Mikayıl Müşfiq irsinə biblioqrafik və metodik yanaşma

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 may 2018-ci il tarixli "Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla tədbirlər planı hazırlanıb.

Milli Kitabxana da öz növbəsində mədəniyyət və elm mərkəzi olaraq elmi fəaliyyətinin mühüm istiqaməti kimi "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından biblioqrafik vəsait hazırlamış, tədqiqatçıların istifadəsinə təqdim edib.

Tərtibçiləri kitabxananın əməkdaşları Həliməxatın Manafova, Gülbahar Misirova, Günel Əfəndiyeva, elmi redaktoru kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva, nəşriyyat redaktoru şöbə müdiri Mehriban Cəfərova olan biblioqrafik vəsait ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitab "Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə başlayır. Daha sonra göstəricinin quruluşu haqqında qısa informasiyanı əks etdirən "Tərtibçidən" və Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun "Müşfiq ənənəsi yaşayır" adlı geniş məqaləsi verilib.

"Mikayıl Müşfiqin həyat və fəaliyyətinin əsas tarixləri" adlı hissədə şairin bioqrafiyasının, bədii yaradıcılığının əsas tarixləri yer alıb.

 

Biblioqrafik tərtib işində yenilik kimi "Mikayıl Müşfiq poeziyasından sətirlər" bölməsi əlavə olunmuş, burada şairin məşhur şeirlərindən misralar əks olunmuşdur.

Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, akademiklər Nizami Cəfərov, Bəkir Nəbiyev, Məmməd Arif, Xalq yazıçıları Anar, Mirzə İbrahimov, Mehdi Hüseyn, Gülhüseyn Hüseynoğlu, Xalq şairləri Nəriman Həsənzadə, Rəsul Rza, Xəlil Rza Ulutürk, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Cabir Novruz, şair, yazıçı, dramaturqlar Hüseyn Cavid, Abdulla Şaiq, yazıçı, dramaturq Sabit Rəhman, SSRİ Xalq artisti Zeynəb Xanlarova, şair, dramaturq, Əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadə, professor Cəfər Xəndan, dilçi, ədəbiyyatşünas Əkrəm Cəfər, şairin həyat yoldaşı Dilbər Axundzadə, professor Məzahir Abbasov, professor Əmirxan Xəlilov, şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi, şair, publisist Fikrət Sadıq, heykəltəraşlar Münəvvər Rzayeva və Hacıağa Nəzərov, Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndan, Mikayıl Müşfiqin araşdırıcısı Aytək Abdullayeva və digər şəxsiyyətlərin şair haqqında dəyərli fikirləri "Görkəmli şəxsiyyətlər Mikayıl Müşfiq haqqında" adlı bölmədə verilmişdir.

Biblioqrafiyanın əsas hissəsi isə Azərbaycan və rus dillərində "Əsərləri" və "Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında", digər dillərdə şairin əsərləri və haqqında, "Mikayıl Müşfiq dünya kitabxanalarında" adlı bölmələrdən, həmçinin, vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə tərtib edilmiş "Köməkçi göstəricilər"dən ibarətdir.

Vəsaitdə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir. Qeyd edək ki, bu göstərici şair haqqında ilk fundamental biblioqrafiyadır.

"Əsərləri" hissəsində şairin kitabları, kitablarda, dərsliklərdə, məcmuələrdə və dövri mətbuatda dərc edilmiş əsərləri, poemaları, şeirləri, elmi-tənqidi və publisistik məqalələri, redaktoru olduğu kitablar, tərcümələri əksini tapmışdır. Tərcümələrinə kitablar və dövri mətbuatda nəşr olunmuş tərcümələri daxil edilmişdir.

"Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında" adlı bölmədə şair haqqında kitablar, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələr, şairə həsr olunmuş şeirlər, şairin şeirlərinə yazılmış mahnıların notları, şairin sözlərinə yazılmış mahnıların mətnləri, yaradıcılığı mövzusunda yazılmış dissertasiya və avtoreferatlar əksini tapmışdır.

Daha sonra rus dilində şairin əsərləri - kitabları, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri, həyat və yaradıcılığı haqqında kitablar, Mikayıl Müşfiqin yaradıcılıq yolu, şairin poemaları mövzusunda yazılmış dissertasiya və avtoreferatların biblioqrafik təsvirləri verilmişdir.

"Digər dillərdə" bölməsində şairin şeirlərinin də yer aldığı alman, fransız, ingilis, ispan, özbək, polyak, türk, yəhudi dillərində çap olunmuş 14 kitabın təsviri verilmişdir.

