İnsan və dünya ədəbiyyatın təsir dairəsində   

 

 

 

Hardasa, necəsə oxuduğumu unutduğum bir yerdə yazıçı ilə kimyaçı müqayisə olunurdu. Deyilirdi ki, yazıçı qalaq-qalaq romanlar, cild-cild kitablar yazar, amma onun cəmiyyətə, dünyaya bir təsiri olmaz, kimyaçı isə bircə dənə dərman düzəldər və milyonları düçar olduğu hansısa xəstəlikdən xilas edər.

 

Bu müqayisəni illər öncə oxumuşdum və beynimdə özünə elə yer edib ki, o vaxtdan bəri tez-tez onu xatırlayıram. Qıraqdan-bucaqdan ədəbiyyata az da olsa toxunmuş biri kimi həmişə bu müqayisənin haqsızlığına qəlbən inanmışam. Amma inanmaq nəyi dəyişir? Sübut etmək də gərəkdir axı. Həqiqətən də ədəbiyyat cəmiyyətə təsir etmə gücünə malikdirmi? Hansı əsər hansı mövzuyla bağlı dəyişikliyə səbəb olub? Yoxsa ədəbiyyat elə tək-tək fərdlərə hesablanıb? Bir filosofun da dediyi kimi, bir fərdi xilas etmək bəşəriyyəti xilas etməyə bərabərdir. Onda ədəbiyyatın təsir gücü azalmış olmurmu?

İki cür ədəbiyyat var: elmi ədəbiyyat və bədii ədəbiyyat. Yuxarıda dediyimiz kimi, kimya elmi ədəbiyyata məxsusdur və onun cəmiyyətə təsir gücünü bildik. Bəs bədii ədəbiyyat insanlara nə verir? Yoxsa elə estetik zövqdən, mənəvi dinclikdən başqa heç nə? Onda bir əsərdən aldığımız estetik zövqün ancaq onu oxuduğumuz prosesdə olduğunu nəzərə alsaq, oxunub bitdiyi an təsir gücünü itirmiş olmurmu? Təbii ki, yox! Elmi ədəbiyyat bizə elmi öyrədirsə, bədii ədəbiyyat bilavasitə həyatın özüdür. Yəni özü-özünü öyrədir!

Bu yerdə çoxdan oxuduğum, bir müddət öncə isə teatr səhnəsində seyr etdiyim əsər yadıma düşür. Dahi Viktor Hüqonun “Bir edam məhkumunun son günü” əsərini deyirəm. Məncə, Hüqonu özəl edən səbəblərdən biri də onun mövzularının həyatın ən sərt reallığından gəlməsidir. Bunu əsərlərindən əlavə, onların fərqli və maraqlı yaranma tarixçələri də sübut edir. Məsələn, bir gün dostu ilə Paris küçələrində gəzişərkən meydana toplaşmış böyük bir izdiham 25-26 yaşlı Viktor Hüqonun diqqətini çəkir. Yaxınlaşdıqda bir müttəhimin edam olunduğunu görən gənc yazıçı bu hadisədən çox təsirlənir və dərhal oradan uzaqlaşır. Məhz gördüyü bu sarsıdıcı mənzərənin təsirilə özünün ilk romanını- “Bir edam məhkumunun son günü” əsərini qələmə alır. Roman yazıçının ən az tanınan əsərlərindəndir.

1829-cu ildə iyirmi altı yaşında yazdığı bu romanda Hüqo adsız qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini olduqca mükəmməl bir dillə təsvir edir. Öləcəyini bilən bir insan hansı hissləri keçirə bilər? Bu çətin sualın altından, yəqin ki, ancaq Hüqo kimi dahi yazıçı qalxa bilərdi.

“Bir edam məhkumunun son günü” romanını “Səfillər” kimi nəhəng bir əsərin uvertürası da hesab etmək olar. Əsərin mühüm özəlliklərindən biri də dünya ədəbiyyatında təhkiyəsi birinci şəxsin təkində, daxili monoloq şəklində deyilən ilk roman olmasıdır.

Bəs əsər cəmiyyətə necə təsir göstərdi? Nəyisə dəyişə bildimi? Əlbəttə! Ölüm hökmünə qarşı olan əsər Fransa başda olmaqla, bir çox Avropa ölkəsində, sonralar isə demək olar ki, dünyanın hər tərəfində bu ağır və amansız cəzanın - ölüm hökmünün ləğv olunmasına gətirib çıxartdı. Politoloqlar, siyasətçilər, ədəbiyyatçılar bu hökmün ləğvində Hüqonun payını heç zaman istisna etmirlər.

