Nağıldan gerçəyə: “Ağ
gəmi” və ya əbədiyaşar Aytmatov
III
İSSIK-KUL İNTELLEKTUAL FORUMU HAQQINDA TƏƏSSÜRATLAR
32 il əvvəl - 1986-cı ildə əsası
Çingiz Aytmatovun özü tərəfindən qoyulan
İssık-kul İntellektual forumunun sayca
üçüncüsü elə yazıçının
özünə, onun 90 illik yubileyinə həsr edilmişdi.
“Çingiz Aytmatov və müasir dövrün
çağırışları” adlanan forum 4-7 oktyabr tarixlərində
Qırğızıstanın Bişkek şəhəri və
Çolpan-Atada yerləşən İssık-kulda
keçirildi.
1986-cı ildə forumda dünyanın müxtəlif
ölkələrindən olan 17 iştirakçı qlobal
problemləri müzakirə etmiş, çıxış
yollarını göstərməyə
çalışmışdı. Bu forumda isə həmin problemlər
elə Çingiz Aytmatovun yaradıcılığı
bazisində müzakirə edilirdi. Dünyanın
26 ölkəsindən, 160-dan çox nümayəndə
Çingiz Aytmatovdan danışdı, onu xatırladı, əsərlərindəki
insan konsepsiyasından söhbət açdı.
Çingiz Aytmatovun ən çox sevildiyi və onun da
daim vurğunluğunu ifadə etdiyi Azərbaycan forumda yüksək
səviyyədə iştirak edirdi. Forumda Azərbaycan nümayəndə
heyətinə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
akademik İsa Həbibbəyli rəhbərlik edirdi. Forum ərəfəsində
akademik İsa Həbibbəylinin üç dildə,
Çingiz Aytmatovun həyatının,
yaradıcılığının və Azərbaycanla əlaqələrinin
ana tezislərinin ifadə olunduğu “Çingiz Aytmatov
haqqında söz” kitabı nəşr olunmuşdu. “Çingiz Aytmatov haqqında söz”
yazıçının 90 illiyinə həsr edilmiş
mükəmməl, yüksək akademik yanaşma ilə
hazırlanmış elmi nəşrdir. Forum müddətində
Çin, Hindistan, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və digər ölkələrdən
olan alim və yazıçılar müzakirə əsnasında
“Çingiz Aytmatov haqqında söz” kitabı ilə
bağlı təəssüratlarını
bölüşür və nəşri yüksək qiymətləndirirdilər.
Akademik
İsa Həbibbəylinin Qırğızıstan
Aytmatovşünasları: akademik Abdıldacan Əkmətəliyev
və müxbir üzv Osmanakun İbrahimov ilə
görüşləri və söhbətləri müasir ədəbiyyatşünaslıq
elminin ən aktual məsələlərinə həsr
edilmişdir. Bu əsnada Osmanakun İbrahimovun
Moskvada “Molodaya Qvardiya” nəşriyyatında JZL seriyasından
çap olunmuş “Çingiz Aytmatov” monoqrafiyasının Azərbaycan
dilinə tərcümə edilməsi və nəşri də
qarşılıqlı elmi-ədəbi əlaqələrə
dair danışıqların zəminində meydana
çıxdı.
Forumda Azərbaycandan
ölkəmizin Qırğızıstandakı səfiri,
tanınmış yazıçı Hidayət Orucov,
Çingiz Aytmatov yaradıcılığının gənc
tədqiqatçısı, AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru Mehman Həsənli və Azərbaycan Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının professoru Fuad Məmmədli iştirak
edirdilər.
Üçüncü
foruma üç kitabla...
Azərbaycan nümayəndə heyəti foruma əliboş
getməmişdi. İlk növbədə qeyd etdiyimiz kimi, akademik İsa
Həbibbəylinin müəllifi olduğu “Çingiz Aytmatov
haqqında söz” Çingiz Aytmatovun 90 illik yubileyinə nəzəri
cəhətdən mükəmməl işlənmiş
akademik kitab hədiyyəsi idi. Kitab üç
dildə, Çingiz Aytmatovun həyatının əsas
anlarını ifadə edən foto albomla birlikdə çap
olunub.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq”
jurnalının Xüsusi buraxılışı - Çingiz
Aytmatov sayı və İnstitutun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı
tərəfindən tərcümə olunan Çingiz
Aytmatovun “Kassandra damğası” romanı forum müddətində
təqdim edildi və olduqca böyük maraqla
qarşılandı. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun timsalında Azərbaycan həm
məruzələri, həm də təqdim etdiyi nəşrləri
forumu zənginləşdirdi.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunun nəşr etdiyi kitabların və Çingiz
Aytmatova həsr edilmiş məqalənin dərc olunduğu
“525-ci qəzet”in ədibin ev muzeyinə təqdim olunması ədəbi-elmi
əlaqələrimizin yeni səhifəsinə çevrildi...