"Mikayıl Müşfiq dünya kitabxanalarında" bölməsində ABŞ Konqres Kitabxanası, Belarus Milli Kitabxanası, Estoniya Milli Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Türkiyə Milli Kitabxanasında olan şairin əsərləri və haqqında 31 ədəbiyyat öz əksini tapmışdır. Bunun 10-u Azərbaycan, 21-i rus dilində olan kitablar və avtoreferatlardır.

Biblioqrafiyaya həmçinin, şairin "Filmoqrafiya"sı da əlavə olunmuşdur.

Ümumilikdə vəsaitdə 1567 adda ədəbiyyatın biblioqrafik təsvirləri yer almış, şairin Azərbaycan və rus dillərində olan kitablarının təsvirlərinə müdəricatları da əlavə edilmişdir. Azərbaycan dilində ümumilikdə 1295, rus dilində 258, alman dilində 1, fransız dilində 2, ingilis dilində 2, ispan dilində 1, özbək dilində 3, polyak dilində 1, türk dilində 2, yəhudi dilində 1 əsərin biblioqrafik məlumatları verilmişdir.

Sonda ənənəvi olaraq informasiya-axtarış aparatı tərtib edilmiş, Azərbaycan dilində əsərlərinin, tərcümələrinin və şair haqqında yazan müəlliflərin əlifba göstəricisi hazırlanmışdır. Əsərlərinin əlifba göstəricisi kitablarının, poemalarının, şeirlərinin və məqalələrinin əlifba göstəricisi şəklində qruplaşdırılmışdır.

Rus dilində əlifba göstəricisi isə əsərlərinin, şair haqqında yazan müəlliflərin və tərcüməçilərin əlifba göstəricisi şəklində bölünmüşdür.

Yardımçı aparatdan müəyyən etmək mümkündür:

Şairin "Seçilmiş əsərləri" bu günə kimi 7 dəfə çap olunmuşdur.

Şəmsəddin Abasovun tərtibatında 2 cilddə 1957 (I cild) və 1960-cı ildə (II cild) ilk dəfə çap olunmuş, 1983-cü ildə 1 kitabda Gülhüseyn Hüseynoğlunun tərtibi və redaktəsi ilə "Məktəb kitabxanası" seriyasında işıq üzü görmüşdür. 1990-cı ildə "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasında Hidayətin tərtibçiliyi ilə, 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatı" seriyasında yenidən Gülhüseyn Hüseynoğlunun tərtibi ilə təkrar nəşr kimi çap olunmuşdur. 2008-ci ildə 3 cilddə Gülhüseyn Hüseynoğlunun tərtibi, redaktəsi və ön söz müəllifliyi ilə, 2013-cü ildə isə "Xalq əmanəti" seriyasında Səlim Babullaoğlunun redaktəsi və tərtibi ilə nəfis şəkildə nəşr edilmişdir. Bundan əlavə, hələ 2005-ci ildə "Nizami" layihəsi çərçivəsində "Azərbaycan ədəbiyyatı" seriyasında CD-ROM şəklində elektron resurs olaraq buraxılmışdır.

Şairin "Əsərləri" Gülhüseyn Hüseynoğlunun tərtibi və redaktəsi ilə 1968, 1970 və  1973-cü illərdə 3 cilddə, 2004-cü ildə yenidən 3 cilddə çap olunmuşdur.

Şairin kitab şəklində ən çox çap olunmuş əsəri "Şəngül, Şüngül, Məngül" adlı uşaqlar üçün mənzum nağılıdır.

- Şairin həm öz kitablarında, həm digər antologiyalarda və ayrıca dövri mətbuatda ən çox çap olunmuş şeirləri bunlardır:

"Yenə o bağ olaydı!.." - 22 dəfə

"Küləklər", "Nə deməkdir?" - 17 dəfə

"Tap" - 15 dəfə

"Gözəllik", "28 aprel", "Könlümün dedikləri", "Oxu!", "Zəhra üçün" - 14 dəfə

"Ana", "Çağılayan", "Duyğu yarpaqları", "Həyat sevgisi", "Şeirim", "Yadıma düşdü", "Yaşa könül" - 13 dəfə

"Ay qız", "Bir lövhə", "Qafqaz", "Qoşma",  "Sənətkar", "Sənin gülüşlərin", "Təzə ev" - 12 dəfə

"Dəvət", "Eşqim", "Əllər", "Qurban olduğum", "Mənim eşqim", "Sənin gözlərin", "Şirin qız", "Telefon söhbəti", "Yalnız ağac" - 11 dəfə.

