Musiqili Teatrda premyera -
"Bağdadda bir gün"
Oktyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası - "Bağdadda bir gün" iki hissəli musiqili komediyası nümayiş olunacaq.
Tamaşa Xalq artisti, görkəmli bəstəkar
Emin Sabitoğlunun eyniadlı operettası əsasında
hazırlanıb. Teatrın rus bölməsində ərsəyə
gələn səhnə əsərinin
quruluşçu-rejissoru Əməkdar incəsənət
xadimi Əsgər Əsgərovdur.
Maraqlı və rəngarəng süjet xətti,
zəngin səhnə dekorasiyası olan bu tamaşanı
"böyüklər üçün nağıl" da
adlandırmaq olar. Çünki insanlar "zaman və məkan"
anlayışından asılı olmayaraq, hər an xoşbəxtlik
arzusundadırlar. Mövzu aktualdır. Şərq motivləri
ilə yanaşı, milli koloritlərin də geniş təcəssüm
olunduğu bu tamaşada hadisələr Bağdad xəlifəsi
Harun ər Rəşidin dövründə baş versə də,
müasir zamanla səsləşir. Əsərdə qəhrəmanların
bir çox maneələrə baxmayaraq, pak məhəbbət
axtarışı xoşbəxt sonluqla nəticələnir,
şəhvət hissi ilə ülvi sevgini bir-birindən
ayırmayanlar isə öz cəzasına çatırlar.
Premyerada rolları Əməkdar artistlər
Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər Rəşid),
Svetlana Bulax (Afət), aktyorlar Emil Heydərov (Səlim), Yuliya
Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram),
Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim)
Nadejda Povelitsina və Telnaz Hüseynova (Xacələr) ifa edəcəklər.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı,
Əməkdar rəssam Nabat Səmədova, quruluşçu
baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və
Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov,
konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla
Aslanovadır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 12 oktyabr.- S. 7.