Professor Nərgiz Paşayeva
Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin
daimi üzvlüyünə qəbul edildi
AZƏRBAYCANI VƏ QAFQAZI ÖYRƏNƏN BRİTANİYA FONDUNUN ADI OKSFORDUN ŞƏRƏF TARİXİNƏ - KLARENDON ARKASINA HƏKK OLUNDU
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin (www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli sürətdə qəbul edilib.
Oksford Universitetinin Kansleri Lord Patten Barnesin dəvət
məktubu ilə oktyabrın 11-də Professor Nərgiz
Paşayeva Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci
illik xüsusi Mərasimində həmin şərəfli
titulu qəbul etmək üçün iştirak etdi. Bununla
yanaşı, diqqətləri çəkən və Oksford
universiteti tarixinə yazılan bir qərarın seremonial
icrası da baş tutdu. Belə ki, Oksford universiteti rəhbərliyinin
və Elmi Şurasının qərarı ilə Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun adı
Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü
kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və
nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid
Klarendon binasının Arkasında
(www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html), Xatirə
Lövhəsinə həkk olundu.
Oksford Universitetinin dəyər verdiyi tərəfdaşlarını daimi tanıtdırmaq ənənəsi var. Bu tarixi ənənəyə əsasən, XIV əsrdən başlayaraq universitetin birinci dərəcəli binası, onun qəlbi sayılan tarixi əhəmiyyətli məşhur Bodleyn Kitabxanasının (www.bodleian.ox.ac.uk) girişində yerləşən Klarendon arkasında (www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) universitetin ən alicənab xeyriyyəçilərinin və dünyada tanınmış insanların adları həkk edilir. Bu tarixi bina 1711-1715-ci illərdə Nicholas Hawksmoor tərəfindən tikilib. Bina ilk vaxtlar Oksford Universitetinin Mətbuat evi üçün nəzərdə tutulmuşdu. İndi burada Bodleyn kitabxanasının bir hissəsi yerləşir. Klarendon binasının adı İngiltərədə qeydə alınmış tarixi binaların siyahısında ilk sıralardadır. Binanın bir hissəsi Lord Klarendon tərəfindən maliyyələşdirildiyi üçün onun şərəfinə adlandırılıb. İndiyədək Klarendon arkasında Universitetin ən görkəmli xeyriyyəçilərinin adları həkk edilib. Burada Oksford və dünya tarixində ən tanınmış şəxslərin - Ser Tomas Bodley, Ülyahəzrət Kraliça I Elizabeth, John Radcliff, William Camden, I Kral Charles, Elias Ashmole, I Kral George, George Aldrich, Joseph Boden, Anne Kennicott, Ser Robert Taylor, John Hall, Charlotte Sutherland, John Ruskin, Rebecca Flower Squire, Christopher Welch, Henry Wilde, The Rhodes Trust, The Rockefeller Fondu, Sir Arthur John Evans, The Ford Fondu, The Bernard Sunley Xeyriyyə Fondu, Institute of Transport, Action Research, Cancer Research Campaign, Fereydoun Soudavar, British Petroleum kimi şirkətlərin adları qeyd olunub. Müasir dövrə aid olan Weston Ailəsi, Professor Richard Diebold Jr., Ser Ronald Cohen, Leonard Blavatnik kimi məşhurlar da daxil olmaqla 230 nəfər görkəmli alim, ictimai xadim və nüfuzlu təşkilatların adları xatirə lövhəsinə əbədi olaraq yazılıb. 11 oktyabr 2018-ci ildən etibarən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı da dünyada tanınmış məşhurlarla yanaşı Oksford Universitetinin Klarendon Arkasına həkk edildi.
