"Ol"maq, ya olmamaq
Allahın
bir OL kəlməsindən başladı hər şey...
Bütün dekorasiya qurulmuşdu, rollar
bölüşdürülmüşdü, rənglər
seçilmişdi, mizanlar müəyyənləşmişdi...
Allah “OL”
dedi və hər şey başladı; quş qanad
çalmağa, ilan sürünməyə, qarışqa
yuvasına yem daşımağa, ağaclar yarpaqlamağa,
çiçəklər açmağa, külək əsməyə,
günəş yandırmağa başladı... Hər
şey, hər kəs öz zamanını gözləyirdi,
ildırım çaxan kimi yağışın növbəsi
çatırdı, yaxud günəş buludlar arxasına
çəkildikcə axşam düşməliydi... Dünya isə elə fırfıra kimi fırlanmağındaydı.
Fırlanmağındaydı deyəndə ki, elə indi də
belədi. İsanın doğuluşundan təqvim
hesablanırsa, dünyanın başlanğıcı daha əvvələ
aiddir, demək ki, min-min illərdir bu nizam, ya da xaos davam edir.
Hamı eyni vaxtda
oynasa-yaşasa da, hər şeyin öz ardıcıllığı,
davamiyyəti var. Həm də bütün bunlar sənət
üçün nümunədir. Sənətin həyatı
əks etdirməsi yeni xəbər deyil, hətta xeyli dərəcədə
bonal, bir az da bəsit fikirdir. Yəni başqa nəyi ifadə edə bilər ki, sənət?!
Amma hər şeyə, hadisələrə də,
həyata da hardan yanaşır, hansı yöndən
baxır, nəyi qabartmağa, nəyi gizlətməyə
çalışır? Bax əsas məsələ
budur. Bütün “izm”lər, janrlar,
növlər, formalar, cərəyanlar buna görə
yaranır, bu cür meydana gəlir. Ancaq bütün
bunları kənara qoysaq, sənəti seçən, ya da sənətə
tapınan, Allahın öz bacarığından kiçicik bir pay verdiyi,
yaratmaq qabiliyyəti bəxş etdiyi adamlar üçün
bu, həm də bunkerdi... Bəli, bəli, bunker. Müharibə dövründə bombalardan, odlu
silahdan, düşməndən gizlənmək
üçün istifadə olunur bunkerlər. Sənət isə düşməndən yox,
hamıdan, hətta dostdan da, sevgilidən də qaçmaq,
“gizlənmək” üçündür.
Yadlardan
gözləmədiyin zərbəni ən doğma adamından
alınca üz tutarsan sənətə, əziz bildiyin birinin
ürəyini bulandırıb, oksigendən iyrəndirdiyi anda
çəkilərsən o bunkerə... Bax onda
söz-söz durularsan, kəlmə-kəlmə qayıdar
yaşamaq həvəsin, yazın yaşılı da, dənizin
qoxusu da, günəşin ilıq şüaları da cümlələrin
arasında mənalanar. Ya da o
gözünün önündən getməyən kadrlar sənətə
çevrilincə əbədiləşər. Sadəcə xronika bildiyin keçmişin sənətinin
içərisində yenidən dirilər, canlanar, ruh verər
yaratdığına. Bax buna görə də
sənət adamı xoşbəxtdi. Uydurmağı
bacardığı üçün xoşbəxt. Amma
yalnız o uydurduğu həyatın içərisində
yaşamağa məcburdursa, bədbəxtdi! Zamanla insan yox,
çap maşını, ya da kameraya çevrilirsən... Hər
yaşadığın günün həyat yox,
iş olduğunun fərqindəsən və bir anlıq
üsyan etmək keçir könlündən. Bir az özünə, bir az bu “özlüyü” sənə
bəxş eləmiş Allaha, bir az da sənətinə... Qələmi
qırmaq, kameranı sındırmaq, çap maşınını
düymə-düymə, klaviş-klaviş sökmək gəlir
içindən... Ürəyin “uff” da demədən! Amma... Sabah yenə hamıdan qaçmaq istəsən, nə
edəcəksən? Birdən yenə
baş götürüb getmək keçsə könlündən,
onda necə olar? Axı getməyə ayrı yerin, gizlənməyə
başqa küncün yoxdur... Elə isə, bərk
yapış sənətindən, əl çəkmə,
uzaqlaşma, qopma... Namiq Ağayevin “OL” filmi məhz
bu haqdadı. Sənətinin içində
yaşamağa məhkum, real həyat sevinclərinə
tamarzı qalan və
çıxış yolu belə olmayan insanlar
haqqında...