Hüqodan söz düşmüşkən, onun “Səfillər” romanının əhəmiyyətindən danışmamaq olmaz.  Əsərin qəhrəmanı Jal Valjanla bağlı paradoks sonralar Fransadakı bir sıra absurd qanunların ləğvinə gətirib çıxarır. Orada Jan Valjan dükandan bir çörək oğurladığına görə beş illik həbs olunur və hər gün həbsxanada pulsuz çörək yeyir. Bununla müəllif həmin dövrdə Fransadakı qanunların absurdluğunu göstərirdi. Sonrakı dövrlərdə, aşırı tənqidlər nəticəsində bu cür absurd qanunlar ləğv edildi. Həmçinin, əsərdə Fantinanın başına gələn müsibətlər bir qadının cəmiyyət tərəfindən nə qədər əzildiyini və buna müdaxilə edilməyəcəyi təqdirdə cəmiyyətin necə uçuruma yuvarlanacağını göstərdi. Fransada gender bərabərliyinin qüvvəyə minməsində bu əsərin rolu danılmazdır.

Həmin dövrdə Avropada ölüm hökmü vardısa, bütün dünyaya demokratiya, humanizm “dərsi keçən” Amerikanın, daha doğrusu, Şimali Amerikanın “qulağının dibində”- Cənub ştatlarında quldarlıq, köləlik hələ də geniş şəkildə istifadə olunmaqda idi. Qul əməyi orada qədim dövrdəki kimi norma hesab edilirdi. Nəinki ABŞ-ı, Avropanın bir sıra dövlətlərini də kənd təsərrüfatı məhsulları ilə təmin edən Cənub ştatlarında qul əməyi olmadan fəaliyyət göstərmək çətin idi. Buna görə də Şimal ştatları Cənubda qulların istismarına göz yummalı olurdu.

1850-ci ildə “Qaçqın qullar haqqında qanun” qəbul olundu. Həmin qanuna əsasən, kapitalizmin mövcud olduğu azad şimal ştatlarına qaçmış qullara sığınacaq vermək, qaçmalarına yardım etmək, qadağan olunurdu, bu qadağanı pozanlar isə cəzalandırılacaqdı.

Qullara qarşı amansız qanunun qəbul olunmasına baxmayaraq, onlar yenə də öz sahiblərindən qaçıb azad insan kimi yaşaya bildikləri Kanadaya üz tuturdular. Bunda Şimal ştatlarının insanları da köməyi az deyildi.

Ancaq əsrlərdən gələn bu barbar qanunu da dəyişməyə ədəbiyyat nail oldu. Belə ki, 1852-ci ildə çap edilən kimi ABŞ-da geniş əks-səda doğuran “Tom dayının daxması” romanı bir günə 3000, bir ilə 350 000 nüsxə satılmışdı. Çünki əsərdə Amerikanın Cənub ştatlarının quldarlıq mənzərəsi bütün çılpaqlığı ilə geniş şəkildə təsvir olunur, quldarların qəddarlığı, onlara bunu etməyə imkan verən qanunlar, qaradərililərin ağır həyatı, onlara edilən zülmlər, məhrumiyyətlər, ayrılıqlar aydın şəkildə təsvir olunur. Bundan sonra Şimal ştatları ilə Cənub ştatları arasındakı uçurum daha da dərinləşdi. Quldarlıq əleyhdarları-abolisionistlər daha mütəşəkkil şəkildə çıxış etməyə başladılar. “Tom dayının daxması” qəhrəmanı qaradərili olan ilk Amerikan əsəri idi.

1854-cü ildə Respublikaçılar Partiyası yaranır. Tezliklə respublikaçıların namizədi Avraam Linkoln prezident seçilir və 1861-1865-ci illərdə Şimal ştatlarının Cənub ştatlarına qarşı müharibəsi baş verir. Bu müharibədə ABŞ mövcud olduğu bütün dövr ərzində ən çox canlı qüvvə itirmişdi. ABŞ-da Vətəndaş müharibəsinin baş verməsində “Tom dayının daxması”nın rolunun olmasını söyləyirlər. Britaniyalıları İngiltərənin ABŞ-ın cənub ştatlarına yardımına qarşı çıxmasına təhrik edən səbəb “Tom dayınının daxması” oxumaları olmuşdu.

Deyilənə görə, bir dəfə Vətəndaş müharibəsinin əvvəllərində Biçer-Stou ilə görüşən prezident Linkoln “Bu böyük müharibəni başladan, bax bu kiçik xanımdır” deyibmiş. Amma 1896-cı ilə qədər olan mənbələrdə bu fakt qeyd edilməyib.

“Ədəbiyyatın məqsədi - insanın özü-özünü anlamasına kömək etmək, onun özünə inamını yüksəltmək, həqiqətə doğru cidd-cəhdini inkişaf etdirmək, insandakı bayağılıqla mübarizə etmək, insanların yaxşı cəhətlərini tapmağı bacarmaq, ürəklərində həyata hiddət, mərdlik duyğuları oyatmaq, insanların nəcibcəsinə qüvvətli olmaları və öz həyatını gözəlliyin müqəddəs ruhu ilə ruhlandıra bilmələri üçün lazım olan hər şeyi etməkdir... Həyatı ruhlandıra biləcək bütün başqa şeyləri buna əlavə edin!”