Qürurla qeyd olunmalıdır ki, Oksford Universitetində xüsusi xidmətləri olan şəxslər arasında ilk dəfə azərbaycanlı alim, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin (www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) yaranmasının təşəbbüskarı və rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsində rəsmən daimi təmsil olundu. Beləliklə, həmyerlimiz prof. N. Paşayeva son reytinqə görə dünyanın birinci ali məktəbi sayılan Oksford Universitetinin tarixində xüsusi xidmətləri olan alimlərdən, ictimai xadimlərdən və nüfüzlu təşkilatlardan ibarət Kanslerin Xeyriyyəçilər Komitəsinə üzvlüyə qəbul edilən və Universitetin xüsusi mantiya və qızılı ipli baş geyim dəsti ilə təltif edilən ilk azərbaycanlı oldu. Universitet tarixində xüsusi xidmətləri olan alimlərə verilən bu şərəf prof. N. Paşayevanın əməyinə və onun təşəbbüsü ilə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə verilən dəyərli qiymətin göstəricisidir. Protokola və ənənəyə uyğun Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilən şəxslər Komitənin digər üzvlərindən qızılı sapla bəzədilmiş xüsusi geyimi ilə seçilirlər. Bununla da həmin üzvlərin Oksfordun akademik sahələrinə uzunmüddətli və çoxsahəli töhfə vermələri Oksford Universiteti tərəfindən böyük ehtiramla qəbul və qeyd olunur.
Xeyriyyəçilər Komitəsinin ənənəvi
illik toplantısı Oksford Universitetinin ən görkəmli və
sadiq dostlarını bir araya gətirir. Tədbirdə komitəyə
yeni üzvlərin qəbul edilməsi və bir sıra
mühüm elmi-tədqiqat işlərinin təqdimatı
keçirilir. Həmin gün, ən nüfuzlu alimlərin,
xeyriyyəçilərin və təşkilatların
adları əvvəl bildirdiyimiz kimi başqalarından
seçilərək xatirə lövhəsində həkk
edilir. Həmçinin, aktual məsələlərlə əlaqədar
tanınmış alimlərin təqdimatları dinlənilir,
universitet rəhbərliyi ilə müzakirələr
aparılır. Rəsmi mərasimdən sonra universitetin yeni tədqiqat
mərkəzlərinin bir hissəsinə baxış da
keçirilir.
Ənənəyə uyğun bu il tarixi Divinity
School (İlahiyyat Fakültəsi) binasında xüsusi mərasim
keçirilib. Dünya miqyaslı alim və ziyalılarla
yanaşı, professor Nərgiz Paşayevaya Oksford Universitetinin
tarixində xidməti olan alim kimi mantiya və
qızılı ipli baş geyim dəsti təqdim edilib. Sonra Kanslerin xeyriyyəçilər
Komitəsinin üzvləri və digər mərasim
iştirakçıları Oksford Universitetinin Kansleri Lord
Patten Barneslə görüşüb, xatirə şəkilləri
çəkdiriblər.
Kanslerin Xeyriyyəçilər Komitəsinin
28-ci illik toplantısı hələ XVI əsrdə Britaniya
Parlamentinin toplaşdığı məşhur Konvokeyşn
binasında (Convocation House) keçirilib. Tədbirin əvvəlində
komitəyə yeni üzvlərin qəbul edilməsi mərasimi
baş tutub. Oksford Universitetinin ənənələrinə
uyğun olaraq, komitənin yeni və mövcud üzvləri
prosedura uyğun sıra ilə Vren Qapısı (Wren Door) və
Kansler Komitəsindən keçərək İlahiyyat
fakültəsindən Convocation binasına təntənəli
surətdə daxil olublar.
Sıranın başında mərasimin Marşalı, mərasimin
aparıcısı, Kansler Lord Patten Barnesin, daha sonra baş
proktor, kiçik proktor, vitse-kansler, iclas
iştirakçısı, proktorların katibi, ardınca
mövcud Komitə üzvləri: Dr Chung Hon Dak, Mr Peter Levine,
Dr Kotaro On, Sir Howard Stringer, Dr Robert Easton, Professor Raymond Dwek,
Lady Marina Marks, Dame Theresa Sackler, Mr Bernard Taylor, Professor Chas
Bountra qədim mərasim zalına daxil olublar.
Mərasimin ardıcıllığına
görə Kanslerin Xeyriyyəçilər Komitəsinin
mövcud üzvlərinin ardınca professor Nərgiz
Paşayeva ilə yanaşı, digər yeni üzvlər təltif
olunma və yüksək
kürsü zalına daxil olublar. Onların arasında Əlahəzrət
Sultan Nazrin Muizuddin Şah, Sir Peter Luff, Sir Martin Smith və Ledi
Smith var. Qeyd edək ki, bu il yalnız üç adın təqdim
olunan siyahıdan Klarendon Arkasında əbədi olaraq
yazılması Oksford Universitetinin Ali Şurası tərəfindən
təsdiq edilmişdir, bunlardan biri də professor Nərgiz
Paşayevanın Qəyyumlar Şurasına sədrlik etdiyi Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondudur.
