Şeirdən kinoya keçidin
Ünlü formulu
Onur Ünlünün
filmlərini izləyənlər,
yəqin ki, fikirlərimlə razılaşarlar. Çəkdiyi hər filmdə həyatı detalların insanı özünə xatırlatması, onun filmlərini daha da çox sevdirir
mənə. Çünki Onur Ünlü filmlərində daha çox ölüm, ailə, insani münasibətlər arasında
olan halları komediya və dram şəklində peşəkarlıqla
göstərməyi bacarır.
Əslində, onunla ilk tanışlığım
şeirlərindən başlamışdı. Haqqında araşdırdıqdan
sonra Şekspir vurğunu olduğunu da öyrəndim. Hətta onu da deyim
ki, “Sən aydınladarsan gecəni” filminin adı Şekspirin şeirindən
bir misradır.
Onur Ünlünü
tanıdıqca, izlədikcə
məni düşündürən
bir sual var idi. Necə oldu
ki, o, şeirdən rejissorluğa keçdi?
Axı kifayət qədər gözəl şeirlərin
müəllifi idi.
Bu, Onur Ünlünün
zəifliyi idimi, özünü şeirdə
tapa bilmirdimi? Yoxsa üstün zəkası onu şeirdən uzaqlaşdırdı?
Fikrimcə, üstün zəka, müşahidə qabiliyyəti,
içinin sərhədləri,
düşüncə genişliyi
onu filmə gətirdi. Axı bəzən elə
situasiyalar olur ki, onu izah
etmək üçün
şeir bəs etmir. Məhz bu səbəbdən
də düşünürəm
ki, Onur Ünlü özünü
şeirdə tapıb
itirərək, filmlərdə
bütövləşdi.
Onun filmlərini
mənə daha da möhtəşəm edən reallığı,
insani münasibətləri,
hissləri ifadə tərzidir.
“Beş qardaş” filmində deyilən bu sözün necə də səmimi və reallığa uyğun olduğuna baxın:
“Niyə insanlar bir-birini sevmir, abi? Bunun bir maliyəti
də yoxdu, havayıdı yəni”.
Onun “Polis” filmi
isə, deyərdim ki, izlədiyim ən möhtəşəm
filmlər sırasındadır. Bu tip filmləri
izlədikdə adətən
sonluğunun eyni bitdiyini müşahidə
etmişəm. Bəzən filmin
ortalarında elə olur ki, artıq
sonluğu da bilirsən. Amma Onür Ünlü
hər kəsi fikrindən yayındıra,
fokuslandığı sondan
çəkə bilir.
Məsələn, bu filmdə
əminəm ki, əksər insanlar Musa obrazının sonda hamıdan intiqam almasını və ölməsini gözləyirdi.
Amma məncə,
filmi izləyənlərdə,
filmin sonu gözləntiləri də
boşluqda qaldı.
Həm də onu deyim ki,
bu filmin Onur Ünlünün digər bir filmi - “Günəşin oğlu” filminin sonlarının sujeti ilə də oxşarlıq təşkil
etdiyini müşahidə
etdim.
Düşünürəm ki, film insan həyatı ilə düz mütənasibdir. Və yaxud
da, insan həyatı elə özü bir filmdir. Psixoloji göstəricilərə görə də filmlərin insan həyatına təsiri olduğu bildirilir. Sözsüz, bu təsir mənfi də ola
bilər, müsbət
də.
Məsələn, tez-tez bəzi insanların müəyyən
filmlərdən narazılığını
görürük. Filmlərdə göstərilən zorakılıq
səhnələrinin uşaqlara
mənfi təsir etdiyi deyilir. Həqiqətən də bəzən
həmin azyaşlıların
özlərini izlədikləri
bəzi filmlərdəki
mənfi və yaxud da elə
müsbət qəhrəmana
oxşatmaq istədiklərini
də görürük.
Mən özüm uşaqlıqda
“Hörümçək adam” olmaq istəmişəm. Hətta
bir az
da irəli gedərək “Hörümçək
adam” kostyumunu geyinib, evin ikinci
mərtəbəsindən uçmağı
planlamışdım. Elə bilirdim
ki, məni də hörümçək
dişləyib, damarlarımdan
tor çıxacaq. Mənim uçmaq
arzumun sonluğu isə bədənimdəki
qırıqlara görə
altı ay yatağımdan
qalxmamağımla nəticələndi.
Hərdən də olur ki,
baxdığımız filmlərdən
sonra yeni qərarlar qəbul edirik. Yəni filmin real həyatımıza
assimilyasiyası da olur. Nuri Bilgə Ceylanın da dediyi kimi:
“Hər yeni film mənə həyatımı
necə idarə edəcəyimi öyrədir”.