Namiq Ağayev filmin həm rejissoru, həm də Fikrət
Məmmədovla birgə ssenari müəllifidir. Əsas
rolların da ifaçıları Namiq Ağayev və Fikrət
Məmmədovdur. Onlar elə özlərini
oynayırlar, rejissoru və ssenaristi. Və bu iki
kişini, qardaşı, sənətkarı hərəkətə
gətirən Qadın - ilham pərisi, Vüsalə Ağayeva
var... Vüsalə Ağayeva Namiq Ağayevin
xanımdır, yəni real həyatda bu iki sənətkar bir
damı paylaşırlar. Amma “Ol” filminə
baxandan sonra belə informasiyalar bəsit görünür,
axı burda reallıqla təxəyyül, sənətlə həyat
o qədər qarışıb ki, seçmək çətindir.
Film simvollarla, şərtiliyi ifadə edən elementlərlə
doludur. Hər
şey ordan başlayır ki, rejissor Namiq və ssenarist Fikrəti
uğursuz işə görə sponsorlar döyürlər,
lap yarımcan edirlər. Və sənətinə görə əzilmiş
bu adamların qarşılarına digər bir
döyülmüş adam - Şahzadə qız (Vüsalə
Ağayeva) çıxır. Bu ki hazır
süjetdir, hadisədir, kinodur?! Tez
qızı özləriylə götürüb, ilham pərisi,
qəhrəman olaraq seçirlər. Bax
bu, əsl işarədir. Nə qədər
döyülsək də, söyülsək də,
uğursuzluğa düçar olsaq da, əl çəkə
bilmirik sənətimizdən. Namiqin Fika deyə
çağırdığı ssenarist Fikrət o qədər
yumruq, təpik yeyib ki, bir gözü şişib, tam yumulub,
(bunun özü də simvoldu) amma yenə də
yazmalıdı. Yazmasa, olmaz. Yazmalıdı ki, Namiq çəksin,
yaxşı-pis, fərqi yoxdu, işləsin. Çünki yaşamağın ayrı yolu yoxdu.
Doğrusu, Şahzadə deyə
adlandırdıqları üz-gözü göyərmiş
qadın da qəhrəman obrazından çox-çox
uzaqdır. Bir də burda “cunquş” dedikləri damdabaca
var... Ara-sıra Fikanın araqlarını
oğurlayır, hərdən də şahmat oynayır onunla, lazım
olanda işıqları da söndürüb-yandırır.
Bir sözlə, hər şey
dağılıb, çox şey sıradan
çıxıb, amma qurub-quraşdırmaq olar, hətta
bütün bu “xarabalıq” içərisində
nağılını uydurmaq, Şahzadəyə çevrilmək
də mümkündür. Elə Namiqlə
Fikrət də bunu etməyə çalışırlar.
Bir müdrik fikir var ki, həyat bütün sənətlərdən
daha üstündür, daha çox SƏNƏTdir. Filmdə
müəlliflər real həyatın yeganə simgəsi kimi
Məryəm xalanı (xalq artisti Svetlana Həkimova) göstərirlər.
Məryəm xalanın ölümlə
üz-üzə durması onların da HƏYATının
sonu kimi qavranır. Bu real həyatı itirmək təhlükəsi
yarananda Namiq də, Fikrət də hər şeyi atıb Məryəm
xala ilə məşğul olmağa başlayırlar,
qadının saçlarını yuyurlar, başına
güllərdən çələng qoyurlar... Amma
artıq gecdir, Məryəm xala gedir, üzü əbədiyyətə
doğru və sonda “Cunquşdan muğayat olun” - deyir. Hansı cunquşdan? Olan, ya olmayan cunquşdan?!
Filmin elə əsas niyyəti budur, olmaqla olmamaq
arasındakı vəziyyəti göstərmək... Hər şeyin sona çatdığını
düşündüyün anda yenidən başlamaq
şansını qabartmaq. Namiq Ağayev
film haqqında müsahibələrindən birində bunu
öz bioqrafiyası ilə də bağlamışdı.
Dünyanın müxtəlif şəhərlərində
işləyən, öyrənən, öyrədən insan
Bakıya ölmək üçün
qayıdıbmış. Hər şeydən doyandan sonra - “ölməyə
vətən yaxşı” - deyibmiş. Amma
KİNO imkan verməyib, sonu yaxına qoymayıb. Elə “OL” filmi də bu ovqatdan yaranıb.
Sənətin
bir qəribəliyini də əks etdirir “Ol” filmi...
