni bir qonağımız gələcək-
şair Səbri Quşqonmaz. Onun kitabını dilimizə
uyğunlaşdırmışam, sabah Azərbaycan
Yazıçılar Birliyində təqdimatı keçiriləcək,
müəllif özü də şəxsən iştirak edəcək.
- Bir az da bu barədə
danışaq. Səbri bəyin şeirlərini bizim dilə
uyğunlaşdırmaq ideyası necə yarandı?
- Keçən il Fəthiyədə festivalda
oldum. Orada öncə Coşqun bəyi tanıdım. Şeirləri
marağımı çəkdi. Orijinal, özünəməxsus,
aforizmlərlə dolu poeziyası var. Bu tanışlıqdan
sonra Səbri bəyi tanıdım. Həm
hüquqşünas, həm televiziya filmləri rejissorudur.
Özü də təbiət adamıdır. Təbiətə,
torpağa çox bağlı insandır. Onun şeirləri
fəlsəfi düşüncə tərzinə görə
ilgimi çəkdi. Adi detallara başqa prizmadan
yanaşmağı var. Belə bir insanı Azərbaycanın
da tanımağını istədim. Kitablarından bəyəndiyim
şeirlərini seçib dilimizə
uyğunlaşdırdım. Təsisçisi və rəhbəri
olduğum "Yaşıl pıçıltı" ədəbi
dərnəyinin üzvləri ilə məsləhətləşdik
və müəllifin özünü də dəvət etməyi
qərarlaşdırdıq. Sabah Yazıçılar Birliyində
Səbri bəyin özünün iştirakı ilə
"Gecədən gündüzə" adlı həmin
kitabı təqdim edəcəyik. "Hamımız
türkük" deyirik, amma hələ də bir-birimizi
yaxşı tanımırıq. Mən də bunu istəyirəm.
Bir-birimizi daha yaxından tanıyaq. Bu, hər birimizə
lazımdır.
- Bunu bu istiqamətdə
görəcəyiniz işlərin davam edəcəyi kimi
başa düşə bilərikmi?
- Allahın izniylə davam etməyi
düşünürük. Fəthiyədəki milli
kitabxanada Azərbaycan ədəbiyyatı bölümü
yaradırıq. Coşqun bəylə danışıb
planlaşdırmışıq. Klassik və müasir yazarlarımızın
kitablarını, ədəbi jurnalları oraya göndərməyi
düşünürük. İnşallah, dəstək olarsa
böyük bir bölmə yaradacağıq. Fethiyyə
turistik şəhərdir. İldə bir dəfə orada ədəbi
festival keçirilir, dünyanın hər yerindən
ziyalılar gedir, kitabxana ilə də tanış olurlar. Niyə
bizim ədəbiyyatımız da orada nümayiş
olunmasın? Mənim idealım, məqsədim insanların
arasında könül körpüsü qurmaqdır.
Ömür daimi deyil, insandan qalan sözdür, əməldir.
Mənimçün də ruh elə sözdür, əməldir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 11 oktyabr. - S.7.