Milli oyanışın və istiqlalın poetik manifesti

 

XALQ ŞAİRİ MƏMMƏD ARAZIN 85 İLLİYİNƏ

 

Xalq şairi Məmməd Arazın əsərləri XX yüzil Azərbaycan poeziyasının təkrarsız və özünəməxsus hadisələrindən biri sayılır.

1992-ci il isə böyük şairin poetik tərcümeyi-halında xüsusi əhəmiyyətə və çəkiyə malikdir. Məhz 1992-ci ildən etibarən milli istiqlal uğrunda savaş Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Fikrət Sadıq, Cabir Novruz, Hüseyn Kürdoğlu, Musa Yaqub, Məmməd İsmayıl, Fikrət Qoca, Şahmar Əkbərzadə, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və başqa sənətkarların yaradıcılığında yeni mərhələyə yüksəlir. Onlar müstəqillik dövrü Azərbaycan poeziyasının ilk təməl daşlarını qoyur və möhkəm bünövrəsini yaratmağa müvvəffəq olurlar. Böyük şairin yaradıcılıq yolu haqqında hələ 90-cı illərdə qiymətli tədqiqat əsəri yaradan görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli “Xalq şairi Məmməd Araz” monoqrafiyasında haqlı olaraq yazırdı: “Məmməd Araz bütün ömür yolu ilə, əlli ildən artıq davam edən böyük sənəti ilə həmişə Vətən səngərində keşikdə olmuşdur. Xalq şairi Məmməd Araz indiki müstəqillik mərhələsində də millət və milli dövlət yolunda mübariz keşikdədir. ...Bu gün lazım gəlsə, “Ayağa dur, Azərbaycan!” - deyə poetik hökmü verməyə Xalq şairi Məmməd Arazın mənəvi cəhətdən haqqı çatır”.  Həqiqətən də, böyük sənətkarın İkinci İstiqlal savaşı illərində - 90-cı illərin əvvəllərində, xüsusən, 92-ci ildə yazdığı şeirlər görkəmli ədəbiyyatşünasın fikirlərini təsdiq etməkdədir. Xalq şairinin bu dövr yaradıcılığında əsas yer tutan ən mühüm əsərləri - “Ya rəbbim, bu dünya sən quran deyil” (1991), “Ata millət, ana millət ağlama” (1992), “Bizi Vətən çağırır” (1992), “Ayağa dur, Azərbaycan” (1992), “Çıxıb getmək istəyirəm” (1992), “Biz olmayanlar” (1992), “Sərhəd çəpərləri” (1992), “Əsrin yalanları, əsrin vədləri” (1992), “Qoş məni dağ küləyinə” (1992), “Dilənçi qaçqın” (1992), “Nişançı özümüz, hədəf özümüz” (1992), “Yaşamaq budurmu” (1992), “Bu millətin dərdi-səri” (1992), “Ay Allah” (1992), “Qayıtma” (1992), “Bu insan adlanan insan” (1992), “Bu millətə nə verdik ki?!” (1992), “Yaşamağa nə var ki?” (1993), “Əsgər oğul” (1993) və b. şeirləri müstəqillik dövrü Azərbaycan poeziyasının ilk qızıl səhifələrini təşkil edir.

“Ayağa dur, Azərbaycan” şeiri təkcə 90-cı illərin yox, ümumən, XX yüzil milli şeirimizin möhtəşəm nümunələrindən biridir. Şeirdə sənətkar və xalq dialoqu kəskin şəkildə qoyulmuşdur:

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Bu şeirin özəlliyi və orijinallığı onun bir neçə xüsusiyyəti ilə səciyyələnir. Min illik Azərbaycan poeziyasında xalqa bu dərəcədə və bu səviyyədəki açıq müraciəti müşahidə etmirik. Həqiqətən, 1992-ci ilin 19 mart günü yazılan bu tarixi şeir bəlkə də Azərbaycan tarixinin ən ağır və qanlı çağlarının ifadəsidir:

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!