Başlayanda, lap əvvəldə sirdi, ovsundu sənət,
amma zamanla peşəkarlıq, yenilik, daha böyük hədəflərin
əsirinə çevrilir insan... Namiq uduzmuş bir insanın
sözləriylə danışır, lap-lap əvvəldəki
ovqatını, arzularını istəyir: “İstəmirəm,
Fika! İstəmirəm kino uydurmaq yalandan, yalançı
hadisələr istəmirəm... Hər şey yanıb, hisslərim,
düşüncələrim yanıb... Cavanlıqda çəkmək
istədiyimiz kinoları çəkmək istəyirəm,
Fika! Harda qaldı o kinolar, hə? Ehtiraslar,
cavanlığımız, səhvlərimiz, onları istəyirəm
Fika! İndi böyük olmuşuq, müdrik olmuşuq,
yaşlanmışıq, təcrübəmiz eşşək
boyda... Dərin adamlar olmuşuq - təbiəti qoruyun,
insanları sevin, dünyanın axırıdı... İstəmirəm belə kino!”
Görəsən, bu halı, ovqatı yaşamayan sənətkar
varmı?! Məncə,
yoxdur! Ömrünü sənətə həsr
edən hamının içərisində belə üsyan,
belə təzad, belə etiraz olur. Həm
də böyük olmaqdan, mükəmməl olmağa
çalışmaqdan bezginlik. Axı nə qədər
səhvsizliyə, qüsursuzluğa can atacaqsan?! Belə
baxanda, səhvlərin özü də sənətdir...
Bu ovqatı dünya kinosunda ən mükəmməl
şəkildə ekranlaşdıran Federiko Fellininin filmləri
keçir gözümün önündən. “8 yarım” filmində
rejissor Qvido (Marçello Mastroyani)
məhz bu təzadlar içərisində
çırpınır və nə çəkəcəyini
bilmir, gah uşaqlığından, gah yeniyetməliyindən,
gah da indisindən nə isə tutacaq axtarır və nəhayətdə
hamını, hər şeyi bir-birinə “qatmaqda” görür
çıxış yolunu... Nino Rotanın
musiqisinin sədaları altında hamı oynayır, rəqs
edir və Qvidonun təlaşları bununla sakitləşir
sanki. Çox güman ki, bu, Fellininin öz ovqatı olub
və “Ol” filmində Namiqin dilində verilmiş fikirləri
Fellini peşəkarcasına ifadə edib... Rejissorun
“Kino yaratmaq” kitabını oxuyanda bir məqam diqqətimi
çəkmişdi. Fellini deyirdi ki, nə
zaman Rimminidən xilas olsam, onda özümü peşəkar
hesab edəcəyəm. Yəni
bütün filmlərində doğulduğu Rimmini şəhərinin
ruhunu, keçmişini, koloritini əks etdirən dahi Fellini
bunu özünə qüsur bilirmiş. Peşəkarlıq
heç xəbərin olmayan mühiti, ovqatı, hadisəni
çəkmək imiş. Fellini yazır ki, “Amarkord”
filmi ilə Rimminidən “xilas ola” bilib və
bundan sonrakı yaradıcılığı peşəkarlıqla
çəkilmiş filmlərdir. Bu yerdə hər
filminə dönə-dönə baxdığım və hər
kadrından qidalandığım sevimli rejissorum haqqında
subyektiv fikrimi deməsəm, alınmır. Məncə, sevimli Fellini elə “Amarkord” filminə qədərki
Fellinidir. Ondan sonrakı yaradıcılığı
mükəmməldir, peşəkardır, amma insanı riqqətləndirən,
təsirləndirən, günlərlə düşündürən
Fellini deyil!
Və yenə də “Ol” filminə qayıdıb, daha doğrusu, ondan uzaqlaşmadan söyləmək istəyirəm ki, bu ekran əsəri məhz sənətin bu girintili-çıxıntılı tərəflərini ifadə etdiyi üçün maraqlıdır. Rejissor Namiq Ağayev filmi hər zövqdə adam üçün çəkdiyini söyləsə də, məncə, “Ol” hazırlıqlı, intellektual tamaşaçıya “çata bilər”... Həm də peşəkar komandanın hərtərəfli işini dəyərləndirmək üçün tamaşaçı da peşəkar olmalıdır. Məsələn, məşhur türk aktyoru Tuncer Salmanın sözsüz oyununu, yaxud quruluşçu rəssam Rza Pəllahianın və quruluşçu operator Ramin Asimoğlunun uğurlu işlərini hər tamaşaçı duya, dərk edə bilməz. Bu məqamda məhz operatorun xidmətini xüsusi qeyd etməliyəm. Filmdə Bakının heç bir filmdə rast gəlmədiyimiz planları, yaxud hamının üz tutduğu damın fərqli rakurslardan görüntüsü son dərəcə maraqlıdır, filmin ideyasını qabardır.
Sonda qəhrəmanlar uşaqlıq
qayğısızlığına qayıdırlar. Və
bunun özü də sənətdir. Bəli əgər O -
SƏNƏT sənin içindədirsə, Ondan can qurtarmaq
mümkünsüzdür!!! Bir də OLMAQ üçün
başqa yol yoxdur!
PƏRVİN
525-ci qəzet.-
2018.- 13 oktyabr.- S.19.