Köhnə Bakının nostaljisi
Hərdən şəhərə qarışmaq istəyirsən. Tarixinə, yollarına, küçələrinə, adamlarına, evlərinə, dənizinə bələd olduğun bir şəhərin kiçik bir hissəsi, yaddaşı, ya da lap köhnə bir albomdakı şəkli olmaq istəyirsən. Elə şəkillərin, elə binaların gələcəyi həmişə məlum olur. 90-ların bulvar rəsmlərinə baxmaq ona görə xoş gəlir ki, biz indi o bulvarın bu günündən - 30 il sonrasından xəbərdarıq. O şəkillərə düşən adamlar hardadır, görəsən? Və ya necə qərar veriblər ki, şəhərin filan yeri təmir olunsun? Bu suallar nə qədər qeyri-müəyyən qalsa da, içimizdəki nostaljini narahat etmir.
Bakı bulvarında, “Park Bulvar”ın solunda bulvarın tarixini əks etdirən fotolar sərgilənir. 1860-cı ildən 1987-ci ilə kimi bütün Bakı gözlərinizin önündə olacaq. Şəkillərin fonunda isə bu şəhərin mahnıları.
1861-ci ilin bulvarı. Eyyub Yaqubovun səsi.
Açıq havadakı fotomuzeyə baxmağa sol tərəfdən birinci şəkildən - 1861-ci ilin Bakı bulvarındakı adamları izləməkdən başladım. O dövrə xas paltarlarda və simalarda. Tarix kitablarından oxuduğumuz insanlar, mədəniyyət indi gözlərimin önündə öz varlığını sübut etmək üçün dayanmışdı. Dənizin sahilindəki iki balıqçının söhbətini də eşidirdim, dənizin dalğalarının limanla duetini də dinləyə bilirdim. Köhnə, taxta, balaca qayıqlar, uzun torlar və gülən adamlar.
Bir addım qabaqda məni 1870-ci ilin astanası gözləyirdi. Bu gün “Neftçilər” prospekti adlanan hissədən Xəzərə baxmaq, sularının üstündə Günəşin şüalarını görmək çətin deyildi. Sadəcə, hər şey ağ və qara rəngdə.
1964-cü ilin bulvarı. Emin Sabitoğlu
- “Bizim Cəbiş müəllim” filmi.
Ən sevdiyim bəstəkarın ən
gözəl əsərlərindən
birinin sədaları altında ilbəil addımlayıram. Bakının keçmişi ilə tanış olmaq, onun keçdiyi
illəri görmək,
hiss etmək, o illərdə
olmaq arzusu, həmin illərin sabahını düşünmək
məni gerçək
düşüncəmdən alıb hansısa başqa bir aləmə atır və o aləmin sərhədləri bu muzeydəki fotolar və musiqi parçaları ilə çəpərə alınıb.
1934-cü ilin şəkillərinə baxırsan,
içində bilinməz
bir həyəcan keçir. Üç
il sonra,
kim bilir, bəlkə elə o şəkillərdə olanlardan
biri represiya qurbanı olacaq. Ya da 1917-ci ilin
fotosuna baxıb səbirsizlənirsən, bir
il sonra
böyük bir tarix yazılacaq. Başqa bir şəkilin tarixi sənə mühüm digər hadisəni xatırladır
və beləcə özümüz-özümüzü “Bakını nə qədər tanıyırıq?”
imtahanına salırıq.
Şəkillərdən birində “Konka”
adlanan maraqlı bir xidmətə rast gəldim - atın reyslər üzərindən çəkdiyi
fayton minik. İlk dəfə idi tanış
olurdum.
1885-ci ilin bulvarı. Rəşid Behbudovun
səsi.
Yenidən 19-cu əsrə düşürəm, sahildə Xəzərə baxıb 1912-1913-cü illərin bulvarında “Fenomen” teatr-sinematoqraf binasını görürəm. Yadıma düşür ki, bu bina indiki “Kukla” teatrıdır. Bina necə olubsa, elə də qalıb. Ağ-sarı fasad, qərb memarlıq üslubunda.
1950-ci ilin bulvarı. Şövkət Ələkbərovanın səsi.
Şövkət xanımın məlahətli səsi ilə daha bir addım yoldaşlıq edirəm. Və 1950-ci ilin “Stalin” prospektində dayanıram. SSRİ cəmiyyətinin qələbəliyini, yollardakı zəhmətkeş sovet adamlarını, Bakının isti yayını və bir neçə metr uzaqdan görünən “Mirvari”ni əlim gözlərimin üzərində izləyirəm. İndi “Saat qülləsi”nin yerində paraşütlə tullanan adamlara baxıram. İndi olmayan daha bir Bakı xatirəsi. 51-ci ilin bulvarında sevgililər var, yanlarından keçən polis onlara baxmamaq üçün prospekt tərəfə dönür. Necə saf və məsum bir şəkildir. Görəsən, haradan tapıblar? Zaman maşınına minmək kimi bir hadisədir bu muzeyi gəzmək. Şövkət xanımın ifasını kaman səsi əvəzləyir. Mən artıq muzeyin sağ tərəfindəki şəkillərə baxıram. Demək olar, buradakı bütün fotolarda “Mirvari” var. 1957-ci ilin Kukla teatrı Kənd Təsərrüfatı Muzeyi olub. Qarşısında adamlar öz uşaqlarının əllərindən tutub ağ mərmərdə parıldayan işıqları ayaqlayıb muzeyə girilər.
1987-ci ilin bulvarı. “Şərikli çörək”
filmi.
“Venesiya şəhərciyi”ndəyəm. Sadə
metal pilləkənlər, ağ mərmərdən
sütunlar və sevinən uşaqlar. Üzümdəki təbəssümü fotoya verib irəli
bir addım da atıram. 1915-ci il. Bir-birinə su
şırnağı atan
iki bulvar işçisi. Bir addımdan
sonra yenə “Mirvari” və onun xarici müştəriləri.
“Nağıl şəhərciyi”. Buranı birinci
dəfədir, görürəm.
Amma bulvarda harda olduğunu xatırlayıram
çox keçmədən.
Uşaqların səsləri filmin
musiqinə qarışır.
1972-ci ilin bulvarı. Saksafonda
“Bakı, sabahın xeyir!”
Sonuncu fotolara da
baxım zamanda səyahəti saksafonun “Bakı, sabahın xeyir!”
ifasıyla tamamlayıram. 2018-in bulvarında yanımdan
keçən nənə və nəvəyə,
qarşıdan gələn sevgililərə, Xəzərə
və yenidən şəkillərə baxıb Bakını
nə qədər sevdiyimin fəqinə
varıram. Bu şəhəri bu cür tanımaq gözəldir.
Ümid edək ki, uzun müddət burada bu sərgi, bu muzey Bakının tarixini adamlara təqdim etməkdən yorulmayacaq.
Mahnını zümzümə edə-edə sərgidən
uzaqlaşdıqca özümü də bir gün o
şəkillərdə tapmaq istəyinə
gülümsəyirəm.
Rəvan CAVİD
525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.16.