Baba Babayevdən "Ədəbi etüdlər"

Bugünlərdə filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Baba Babayevin "Ədəbi etüdlər" adlı kitabı çap olunub.

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Bəsirə Əzizəliyeva, rəyçisi  filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlidir. Azərbaycan ictimai-siyasi, ədəbi, mədəni, elmi fikir tarixinin görkəmli simaları haqqında məqalələr toplusu olan kitabda müəllifin müxtəlif illərdə elmi konfranslardakı çıxışları, jurnal və qəzetlərdə dərc olunmuş məqalə, resenziya və yubileylərlə əlaqədar yazdığı məqalələr (kiçik düzəlişlərlə) toplanıb.

Kitab üç bölmədən ibarətdir. "Siyasi xadim dramaturgiyamız haqqında" adlı ilk bölmədə "Heydər Əliyev və Azərbaycan teatrı"ndan söz açılıb.

II bölmə "Əədbi simalar haqqında etüdlər" adlanır. Burada Mehdi Hüseyn, Rəsul Rza, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Mir Cəlal, Elçin, Anar, Zəlimxan Yaqub, Cabir Novruz, Rəşad Məcid kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan imzalardan söz açılır.

"Elm fədailərimiz" adlı bölmənin ilk məqaləsi tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevdən bəhs edən "Nurlu Sima"dır. Bölmənin II məqaləsində müəllif akademik İsa Həbibbəyli haqqında "Elmin böyük fədakarı" deyə bəhs edir. "Ayrılığın üzü dönsün" məqaləsində akademik Teymur Kərimlidən, "Həmişə axtarışda" məqaləsində isə professor Təyyar Salamoğludan danışılır.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 16 oktyabr.- S. 7.