Xalq şairi Məmməd Araz Kürdəmirdə yad edildi

Oktyabrın 13-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə Poeziya günü keçirilib.

Poeziya gününün aparıcısı - Regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq Məmməd Arazın Azərbaycan ədəbiyyətındakı müstəsna yerindən, yaradıcılığının xüsusiyyətlərindən danışaraq şairin çap olunduğu ilk günlərdən bu günədək öz daimi oxucusu olan bir şair olmasından, həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olmasından bəhs edib.

Sonra rayonun Köhnəbazar kənd orta mətəbinin müəllimi, şair Yadigar Təvəkkül çıxış edərək Məmməd Arazın həyat və yaradıcılığının mühüm məqamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə rayonun ümumtəhsil müəssələrinin şagirdləri şairin əsərlərindən seçmələr səsləndiriblər. Kürdəmir rayon Mərkəzləşmiş Kitabxana Sisteminin əməkdaşı və bədii qirayətçi Ərəstun Sadıqov şairin lirik şeirlərindən səsləndirdiyi parçalar alqışlarla qarşılanıb.

Tədbirin gedişində monitorda nümayiş olunan, unudulmaz şairin həyatının mühüm məqamlarını əks etdirən videolar maraqla izlənilib.

Sonda şairin seçmə əsərlərinin səsləndirilməsində fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanı və şairin kitabları ilə mükafatlandırılıb.

ŞAHANƏ

525-ci qəzet  2018.- 16 oktyabr.- S.8.