Universitetin Ali yığıncağının
təntənəli proseduru zamanı Mərasimin protokoluna
uyğun ictimai Oratoru yüksək tribunadan qeyd edib ki, Kanslerin
Xeyriyyəçilər Komitəsində Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondu professor Nərgiz
Paşayeva tərəfindən təmsil olunur. Xüsusı
Orator aşağıdakı sözləri Ali
yığıncağa bəyan edərək deyib: "Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun dəstəyi
ilə Azərbaycanın,
Qafqazın və Orta Asiyanın tarixi, dilləri və mədəniyyətlərinin
öyrənilməsi üçün Oksfordda Mərkəz
açıldı.
Fondun dəstəyi sayəsində üç
fəlsəfə doktoru (DPhil) təqaüdünün
ayrılması imkanı yaranacaq, eləcə də tədqiqatçı
alimlərə, müxtəlif tədbirlərin
proqramlarına, həmçinin, idarəetmə məsələlərinə
dəstək verəcəkdir. Fond həmçinin Orta Şərq
və İslam Kolleksiyaları üzrə kitabxanaçı vəzifəsi
və Oksford Universitetinin
Türk Dilləri Bölməsində Azərbaycanın rəsmi
dili olan Azərbaycan dili ilə tanış olmaq və dili
öyrənmək istəyən tələbələr
üçün təlimatçı vəzifəsinin
yaradılmasına dəstək verib.
Britaniya Fondunun dəstəyi Bodleyn
kitabxanasına tələbə və tədqiqatçılar
üçün oxu otağı açılması ilə
yanaşı, bölgənin nadir və əhəmiyyətli
materialları ilə öz kitab fondlarını
artırmağa imkan verəcəkdir. 12-ci əsrin şairi
Nizaminin adını daşıyan Mərkəzin
yaradılması 2013-cü ildə başlamış Nizami Gəncəvi
Proqramının 5 illik uğurlu tədqiqat fəaliyyətinin
nəticəsidir.
Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu Azərbaycana və geniş Qafqaz regionuna aid təhsil və mədəni layihələri dəstəkləmək üçün yaradılıb. Fondu Kanslerin Xeyriyyəçilər Komitəsində Fondun Qəyyumlar Şurasının sədri, professor Nərgiz Paşayeva təmsil edir. Nizami Gəncəvi Mərkəzinin yaradılmasının təşəbbüskarı olan professor Paşayeva MDU-nun Bakı Filialının rektoru və MDU-nun fəxri Professorudur".
Bundan sonra Oksford Universitetinin Kansleri Lord Patten Barnes böyük toplantıya Professor Nərgiz Paşayevanın universitetin yaxın dostu və mötəbər akademik tərəfdaşı kimi tanındığını bildirib və Kanslerin Xeyriyyəçilər Komitəsinə daimi üzv kimi qəbul etdildiyini bəyan edib: "Siz indi mənə universitetin mötəbər dostu və tərəfdaşı kimi təqdim edildiniz. Sizi Fəxri üzv kimi Xeyriyyəçilər Komitəmə qəbul edirəm və Sizin bu alicənablığınızı sevinclə qəbul edərək Klarendon Arkasının altındakı tabloda adınızın yazılmasını bəyan edirik". Bunları 2018 ci ilin 11 oktyabrında dünyanın birinci universitetinin ən yüksək tribunasından Oksford Universitetinin Kansleri Lord Patten Barnes deyib. Bundan sonra Lord Patten Barnes Professor Nərgiz Paşayevaya bu sözləri təsdiq edən özünün imzaladığı ənənəvi qədim dildə yazılmış rəsmi sənədləri xüsusi bağlamalarda təqdim etdi.