"And olsun", "At", "Bir günəş, bir baxış", "Küsmərəm", "Məhəbbət", "Şəngül, Şüngül, Məngül", "Teleqraf telləri", "Torpaq", "Yağış yağarkən", "Yeni gənc" - 10 dəfə.

Şairin dünya ədəbiyyatı nümayəndələrindən tərcümə etdiyi, ayrıca kitab kimi və dövri mətbuat səhifələrində ən çox nəşr edilmiş əsərlər bunlardır: A.S.Puşkin "Qaraçılar" - 8 dəfə, Ömər Xəyyam "Rübailər" - 7 dəfə, M.F.Axundov "A.S.Puşkinin ölümünə şərq poeması" - 6 dəfə, S.Marşakın "Huşsuza bax huşsuza", Firdovsinin "Sultan Mahmud haqqında həcv", M.Lermontovun "Şairin ölümünə", T.Şevçenkonun "Vəsiyət" - 5 dəfə.

Mikayıl Müşfiq haqqında ən çox yazan müəlliflər: G.Hüseynoğlu - 81 dəfə, R.Zəka - 19 dəfə, şairin həyat yoldaşı Dilbər Axundzadə - 16 dəfə, M.Hüseyn, R.Rza - 10 dəfə, Ş.Abbasov, M.Aslanov - 9 dəfə, M.Cabiroğlu - 8 dəfə, X.R.Ulutürk, X.Əlimirzəyev - 7 dəfə, F.Xəlilzadə, C.Xəndan, R.Kamal - 6 dəfə, T.Abbaslı, Ağasəfa, N.Cahangirova, D.Əhməd, N.Ələkbərli, Ə.Qarabağlı, S.Rüstəm, Uğur - 5 dəfə şair haqqında əsərləri ilə çap olunmuşlar.

Şairin rus dilində ən çox çap olunmuş əsərləri: "Torpaq" - 9 dəfə, "Küləklər", "Teleqraf telləri" - 8 dəfə.

Rus dilində şair haqqında ən çox yazı çap etdirmiş müəlliflər: yenə G.Hüseynoğlu - 24 dəfə, V.Qafarov - 5 dəfə, D.Axundzadə və A.Xaldeyev - 4 dəfə, N.Hacıyeva - 3 dəfə.

Şairin əsərlərini ən çox tərcümə edən müəlliflər: V.Qafarov - 6 dəfə, V.Portnov - 4 dəfə, T.Streşneva, S.Məmmədzadə, G.Hüseynoğlu, P.Antokolskiy - 3 dəfə.

Milli Kitabxana tərəfindən şairin yubileyinə həsr olunmuş növbəti nəşr Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hazırlanmış "Azərbaycan poeziyasının Mikayıl Müşfiq poeziyası" adlı metodik vəsaitdir. Vəsaitdə Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, şairin həyat və yaradıcılığının təbliği ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərə dair metodik tövsiyələr, görkəmli şəxslərin şair haqqında dəyərli fikirləri, tədbirlərin təşkili zamanı istifadə olunmaq məqsədilə tövsiyə ədəbiyyat siyahısı verilmişdir.

 "Giriş" hissəsində şairin həyat və ədəbi fəaliyyəti haqqında məlumat verilmiş, "Mikayıl Müşfiq yaradıcılığının kitabxanalarda təbliği" adlı metodik tövsiyə hissəsində isə yubiley ilə əlaqədar keçiriləcək tədbirlərin planının tutulması, ənənəvi və elektron xidmət növlərindən istifadə etməklə keçiriləcək tədbirlərin, görüləcək işlərin müəyyənləşdirilməli olduğu qeyd edilmişdir.

