Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

Qırxıncı illərin sonlarında ədəbiyyata yeni, cavan bir tənqidçi gəldi. O, Azərbaycan sovet ədəbiyyatının banilərindən biri - məşhur yazıçı Əli Vəliyevin ailəsində dünyaya gəlmişdi.

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai təhsilini də o kənddə aldı, sonra Bakıda, 1 saylı şəhər məktəbində orta təhsilini başa vurdu. Sonra ADU-nun filologiya fakültəsi. Oranı bitirdikdən sonra bir il "Uşaqgəncnəşr"də işlədi və ondan sonra ömrünün axırına qədər Nizami adına Ədəbiyyat İnstitutunda çalışdı, namizədlik və doktorluq dissertasiyalarını da burada - filoloji mərkəzdə müdafiə etdi.

Əllinci-altmışıncı illərdə o, Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrindən biri idi, həm də görkəmli bir ədəbiyyatşünas kimi də şöhrət qazandı.

Altmışıncı illərin əvvəllərinə kimi o, yalnız Məsud Vəliyev kimi tanınırdı, sonra Məsud Əlioğlu kimi də imzasını məşhurlaşdırdı.

Çox təəssüf ki, Məsud Əlioğlu az yaşadı, cəmi 44 il... 45 ilin tamamına cəmi 4 ay qalırdı, 1973-cü ilin iyun ayında vəfat etdi. Amma iyirmi beş illik tənqidçi-ədəbiyyatşünas fəaliyyətində gecə-gündüz bilmədi, yüzdən artıq məqalə, resenziya dərc etdirdi, neçə dəyərli monoqrafiya ərsəyə gətirdi. Çox sonralar gözəl şair-ədəbiyyatşünas Qasım Qasımzadə onun haqqında yazacaqdı ki:

"Sənətkar üçün, alim üçün istedad  başlıca şərtdir. Lakin istedad  o zaman məhsuldar və səmərəli olur ki,  gecəli-gündüzlü yorulmaq bilməyən qızğın zəhmətlə alışıb  işıq saçır.  İstedad və zəhmətin birliyini  öz şəxsiyyətində təcəssüm etdirən  elə alim, sənətkarlar da var ki,  onların verdiyi məhsul  heç də həmişə  milli ədəbiyyatın mənafeyinə, tərəqqisinə  kömək göstərmir, əksinə, yad mövqedə dayanıb xeyirdən çox zərər gətirir. Deməli, əsl alim kimi yetişməkdən ötrü  istedad və zəhmətsevərlikdən  əlavə, başqa bir keyfiyyət də - xalq, vətən sevgisi ilə  çırpınan hərarətli qəlbə  malik olmaq da şərtdəndir.  Bu üç keyfiyyət  görkəmli  tənqidçi və ədəbiyyatşünas alim  Məsud Əlioğlunun  şəxsiyyətində  ahəngdar vəhdətdə təzahür edirdi".

Ədəbi tənqidimizin hər bir onilliyi öz məxsusi, səciyyəvi cəhətləri ilə seçilir, burada inkişaf, tərəqqi nəzərə çarpdığı kimi, enmələr, geriləmələr də müşahidə edilir. Əllinci illər ədəbi tənqidin sıraları seyrək idi, həm də tənqidin özündə hələ də stereotiplər, şablonlar qalmaqdaydı. Ədəbi tənqiddə bir neçə məşhur imza nəzərə çarpırdı: Məmməd Arif, Məmməd Cəfər, Əkbər Ağayev, Cəfər Cəfərov, Mehdi Hüseyn, Orucəli Həsənov... bu sırada onlardan nisbətən gənc olan Kamal Talıbzadənin, Əziz Mirəhmədovun, Yəhya Seyidovun, Pənah Xəlilovun, Bəkir Nəbiyevin, Qulu Xəlilovun da adlarını çəkmək olar. Və Məsud Əlioğlu da bu sıraya qoşuldu.