Daha sonra Komitəyə yeni üzv seçilən
digər şəxslərin də təqdimatı
keçirilib. Qeyd edək ki, Kanslerin Xeyriyyəçilər
Komitəsinin yeni üzvləri arasında dünya
miqyasında tanınmış ictimai xadimlər və
ziyalılar var. Yeni üzvlərdən Sultan Nazrin Muizuddin
Şah 2014-cü ildən Malayziya
Sultanlığı Perak Sultanı və Malayziya Ali
Qubernatorunun müavinidir. O, təhsilini
Oksford Universitetində alıb, Harvard Universitetinin iqtisadiyyat
fakültəsinin magistratura və
Doktoranturasını bitirib. Cənub-Şərqi və
Şimal-Şərqi Asiyada
iqtisadi və siyasi inkişafa dair bir çox elmi məqalələrin
və kitabların müəllifidir. Malayziya Universitetinin
Kansleri, Malayziya Universitetinin Elmi Şurasının sədri və
Malayziyanın Müasir Dillər Assosiasiyasının rəhbəridir.
Bu il Kanslerin
Xeyriyyəçilər Komitəsinin üzvlüyünə
seçilən Sir Peter Luff isə 2015-ci ildən Böyük
Britaniya Milli İrs Memorial Fondu və Miras Lotereya Fondu sədridir.
O, həmçinin, Böyük Britaniyanın aviasiya sistemləri,
milli təhlükəsizlik, rabitə və elektron sistemləri
üzrə baş məsləhətçisidir. Sir Peter Luff
23 il müddətində Vorçesterdən seçilən
parlament üzvü kimi fəaliyyət göstərib. O, həmçinin,
Britaniyanın Avadanlıq və Texnologiya üzrə Müdafiə
Naziri olub. Britaniyanın İctimaiyyətlə Əlaqələr
İnstitutunun fəxri üzvüdür. Kral İncəsənət
Cəmiyyətinin üzvü olan Sir Peter Luff 2014-cü ildə ictimai siyasi xidmətinə
görə cəngavər tituluna layiq görülüb. Bir
daha qeyd edək ki, yalnız Əlahəzrət Sultan Nazrin
Muizuddin Şah, Sir Peter Luff və professor Nərgiz
Paşayevanın Qəyyumlar Şurasına sədrlik etdiyi Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun adları
Klarendon Arkasında əbədi olaraq həkk edilmişdir.
Komitənin yeni üzvləri sırasında
Ser Martin və Lady Elise Smith ailəsi də var. Sir Martin Smith
1964-cü ildə Oksford Universitetində fizika sahəsində
təhsil alıb, sonra sənaye ixtisası üzrə
Kaliforniyada Stanford Universitetini bitirib. O, "Phoenix
Securities" şirkətinin təsisçisi və baş tərəfdaşı, Avropa İnvestisiya Bankının sədri,
həmçinin səhiyyə xidmətləri göstərən
"Worldwide Healthcare Trust" şirkətinin sədri və
"Oxford Capital Partners" təşkilatının direktoru
olub. O, həyat yoldaşı ilə birgə Oksford
Universitetində "Smith School Enterprise and Environment" Məktəbini
yaratmışdır. Sir Martin Smith 2013-cü ildə sənət,
təhsil və elm sahələrində xidmətlərinə
görə Şöhrət rütbəsi alıb.
Beləliklə, yeni təsdiq edilmiş üzvlərin ardınca digər qəbul edilmiş üzvlər də zala daxil oldular. Bunların arasında Mr Mohamed Amersi, Mrs Emma Marcegaglia, Mr Duncan Greenland və Mrs Barbara Greenland, Lord Livingston of Parkhead, Mr Bruns Grayson, Mr David Norwood və digərləri var idi.
Təntənəli mərasim başa çatdıqdan sonra illik toplantının növbəti mərhələsi - Klarendon arkasında Xatirə Lövhəsinin təqdimatı keçirildi. Bu mərasim Oksfordun məhşur tarixi əhəmiyyətli binalarından sayılan Klarendonda (www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) baş tutdu.
Mərasim tənətənəli sürətdə eyni sıralamada məşhur tarixi Konvocation zalına, Kansler Komitəsindən İlahiyyat fakültəsinin (Divinity School) (www.theology.ox.ac.uk) binası istiqamətində təntənəli yürüşlə başa çatıb.
