Yüz mahnı, yüz
fotoşəkil
“SƏN ŞƏHƏRLƏR GÖZƏLİSƏN BAKI”
Daşından torpağına, yosunundan yarpağına qədər tarix qoxuyur. Onda ilk öpüşlərin, son görüşlərin, fırtınalı eşqlərin, çağlayan münasibətlərin, düşünən beyinlərin, nəhəng ürəklərin, böyük şəxsiyyətlərin izi var. İçində qucaq-qucaq xatirələr, qalaq-qalaq ağrılar, varaq-varaq həsrətlər daşıyır. Yeganə yerlərdəndir ki, burada təbəqə bölgüsü yoxdur, varlı-kasıb ayrımı etmir, insanları dininə, dilinə, irqinə görə çeşidləmir, hamıya qucaq açır, hər kəsi sinəsinə sıxır. Dənizkənarı bulvarı deyirəm - sirdir, sehirdir, ovsundur, cadudur...
Burada ilin bütün fəsillərində inanılmaz gurluq, ağlasığmayan izdiham olur. İynə atsan, yerə düşməz! Hərdən adama elə gəlir ki, bütün şəhər dənizin kənarındadır. Dəstə-dəstə adamlar aşağıdan yuxarıya, yuxarıdan aşağıya axın edir. Dərdkeş də bura üz tutur, bəxtəvər də... Biri dənizin kənarında tək-tənha oturub gözünü uzaqlara zilləyərkən, o birisi başını sevgilisinin çiyninə qoyur, ruhunu küləyin hərdən vurub gətirdiyi musiqi sədasına kökləyir. Burada hər kəsin - şirin, ya acı - mütləq bir hekayəsi var. Heç kimin, heç yana tələsmədiyi tək-tük yerlərdəndir! Burada vaxt və zaman sanki dayanır, əbədi mənasını itirir və ayrı ölçülər, ayrı düşüncələr ruha hakim kəsilir.
Uzunluğu kilometrlərlə ölçülən sahil zolağında minlərlə sayrışan işıq buludlara qədər ucalaraq insanı heyrətləndirir. Nağıla bənzər görüntülər qarşısında möcüzəvi mənzərələrin əsirinə çevrilirsən. Dalğalanan insan selinə qarışaraq özünü böyük bir təntənənin, nəhəng şənliyin iştirakçısı kimi hiss edirsən. Bu təkrarsız gözəlliyin kövrəkliyinə, həzinliyinə və incəliyinə biganə qalmaq mümkünsüzdür!
Sahilboyu yeriyəndə, bir tərəfdən kəklikotulu çayın ətri, o biri tərəfdən kiçik butiklərdən gələn qəhvənin qoxusu aləmi bürüyür. Keçmişlə bu günü qarşılaşdırırsan, ölkələri tutuşdurursan, Azərbaycanla Qərbin sevilən içkilərindən gələn ətrin burnunu eyni anda tumarlamağı insanı dərin düşüncələrə qərq edir! Yaranmış ziddiyyətin içində məna axtarırsan. Bu vaxt haradansa, yaxınlıqdan bir səs duyursan, “Sən şəhərlər gözəlisən, Bakı” deyən, ölümsüz Rəşid Behbudov sanki səni yaranmış toqquşmanın, xaosun içindən çəkib çıxardır. Dodağın qaçır, gözünə işıq gəlir, ruhunda bir xəfiflik hiss edir və səs gələn tərəfə gedirsən! Elə atdığın ilk addımdaca tarixin isti qucağına düşdüyünü hiss edirsən. İçində olduğun dünya səni əsirlər əvvələ çəkib aparır.
Sıfırdan yüzə, yüzdən minə, mindən milyona
Buradakı dünyanı yaradan Dənizkənarı Bulvar İdarəsidir. “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgiyə baxdıqca qürur duyursan, fəxarət hissi canını bürüyür. Yaşadığın şəhərin sıfırdan yüzə, minə, milyona ucalması səni gücləndirir, ümidləndirir. İnsan gücünün nələrə qadir olması, əzmi adamda ruh yüksəkliyi yaradır.