Məsud Əlioğlu əllinci illərdə həm tənqidçi, həm də ədəbiyyatşünas kimi fəaliyyət göstərirdi. Bir tərəfdən "Azərbaycan" jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində müasir şair və nasirlərin yaradıcılığı, yeni kitabları haqqında resenziyalar, məqalələrlə çıxış edir, digər tərəfdən, "Şamo" romanı haqqında" (1951), "Cəlil Məmmədquluzadənin dramaturgiyası" (1954), "Mirzə İbrahimovun dramaturgiyası" (1955), "S.S.Axundovun həyat və yaradıcılığı" (1955), "Osman Sarıvəlli" (1958), Qulu Xəlilovla birgə yazdığı "Rəsul Rza" (1960)  monoqrafiyalarını çap etdirir.

Tənqidi məqalə və resenziyalarında Məsud Əlioğlu ciddi və tələbkar bir müəllif kimi diqqəti cəlb edirdi.

Təbii ki, o dövrün tənqid ştamplarından xilas olmaq mümkün deyildi, amma Məsud Əlioğlunun yazıları bədii mətni duyub onu mənalandırmaq baxımından maraq doğururdu. Bu məqalə və resenziyalar o dövrün nəsr və poeziyası haqqında müəyyən təsəvvür yaradır və təhlil mədəniyyəti, yazı üslubundakı sadəlik, tərifi difirambaya, tənqidi şəxsi ambisiyalara   çevirməmək xüsusiyyəti bu yazıların əsas göstəricisiydi. Altmışıncı illərdə isə o, ən məşhur monoqrafiyalarını çap etdirdi: "Ədəbiyyatda yeni insan", "Məfkurə dostları". "Məslək qardaşları"... Bir halda ki, biz "yazı üslubu" ifadəsini işlətdik, o zaman Məsud Əlioğlu üslubunu qısaca da olsa, şərh etməliyik.

Məsud Əlioğlunun istər məqalə və resenziyalarında, istərsə də monoqrafiyalarında aparıcı üslub  əsasən ciddi elmi meyarlarla şərtlənən bir üslubdur. Bunu biz onun "Cəlil Məmmədquluzadənin dramaturgiyası", "S.S.Axundovun həyat və yaradıcılığı", "Rəsul Rza", "Ədəbiyyatda yeni insan", "Hüseyn Cavidin romantizmi" monoqrafiyalarında, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" üçün yazdığı "20-ci illərdə nəsr", "30-cu illərdə nəsr", "Müharibədən sonrakı dövrdə dramaturgiya", "Tənqid və ədəbiyyatşünaslıq", "Müasir  dövrdə tənqid və ədəbiyyatşünaslıq" oçerklərdə, həmçinin, klassiklərin (Nizami və Füzulinin, Vaqif və Vidadinin, Səhhət və Hadinin, Şaiq və Vahidin, C.Məmmədquluzadə və Sabirin, Haqverdiyev və S.S.Axundovun yaradıcılığına həsr olunan ədəbi portretlərində də izləyə bilərik. Ancaq üslubun başqa bir komponenti - emosionallıq, fikir və mülahizələrin bədii mətn kimi qavranılması da diqqətdən yayınmır.  Bu xüsusiyyət onun ayrı-ayrı elmi məqalələrində parçalar halında görünsə də,  ömrünün son illərində qələmə aldığı "Məhəbbət və qəhrəmanlıq" yazısında üstünlük təşkil edir. Esseçilik də Məsud Əlioğlunun bir çox yazılarında nəzərə çarpır və yetmişinci illərdə Asif Əfəndiyevlə birgə Məsud Əlioğlu bu janrın inkişafında, Azərbaycan tənqidi fikrində intişar tapmasına yardımçı oldular. Amma ən əsası budur ki, Məsud Əlioğlunun tənqidi lisanı, təhkiyə tərzi təmiz Azərbaycan dilinə söykənikli idi. Oxucu onun yazılarını oxumaqda heç bir çətinlik çəkmirdi, bu yazılarda qəliz terminlərə rast gəlməzdin, fikri bilərəkdən, ya bilməyərəkdən mücərrədləşdirməyə, anlaşılmazlığa sürükləmək hallarına da təsadüf edilmirdi.

