Azərbaycan arxeologiyası milli maraqlar kontekstində

 

 

XXI əsrin inkişaf sürəti, güc dövlətlərinin hədələri, qloballaşma şəraitində milli maraqlar sistemini prioritetlikdən uzaqlaşdırma və bununla da kiçik dövlətləri “özününküləşdirmək” cəhdləri biziciddi düşünməyə, iqtisadi, siyasi, milli müstəqilliyimizi təhdid edən bütün cəhdlərə qarşı mübarizə aparmağa vadar edir.

 

Bir sıra ictimai, humanitar sahələrdə milli ideologiyadan, milli maraqlardan imtina çağırışlarında özümüzdən olanların da saxta cəhdləri göz qabağındadır. Bütün bunlara qarşı dayana bilmək üçün hər bir sahədə milli maraqlar ön plana çəkilməlidir. Bizi belə bir qənatə gəlməyə arxeologiyaya dair yenicə nəşr edilmiş bir əsər vadar etdi. Söhbət tarix elmləri doktoru, professor Qafar Cəbiyevin bu yaxınlarda nəşr olunanali məktəblərin tarix fakültələrinin tələbələri, habelə tarix ixtisası üzrə çalışan dissertant və doktorantların dərs vəsaiti kimi istifadəsi üçün nəzərdə tutulan “Azərbaycan arxeologiyasının əsasları” adlı əsərindən gedir.

Qafar Cəbiyevin elmi bioqrafiyasına, elmi yaradıcılıq sahəsindəki tematikasına qısa nəzər salmaq kifayətdir ki, onun bütün fəaliyyət məqamında Azərbaycan, Vətən, milli təəssübkeşlik sevgisi hər kəsə bəlli olsun. Onun indiyə qədər nəşr etdirdiyi  Arxeologiyaromantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, “Girdiman tarixi”, “Girdiman tarixitarixi coğrafiyası”, “Yazılan qalacaq”, “Azərbaycan tarixi” və s. kimi çoxsaylı monoqrafiya və dərsliklərinin hamısında elmi-publisistik üslub hakimdir. Əslində ona görə ki, Q.Cəbiyevin tədqiqat sahəsi birbaşa milli tarixi-arxeoloji faktlara bağlıdır ki, içində Vətən sevgisi daşıyan bir kəs bu sevgini oxucuya, gənc nəslə - tələbələrə çatdırmaq istəyi ilə mütləq elmi-publisistik üslubu seçməlidir. Qafar Cəbiyev adını çəkdiyimiz əsərlərində və 300-dən çox məqaləsində bu üslubun emosional təsir gücü ilə Azərbaycan xalqının qədim sivilizasiyaya malik olduğunu bir vətəndaşlıq duyğusu ilə ifadə etməkdədir. Əlimizdəki “Azərbaycan arxeologiyasının əsasları” adlı fundamental əsəri haqqında bu qeydləri qələmə almağımızı da şərtləndirən əsas cəhət onun elmi-vətəndaşlıq keyfiyyəti oldu.

Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutu Elmi Şurasının və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tədris Metodika Şurasının qərarları ilə nəşr olunan bu kitab, elmi səviyyəsi, zəngin tədqiqat materialı ilə yanaşı, problemlərə milli maraqlar kontekstindən yanaşması, bədnam erməni alimciklərinin yalançı, qurama arxeoloji faktlara “əsaslanan” böhtanlarını, saxta yanaşmalarını tutarlı arqumentlərlə ifşa etməsi baxımından çox gərəklidir.

Biz müəllifin bu əsərinin milli maraqlara xüsusi yanaşmasını təsadüfi demədik. Zamanın indiki çağında tələbə həyatından başlayan elmi dünyagörüşünün formalaşma prosesində humanitar sahələrin milli maraqlara xüsusi diqqətini qeyd edən tədqiqatçı təhsildə özünüdərk, millətin keçmişinin bu günə təsiri kimi məsələlərdə arxeologiyaya vətəndaş münasibətinin vacibliyini bildirir. Müəllif bu sahədə Ulu öndər Heydər Əliyevin birbaşa tövsiyyəsini misal gətirir: “Məktəbə gedən gənc gərək Azərbaycan tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərsliyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi yazılsın. Ortaali məktəblər üçün tarix dərslikləri yazılsın”. Q.Cəbiyev Heydər Əliyevin millətin sabahı üçün verdiyi bu tövsiyəyə söykənərək, orijinal, milli maraqlara cavab verən, yeni keyfiyyət və yeni məzmun kəsb edən belə bir əsəri meydana qoymuşdur.

