Bakıda XII Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi açılıb
Dünən Bakı Ekspo Mərkəzində
XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə
başlayıb.
Təhsil Nazirliyinin dəstəyi, "Caspian
Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı
ilə keçirilən sərgidə ali və orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri, müxtəlif
təhsil xidmətləri göstərən qurumların
nümayəndələri iştirak ediblər.
Sərginin açılışında
çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib
ki, "Uşaqların gələcəyinə sərmayə"
devizi altında təşkil edilən sərgidə
dünyanın 12 ölkəsindən 100-dən çox
iştirakçı iştirak edir. Təhsil Nazirliyinin son illərdə
təhsilin inkişafı sahəsində həyata
keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini
tapdığını vurğulayan nazir sərginin ziyarətçilər
üçün faydalı olacağını deyib. C.Bayramov qeyd edib ki, ölkə
başçısı İlham Əliyev tərəfindən
təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın
imzalanmasından ötən 5 il ərzində təhsilin
müxtəlif pillələrini əhatə edən istiqamətlər
üzrə mühüm dövlət sənədləri qəbul
edilib və layihələr həyata keçirilib. Sərgidə
ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin
də iştirak etdiyini bildirən təhsil naziri diqqətə
çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik
səviyyəsi əhəmiyyətli şəkildə
artıb: "Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul
imtahanlarının nəticələrinəəsasən, əvvəlki
illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə
adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar
arasında 2090 nəfər müəllimlik ixtisasını
seçib".
Nazir vurğulayıb ki, sərgidə Təhsil
Nazirliyi geniş pavilyonda təmsil olunur. Azərbaycanın 14
ali təhsil müəssisəsinin qatıldığı sərgidə
iştirakçılara "Məktəbəhazırlıq",
"Olimpiadalara hazırlıq mərkəzi", "Peşə
Təhsili üzrə Dövlət Agentliyi", "Təhsil"
Respublika İdman Mərkəzi", "Uşaq-Gənclər
İnkişaf Mərkəzi", "SABAH"
qrupları", "İçərişəhər ənənəvi
incəsənət mərkəzi", "Sağlam təhsil
- sağlam millət", "Maarifçi" Tələbə
Kredit Fondu", "Məktəblinin dostu", "Modul tipli
məktəblər", "İT STEP", "Media Mərkəz
- Təhsil TV" və digər stendlər təqdim edilir.
Onun sözlərinə görə, sərginin gündəliyinə
işgüzar görüşlər, panel müzakirələr,
media təqdimatları və ayrı-ayrı mövzulara dair
mühazirələr daxildir: "Bundan başqa, təhsil sərgisi
ilə paralel 12-ci Beynəlxalq Karyera sərgisi də təşkil
olunacaq. Sərginin əsas məqsədi işəgötürən
və iş axtaran arasında görüşün təşkilidir".
"Caspian Event Organisers" şirkətinin
region üzrə direktoru Edvard Stroun artıq ənənəvi
olaraq hər il keçirilən sərginin maraqla
qarşılandığını, ziyarətçilərə
təhsil müəssisəsi seçməkdə geniş
imkan yaratdığını deyib. Onun sözlərinə
görə, Beynəlxalq Təhsil sərgisi hər il
aparıcı ali təhsil müəssisələrini, o
cümlədən, orta ixtisas təhsil müəssisələrini
və ixtisasartırma mərkəzlərini bir araya gətirir.
Təhsil sərgisi hər kəsə həm ixtisası, həm
də təhsil müəssisəsini seçmək
üçün geniş imkan yaradan unikal platformadır. Bu sərgi
ölkədə Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə
təşkil olunan yeganə sərgidir.
Humanitar Əməkdaşlıq
Assosiasiyasının baş direktoru Mixail Novoseltsev isə deyib
ki, Azərbaycandan Rusiyanın ali məktəblərinə qəbul
olmaq istəyənlərin sayı ildən-ilə
artmaqdadı. Onun sözlərinə görə, bunu yerli əhali
arasında rus dilinə və o dildə təhsilə
böyük maraq göstərməsi də sübut edir.
Rusiyanın Azərbaycandakı səfiri Mixail
Boçarnikov qeyd edib ki,
hazırda Rusiyanın ali təhsil müəssisələrində
15 minə yaxın azərbaycanlı tələbə təhsil
alır: "Azərbaycanlı tələbələrin bizim
universitetlərə daha çox maraq göstərməsi
üçün hər şeyi edirik. Humanitar əməkdaşlıq
Rusiya üçün prioritet istiqamətlərdən
biridir".
Səfir həmçinin qeyd edib ki, universitetlər səviyyəsində ayrı-ayrı əlaqələr də humanitar sahədə inkişafa təkan verir və bu işdə 2015-ci ildə yaradılan Azərbaycan və Rusiya Universitetləri Assosiasiyası xüsusi rol oynayır.
O əlavə edib ki, Azərbaycanda daha
üç Rusiya universitetinin filialı açılacaq:
"Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya
Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları
olacaq". Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən
ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda
açılışı iki ölkə prezidentinin
razılaşdırdığı yol xəritəsi əsasında
humanitar əməkdaşlıq çərçivəsində
baş tutacaq.
Qeyd edək ki, ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur.
Sərgi gündəliyinə işgüzar
görüşlər, panel müzakirələr, media təqdimatlar
və ayrı-ayrı mövzulara dair mühazirələr
daxildir. Sərginin baş sponsoru "Kapital Bank"dır. Sərgi
Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən
də dəstəklənir, təşkilatçı qismində
isə "Caspian Event Organisers" ("CEO") şirkəti
çıxış edir.
Üç gün davam edəcək 12-ci Beynəlxalq
Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri,
valideynlər, müəllim və tələbələrə
açıq olacaq.
S.QARAYEVA
525-ci qəzet 2018.- 12 oktyabr.- S.2.