Onun yaradıcılığında məhdudluq yox idi, belə ki, ədəbiyyatımızın bütün dövrləri və janrları əhatə olunurdu. "Dədə Qorqud"dan və Nizamidən başlanın ədəbiyyat təriximiz müasir ədəbiyyatımıza qədər bir yol gəlirdi, bu yolun hər mərhələsi ayrı-ayrı problemlərin və ədəbi şəxsiyyətlərin yaradıcılığının özünəməxsus tədqiqi ilə diqqəti cəlb edirdi. Janrlara diqqət yetirək - resenziya, məqalə, ədəbi portret, monoqrafiya, ciddi mahiyyət kəsb edən problem yazılar.

Məsud Əlioğlu Azərbaycan ədəbiyyatının klassik dövrünün dərin bilicisi idi desək, səhv etmərik. Onun Nizamiyə, Füzuliyə, Vaqifə, Vidadiyə, Cəlil Məmmədquluzadəyə, Sabirə, Səhhətə, Şaiqə, Cavidə, Hadiyə, Möcüzə həsr etdiyi yazılar yubiley stixiyasından uzaq idi. Bu yazılar klassikanı qədərincə duyan və bu ədəbi korifeylərin hər birinin yaradıcılığına Məsud Əlioğlu gözüylə baxmağın ölçüsü idi. Həm də bu yazıların bir çoxunda o, mümkün qədər sırf tədqiqatçı missiyasını - mətnə aludəçiliyi, faktlara, müqayisələrə  istinad etmək prinsipini  unudurdu, daha çox  sərbəst tənqidçi-ədəbiyyatşünas  mövqeyini ifadə edirdi. Və burada bəlkə də subyektiv səslənə bilər ki, deyək: Məsud Əlioğlu yeganə tənqidçilərdən idi ki, öz yazılarına romantik pafos, romantik nəfəs qatırdı. Onun "Füzuli kədəri" məqaləsinə diqqət yetirirəm. Bu məqalə Füzuli poeziyasında EŞQ konsepsiyasının bədii ifadəsinə həsr olunub. "İnsan nə zaman sarsılmazdır! Məhəbbətə könül verəndə! İnsan nəyə əsasən qüdrətlidir? Sevilmək üçün yaradılmağına!  Məhəbbət yaradılışın, ilkinliyin əsası-cövhəridir" - bu tezis bütün məqələ boyu inkişaf etdirilir. "Eşq - insanın insan uğrunda fədakarlığıdır". Lakin Füzuli haqqında söhbət bununla bitmir.

M.Əlioğlu "Füzuli və Üzeyir" məqaləsində iki dahi insanın neçə əsrdən sonra bir-birinə "qovuşmasını", şeirlə musiqinin bir ucalıqda səslənməsini nəzərə çarpdırır. Həmin məqalədə M.Əlioğlunun möhkəm bir muğam bilicisi olduğu da diqqətdən yayınmır. M.Əlioğlu "Gözəllik tükənməzdir" məqaləsində Molla Pənah Vaqif yaradıcılığından söz açır: "Vaqifin adı, şeir-sənət dünyası xəyalən xatırlandıqda gözəllik və həyat eşqi ilə çırpınan azad bir şair könlü yada düşür. Bu könül sıxıntıdan, məhdudluqdan, yeknəsəklikdən büsbütün uzaqdır. Orada real varlığın əbədi və sarsılmaz qanunlarına sitayiş edən bir qüvvə hökmfərmandır-həyatsevərlikdir" - bütün məqalə boyu da M.Əlioğlu Vaqif şeirin bu həyatsevərlik notlarına diqqəti yönəldir.

"Vaqif və Vidadi" məqaləsi isə tənqidin Vaqif və Vidadi deyişməsini reallaşdırır. O, Natəvan kədərindən söz açanda da, Cəlil Məmmədquluzadə, Sabir, Möcüz, Səhhət yaradıcılığına qiymət verəndə də yeni mənalar axtarır, klassiki müasir ədəbi zövqün, estetik çevrənin nəzərincə təqdim etməyə çalışırdı. Mənim M.Əlioğlunun klassiklərə həsr etdiyi yazıları içində "Faciəli istedad" və "Əliağa Vahidin könül dünyası" məqalələri daha çox cəlb elədi. "Faciəli istedad" məqaləsi böyük romantik Məhəmməd Hadiyə həsr edilib. "Hadi - "hürriyyət" aşiqidir.