Müəllif kitaba yazdığı maraqlı giriş sözündə tarixin dəqiq və obyektiv öyrənilməsində maddi mədəniyyət nümunələrinin və qədim yazılı mənbələrin mühüm rol oynadığını dilə gətirir, lakin çox doğru olaraq, maddi mədəniyyət nümunələrinin yazıdan da çox-çox əvvəl yarandığını əsas gətirərək bu sahənin tədqiqatlarda daha önəmli rol oynadığını sübut edir. 

Q.Cəbiyev öz əsərində olanlarafaktlara dəqiqlik prinsipilə yanaşaraq, şəxsi təcrübəsini də əlavə etməklə mükəmməl bir əsər yaratmışdır. Onun Azəbaycan Respublikasının Konstitusiyasından əsərə epiqraf kimi gətirdiyi aşağıdakı maddə öz millətinə, Vətəninə, onun keçmişinə, bu gününə və  gələcəyinə sevgi ilə yanaşan hər kəsə ünvanlanır: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Ölkə Konstitusiyasının bu tələbi tələbələrə - gənc nəslə ünvanlanan bu əsərin başlıca leytmotividir. Dərs vəsaiti 14 bölmədən ibarətdir. Amma biz bu yerdə xüsusi qeyd etmək istərdik ki, müəllifin əsərə yazdığı geniş bir giriş sözü təkcə dərsliyin elmi-nəzəri və praktik mahiyyətini deyil, həm də arxeologiyanın genezisini, onun obyektiv tədqiqinin ictimai mahiyyətini açır. Burada belə bir fakt diqqəti çəkir ki, giriş sözünün anlaşıqlı dili və təhlil etdiyi vacib məqamlar arxeologiyaya nabələd adamlara da onun əhəmiyyətini başa salır. Məhz bu giriş sözündə arxeologiyanın tarixi-mədəni abidələrin öyrənilməsinin əhəmiyyətini izah edən səhifələrdən bircə abzasa diqqət edək: “Qədim dövrlərlə müqayisədə yazılı mənbələrin nisbətən daha çox olduğu Orta əsrlər dövrünün tarixini belə arxeoloji materiallarsız tam və əhatəli şəkildə öyrənmək olmaz. Gəlin, bir anlığa təsəvvür edək, görək arxeoloji tədqiqatlar olmadan əsrlər boyu ölkənin iqtisadi, siyasi və mədəni həyatında olduqca mühüm iştirakı olan, bir çox iri hərbi əməliyyatlara şahidlik etmiş Orta əsr şəhərlərimizdən Qəbələ, Gəncə, Beyləqan, Mehrəvan, Şəmkir, Naxçıvan, Bərdə, Şamaxı, Şabran, Bakı, Dərbənd və digər şəhərlərin tarixini necə və hansı səviyyədə öyrənə bilərdik? Hər daşında, hər kərpicində xalqımızın yadelli düşmənlərə qarşı mübarizə tarixinin şanlı səhifələri yaşayan Gilgilçay müdafiə səddi, Dərbənd qalası, Çıraqqala, Cavanşir qalası, Girdiman qalası, Bəzz qalası, çoxsaylı Qız qalaları, GülüstanBuğurt qalalarının tarixi haqqında yetərincə bilgi əldə etmək üçün təbiidir ki, yazılı qaynaqların məlumatları kifayət deyildir. Tariximizin belə vacib və həssas çağlarının hərtərəfli və dəqiq araşdırmaqda yenə də karımıza arxeologiya gəlir”.

Müəllif arxeologiyanın elmi qiymətini Qərb dünyasında məşhur olan arxeoloq Qordon Çayldın bu fikri ilə ifadə edir: “Tərəqqi və arxeologiya” əsərində arxeologiyanın tarix elminin üfüqlərinin genişləndirilməsi sahəsindəki rolundan bəhs edərək yazırdı: “Arxeologiya tarix elmində çevriliş etdi. Teleskop astronomun görüş dairəsini genişləndirdiyi dərəcədə arxeologiya da tarix elminin üfüq sahəsini genişləndirdi. Mikroskop biologiya üçün böyük orqanizmin daxilində ən kiçik hüceyrələrin həyatının olduğunu açdığı kimi arxeologiya da tarix üçün keçmişi öyrənmək perspektivini yüz dəfələrlə artırdı”.

