Əsri haqlamaq
var qarşıda hələ…
Hafiz
TƏMİROV
polis mayoru
Düz beş il öncə də burada belə
bir təmtərağın şahidi olmuşdum. Yenə də
burada bayram ovqatı vardı.
Nərimanov Rayon Polis İdarəsi rəisinin
şəxsi heyətlə iş üzrə köməkçisi,
polis polkovnik-leytenantı Vəli Abbasov: "Rayon Polis İdarəsinin
Veteranlar Şurasının sədri, polis veteranı Paşa Kərimovun
85 illik yubilieyidir", - deyəndə bir anlıq xəyalən
5 il öncəyə qayıtmışdım. İllərin
belə tez keçdiyinə ürəyimdə heyfislənmişdim,
axı mənim də yaşımın üstünə
beş il gəlmişdi. Amma illər keçsə də,
xatirələr hər zaman diri qalır, yaddaşa hopur,
xatırlanır. Hətta bir şəkil belə
könlümüzdə xoş xatirələr oyadır.
Belədir insan ömrü, su kimi gözlərimizin
önündən axıb gedir...
Hamı sevinirdi. Tort gətirən kim, gül gətirən
kim. Mənə elə gəldi ki, bu gənclər yaşı
əsri haqlayan, qocaman həmkarımızın bu gün də
onlarla birlikdə xidmət etməsinin sevincini
yaşayırlar. Axı, bu insanlar xəzinədirlər, həm
də insan sərrafıdırlar.
Və barmaqla sayılacaq qədərdirlər...
Tədbir rəisin kabinetində keçirildi.
"Bu gün təkcə Nərimanov Rayon Polis İdarəsinin
yox, rayonumuzun, eləcə də daxili işlər
orqanlarının həyatında əlamətdar günlərdən
biridir. Ömrünün böyük hissəsini Daxili
İşlər orqanlarına həsr etmiş, üzərinə
düşən vəzifələrin öhdəsindən həm
bir polis əməkdaşı, həm də vətəndaş
kimi layiqincə gəlməyə çalışmış
Paşa müəllimin 85 yaşı tamam olur. Yüzü
haqlamağa sayılı illər qalır. Bu ötən illəri
mənalı yaşamaq hər kəsə nəsib olmur.
Paşa müəllim sanki heç yorulmayıb. O, səhər
tezdən işə gəlir, bir də axşam düşəndə
gedir. Bu yaşda böyük bir
sevgi ilə işə gəlməsi və yorulmadan
çalışması onu deyir ki, qəlbində həyat
sevgisi hələ qaynayır. Mən onu bizim gənclərimizə
misal çəkirəm, ondan öyrənməyi, nizam-intizama
məhz onun kimi riayət etməyi tövsiyə edirəm",
- deyərək tədbiri bu sözlərlə açan idarə
rəisi, polis polkovniki Nəriman İmanov yeri gəlmişkən,
ötən dövr ərzində cinayətkarlıqla
mübarizədə, gənclərin vətənpərvərlik
hisslərinin aşılanmasında, zərərli vərdişlərə,
erkən nikahlara və dini radikalizmlə mübarizəyə
qarşı məktəblərdə, müxtəlif əmək
kollektivlərində keçirilən görüşlərdə
veteranların dəstəyini, onların rolunu xüsusi
vurğuladı.
Tədbirdə iştirak edən Rayon İcra
Hakimiyyətinin nümayəndəsi Hüsü Nuriyev xüsusilə
də polis veteranlarının ictimaiyyət arasında
böyük nüfuz sahibi olduqlarını dedi. Bildirdi ki,
polis veteranlarının yaşadıqları ərazidə
xoşagəlməz hallara az rast gəlinir. Rayonda keçirilən
tədbirlərdə onların öndə olması da diqqətdən
yayınmır. Odur ki, Nərimanov rayonunun ictimai-siyasi həyatında
fəal iştirakına, gənc polis əməkdaşlarına
peşə sirlərinin aşılanmasına kömək
göstərdiyinə, yetkinlik yaşına çatmayanlar və
gənclər arasında narkomanlığın
qarşısının alınması ilə yanaşı,
onların zərərli vərdişlərdən
yayındırılması yönündə səmərəli
fəaliyyətinə görə və anadan olmasının
85 illik yubileyi münasibətilə
hörmətli veteranımız Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev tərəfindən
Fəxri fərmanla təltif edilib.
Sonra Fəxri fərman yubilyara təqdim olundu.
Yubilyara söz veriləndə isə o, böyük Məmməd Arazın bu sözləri ilə çıxışına başladı.
Hələ ömrümüzün nə yazı olub,
Hələ bu dünyada nə yaşamışıq.
Bizim payımıza çatası olub,
Təsəlli bir qaşıq, ümid bir qaşıq.
Demə ki, ömrümüz keçdi yarıdan,
Biz yenə ümidli günlər yarıyıq.
Biz ki, gələcəyə inam sarıdan,
Dünyanın ən varlı adamlarıyıq...
Hamı bu misralardan, dediyi:
"Nizamlı-intizamlı gənclər, evdə də nəvələrim
mənim "validol"umdurlar", - sözlərindən
sonra əl çaldı.
Tədbirə yekun vuran rəis, polis polkovniki Nəriman
İmanov Daxili İşlər orqanlarının
qarşısında duran vəzifələrin yerinə yetirilməsində,
hüquqi biliklərin təbliğində, cinayətlərin
açılmasında, profilaktikasında, təhlükəsizliyin
təminində veteranların təcrübəsindən,
ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra
da yararlanacaqlarına inamını ifadə etdi.
O, həmkarlarının aldığı qiymətli
hədiyyəni və gül dəstəsini yubilyara verərək
ona ürəyi istədiyi qədər sağlam ömür
arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
Və bir də bilməyənlər
üçün: Paşa Kərimov 1933-cü ildə
Bakıda doğulub. Orta məktəbi qızıl medalla
bitirdikdən sonra Politexnik Texnikumuna qəbul olunub. 1957-ci ildə
daxili işlər orqanlarında xidmətə başlayıb.
1964-cü ildə Politexnik İnstitunu fərqlənmə
diplomu ilə bitirib. İşlədiyi müddət ərzində
20 DYP postunun, 16 rayonda uşaq şəhərciyinin,
BDYPİ-nin inzibati binasının tikintisinin həyata
keçirilməsində zəhmət çəkib. 1995-ci ildə
polis polkovniki kimi təqaüdə çıxıb. Dörd
övladı, altı nəvəsi, bir nəticəsi var...
525-ci qəzet 2018.-16 oktyabr.- S.8.