Tanıdığım bir xanım var idi. Uşaq ikən
hər iki valideyni dünyasını
dəyişdiyindən, yaxın
bir qohumu himayəsinə götürmüşdü
onu. Xanım iyirmi iki yaşında olanda onu himayəyə götürən qohumunun həyat yoldaşı dünyasını dəyişir
və özü də yataq xəstəsi
oldu. Himayəyə götürdükləri bu xanımdan başqa heç kimi də yox
idi. O, dünyasını
dəyişənə qədər
bu xanım onun yatağının başından çəkilmədi.
Bildiyimiz
xidmətçisi olmuşdu.
Bir dəfə onunla söhbət edəndə
dedi ki, onun bir başqa
yaxını deyib ki, ona baxmaq
nəyinə gərəkdir?
Onsuz ev
də sənindir, bir də özünə
niyə zülm verirsən?
O isə cavabında deyib: “onlar məni
himayəyə götürüb,
böyüdüb, niyə
də etməyim ki?”
Onur Ünlünün “Sən aydınladarsan gecəni” filmini izləyəndə də eyni ilə dediyim bu səhnələri görməyim məni heyrətləndirmişdi. Onu daha da çox sevmişdim. Filmdəki “Yasəmən” obrazını da bir qohumunun böyütməsi, həmin qohum dünyasını dəyişdikdən sonra yoldaşının yataq xəstəsi olması və Yasəmənin ona baxması, söhbət zamanı isə digər obrazın “həmin qulluq etdiyin adam kimdir?” sualının cavabında “onlar məni böyüdüb, biri dünyasını dəyişdikdən sonra bu da yataq xəstəsi düşüb və mən də ona baxıram” deməsi məni bir müddət filmin təsirinə salmışdı.
Onur Ünlü mənə həm də “absurd” və “komediya” filmləri ilə doğmadır.
Türkiyə film sektoruna ssenarist kimi daxil olsa da, düşünürəm ki, sonradan çəkdiyi absurd komediya film ve seriallarda qara mizahı da özünəxas şəkildə göstərib.
Bu cür filmlərdə hər komediyanın içində bir dram, hər dramın içində bir komediya göstərməyi peşəkarlıqla bacarması onu bir kino ustası kimi sevməyə zəmin yaradır.
Mən onlarla komediya filmi izləmişəm. Amma heç biri
məni Onur Ünlü komediya filmlərdəki kimi güldürə, düşündürə
bilməyib. Bəli, məhz
düşündürə. Onur Ünlü insanı tək fiziki olaraq yox, bioloji
olaraq da güldürməyi bacaran
biridir. O deyir ki, insan güldüyü
zaman heç nə düşünmür.
Gülüb qurtardıqdan sonra
yenidən nəyə
güldüyünü düşünüb
bir daha gülür. Yəni əsas
insanları düşündürərək
gülməyi bacarmaqdır.
Bunu belə də izah edə bilərik:
İnsan güldüyü
zaman düşünməz,
düşündüyü zaman da gülməz.
Məhz Onur Ünlü möhtəşəmliyi də
insanı düşündürərək
güldürməsindədir.
Onun filmlərində
diqqətimi çəkən
əsas məqamlardan biri də qadın
obrazların üstünlük
təşkil etməməsidir. Bilmirəm, bu
onun sevgi həyatında uğursuzluqların
olmasından qaynaqlanırmı,
ya başqa nəsə var, amma izlədiyim bütün filmlərində
sujet xəttinin daha çox kişilər üzərindən
gerçəkləşdiyini müşahidə etmişəm.
Məsələn, “Polis” filmində
Musa Rami, “Günəşin
oğlu” filmində Fikri Şemsigil, “Sən aydınladarsan gecəni” filmində Cemal...
Onun filmlərinin obrazları həm də fərqli absurd təcrübələrini,
psixoloji böhranı
və sevgi hallar üzərində yaşananları, iç dünyasını, nihilizmini
göstərir.
Kişi obrazlar, adətən, “Günəşin oğlu”
filmindəki kimi sosial işlərə faydası olmayan, ancaq və ancaq
öz həyatlarına
aid mövzular üzərində,
“Etirazım var” filmindəki kimi problemləri aradan qaldırmağa çalışanlar
və onların ətrafındakı insanlar
qrupu olaraq diqqətimi çəkib.
O, həm də komediya içində dava-döyüş səhnələrinin
ola biləcəyini
peşəkarlıqla göstərə
bilir.
Buna misal olaraq “Polis” filmində Musa Rami və mafiya arasındakı problemə
bağlı qarşıdurmalar,
“Beş şəhər”
filminin son səhnəsində
Aydının yaşadığı ağır səhnə, “Sən aydınladarsan gecəni” də Cemalın yoldaşını döyməsini
xatırlada bilərəm.
Onu Ünlü filmləri həqiqətən də insanın yaşadığı hisslərə, hadisələrə uyğun çəkilmiş filmlərdir. Məhz elə bunlar da onun filmlərinə xüsusi rəng qatır.
Orxan SAFFARİ
525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.32.