 

Onun romantizminin əsas qayəsi  məfkurə, fikir qaynağı və həyat idealı-azadlıqdır. Şairə görə, cismən əsarətdə qalmaq, hələ azadlıqdan məhrum olmaq demək deyil. İstibdad maddi həyatı məhv etsə də, şəxsiyyəti alçalda bitməz". Məqaləni sonadək oxuyuram və Hadini bədbin şair kimi düşünmürəm, M.Əlioğlu Hadini azadlıq aşiqi kimi təqdim edir, bu faciəli istedadın nikbinliliyini, həyat eşqini duyuram. "Əliağa Vahidin könül dünyası"nda isə "Füzuli yadigarı"nın fəlsəfi-lirik aləmini qədərincə duyuram. Hiss olunur ki, Məsud Əlioğlu Vahidin qəzəl dünyasına, onun şeiriyyət aləmindəki ecazlarına yaxşı bələddir. Vahidi duymaq və sevmək üçün Füzulidən başlamaq lazımdır, sonra gəlir Seyid Əzim Şirvani. Azərbaycan qəzəlinin üçüncü möcüzəsi Vahidlə tamamlanır. Elə Məsud Əlioğlu da bu fikri nəzərə çarpdırır.

Məsud Əlioğlu klassiklərə sevgisini Abdulla Şaiq, Süleyman Sani Axundov və Haqverdiyev haqqındakı yazılarında da ifadə edirdi. Ancaq onun çox sevdiyi bir dahi sənətkar da vardı ki, ömrünün sonunacaq onun adı M.Əlioğlunun dilindən düşmədi. Bu, Hüseyn Cavid idi. Bu böyük sevgi "Hüseyn Cavidin romantizmi" monoqrafiyasında öz əksini tapır... bu əsər onun şah əsəridir, desək, səhv etmərik. Cavidşünaslığın yeni bir mərhələsində-akademik Məmməd Cəfərin "Hüseyn Cavid" monoqrafiyası ilə başlayan tədqiqatı, Mehdi Məmmədovun, Yaşar Qarayevin və digər alimlərin ən sanballı məqalə və monoqrafiyaları ilə bir sırada dayanan, lakin mövzuya, yəni Cavid romantizminə ilk dəfə sistemli elmi münasibəti  ilə seçilən bu əsərdə Cavid qəlbinin romantikası, darıxan adamların faciəsi, eşq və ülviyyət fəlsəfəsi öz təcəssümünü tapır.

Bəli, öncə qeyd etdiyim kimi, Məsud Əlioğlu istər klassiklərdən, istərsə də müasirlərdən yazsın, ilk növbədə haqqında söz açdığı sənətkara sevgisi göz qabağında idi. O, hər cür rasionalizmdən imtina edib emosional bir tərzdə həmin sənətkara münasibətini bəzən lap coşqunluqla, hətta çılğıncasına ifadə edirdi. Məsələn, Azərbaycan ədəbiyyatında  "Aran köçü", "Namus davası", "Trut qaçaqları" kimi milli-mənəvi-etnoqrafik dəyərləri vəsf edən,  o dövrdə hətta buna görə "keçmişi idealizə", "yenilikdən uzaq", "qolçomaq" kimi tənqidlərə, söyüşlərə ürcah olan Hacı Kərim Sanılı haqqında yazını götürək. Qeyd edək ki, bu yazı hələlik Hacı Kərim Sanılı haqqında qələmə alınan ən sanballı yazıdır.  Həmin məqalədə  Məsud Əlioğlu başlanğıcda bir qartalın ölümündən söz açır. Bu qartalı öz yuvasından perikdirirlər, o, özünü çayın gur axınına atır və həlak olur. Hacı Kərim Sanılının həyatı da buna bənzər, o da çox təqiblərə, tənqidlərə məruz qaldı, sonu da repressiya. Və həmin yazıda Hacı Kərim Sanılının Saz dünyasına, köçəri həyatın romantikasına, təbiətə bağlılığı şirin bir təhkiyə ilə davam etdirilir, sanki məqalə deyil, bir hekayə oxuyursan. Osman Sarıvəlliyə həsr etdiyi məqalədə isə Məsud Əlioğlu şairin şeirlərindəki ayrı-ayrı obrazlar  (tut ağacı və bənövşə) üzərində dayanır. Osman Sarıvəllinin bir şair kimi formalaşması, kənddən çıxması, uzun müddət şeirlərində o hava ilə yaşaması və "Gətir, oğlum, gətir!" kimi milli-mənəvi dəyərlərimizi təbliğ edən poetik bir şedevr yaratması həmin yazıda böyük səmimiyyətlə şərh olunur.

O, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza haqqında da eyni səmimiyyətlə söz açırdı. Altmışıncı illərin əvvəllərində Rəsul Rza poleziyası ilə bağlı çoxlu gərəksiz mübahisələrin olduğunu bilirik. M.Əlioğlu yeniliyi duyan, R.Rza novatorluğunu dərk edən bir tənqidçi kimi onun yaradıcılığını Azərbaycan ədəbiyyatında yeni bir üslub kimi şərh elədi...

Mən Məsud Əlioğlunu görməmişəm. Və təbii ki, onun özünəməxsus insani keyfiyyətlərindən danışa bilmərəm. Lakin "Məsud Əlioğlu necə insan idi" sualına onun ən yaxın dostlarından biri - İmamverdi Əbilovun xatirə yazısında tam dolğunluğu ilə cavab tapdım. Yazımı da İmamverdi müəllimin sözləriylə bitirmək istəyirəm:

"Məsud bütövlük, təmizlik timsalı idi. Neftçala - evimiz onun üçün doğma ocaq idi. 1954-cü ilin 1 may bayramında İsmayıl Şıxlı ilə birlikdə gəldi.

1957-ci ilin yanvarında isə Bəxtiyar Vahabzadə ilə gəldi.  Məsudu çox sevən Bəxtiyar  xasiyyətcə xeyli fərqli olsalar da, səfərə birgə çıxmaqdan  xoşlanardı.  Məsud-şeir, musiqi dünyası, lətifə, zarafat aləmi idi. İki gün qaldılar.  Qeyri-adi hafizəsi, musiqi yaddaşı olan Məsud  birinci gün məclisi o qədər əyləndirdi ki... Axırda Bəxtiyar müəllim sadəcə xahiş etdi: "Məsud, kifayətdir, and verirəm, söhbətinə ara ver. Bu axşamkı gülüş, şübhəsiz, məni xəstələndirəcək". 1969-cu ildə  Bəxtiyar Vahabzadə  və Xudu Məmmədovla birlikdə  bizdə olarkən  Cavid sənətindən, klassik və müasir türk poeziyasından  vəcdlə, ilhamla danışdı, nə qədər şeir dedi.

Mən Məsudla ünsiyyət yaradanda iyirmi iki yaşı vardı. Onunla 23 il dostluq etdim.  Axırıncı dəfə Neftçalaya 1973-cü ilin baharında  gəldi. Əliağa Kürçaylı ilə birgə. Yenə də Məsudun poetik cövlanı  evi başına götürdü.  Bu dəfə "qonağımız" Məhəmməd Hadi idi.

Mən solmalıyam, taki açılsın da baharım,

Mən ölmədən əvvəl vətənim oldu məzarım.

Sonra mən onu bir daha görə bilmədim.  Həmin ilin bir iyun səhəri Məsudun dostları  üçün gözlənilməz hüzünlü xəbərlə açıldı. Bu nikbin, səmimi dostumu son mənzilə ötürmək üçün Bakıya yollandım.  Yol boyu Məsudun axırıncı görüşümüzdən "əmanət" qalan səsi qulaqlarımda səslənirdi:

 

Söndükcə zəka əhli-vətən ağlayacaqdır,

Göz incisi yaşlar o zaman parlayacaqdır.

525-ci qəzet  2018.- 12 oktyabr. - S.6.