Dünyanı heyrətə gətirən
10 səs Heydər Əliyev Mərkəzində
Oktyabrın 10-da Rusiyanın məşhur
"Turetski xoru" Heydər Əliyev Mərkəzinin səhnəsində
çıxış edib.
AZƏRTAC xəbər verir ki, anşlaqla
keçən konserti izləyənlər arasında Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da
olub.
Art qrup konsert proqramında repertuarında olan ən
məşhur kompozisiyaları təqdim edib.
Nadir səsə, geniş vokal imkanlara, aktyor
ustalığına və qeyri-adi xarizmaya sahib
ifaçılardan ibarət "Turetski xoru"
debütünü 1990-cı ildə edib. Qrupun
yaradıcısı və bədii rəhbəri Rusiyanın
Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir,
qrup dünya klassikasından rokadək, pop musiqisindən
operayadək, cazdan xalq mahnılarınadək müxtəlif
janrlarda ifa edir.
"Turetski xoru"nun repertuarında 10-dan
çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq
rekordçusu adlandıranlar da var, çünki səhnəyə
6 min dəfədən çox çıxıb, turnelər
zamanı 4,5 milyon kilometr yol qət edib. Kollektiv Rusiyanın
müxtəlif şəhərlərində mütəmadi
konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı
ölkələrdə, Almaniya, Amerika Birləşmiş
Ştatları, Kanada, İsrail və Belarusda qastrollarda olur.
Qrup İspaniya, Niderland, Belçika, İsveçrə,
Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə
bu ilin mayında musiqi marafonu çərçivəsində
10 gün ərzində 7 ölkənin müxtəlif şəhərlərində
- Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə
konsertləri olub.
Qrupun konsert proqramları hər zaman anşlaqla
keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi "Qələbə
mahnıları" adlı konsert proqramına rekord
auditoriyasını - 150 min tamaşaçısını
toplayıb. Kollektivin özünəməxsus xüsusiyyətlərindən
biri də istənilən auditoriyanı oxuda bilmək
bacarığıdır.
Fərqli dillərdə hitlər səsləndirən
"Turetski xoru"nun Azərbaycan
tamaşaçılarına sürprizi də oldu: qrup
doğma dilimizdə Müslüm Maqomayevin məşhur
"Azərbaycan" mahnısını ifa edib.
Konsertdən sonra Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva "Turetski xoru"nun kollektivi
ilə görüşüb, onlarla xatirə şəkli
çəkdirib.
525-ci qəzet 2018.- 12 oktyabr.- S.7.