Həqiqət
bükülər, amma qırılmaz...
Forumun ilk
günündə Bişkekdə Çingiz Aytmatovun ev muzeyi ziyarət olundu. Muzeyə
yazıçının kiçik oğlu Eldar Aytmatov rəhbərlik
edir. Ev muzeyində Azərbaycan izlərini
də görmək mümkün idi. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə
Qırğızıstana səfəri zamanı çəkdirdikləri
birgə şəkil, Toğrul Nərimanbəyovun rəsm əsəri
muzeydəki Azərbaycanın varlığını ifadə
edirdi. Daha sonra Ata-Beyit memorial kompleksi,
Çingiz Aytmatovun məzarı ziyarət olundu. Çingiz Aytmatovun 1991-ci ildə repressiya
qurbanlarının cəsədlərinin
tapıldığı yerə (köhnə daş
karxanasına) Ata-Beyit adını vermiş və öz vəsiyyəti
ilə orada dəfn edilmişdi. Bu memorial
kompleks bu gün “Gün var əsrə bərabər”dəki
Ana-Beyit məzarlığının rolunu uğurla oynayır
və onlara milli kimliklərini öyrədən əsas mərkəzdir.
Forumun açılışı 5 oktyabrda, Bişkekdəki
1 nömrəli Prezident iqamətgahında oldu. Qırğızıstanın
Prezidenti Sooronbek Jeenbekov açılış nitqi söylədi.
Prezident çıxışında
dünyadakı qlobal problemlərdən və Çingiz
Aytmatovun bədii əsərləri vasitəsilə göstərdiyi
çıxış yollarından danışdı.
Açılış iclasında ən ali
qonaqlar, o cümlədən, akademik İsa Həbibbəyli
“Böyük ədəbiyyatın əbədi mogikanı”
adlı məruzəsi ilə çıxış etdi. Akademik İsa Həbibbəyli
çıxışında Çingiz Aytmatovun dünyada
Nobelüstü ədəbiyyat standartı
yaratdığını bildirdi. O,
yazıçının Azərbaycanla olan bağlarına da
toxundu. Bildirdi ki, Çingiz Aytmatovun Azərbaycanla
bağlarının əsasını Azərbaycan
xalqının Ulu öndəri, görkəmli dövlət
xadimi Heydər Əliyev qoymuşdu. Çingiz
Aytmatov Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevi müasir dünyanın lider etalonu
adlandırmışdır. Ən yüksək
siyasi münasibətin nəticəsində Çingiz
Aytmatovla Azərbaycan ədiblərinin yüksək
qarşılıqlı münasibətləri yaranmışdı.
Daha sonra plenar icaslar keçirildi. Forumda
iştirak edən nümayəndə heyətlərinin rəhbərləri
burada çıxışlar etdilər. Çıxışların
bir qismi elmi xarakterli, digərləri isə ümumiyyətlə
dünyanı sülhə, mədəniyyətə
çağırış motivli idi. Dünyanın
müxtəlif ölkələrindən gəlmiş və
yazıçının dostlarının xatirələri də
maraqla dinlənilirdi.
“Ağ gəmi”:
nağıl, yoxsa gerçəklik?
Səhəri gün forum iştirakçıları
Bişkekdən Çolpan-Ata şəhərinə -
İssık-kulun sahilinə doğru yola düşdü. 4 saatlıq
yol başı qarlı, əzəmətli Tyan-Şan
(Tanrı dağları) dağlarının yanı ilə
ötüb keçirdi. Yolboyu uzanan,
bir-birini əvəz edən bu nəhəng dağ silsiləsi
çılpaqlığı və çoxrəngliliyi ilə
daha çox Kiçik Qafqazı xatırladırdı. Yol uzanır, dağlar isə Aytmatovun əsərindəki
“Alabaş” kimi bizi izləyirdi. 4 saatlıq
yoldan sonra İssık-kula çatdıq. Payızın
nəfis ətri, başı qarlı Tanrı
dağlarının möhtəşəmliyi,
İssık-kulun şəffaf və əsrarəngiz mənzərəsi
və Prezident iqamətgahı parkındakı payızın əlamətlərini
göstərən sarı, qırmızı yarpaqlı
ağaclar, yerdə xəzan..... Bir sözlə,
payızı bütün ruhu ilə ən gözəl belə
yaşamaq olardı. Çingiz Aytmatov
özü də bir sıra əsərlərini məhz burada,
İssık-kulun sahilində qələmə
almışdır. Qəribədir, təbiətin
özü də Aytmatovun əsərlərindəki məkanları,
obrazları xatırladırdı.