Gələk sərgiyə. Burada 104 fotoşəkil yer alır. Əksəriyyəti ictimaiyyətə ilk dəfə təqdim olunan bu əsrarəngiz görüntülər, şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanmış və yüksək keyfiyyətlə bərpa edilərək sərgilənir. Fotoşəkillər dənizkənarı sahilin və Bakı bulvarının 1860-cı ildən 1990-cı illərədək olan tarixini əhatə edir. Bakı bulvarının tarixi inkişaf mərhələlərini əyani surətdə nümayişi vətəndaşları, turistləri və şəhərə gələn qonaqları ağuşuna alır. Fotokameralar işə düşür, telefonlar hərəkətə keçir, adamlar xoşuna gələn mənzərənin yanında tək və ya iki-bir, üç-bir dayanaraq anı ölümsüzləşdirirlər.
Sərgiyə cazibə qatan digər fərqli nüans isə yüzə yaxın Azərbaycan klassik və retro musiqilərin səsləndirilməsidir. Bu, ətrafdan keçənləri maqnit kimi özünə çəkir! Burada addımlar yavaşlayır, ziqzaq hərəkətlər başlayır, müşahidə güclənir, yaddaş pasını atır.
Tarixə səyahət
“Bulvarı Allah yox, insanlar yaratdı” belə deyir Bulvar İdarəsinin rəsmisi... Fotolardan bunu açıq-aydın görmək mümkündür. Ərazidə tikinti işlərinin başlanması XIX əsrin əvvəllərinə təsadüf edir. O dövrdə İçərişəhərin sahil zolağı hələ boş idi. Həmin zolaq əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. Fotolarda bunun hamısı əksini tapıb. 1860-cı illərdə “Qafqaz və Merkuri” paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirdi. Bu qurğular sahil zolağını 2 hissəyə böldü.
Sahildə aparılan işlərlə bağlı ilk addımı məhşur azərbaycanlı memar Qasım Bəy Hacıbababəyov atıb. Dəniz tərəfdən qala divarının sökülməsindən sonra Hacıbababəyov tərəfindən sahil zolağı nizamlanıb və o zaman rus imperatoru II Aleksandrın adını daşıyan sahil küçəsi (bulvar) salınıb. Daha sonra burada su kəməri çəkildi, fontan və digər tikililər inşa edilib. Bundan sonra dəniz sahili Bulvar statusu alıb.
Mərkəzi məhəllələr hüdudunda sahil zolağının genişləndirilməsi işinə 1900-cü illərdən Bağ Komissiyası dekorativ ağaclar əkmək qərarına gəldikdən və onların yetişdirilməsi üçün sahildə torpaq tökülmüş yeri seçdikdən sonra başlanılır. Yeni küçə və II Aleksandr sahili arasındakı bütün əraziyə münbit torpaq tökülür. 1909-cu ildə Bakı Şəhər Upravasının tikinti şöbəsinin rəisi, mühəndis Məmmədhəsən Hacınski bulvarın abadlaşması işinə başlayır. Bakı şəhərinin Baş planının həyata keçirilməsində, bulvarın, yolların və meydanların genişləndirilməsində iştirak edir. Bunun üçün dəniz sahilinin qurudulub torpaq tökülməsi haqqında Bakı Duması qarşısında məsələ qaldıran da Hacınski olub. Qeyd edək ki, həmin vaxt bulvarın genişləndirmək üçün Bakıya qayıdan gəmilərdən özləri ilə torpaq gətirilməsi tələb edilirdi.
Bakı limanı XIX əsrin sonunda Xəzər dənizində ən böyük limana çevrilib. Bura hərbi strateji əhəmiyyət daşıdığına görə, dənizkənarı sahildə birinci dünya müharibəsinin qızğın çağında Bakı Dəniz Aviasiyası Məktəbi açılıb. Hətta sərgilənən fotoların bəziləri həmin akademiyanın tələbələri tərəfindən, özü də havadan lentə alınıb.
İlk kinoteatr olan “Fenomen” də bulvarda (indiki A.Şaiq adına Dövlət Kukla Teatrının binası) tikilib. Bura şəhərdə ən böyük kinoteatr idi və ən son texniki avadanlıqla təmin olunmuşdu. Sərgidə Kukla Teatrına aid xeyli foto görmək mümkündür.