Müəllifin dəhşətli nigarançılığının və bütün qəlbini saran iztirabların əsas səbəbi də məhz budur: Ana Vətənin yenidən daha kiçik parçalara və bölgələrə bölünmək təhlükəsi müəllifi hayqırmağa məcbur edir. Bu bölünmələr isə artıq Vətənin ölümü və sonu deməkdir. Vətənin ölməsi isə ağlasığmazdır. Vətən - vətəndaşlar  diri ikən ölməməlidir. Bu, min illərin, yüz illərin dəyişməz qanunu və həqiqətidir. Şair “biz hamımız ölə billik” dəhşətini və həqiqətini qəbul edir. Amma bir şərtlə: “Səndən qeyri!” Ona görə də qocaman şair söz qılıncını göylərə qaldırıb hayqırır, o taya və bu taya hay salır, haraylayır:

Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Şair öz adından, ustad Şəhriyar adından, milli qəm və qələm yoldaşı Bəxtiyar adından millətə üz tutur, onu yumruq kimi yumulmağa, düşmən önündə varını-yoxunu, qızını-oğlunu səfərbər etməyə səsləyir:

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul oğulların!

Qara Çoban, Dəli Domrul oğulların.

Müəllif bununla kifayətlənmir, yağı qarşısında yenilməmək üçün hətta mümkün olmayanları belə etməyə çağırır. Vətən dağlarından və qayalarından sinələrə sipər yaratmağı tələb edir:

Çək sinənə - qayaları yamaq elə,

Haq yolunu ayağına dolaq elə,

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağını!

Şeirdəki qəzəbli mübaliğələr və bədii müqayisələr təbii şəkildə ürəklərə yenilməzlik və məğlubedilməzlik ovqatı bəxş edir. Xüsusən, aşağıdakı misra təkcə Məmməd Arazın deyil, ümumən, XX yüzil şeirimizin məğlubedilməzlik rəmzi olan poetik xitablarından biri kimi səslənir:

... Azərbaycan, Azərbaycan,

Azərbaycan bayrağını!

“Azərbaycan, Azərbaycan, Azərbaycan...” Məmməd Arazın milli xilaskarlıq və müstəqillik manifesti kimi yazılan bu şeiri ana yurd sevgisinin ayıqlığı və aydınlığı ilə qəlbinizi ovsunlayır. Şairin müraciəti görün nə qədər ümumiləşdirici pafosla yoğrulub, nə qədər aydın, səmimi və sərrastdır.

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir!

Göründüyü kimi, şair Vətənin taleyini, həmişə olduğu kimi, üç zaman kontekstində dəyərləndirir. “Ayağa dur!” - çağdaş zamanın, yəni bugünün əmridir. “Ayağa dur!” - bu, həm də məzarlarından baş qaldıran mərd və mübariz babalarımızın, yəni dünənin əmridir. Üçüncü zamanın, yəni gələcəyin səsi isə şairin təhlükələri aydın surətdə əks etdirən həyəcanlı xitabında açıqca əks edir: 

Nər oğlu nər, səninləyəm!

Səninləyəm, silah tutan,

Külüng tutan, yaba tutan,

Kösöy tutan, nişanlı ər, səninləyəm!

Şairin müraciəti xalqın daha dərin qatlarına, təbəqələrinə doğru yönəlir. Təkcə “nişanlı ər” yox, hətta “qız atası” da onun milli səfərbərlik çağırışının hədəfindədir.

Səninləyəm, qız atası,

Hanı nərən, hanı səsin!

Hanı andın!

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın!!!