Müəllif arxeologiyanın bir elm sahəsi olaraq əhəmiyyətini və onun Azərbaycan elmi mühitinə təsirini tutarlı bir faktla sübuta yetirir: Əgər əvvəllər Azərbaycan ərazisində ibtidai insan düşərgələrinin olmadığı iddaları hətta xüsusi qərarlarda belə özünü göstərirdisə, son dövrlərdə “aparılan tədqiqatlar nəticəsində bir-birinin ardınca aşkar olunan qədim mağara düşərgələri 4-5 minillik tariximizi birdən-birə 2 milyon ildən artıq qədimləşdirməyə imkan verdi”. Bubuna bənzər saysız-hesabsız misallar əsərin, qeyd etdiyimiz 14 bölməsində öz elmi təhlilini tapmışdır.

Professor Qafar Cəbiyev dərs vəsaitinin birinci bölməsində Azərbaycan arxeologiyasının təşəkkülü və inkişafını tədqiq edir. Burada Azərbaycanın ayrı-ayrı zamanlarda yadellilərdən, imperiya dövlətlərindən çəkdiyi zərərlər və bu zərərlər içərisində milli zənginliyimizin, tarixi-mədəni irsimizin məhz Azərbaycan xalqına məxsusluğunu sübut edən qiymətli maddi-mədəni dəyərlərimizin müxtəlif yollarla talan edilərək xarici müzeylərə daşınması faktını narahatlıqla qeyd edir, amma bununla belə həmin maddi sübutların məhz bizə aid olduğunu danmağın da qeyri-mümkünlüyü üzərində dayanaraq Azərbaycan arxeologiyasının tarixi inkişaf yolunu bizə təqdim edir. Müəllif Azərbaycan ərazisində arxeoloji tədqiqatlar aparmış əcnəbi alimlərin tədqiqat işlərini təhlil edir, obyektiv qiymətini verir, lakin onların bəzilərinin öz tapıntılarını çox zaman Azərbaycanda deyil,  xarici ölkələrin muzeylərində saxlamağa cəhd göstərmələrini  də təəssüf hissilə bildirir. XX əsrin əvvəllərində arxeologiyaya dair Azərbaycanda yaradılan dövlət təşkilatları bu tendensiyaya son qoymuşbu gün ölkəmiz öz arxeoloji irsinə tam sahib olan  bir dövlətdir. Arxeologiya elminin, arxeoloji tədqiqatların bu gün milli dəyərlərə çevrilməsini müəllif, haqlı olaraq, Ulu öndər Heydər Əliyevin adı ilə bağlayır, Prezdent İlham Əliyevin bu sahəyə dövlət qayğısını minnətdarlıq hissilə xatırladır.    

Əsərin ayrı-ayrı bölmələrində müəllif Azərbaycanın Paleolit-Qədim daş dövrü, Orta daş dövrü - Mezolit, Neolit-Yeni daş dövrü, Eneolit-Mis daş dövrü, Tunc dövrü, Dəmir dövrü abidələrinin tarixi inkişaf mərhələlərinin arxeoloji təsnifatını əks etdirən saysız faktlar ətrafında dayanır.

Atropatena, Albaniya kimi qədim Azərbaycan dövlətlərinin maddi-mədəniyət irsionun arxeoloqlarımız tərəfindən indiyəqədərki öyrənilmə vəziyyətini əks etdirən materiallar əsərin böyük bir hissəsini təşkil edir. Bu yerdə kitab bizə AtropatenaAlbaniya dövlətlərinin tarixi icmalını verir ki, bununla da həmin dövlətlərin Azərbaycanda yaranması ölkəmizin qədim dövlətçilik mədəniyyətini sübut faktı kimi təqdim edilir. “Azərbaycan arxeologiyasının əsasları” həmçinin Azərbaycanda xalq sənətinin, milli arxitekturanın, incəsənətin, əkinçilik mədəniyyətinin inkişaf mərhələlərini özündə əks etdirən yazılı və maddi mənbələr əsasında oxucuya çatdırmaq xidmətini yerinə yetirir.