Bu fikirlərin müəllifi, görkəmli rus yazıçısı Maksim Qorkinin özü də ədəbiyyat tarixində cəmiyyətə birbaşa təsir göstərmiş əsərin müəllifi kimi tanınır. Onun 1907-ci ildə yazdığı “Ana” romanı 1905-ci ildə qanla nəticələnən Rusiya inqilabından bəhs edir. İki hissədən ibarət olan romanın hər bir hissəsində fəhlə sinfinin inqilabi inkişafını göstərən ayrı-ayrı dövrlərdən bəhs edilir.

1905-ci il inqilabının məğlubiyyətindən sonra nəticələri təhlil edən Lenin belə bir fikir söyləyir ki, bizim ən böyük səhvimiz lazımi sayda elmi, marksis və bədii ədəbiyyatımızın olmaması idi. Bunların yoxluğuna görə biz ideyalarımızı xalqa yetərincə yaymadıq. Bundan sonra Maksim Qorki “Ana” romanını yazdı və roman az zamanda böyük populyarlıq qazandı. Onu əsas yayanlar isə marksistlər və kommunistlər idi. Çünki Qorki də kommunist idi və Leninlə son günə qədər möhkəm dostluq əlaqəsi vardı. Dövrünün ictimai ziddiyyətlərini açmaq, inqilabi mübarizənin Rusiyada hansı spesifik yollarla irəlilədiyini və qalib gəldiyini təsvir etmək işində Qorki misilsiz bir sənətkar idi. “Ana” romanından sonra Rusiyada marksizim nədir, onun məqsəd və məramları, ideyası daha da yayılmağa və tərəfdaşları artmağa başladı. Hətta belə bir fikir səsləndirirlər ki, inqilabın qələbəsində “Ana” romanı ayrıca rol oynayıb. 

1905-ci il inqilabının məğlubiyyətini örnək götürən sonrakı hökumət bu səhvə yol vermədi.

Əgər ədəbiyyat xalqa təsir gücünə malik olmasaydı, o zaman böyük bir ərazini, milyonlarla insanı, xalqları öz ətrafı altında birləşdirən Sovet İmperiyasının başlıca siyasətlərindən biri ədəbiyyata yönəlməzdi. Hamımızın ədəbiyyat tarixindən çox yaxşı bildiyimiz “Sovet ədəbiyyatı” termini də bunun bariz nümunəsidir. İmperiyanın başına duranlar öz ideyalarını məhz ədəbiyyat, yazıçılar vasitəsilə xalqa çatdırırdılar, ədəbiyyatı ciddi senzura altında saxlayırdılar. Çünki onlar sözün insanlar üzərindəki hökmranlığına yaxşı bələd idilər. Sözsüz ki, imperiyanın 70 il öz varlığını qoruyub saxlamağında ədəbiyyatın rolu danılmazdır.

Azərbaycan ədəbiyyatında da dövrün ictimai-siyasi gedişinə, cəmiyyətə, insanlara təsir edən əsərlər az deyil. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov başda olmaqla, XX əsr maarifçilərinin ürək ağrısı ilə qələmə aldıqları tənqidi yazıları olmasaydı, yəqin ki, xürafat, radikalizm, cahillik girdabında boğulan cəmiyyətin inkişafı mümkünsüz olardı.

Sonralar Böyük Vətən Müharibəsində silahla söz birliklə düşmən üzərində qələbəni təmin etdi. Odlu, alovlu, mübariz ruhlu əsərlərimiz döyüşlərdə qələbələr qazanmaqda, faşist Almaniyasının vəhşi simasını dünyada tanıtmaqda misilsiz rol oynadı. Səməd Vurğuna, Əhməd Cəmilə, Rəsul Rzaya, Süleyman Rüstəmə, Məmməd Rahimə döyüş bölgələrindən ünvanlanan məktublar... Və yaxud: Mir Cəlalın “Bir gəncin manifesti”i əsərini oxuyan rus uşağı yazıçıya məktub yazır, Qumrunun körpə qızının ağaca çırpılmasından nigaranlığını bildirir, onun sağ qalıb-qalmadığını soruşur. Bu faktlar nə ilkdir, nə də son. Ədəbiyyat tarixi belə faktlarla zəngindir.

İstər dünya, istərsə də milli ədəbiyyatda bu siyahını daha da uzatmaq olar. Buraya ayrı-ayrı zamanlarda cəmiyyətə təsirindən ehtiyatlanaraq qadağan edilən əsərləri də daxil edə bilərik. Hötenin “Gənc Verterin iztirabları”, Corc Oruelin “Heyvanıstan”, Oldos Haksli “Möcüzəli yeni dünya”, Con Steynbek “Qəzəb gilələri”, Henri Miller “Xərçəng bürcü”, Frans Kafka “Çevrilmə”, Vladimir Nabokov “Lolita”, Lüis Kerrollun “Alisa möcüzələr ölkəsində”, Den Braun “Vinçi kodu” kimi əsərlər müxtəlif zamanlarda müxtəlif ölkələrdə qadağan olunan əsərlərdəndir.

Nobel mükafatı laureatı Orhan Pamukun dili ilə desək, “Bir gün bir kitab oxudum bütün həyatım dəyişdi” (“Yeni həyat”). 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.25.