İssık-kulun ən gözəl yerində Ruh Orda -
Ruh Mərkəzi yaradılıb. Mərkəz sadəliyi
və təbii gözəlliyi ilə insanı heyran edirdi.
Manas, Çingiz Aytmatov və ümumilikdə
qırğız ruhu bütün mahiyyəti ilə bu mərkəzdə
öz mükəmməl ifadəsini tapıb. Qarşılaşdığımız hər səhnə
gözəlliyi ilə zövq oxşayırdı.
Axşam Ruh Mərkəzində qurulan qapalı teatr səhnəsində
Çingiz Aytmatovun əsərləri əsasında
qurulmuş tamaşa nümayiş olundu. Quruluş
olduqca mükəmməl idi. “Qızıl alma”, “Cəmilə”,
“Ana tarla”, “Gün var əsrə bərabər”
romanındakı Manqurt və nəhayət “Ağ gəmi”...
Çingiz Aytmatovun “Ağ gəmi” povestindəki qəhrəman
Adsız uşağın nağılının adı
“Ağ gəmi” idi. Əsərin sonunda gerçək həyatdakı
nağılının - “Ana maral”ın puça
çıxdığını görən uşaq öz
“Ağ gəmi”sinə, yəni fiziki ölümünə
doğru gedir. Çingiz Aytmatov taleyi bəlli
olmadığı üçün ad belə
qoymadığı qəhrəmanını sonda
dünyasını dəyişdirməklə insanlara öz
çağırışını edir. Son səhnəyə
qədər hər şey Aytmatovun yazdığı plan
üzrə gedirdi. Amma rejissor sonda kiçik qəhrəmanını
öz gəmisinə, arzusuna qovuşdurur. Bu,
mükəmməl düşünülmüş və
Aytmatovun özü səviyyəsində tapıntı idi.
Yazıçının nağılı
gözümüzün önündə gerçəyə
çevrildi.
Tamaşanın sonunda səhnənin arxa pərdələri
açıldı və canlı İssık gölündə
gerçək ağ gəmi
göründü və uşaq öz gəmisinə doğru
qaçmağa başladı. Olduqca mükəmməl
düşünülmüş rejissor işi idi. Sanki
bir mesaj ötürüldü: Nə qədər dünya var, Çingiz
Aytmatov yaşayacaq, onun ideyaları hər zaman bəşəriyyətin
xilası üçün mayak rolunu oynayacaqdır.
Növbəti gün seksiyalarda iclaslar başladı. Ayrı-ayrı ölkələrin nümayəndə heyətləri məruzə və çıxışlar etdilər. Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Çingiz Aytmatovun 1970-ci illər nəsrində xaos xəbərdarlığı və sülhə çağırış konsepsiyası”, professor Fuad Məmmədli isə “Çingiz Aytmatov və zamanın çağırışlarına kulturoloji cavab” adlı məruzələrlə çıxış etdilər. Azərbaycan nümayəndə heyətinin çıxışları forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Qırğızıstanın televiziya kanalları, qəzetləri Azərbaycan təmsilçilərinin çıxışlarını, müsahibələrini geniş miqyasda təqdim etdilər.
Forumun bağlanış mərasimi İssık-kulda - Prezident iqamətgahında keçirildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri akademik İsa Həbibbəyli bağlanış mərasimində fikirlərini söylədi. Akademik çıxışında forumun yüksək səviyyədə təşkil etdiyinə görə təşkilatçılara minnətdarlığını bildirdi. Çingiz Aytmatovun bəşəri miqyaslı yaradıcılığından danışaraq onu dünya ədəbiyyatının əbədi mogikanı olduğunu diqqətə çatdırdı. Sonda Forumun deklarasiyası müzakirə edilərək qəbul edildi.
“Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı III Beynəlxalq İssık-kul forumu Çingiz Aytmatov fenomeninin əbədiyaşarlığını, onun əsərlərindəki mətləblərin bəşəriliyini bir daha göstərmiş oldu. Dünya durduqca Çingiz Aytmatovun “Ağ gəmi”si üzəcək və bu gəmi insanları ardınca sülhə, ədalətə doğru çağıracaq.
Mehman HƏSƏNLİ
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2018.- 13 oktyabr.- S.14-15.