Bakı bulvarında tarixə səyahət

 

 

Bu tutqunçiskinli payız günlərindən birində yolumu Dənizkənarı Milli Parkdan salmışdım. Addımlarımın qeyri-ixtiyari başqa səmtə yönəldiyini hiss elədim. Bir az gedib qəfil dayandım. Məni özünə nəyin cəlb elədiyini indi anlamışdım - bir retro musiqinin sehrinə düşmüşdüm. Qəribə bir ovqatda idim, sanki Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev kimi təkrarsız  sənətkarlar illərin o tayından gəlib Milli Parkda canlı konsert verirdilər. Elə bil, dalğalar Müslüm Maqomayev üzü Xəzərə “O, more, more” çağırışına qarşılıq verir, ona qoşulub birlikdə oxuyurdular.

Əsərlərin təsiri ilə hər şey susdu, eşidilməz oldu: Milli Parkın o biri tərəfində səslənən müasir, əcnəbi musiqilər də, uzaqdan gələn maşınların səs-küyü də. Bir-birini əvəzləyən klassikmüasir Azərbaycan musiqisi məni sirli bir aləmin dərinliklərinə apardı. Mahnıların sözləri bir başqa, ifaların təkrarsızlığı bir başqa xoş təsir bağışladı. Birgördüm, özümdən asılı olmadan ifaçıyla bərabər mahnının sözlərini təkrar edirəm. Xəzərin qoxusu, Bakının şıltaq küləyi, ilıq hava, retro musiqi-hamısı birlikə bir bütün olaraq ruhumu oxşayır, zövq verirdi. Elə mahnı bitib o aləmdən ayılmaq istəyəndə tarkamanla ifa olunan musiqi məni tutub bərk-bərk saxladı. “Hara gedirsən, hələ deyiləcək çox söz, dinləniləcək neçə musiqi vardedi.  Vaqif Mustafazadənin pianoda ifa etdiyi “Bakı gecələri”ni eşidər-eşitməz Bakının işıqlı gecə mənzərəsi gözlərimin önündə canlandı.

“Dağlarına düşən şehdən,  çöllərinə əsən mehdən doya bilmirəm , ey Vətən” - deyən Rəşid Behbudovun, “duyğum, həyəcanım, varlığım, ürəyim, canım” deyə vətəni əzizləyən Oqtay Ağayevin Vətən sevgisini bütün ruhumla  hiss edirəm. Məni bu sehrli aləmdən çıxmağa qoymayan təkcə retro musiqilər deyil. Müasir ifaçıların əsərləri də mənə bu hissi yaşadır.

Eyyub Yaqubovun ifasındakı “Bakı haqqında nağıl” mahnısının təsirindən danışım bir az da. Mahnı başlar-başlamaz, insanı özünə çəkir. Xəyalımda alətin simlərində məharətlə hərəkət edən barmaqlar canlanır. Gözlərimi yumub  tarın, pianonun  qarışımına qulaq kəsilirəm. O sırada düşüncələrim Qoşaqala qapısından içəri keçib köhnə Bakını səyahət edir. Artıq bu nağıllar aləminin bir parçasına çevrilmişəm...

Bu  sirli-sehirli musiqi sədalarının təsiri altında orada nə qədər dayanıb qaldığımı, zamanın necə keçdiyini xatırlamıram. Həmin illərlə bağlı nəsə görmək istəyi ilə ətrafa baxıram. İki cərgə halında düzülmüş fotoşəkillərin hər birində biri digərindən tamamilə fərqlənən  Bakı əks olunub. Sadə, bəzəksiz Bakı... 1861-ci ildən 1990-cı ilə qədər tamamilə dəyişən Dənizkənarı Milli Park gözlərimizin qarşısında ağ-qara film kimi canlanır. Tarixi filmlərdə görməyə öyrəşdiyimiz faytonların bir zamanlar  indiki dəbdəbəli Bakı küçələrində gəzdiyini şəkillərdə də olsa, görmək çox maraqlıdir.

Şəkillər insanı zamana səyahətə çıxarır.  Hər bir foto başqa bir zamana açılan qapıdır. Onlara baxanda inanmaq olmur ki, bu, eyni şəhərdir. Fotoşəkillərin altında qeyd olunan tarixləri oxuduqca öz-özümə düşünürəm: görəsən, bu şəkilləri kimlər çəkib? Şəkli çəkəndə heç düşünüblərmi ki, illər sonra bütün Bakı sakinləri onu görə bilər?

Fotoşəkillər parka gələn hər kəsin diqqətini çəkir. Xüsusilə yaşlı nəslin nümayəndələrinin. Onların iki-iki, üç-üç  lövhələrin qarşısında dayanıb öz aralarında müzakirələr etdiyinin şahidi oluram. Gənclik illərinin təsadüf etdiyi şəkillərin qarşısında daha çox qalırlar. Bir növ orada yazılan illərlə öz yaşlarını müqayisə edirdilər.

- 1962-ci il?

- Onda bizim neçə yaşımız olardı?

- Yadındadırmı, Venesiya şəhərciyinə gəlmişdik? - kimi cümlələr eşidilirdi.

Səslənən mahnıların da təsiri ilə öz uşaqlıq, gənclik illərinə geri qayıdıb xatirələri yada salırlar. Onların həyatı bizim şəkillərdən görüb anlamağa çalışdığımız Bakıda keçib. Bunu görəndə ağlıma belə bir fikir gəlir. Görəsən, indi yaşadığımız Bakı bir zamanlar gələcək nəsillərə belə ağ-qara fonda keçmiş Bakı olaraq təqim olunacaqmı? Kim bilir... Bəlkə Bakı o qədər inkişaf edib dəyişəcək  ki, indiki görüntüsü tarixə çevriləcək?

Bir məkanda  iki -  müasir və köhnə Bakının nümayiş olunduğu parkda lövhələrə baxmadan, laqeyd şəkildə keçib gedən yoxdur. Köhnə Bakı qarşımızda, müasir, hay-küylü Bakı isə  sadəcə, bir neçə addım uzaqdadır...

Hər şəkildə diqqəti çəkən bir nüans var. Qız qalasının əks olunduğu şəkillər də belədir. İllər keçsə də, bir çox şey dəyişsə də, onun əzəmətli duruşu dəyişməyib. Sanki o, illərlə, zamanla yarışıb və bu yarışdan qalib çıxıb.

1970-ci ildə çəkilmiş gəzinti qatarının əks olunduğu lövhənin qarşısında dayandığım sırada parkdakı müasir gəzinti qatarının yaxınlıqdan keçməsi qəribə bir təsadüf idi. O an anladım ki, Bakı nə qədər inkişaf etsə də, dəyişən sadəcə, görüntü olacaq. Bakının özünəməxsus ab-havası həmişə qalacaq. “ gülləri gözəl qoynunda bəsləyən” Bakı yalnız gözəlliyə doğru dəyişəcək. Neçə-neçə mədəniyyəti özündə cəmləşdirən, qədim tarixə malik bu “küləklər şəhəri” hər kəsin yaddaşında unudulmaz olaraq qalacaq.

 

NİGAR

 

 

525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.18.