Tövsiyə olaraq Mikayıl Müşfiq irsinin təbliği məqsədilə MKS-lərdə ilk növbədə kitabxananın fondunda olan sənədlər əsasında "Mikayıl Müşfiq" adlı elektron məlumat bazasının hazırlanması məqsədəuyğun hesab edilmişdir. Çünki bu elektron resursların hazırlanmasında çox geniş materiallar əhatə olunur və əhəmiyyəti olduqca böyükdür. Bazada şairin əsərləri, haqqında yazılan kitablar, məqalələr, şəkillər, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, şeirlərinə yazılmış mahnılar və video çarxlar öz əksini tapmalıdır. Hər hansı MKS-ə tabe olan, ancaq imkanları məhdud olan istənilən kənd və rayon kitabxanası M.Müşfiq haqqında zəngin materiallar mənbəyi olan bu bazalardan oxuculara xidmət və kitabxanada tədbirlərin təşkili zamanı asanlıqla istifadə edə bilərlər. Eyni zamanda, bazada toplanmış dəyərli resurslar Müşfiq yaradıcılığı ilə maraqlanan ziyalılara və mütəxəssislərə, tədqiqatçılara, eləcə də geniş oxucu kütləsinə şairlə bağlı müxtəlif sənədlərlə tanış olmaqda, məkandan asılı olmayaraq onlardan rahat istifadə etməkdə yaxından köməklik edəcəkdir.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası şairin yubileyi münasibətilə "Mikayıl Müşfiq-110" adlı zəngin baza hazırlayaraq tammətnli elektron resurslarının sırasına əlavə etmişdir. "Ana səhifə", "Rəsmi sənədlər", "Həyat və yaradıcılığı", "Həyat və fəaliyyətinin əsas tarixləri", "Görkəmli şəxslər Mikayıl Müşfiq haqqında", "Əsərləri", "Sözləri Mikayıl Müşfiqdir", "Haqqında", "Mikayıl Müşfiq dünya kitabxanalarında", "Xatirəsinin əbədiləşdirilməsi", "Fotoqalereya", "Videoqalereya" bölmələrindən ibarət olan baza sayt vasitəsilə dünya oxucularının ixtiyarına verilmişdir.

Bundan başqa, metodik vəsaitdə tövsiyə kimi son zamanlar yalnız gənclər deyil, əhalinin əksər hissəsinin sosial şəbəkələrdən fəal istifadə etdiklərini nəzərə alaraq, yubiley ərəfəsində kitabxanalarda şairin yaradıcılığı haqqında daha çox oxucunu məlumatlandırmaq, hətta ucqar yerlərdə yaşayan və kitabxanaya gəlmək imkanı olmayan şəxsləri Mikayıl Müşfiq yaradıcılığı ilə yaxından tanış etmək məqsədilə virtual kitab sərgilərinin, görüntü (video fayllar, çarxlar, slaydlar), eyni zamanda, səs də nəzərə alınmaqla M.Müşfiqin doğulub boya-başa çatdığı rayon və kənd, yaşadığı ev, təhsil aldığı məktəb, ev-muzeyi haqqında məlumatların daxil edildiyi virtual ekskursiyaların təşkili də qeyd edilmişdir.

Həmçinin, məqsədi şəbəkə istifadəçilərini, geniş ictimaiyyəti Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş, bu gün də zövq alaraq dinlədiyimiz onlarla mahnı ilə ətraflı tanış etməkdən ibarət olan "Oxu tar, səni kim unudar" adlı Müşfiq gününün keçirilməsi, kitab təqdimatı, ədəbi-musiqili görüşlər, viktorinalar, ədəbi oyunlar, esselər və s. ibarət olan "Mikayıl Müşfiq 110 - Kitab həftəsi" layihəsinin, uşaq və gənc oxucular arasında görkəmli şairin zəngin irsini təbliğ etmək və onlarda mütaliəyə həvəs yaratmaqda mühüm rol oynayan "Oxudun, paylaş" layihəsinin reallaşdırılması tövsiyə olunmuşdur.

Vəsaitdə təşkil edilə biləcək bütün tədbirlərə nümunələr də göstərilmişdir.

"Mikayıl Müşfiq xatirələrdə" adlı hissədə Azərbaycan Respublikası Prezidentinin, şair-dramaturq, Əməkdar incəsənət xadimləri Abdulla Şaiq, Mir Mehdi Seyidzadə və Sabit Rəhmanın, Xalq şairi, Əməkdar incəsənət xadimi Rəsul Rzanın, Xalq şairləri Nigar Rəfibəyli və Mirvarid Dilbazinin ürək sözləri verilmiş, şair-tərcüməçi, Əməkdar incəsənət xadimi Hikmət Ziyanın, şair, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün, Xalq şairləri Hüseyn Arif və Balaş Azəroğlunun, şair Əli Kərimin, şair-dramaturq Əliağa Kürçaylının, şair-publisist Nüsrət Kəsəmənlinin Mikayıl Müşfiqə həsr etdikləri şeirləri yer almışdır.

Sonda, "Ədəbiyyat" hissəsində vəsaitin hazırlanmasında istifadə olunmuş şairin əsərləri və haqqında yazılmış əsərlərin biblioqrafik təsvirləri verilmişdir.

Aygün HACIYEVA

Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, AMEA-nın doktoru

525-ci qəzet  2018.- 16 oktyabr.- S.6.