Azərbaycanın gənc
yazarlarının əsərləri Türkiyədə...
İLESAM-ın
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 YAŞINA
TÖHFƏSİ
Son illərdə Türkiyə-Azərbaycan ədəbi
əlaqələri başda olmaqla, bütün Türk
dünyasında ədəbiyyatın, sənətin
inkişafı və təbliği ilə məşğul
olan Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri
Sənət Birliyi - İLESAM ölkəmizlə qardaş
Türkiyə arasında daha bir ədəbi körpü qurub.
Bu körpünün möhkəmlənməsi
və daha da inkişaf etməsi üçün
gördükləri əhəmiyyətli işlər heç
kimə sirr deyil. Fəaliyyətin bir nəticəsi də
dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan"
klubunda təqdim olundu. Bu, Türkiyədə çap olunan gənclərin
əsərlərindən ibarət "Azərbaycan ədəbiyyatı
antologiyası"dır.
Nəşr haqqında geniş məlumatı
İLESAM-ın rəhbəri, Azərbaycan ədəbiyyatının
dostu və təbliğçisi olan şair Mehmet Nuri Parmaksız
verdi:
"2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bizim də bu ilə töhfəmiz olsun istədik və belə bir ideya irəli sürdük ki, 100 azərbaycanlı gənc yazarın əsərlərini antologiya şəklində toplayıb Türkiyədə çap edək. Bu kitab önəmli bir ildə İLESAM-ın həmin 100 gəncə və Azərbaycan Yazıçılar Birliyinə hədiyyəsidir. Kitabda təkcə şeirlər deyil, esselər və hekayələr də toplanıb. Nəşri düzənləyən Fərid Hüseyn və Günel Şamilqızı, redaktoru Rəşad Məcid, yazıları Türkiyə türkcəsinə uyğunlaşdıran Məhəmməd Rzadır. Hər bir gəncə kitab hədiyyə ediləcək.
Bəlkə də bu 100 gəncin içərisindən
gələcəkdə Azəbaycanda, bütün türk
dünyasında tanınmış yazıçılar,
şairlər çıxacaq.
Əgər ortada bir bacarıq, istedad varsa, onu gün üzünə çıxartmaq, ona özünü təsdiqləməsi və tanıtması üçün şans vermək lazımdır. Biz də bu kitabla bunu etmək istədik.
Əsərlərin toplanmağına, başda
Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə
iş üzrə katibi Rəşad Məcid olmaqla, AYB dəstək
verdi. Amma antologiyanın Türkiyədəki çapı
İLESAM-a məxsusdur. Kitabla ilk mən tanış
olmuşam. Burada tanımadığım bir çox
yazıçı ilə qarşılaşdım, əsərlərini
oxudum".
Müsahibimiz kitabın hazırda Türkiyədə satışda olduğunu dedi: "Qısa zamanda antologiya kitabxanalara da paylanacaq və ölməz bir əsər olaraq qalacaq deyə düşünürəm.
Azərbaycanla bağlı bizim layihələrimiz
çoxdur. Bir çoxunu həyata keçirtmişik, amma yenə
də fəaliyyətimiz davam edir. Bu gün (16 oktyabr-red)
axşam Beynəlxalq Muğam Mərkəzində Türk
Dünyası şeir axşamı keçiriləcək. Bu
layihələrlə biz qardaşlığımızı,
dil, ədəbiyyat, mədəniyyət birliyimizi gücləndirməyə
çalışırıq.
Bu, bir fürsətdir. Bu fürsəti
yaxşı dəyərləndirmək lazımdır.
Yaradıcı işlə, sənətlə məşğul
olmaq heç də asan deyil. Bizim bir mərhum
yazıçımızın belə bir sözü var: "Sənətçi
olacam deyə yola çıxmaq dəri köynəyi geyinməyə
bənzəyər". Bu o deməkdir ki, yaxşı şair
ola, şeir yaza bilərsiniz. Hazırda az qala hər kəs
şeir yazır. Dünyanın hər yerində şeir
yazanlar var. Bu, milyonlarla, milyardlarla insan deməkdir. Bu qədər
insanın içərisindən fərqlənəcəm, ən
üst səviyyəyə çatacam deyə
düşünmək az qala dəlilikdir. Amma elə
olmadıqda da sənət üzə çıxmır. Buna
görə də biz 100 gənc şairin əsərlərini
bir yerə toplayaraq onların həm Türkiyədə, həm
də dünyada tanınması üçün bir fürsət
yaratdıq, adına da "Azərbaycan ədəbiyyatı
antologiyası" dedik. Təbii ki, Azərbaycan ədəbiyyatı
yüz nəfərdən ibarət deyil. Burada onun bir qismi yer
alıb. Amma yüzüncü ilə ithafən bu yüz nəfər
seçildi. Sonrakı illərdə də bizim layihələrimiz,
işlərimiz davam edəcək. Digər yazarlar da gələcək
layihələrimizdə yer alacaqlar".
M.N.Parmaksız İLESAM-ın digər
türkdilli ölkələrdəki geniş fəaliyyətindən
də söz açdı:
"Bir şeyi də vurğulayım ki, bizim fəaliyyətimiz
təkcə Azərbaycanla yekunlaşmır. Özbəkistan,
Qırğızıstan, Qazaxıstan, Türkmənistan,
Balkanlar - Türk və İslam topluluqlarında bir çox ədəbi
tədbirlərin keçirilməsində, dərgilərin
çapında İLESAM-ın maddi və mənəvi dəstəyi
vardır. Bunu çox da dilləndirmirik, amma hər zaman
yanlarındayıq, kitabların, dərgilərin
çapında və onun dünyaya yayılmasında əlimizdən
gələni edirik. Bunu ona görə edirik ki, Türk
dünyasının uzun zaman bir-birindən ayrı
düşmüş qolları bir ortaq nöqtədə birləşsin,
nəhayət, bir yumruq ola bilsin. Onlar bir yerdə birləşəndə
əsl güc ortaya çıxacaqdır.
İnsan günü gəlincə dünyanı tərk edib gedir, heç kim əbədi deyil. Amma əsərlər əbədi olaraq qalır, müəllifini də yaşadır. Bir milləti millət edən ədəbiyyatdır, sənətdir. Biz bunun da fərqindəyik. Buna görə də biz Türk dünyasındakı hər yaradıcı şəxsə faydalı olmağa çalışırıq. Bunda isə heç bir təmənna güdmürük. İstədiyimiz - Türk adının, Türk ədəbiyyatının, sənətinin dünyada layiqincə təmsil olunmasıdır. Xoşbəxtlik nə pulla, nə də uğurla ölçülər, xoşbəxtlik gələcəyə dair iz buraxmaqla, ya da gələcəkdə iz buraxacaq insanları bir yerə toplamaqla olar".
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 16 oktyabr. - S.7.