Maraqlıdır ki, əsərdə Albaniya dövrünün tarixi - arxeoloji tədqiqi ilə bağlı materiallar 4 bölmədə verilmişdir. Bu bölmələrdə Albaniyanın maddi mədəniyyəti, əhalisinin təsarüffat həyatı, dini durum, mədəniyyət sahələri ilə bağlı arxeoloji təsnifat yer almışdır. Albaniya dövrünün yaşayış məskənləri, qalaistehkamlar, təsərrüfat həyatı ilə bağlı əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və s. sahələrə xüsusi bölmələr həsr edilib. Bu bölmələrin hər birində təhlilə cəlb edilən faktların hamısı tariximizin zəngin dünyasına hər kəsdə bir vətəndaşlıq duyğusu yaradır. Müəllifin belə bir məqamda elmi üslubu qəsdən publisistik üslubla qovuşurbu da emosional təsir gücünə malik olur. Bir misal: “Azərbaycan xalqı əsrlər boyu bəşər mədəniyyəti xəzinəsinə çoxsaylı nadir sənət inciləri bəxş edib. Bütün bunlar isə əlbəttə ki, xalqın çoxəsrlik tarixi ənənələri üzərində yaranıb... Erkən sivilizasiyanın beşiyi olan Azərbaycan yerləşdiyi geosiyasi məkanla bağlı, həm də mədəniyyətləri transformasiya edən bir məmləkət olub. Bu mənada Azərbaycanın və azərbaycanlıların bir çox ölkə və xalqlarla müqayisədə daha qədim və daha zəngin mədəniyyətin daşıyıcısı olduğu şəksizdir”. Bu, əlbəttə, bir həqiqətdir. Və bu həqiqətin elmi-publisistik təqdimi daha güclü təsir göstərir.

“Azərbaycanın orta əsr abidələri və onların arxeoloji tədqiqi” bölməsində müəllif Bakı, Gəncə, Bərdə, Şamaxı, Qəbələ, Şəmkir, Şabran, Mingəçevir, Dərbənd, Beyləqan, Ağsu, Ərdəbil və s. şəhərlərimizdə aparılan arxeoloji tədqiqatlar və əldə olunan zəngin faktlar barədə geniş söhbət açır. Və əlbəttə, arxeologiya ixtisası üzrə doktorantdissertantlar, magistrbakalavr pilləsində tarix ixtisası üzrə təhsil alan tələbələr üçün dərs vəsaiti kimi təqdim olunan bu əsərin belə məqamları bütövlükdə Vətən sevgisi, öz tarixinə iftixar hissi ilə yaşayan hər kəsin ürəyincədir.

Əsərin daha bir maraqlı bölməsi Azərbaycanın görkəmli arxeoloq alimləri haqqında təqdim olunan  iyirmiyə yaxın portret oçerkdən ibarətdir. Bu oçerklərin hər birində Qafar Cəbiyevin özünə müəllim hesab etdiyi alim-tədqiqatçılara böyük hörməti hiss olunur. Bu məqamda biz həmin oçerklərin publisistik uslubunu ayrıca qeyd etməyə bilmədik. Məlumdur ki, Qafar Cəbiyev uzun müddət həm də mətbuatımızda peşəkar jurnalist kimi fəaliyyət göstərib. Onun bu peşəkarlığı arxeoloq alimlərə həsr etdiyi oçerk və esselərdə bütün dolğunluğu ilə özünü göstərməkdədir.

Kitabın “Arxeoloji abidələr və tapıntılar foto və rəsmlərdə” adlı geniş bir hissəsində Azıx mağarası, qədim əmək alətləri, əsrlərdən qalan mədəniyyət və incəsənət nümunələri, qayaüstü rəsmlər və yazılar, məbəd və qalalar, silahlar, ev əşyaları, qadın bəzək əşyaları, kitabələri və s. əks etdirən illüstrasiyalar əyani fakt kimi təqdim olunur.

Beləliklə, bu qənaətə gəlirik ki, “Azərbaycan arxeologiyasının əsasları” əsəri özünün elmi obyektivliyi, yeni tapıntıları, maraqlı üslubu və ən əsası, milli maraqlara alim-tədqiqatçı sevgisi ilə mütləq geniş oxucu kütləsi qazanacaqdır.

 

Teymur Bünyadov

tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü

Cahangir Məmmədli

filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.22.