Həmin dönəmdə Bakı buxtasında yaxt klubun yaradılması paytaxtın sakinləri üçün əlamətdar hadisə sayılırdı. Paraşüt qülləsi də bunlardan biri idi. Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi idi. Uzunluğu 75 metr olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü sayılırdı. Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi.
Keçən əsrin 50-60-cı illəri Dənizkənarı bulvarın “qızıl dövrü” kimi qiymətləndirilir. Həmin dövrdə şəhər meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə bulvar yenilənərək 2,7 km-ə qədər genişləndi, Dəniz limanı, kafe-restoranlar “Mirvari”, “Sadko”, “Sahil” və eyni zamanda, “Kiçik Venesiya” kimi maraqlı məkanlar yaradıldı. Burada keçmiş İttifaqda ilk dəfə olaraq vant konstruksiya örtükdən istifadə edilməklə tikilmiş “Mirvari” kafesini adını çəkmək olar. “Mirvari” kafesi bu günə qədər bulvarın əsas bəzəklərindən sayılır. Qalınlığı 6-8 sm olan gül formasında tərtib olunmuş dəmir-beton örtüyü ilk dəfə bulvarda sınaqdan keçirilib. Kafe təkcə dənizə açılan gözəl mənzərəsi ilə yox, həm də burada keçirilən caz konsertləri ilə yadda qalıb. “Mirvari” kafesi təkcə Bakı bulvarına fərqli rəng qatmadı, eyni zamanda, Azərbaycan memarlığına yeni nəfəs gətirdi. Kafenin layihəsini 1960-cı illərdə Əliş Ləmbəranski verir. Layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. Məzuniyyətdən dönəndən sonra bu möhtəşəm tikilinin eynisini Xəzərin qoynunda tikdirməyə başlayır.
Ləmbəranskinin digər layihələrindən biri də “Venesiya şəhərciyi”dir. İnşasına 1960-cı illərdə İtaliyanın Venesiya şəhərində olarkən qərar versə də, tikintisinə 4 ildən sonra başlanılıb. Bir ildən sonra isə istifadəyə verilən su şəhərciyi hələ o zamanlardan paytaxt sakinlərini, eləcə də Bakıya gələn qonaqları heyran edib. Bu məkan yaradılarkən adı yox idi, əhali bura “Bakı Venesiyası” adını qoymuşdu.
Müstəqilliyin əldə edilməsindən sonra Bakı bulvarının yeni tarixi başlanır. 80-ci illərin axırı və 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi, Bakı şəhərinin abadlığı da böhran yaşayırdı. Bu proses Dənizkənarı parkda baş vermiş dağıntılarla, istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi ilə onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdi. Nəticədə bulvar öz tarixi simasını itirmişdi. Bulvara maddi mədəniyyətimizin, tariximizin bir hissəsi kimi yanaşan Ümummilli lider Heydər Əliyev buraya Milli park statusu verilməsi haqda fərman imzalayır. Bulvar Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulur, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülür. Beləliklə, yaşı əsri keçən Bulvar təkrarolunmaz memarlıq nümunəsinə, kamil sənət əsərinə çevrilir. İndi o, dünyanın nadir möcüzələrindən biri sayılır.
Bütün bunları bulvar rəsmisi fotoların dilinə çevrilərək danışırdı. Onunla tarixi səyahət edərkən, Rəşid Behbudov Müslüm Maqomayevə, Fikrət Əmirov Oqtay Ağayevə, Şövkət Ələkbərovaya yerini verərərək adamı o illərdə dalğalandırırdılar.
... Bulvardır, istirahət zonasıdır, əyləncə
mərkəzidir - deyib keçdiyimiz
park əslində tarixdir!
Düşünən beyinlərin, nəhəng ürəklərin,
böyük şəxsiyyətlərin iz qoyduğu yerdir. Vedrələrlə, gəmilərlə
daşıyıb gətirdikləri torpağın
üstündə addımlayırıq! Bütün
sirr ərazidəki gözoxşayan
metlaqların altında gizlidir!
Türkan TURAN
525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.17.