Bir teleserial haqqında
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
Televiziya kanalarından birində adı mənim pyesimlə eyni olan “Təhminə və Zaur” serialı nümayiş etdirilir.
Bununla bağlı mənə çoxlu suallar
verirlər, münasibətimi bilmək istəyirlər. Xeyli
müddət bundan əvvəl bir neçə gənc
yanıma gəldi və mənim əsərim əsasında
serial çəkmək niyyətində olduqdarını
bildirərək razılığımı almaq istədilər.
Mən əvvəlcə bu mövzuda pyesimin bir çox
teatrlarımızda da, İstanbulda da uğurla tamaşaya
qoyulduğunu, romanın dəfələrlə böyük
tirajlarla Bakıda və bir sıra xarici ölkələrdə
nəşr olunduğunu və nəhayət, mərhum
rejissorumuz Rasim Ocaqovun bu mövzuda dəyərli bədii film
çəkdiyini nəzərlərinə çatdıraraq,
bir daha bu mövzuya müraciət etməyi məsləhət
bilmədim.
Buna baxmayaraq cavanlar çox israr etdikləri
üçün: “Yalnız ssenariylə tanış olandan
sonra razı olub-olmadığımı bildirərəm” –
dedim.
Ssenarini (əgər o doğrudan da vardırsa) mənə göstərmədilər. Bir müddət sonra eşitdim ki, hazır filmi TV kanalı nümayiş etdirir. Bir seriyasına baxdım və bu mənə bəs elədi. Tam məsuliyyətlə bəyan edirəm ki, bu serialın mənə, mənim əsərimə heç bir dəxli yoxdur. Serialın adı, dediyim kimi, pyesimdən alınıbdırsa da, pesonajlar romanın qəhrəmanlarının adlarını daşıyırlarsa da, bu serialda tamamilə başqa hadisələr cərəyan edir, tamam başqa süjet qurulub (əgər buna süjet demək olarsa), xarakterlər bambaşqadır, mənim obrazlarıma qardaş-bacılar, qohum-əqraba uydurublar, bir sözlə, təlqin olunan fikirlər, ideya, məzmun, davranış və danışıq tərzi mənim mətnlərimdən yer-göy qədər fərqlidirlər. Odur ki, bir daha təkrar etməyə məcburam, “Təhminə və Zaur” adıyla teleekrana çıxarılanların çırpışdırılmış adlardan başqa mənim əsərimə heç bir aidiyyatı yoxdur. Bu əsəri, məsələn, “Tahir və Zöhrə” də adlandırmaq olardı.
Bəzi tanışlarım məsləhət
görürdülər ki, müəllifləri bu pirat hərəkətlərinə
görə məkəməyə verim. Razı olmadım, bunu
etsəydim, dolayı yolla bu əsərin nə şəkildəsə
mənə aid olduğunu etiraf etmiş olardım.
Filmin bədii səviyyəsinə gəlincə,
yalnız bir seriyasına baxmaqla özgələrin işinə
qiymət vermək istəmirəm. Serialın başqa
bölümlərinə baxmamışam və baxmağa da nə
niyyətim, nə həvəsim var.
12 oktyabr 2018
525-ci qəzet 2018.-16 oktyabr.- S.7.