Bakı Kitab Mərkəzində
Nərgiz Cəlilova ovqatı
Rəvan CAVİD
Elə səslər var ki, illər sonra eşidəndə
arxasınca gətirdiyi böyük bir xatirə selini
qolundakı saatın əqrəbləri bənd olub saxlaya
bilmir. Olursan on bir-on iki yaşında. Televiziya
qarşısında oturub "Pəncərə"
verilişinə baxırsan.
Səsini, nitqini sevdiyimiz məşhur
teleaparıcı Nərgiz Cəlilova ötən həftəsonu
Bakı Kitab Mərkəzinin (Baku Book Center) qonağı oldu.
Elə bil, ənənəvi tərzdə öz verilişindən
tamaşaçıları salamlayırdı. Gülərüz,
sərbəst, enerjili, həmişəki kimi sadə geyimdə
və bənzərsiz səs tonu, təkrarsız nitqi ilə.
Bir sözlə, Bakı Kitab Mərkəzində əsl Nərgiz
Cəlilova ovqatı yaranmışdı.
Görüş Günel Anarqızının
giriş sözüylə başlandı. Dilimizin
saflığından və təmizliyindən danışmaq
üçün auditoriyanı və Nərgiz Cəlilovanı
salamladı.
Söhbətə kitab mərkəzinin işlərindən,
faydasından, kitabdan, mütaliədən danışmaqla
başlayan Nərgiz Cəlilova müasir dövrdə daha
çox ədəbiyyata ehtiyacımızın olduğunu,
vaxtımızı mütləq kitabla keçirməyimizin
vacibliyini qeyd etdi.
Sual-cavab formatında keçən tədbirə
kitablar da qulaq asırdı - sakit, əl çalmadan...
Gələn gənclərdən birinin televiziya
proqramlarındakı neqativ görüntülərdən və
qeyri-ciddi jurnalistlər haqqında sualına otuz beş illik
televiziya təcrübəsi olan Nərgiz Cəlilova kanallarda
ciddi bədii-publisistik verilişlərin, icmalların
olduğunu və bu verilişlərin izləmə
alışqanlığı tələb etdiyini, bu
alışqanlığı indi bir qədər unutduğumuzu
vurğuladı. Öz həmkarları haqqında ehtiyatla
danışan aparıcı hərdən özü də bunu
etiraf edirdi. Mənsə nitqindən, səsindən sonra indi onun
təvazökarlığına da sevinirdim.
Bundan başqa, mərkəzin qonağı
ekranda müzakirə proqramlarının azlığı,
gündəmi əks etdirən informasiya
buraxılışlarının kifayət qədər
olmadığı, tamaşaçıların bu proqramlara
marağının səthiliyi haqqında təəssüflə
danışdı.
"Televiziya verilişinin uğursuz
olmasında çox vaxt aparıcıları qınayırlar.
Ancaq bilmək lazımdır ki, televiziya verilişi komanda
işidir. Burada təkcə aparıcı yox, kamera
arxasında layihə rəhbəri, redaktor və digərləri
də olur".
Nərgiz Cəlilova gənc teleaparıcıların
ulduz xəstəliyindən də söz açdı.
"Hər kəs star olmaq istəyir. Əlbəttə, ola bilərlər. Lakin bunun üçün əziyyət çəkməli, televiziyanın normalarına riayət etməlisiniz. Mən bu gün də efirə məsuliyyətlə yanaşıram. Hələ də o ilk həyəcanı keçirirəm..."
Tanınmış teleaparıcı Ceyhun
Əli də görüşə qoşulmuşdu. Hərdən
arxaya çevrilir və insanların Nərgiz Cəlilovaya necə
maraqla qulaq asdığını izləyirdim. Kitab alan oxucular
bu gözəl nitqə ram olub, Mərkəzdə bir az da
qalmağa qərarı verirdilər.
Daha bir maraqlı sual "c" və
"ç" səsləri ilə bağlı idi. Bu dəfə
Ceyhun Əliylə bərabər gözəl bir izah verən Nərgiz
xanım, xüsusən də, diktorların bu
yanlışının üzücü olduğunu dedi.
"Dialekt ifadələrlə, ləhcəylə danışanlar
efir üçün uğurlu deyil!"
Mətnin əzbər öyrənilməsinə
qarşı olduğunu söyləyən aparıcı öz
səsindən zövq almağı bacaran diktorların daha
uğurlu fəaliyyətinin olduğunu dedi.
Reytinqli verilişlərin bəzən qeyri-ciddi
atmosfer yaradan proqramlar olduğunu, bununla da ciddi proqramların
kölgədə qaldığını dəfələrlə
vurğulayan Nərgiz Cəlilova özəl telekanallarda bu barədə
iş aparılmasının vacibliyini önə çəkdi.
Qısa və konkret bir sual səsləndi:
- Yaradıcı nitqi necə inkişaf etdirmək
olar?
Və eyni konkretlikdə cavab:
- Kitab oxumaqla. Gündəlik mütaliə ilə.
Teleaparıcının kitab sevgisi onu mənə
bir az da doğmalaşdırırdı. Hər fürsətdə
Bakı Kitab Mərkəzinin yaradılmasına sevindiyini, gənclər
üçün vacibliyini dilə gətirirdi.
Ceyhun Əli öz həmkarından televiziyada
geyim məsələsini soruşdu. Nərgiz Cəlilova bu
problemin onu narahat etdiyini söylədi.
"Bədii-publisistik verilişlə səhnəni
qarışdırmaq olmaz. Ən adi geyim də belə, bu,
özünü göstərməlidir. Dünyada bununla məşğul
olan stilistlər var. Ciddi informasiya proqramına
tamaşaçı kilidlənməlidir. Mən həmkarlarımın
xətrinə dəymək istəmirəm. Özüm də
hələ öyrənirəm, amma təcrübəmdən
istifadə edib demək istəyirəm ki, telekanallarda bu barədə
işlər bir qədər zəifdir. Sadəlik bəsitliyə
çevrilməməlidir!"
Dil və yazının inteqrasiyası
haqqında biliklərini bölüşən Nərgiz
xanım yazılı düşünməyin faydalarından
da danışdı.
Görüşün sonuna yaxın Günel
Anarqızı və Nərgiz Cəlilova məktəblərdə
Azərbaycan dilinin tədrisindən, valideynlərin bu dilə
xüsusi maraq göstərməyinin zəruriliyindən
söz açdılar. Hər bir azərbaycanlının ana
dilimizə sevgiylə, hörmətlə
yanaşmasının mütləq şərt olması qeyd
edildi.
Doxsan dəqiqəlik görüşdə Nərgiz
Cəlilova öz izləyiciləri ilə səmimi, isti bir
ortam yaratmışdı. Hər kəs çəkinmədən,
həyəcanlanmadan suallarını verirdi, hərdən Nərgiz
xanımın incə yumoruna tuş gəlirdilər, bu isə
söhbətin səmimiliyini daha da artırırdı.
525-ci qəzet 2018.-16 oktyabr.- S.7.