Fasilədən sonra illik toplantı
"Oksfordun Dəyişən Dünyaya Münasibəti"
mövzusunda sessiya ilə davam edib. Sessiyada
açılış nitqi ilə çıxış edən
Oksford Universitetinin kansleri Lord Patten Barnes komitə üzvlərini
Universitetin gələcəyi ilə bağlı geniş
müzakirələrdə iştirak etməyə, qlobal
narahatlıq doğuran sahələrə dair fikirlərini
bölüşməyə çağırıb. O, Oksfordun
dünyanın ümumi rifahı naminə öyrətmə və
maarifləndirmə kimi tarixi missiyasını davam etdirməyinə
kömək edən hər bir kəsə minnətdarlığını
ifadə edib. Kanslerin açılış nitqi və
vitse-kanslerin müraciətindən sonra universitetin
qarşısında duran ən vacib
məsələlər haqqında müzakirələr
aparılıb. Vitse-kansler Professor Louise Richardson Oksforddakı
yeniliklər haqqında məlumat verib. Yekunda Kansler və
vitse-kansler iştirakçıların suallarını
cavablandırıblar.
İllik toplantı çərçivəsində
Blavatnik İdarəçilik Fakültəsi və Beecroft
binasında müxtəlif mövzularda təqdimatlar
keçirilib. "İpək Yolları" bestsellerinin
müəllifi, Professor Peter Frankopan "Gələcəyin
tarixi" mövzusunda təqdimatla çıxış edib.
O, keçmişə baxışların dəyişdiyi və
bunun XXI əsrdə vacibliyi haqda danışıb.
"Tuberkulyoz və yaxud qeyri-tuberkulyoz: cavab
axtarışında" mövzusunda çıxış edən
Professor Helen McShane vərəmin hələ fironların
vaxtında yaranması, ancaq indi daha çox yoxsulluq xəstəliyi
kimi tanınması və bu yayılan patogeni aradan
qaldırmağın yolları haqqında müzakirə
açıb.
Toplantıda maraqla qarşılanan təqdimatlardan
biri də "Young Lives" araşdırma proqramının
direktoru, Professor Jo Boydenin "Qlobal məqsədlər
dünyanın ən kasıb uşaqlarına xidmət
edirmi?" mövzusundakı araşdırması oldu. Bu
proqram çərçivəsində 12 min uşaq
arasında uzunmüddətli tədqiqat aparılıb. Nəticədə
uşaqlar arasında yoxsulluq və gender bərabərsizliyini
aradan qaldırmaq, bütün uşaqların keyfiyyətli təhsillə
təmin edilməsi naminə beynəlxalq səylərin nailiyyətləri
və uğursuzluqları təqdim olunub.
"Beecroft binasının pərdə
arxası" adlı təqdimatda isə Professor İan Shipsey
və professor John Wheater Kanslerin Xeyriyyəçilər Komitəsinin
üzvlərini Oksfordun innovativ Beecroft binasına özəl
tura dəvət ediblər. Onlar Oksford Universitetinin fizika sahəsində
qabaqcıl tədqiqatları ilə bağlı məlumat
veriblər, kosmosdan başlayaraq, Yer kürəsinin iqlimi ilə əlaqədar vacib
sualları cavablandırıblar. Qonaqlar həmçinin,
Oksfordda dünyanın ən qiymətli əlyazmalarının
necə qorunduğunu görmək üçün Veston
Kitabxanasındakı Konservasiya Mərkəzinə
baxış keçiriblər.
Kanslerin Xeyriyyəçilər Komitəsinin
28-ci illik Mərasimi Oksford Universitetinin Rodes House
binasının Milner Holl zalında (http://conference-oxford.com/venues/conference/rhodes-house)
Kanslerin qəbulu və təntənəli Qala şam yeməyi
ilə yekunlaşıb. Qala şam yeməyində Universitetin
Kansleri Lord Patten, vitse - Kansleri professor Luiz Riçardson, Oksford universitetinin məşhur
nüfuzlu alimləri, Ali qonaqlar,
dünya üzrə tanınmış ictimai xadimlər
və ziyalılar, eləcə də Oksford universitetinin Nizami
Gəncəvi elmi Mərkəzinin Britaniya tərəfindən
rəhbəri professor Edmund Herziq və həmin Mərkəzin
Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz
Paşayeva, Britaniya Parlamentinin Lordlar Palatasının
üzvü və Azərbaycanı və Qafqazı öyrənən
Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü Lord
Malkolm Bryus, Kanslerin Xeyriyyəçilər Komitəsinin
üzvləri iştirak ediblər.