“Ayağa dur, Azərbaycan!” hərarətli xitab şəklində və ahəngində düşünülmüş, yazılmış şeirdir. Amma onu yalnız poetik xitab olaraq qəbul etmək və dəyərləndirmək elmi cəhətdən natamamlıq olardı. Çünki bu şeirdə təkcə adi və ənənəvi vətənpərvərlik, səfərbərlik səviyyəsindəki misralar, demək olar ki, yoxdur. Əksinə, hər misrada, bəlkə də hər sözdə baş vermiş müsibətə aydın və analitik münasibət mövcuddur. Şair bir tərəfdən ictimai-siyasi situasiyanın mürəkkəbliyini və vəziyyətin çıxılmazlığını, ikinci tərəfdən isə çıxış və qurtuluş yollarını müdrik bir millət atası və filosof sənətkar kimi hamıya - Vətənin qeyrətini çəkənlərə, ana yurd uğrunda ölənlərə və öldürənlərə, hətta “yatmışlara”, “batmışlara” və “qeyrətini satmışlara” belə anladır. Şairin ata və xilaskar öyüdü necə də səmimi və sirayətedicidir:

Gözünü sil, Vətən oğlu,

                              ayağa qalx!

Üfüqünə bir yaxşı bax.

Sərhəddinə bir yaxşı bax.

Sərhəddinin kəməndinə bir yaxşı bax!

Bu - şairin əsas və həyati əhəmiyyət daşıyan öyüd və tövsiyələrindən biridir. Yəni müəllif öz əzizlərinə - vətəndaşlarına yaxşı-yaxşı anlatmaq istəyir ki, sən düşdüyün vəziyyəti dərindən dərk etmək üçün öncə öz keçmişini, kimliyini və bölünə-bölünə gələn ana yurdunun əsl hüdudlarını təsəvvüründə canlandırmalısan. Belə bir düşüncə və anlayış tərzi yaranmayınca, milli birlik və səfərbərlikdən söz gedə bilməz. Məhz bu milli həqiqətlər dərindən dərk edildikdən sonra isə, onların qorunması və bərqərar olması üçün maneəlik törədən əsas mərəz - qorxu, hətta Vətən üçün ölmək qorxusu! - birdəfəlik aradan qaldırılmalıdır. Ölüm və qalım dilemması önündə Vətən fədailəri bir an belə tərəddüd edə bilməz:

Dur, içindən qorxunu boğ,

Ölümünlə qalımını ayırd elə.

Dur, içindən qorxağı qov,

Dur, özünü Bozqurd elə!

“Ayağa dur, Azərbaycan!” Məmməd Arazın fövqəladə şeirlərindən biridir. Azərbaycan poeziyasının fövqəl şedevridir. Bu şeirdə, bu çağırışda sevgi və məhəbbət, qəzəb və nifrət, təəccüb və heyrət, eyni zamanda, hədsiz mehribanlıq, qayğı, xalqa misilsiz dərəcədə yanmaq və bütün bunların mahiyyətində, məğzində, ruhundakı səmimiyyət sizin qəlbinizi titrədir. Şairin müraciəti könlünüzə bir alov şöləsi kimi, sərin bir dağ havası kimi, saf bir bulaq suyu kimi axır:

Varım, yoxum, səninləyəm,

Azım, çoxum, səninləyəm,

Şirin yuxum, səninləyəm...

Şeirdə öz Vətəninin və vətəndaşlarının həmişə qeyrəti, qorxmazlığı və cəsarəti ilə öyünən şairin qəzəbli andları, alqış və qarğış sərhəddindəki emosional xitabları bütün mənəvi aləmimizi alt-üst edir. Bu misralarda Məmməd Araz öz duyğularını şeirə, sətirə, sözə sığdıra bilmir:

Yıxın məni söz atından,

Atın məni tank altına.