Britaniya kimi qədim tarixi ənənəsi olan
ölkədə və eləcə də qlobal elmi səviyyədə
mühüm rol oynayan mötəbər elm ocağı kimi
tanınan Oksford Universitetində 2013-cü ilə qədər,
yəni Oksford Universitetinin Nizami Gəncəvi Elmi mərkəzi
yaranana qədər Qafqazın qədim tarixi və mədəniyyəti
çox hallarda bir tərəfli əsasən erməni tarixi və
bir qədər də gürcü tarixi baxımından
öyrənilmişdir. Hələ 1965-ci ildə Oksvord
Universitetinin Şərqşünaslıq fakültəsində
erməni elmi mərkəzi yaradılmış və bu
günə kimi fəaliyyət göstərir. Təəssüflər
olsun ki, bunun müqabilində, yəni 2013-cü ilə qədər
bir dövr ərzində bununla bağlı heç bir iş
görülməmişdir. Halbuki tarixi həqiqətləri
elmi əsaslar və sübutlar üzərində qurub təqdim
edən Britaniya cəmiyyətində ilk öncə məhz
fundamental elmi ocaqlarla müştərək profesional elmi əlaqələr
birinci dərəcəli əhəmiyyətə malikdir. Bu
gün Oksford Universitetinin Nizami Gəncəvi Elmi mərkəzi
Azərbaycan kontekstini, İngiltərənin və onun cəmiyyətinin
qaydalarına uyğun olaraq layiqli səviyyədə Britaniyada
təqdim və təmsil edir. Şübhəsiz ki, bu ölkəmizin
tək beynəlxalq akademik aləmdə deyil, ümumiyyətlə
sivil və qabaqcıl dünyada imicinə və adına şərəf
və dəyər gətirən
və intellektual nəsillərin dünya elm məbədi
sayılan Oksford Universitetindən bəhrələnməsinə
imkanlar yaradan böyük hadisədir.
Xatırladaq ki, Professor Nərgiz
Paşayevanın təşəbbüsü və şəxsi
səyi ilə yaradılmış
Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildən
Oksford Universitetində fəaliyyətə başlayıb. Bu
il may ayının 23-də Elmi Mərkəzin Universitetin tərkibində
daimi mövcudluğu haqqında müqavilə imzalanıb.
İmzalanma mərasimi Oksford Universitetinin protokoluna əsasən
bu ali təhsil ocağının XVII əsrdə
yaradılmış Klarendon Kollecində keçirilmişdi.
Elm və təhsil sahəsində əsrin
Kontraktı adlandırılan bu müqaviləni Oksford
Universiteti tərəfindən ali məktəbin vitse-kansleri,
professor Luiz Riçardson və Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar
Şurasının sədri, Moskva Dövlət Universitetinin
Bakı filialının rektoru professor Nərgiz Paşayeva
imzalayıblar. Müqaviləyə əsasən, Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi
Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz
olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi daimi fəaliyyət
göstərir. İmzalanmış müqavilənin bəndlərindən
birində Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin
adının verilməsi də qeyd olunub. Klarendon Binasının Arkasında
Azərbaycanı və Qafqazı öyrənən Britaniya
Fondunun adının həkk edilməsi bu möhtəşəm
başlanğıcın uğurlu davamı kimi qiymətləndirilmişdir.
Böyük Britaniyanın görkəmli elm, mədəniyyət
və ictimaiyyət xadimlərinin iştirakı ilə Oksford
tarixində ən tanınmış adlarla birlikdə Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun adının
Oksford Universitetinin Klarendon arkasına yazılması və ilk
dəfə azərbaycanlı alimin, professor Nərgiz
Paşayevanın Oksford universitetinin Kanslerinin Xeyriyyəçilər
Komitəsinin üzvlüyünə qəbul edilməsi Azərbaycan
üçün tarixi bir gün olaraq yaddaşlarda qalacaq. Bu
böyük və şərəfli hadisə gələcəyə
ümidli baxışları, yeni nəslin istedadlarını,
yeni böyük imkanları, əlaqələri, ümümbəşəri
dəyərlərin üstünlüyünü, təntənəsini
daimi təzahür edəcək. Belə Ali lövhədə
Azərbaycanın imzası oldu və gələcək nəsillərə
qaldı!
Eləcə də, qəlbində Azərbaycan sevgisi və milli ehtirası olan hər bir kəsin əsrlərlə qürur duyacağı bir tarixə çevrildi.
525-ci qəzet 2018.-16 oktyabr.- S.4.