Vətən və millət taleyi üçün özünü səfərbər edən müəllif ən yüksək tələbkarlığı özünə qarşı yönəldir. Şair yaşına və səhhətinə baxmayaraq, qələmi nizəyə çevirib, döyüş meydanlarına can atır. Düşmən tankları altında əzilən, yağı gülləsinə qurban gedən anaları, bacıları, nakam uşaqları və körpələri xilas etmək istəyir. Ümumən, Məmməd Arazın İstiqlal lirikasında səfərbərlik ovqatı ilə bərabər, xilaskarlıq əzmi və ehtirası da güclü əks olunub:

Qundaqdakı bir körpəni xilas edim,

Neçə “səni”, neçə “məni” xilas edim.

90-cı illərdəki amansız mübarizələr müdrik şairə əsrin əvvəllərindəki - 1918-1920-ci illərdəki milli ölüm-dirim uğrunda gedən qanlı döyüşləri - Birinci İstiqlal savaşını xatırladırdı. 1918-ci ilin 28 mayında mərd və mübariz babalarımızın yaratdığı Şərqdə ilk Demokratik Respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini şair böyük qürur hissi ilə anır. Məmməd Araz isə 1992-ci ildə İkinci İstiqlal savaşının qızğın çağlarında bütün bunlar və milli taleyimiz haqqında nigaranlıqla, narahatlıqla düşünürdü:

Səninləyəm,

          Sözü qəmli, özü qəmli

                                     rəhbər adam!

1918-də vuruşurdu,

Danışmırdı, rəncbər atan,

                          rəncbər atam!

Məmməd Araz bu şeirində ədalətsiz dünya ilə “haqq-hesabı” da yaddan çıxartmır. Silahsız və köməksiz Azərbaycanın amansız düşmənlər mühasirəsindəki müsibətlərinə seyrçi baxan dünyaya nifrətini də gizlətmir:

Səninləyəm, haqq-ədalət, səninləyəm!

Amma şair indiki zaman və dünya müstəvisində çıxış və qurtuluş yolunu yalnız və yalnız milli özünəinamda, milli qeyrətin gücündə görür:

Milli qürur, milli qeyrət, səninləyəm! 

Şeirin sonuncu misraları daha dəhşətli və daha da düşündürücüdür. Şair insanın sığına və üz tuta biləcəyi ən sonuncu ünvana müraciət edir:

Oyat bizi, ey Yaradan, səninləyəm!

Bu misrada sonsuz iztirablar, xahiş, yalvarış, amiranə bir xitab bir-birinə qarışıb. Şairin qəzəbi, sevgisi və mərhəməti bu söz yollarında sanki bir-birini əvəz edir:

Ya birmərrə yatırt bizi...

Az qala yüz il keçsə də, Mirzə Cəlilin və Mirzə Ələkbər Sabirin dərdlərini, sarsıntılarını yenidən yaşamaq müəllifi dəhşətə gətirir:

Ya birmərrə oyat bizi...

Bəli, müəllifin yalnız acı və acınacaqlı milli taleyə münasibəti deyil, elə çıxardığı son qərar da eynən düz yüz il əvvəlki kimidir: 

Ya yenidən yarat bizi...

Şairin nigaran və narahat, iztirablarla yoğrulmuş hayı və harayı qulaqlarımızda səslənir:

Ey yaradan, səninləyəm...

Məmməd Araz istiqlal mövzusundakı şeirlərində təkcə Mirzə Cəlil və Mirzə Ələkbər Sabir kədərini yaşamayıb. Böyük realistlərimizin acı gülüşlərini də, romantiklərimizin emosional fəryadlarını da o, öz əsərlərində məharətlə ümumiləşdirməyə nail olub. Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeiri və ümumən, İkinci İstiqlal savaşı dövründə qələmə aldığı mübarizlik və səfərbərlik ruhu ilə yoğrulmuş əsərləri Müstəqillik dövrü Azərbaycan poeziyasının üzvi tərkib hissəsi olmaqla bərabər, eyni zamanda, həmin dövr ədəbiyyatımızın bünövrəsini təşkil edən klassik və möhtəşəm poetik nümunələrdir. 

 

 

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi

yashargasimov@mail.ru

 

 

525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.24.