"Öncə söz gəldi"

Sanballı tədqiqatın müəllifi yazı məsuliyyətinin çətinliyini ən çox başlanğıc üzərində yaşayır. Çünki bu məqamda oxucu diqqətini cəlb etmək, mətnin sona qədər oxunaqlıq marağını qoruyub saxlamaq istəyi dayanır. Məhz bu məqamda sözə sevgi ön plana keçir.

Dəyərli alim, professor Cahangir Məmmədlinin "Öncə söz gəldi..." (elmi redaktoru: akademik Muxtar İmanov, rəyçi: AMEA-nın müxbir üzvü Könül Bünyadzadə) kitabında müəllifin yalnız sözə sevgisi yox, bundan öndə Vətən, millət, Azərbaycan sevgisini ifadə edən məqalələr dayanır. Kitabda yer alan məqalələrin çox hissəsi Azərbaycanın fəal mətbu orqanı olan "525-ci qəzet"də çap olunmuş və janr etibarilə resenziyalar, portret oçerklərdir.

Professor Cahangir Məmmədlinin "Vətənə sevginin ölçüsüzlük ölçüsü" məqaləsi Ulu öndər Heydər Əliyevə həsr olunmuşdur. Məqalədə Ümumilli liderimiz Heydər Əliyev dünya miqyasında örnək siyasi xadim, örnək rəhbər, örnək vətənpərvər şəxsiyyət kimi səciyyələnir. Müəllif haqlı olaraq qeyd edir ki, "Heydər Əliyev polifonik məktəblərin məcmusunu yaratmış şəxsiyyətdir. Bu məktəb siyasi, ictimai istiqamətdən tutmuş, xalqa məhəbbətin və nəhayət, ev, ailə, ömür-gün yoldaşına sevginin yüksək ölçülərinə yiyələnməyi öyrədir". "Demokratik mətbuatın Heydər Əliyev konsepsiyası" məqaləsində isə Ulu öndərin Azərbaycan mətbuatının demokratikləşməsi uğrunda gördüyü işlər, jurnalistlərə göstərdiyi böyük diqqət və qayğı, medianın nəzəri konsepsiyasının zənginləşməsi naminə atdığı addımlar, xüsusilə də 1998-ci ildə Azərbaycan mətbuatında senzuranın tamam ləğv olunması ilə bağlı ayrıca Fərmanını müəllif səviyyəsində qiymətləndirir.

Cahangir Məmmədlinin diqqətindən heç vaxt sanballı elmi tədqiqat əsərləri, dərsliklər yayınmır. O, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Azərbaycanın geosiyəsəti" dərsliyini "Dərslik - hər kəs üçün" məqaləsində bütün ziyalı təbəqəsinin, dövlətçiliyə məhəbbət bəsləyən müasir ziyalı gəncliyinin və bütövlükdə, hər kəsin dərsliyi olduğunu qeyd edir. Kitabda professor Əli Həsənov və siyasi elmlər üzrə fəlsəfə doktoru Adil Vəliyevin müəllifi olduğu "Dünya ölkələrinin müasir siyasi sistemləri" əsərini ayrıca təhlilə cəlb edilir və yüksək qiymətləndirilir.

Dünya informasiya müharibəsinin geniş areal aldığı müasir dövrümüzdə Qarabağ həqiqətlərini, soyqırım faktlarını beynəlxalq miqyasda tanıtmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Məlum olduğu kimi, erməni cızmaqaraçıları  həmişə Azərbaycana qarşı əsassız ərazi iddiaları, dünya mətbuatında böhtan dolu yazılarla çıxış etməyə can atırlar. Bu baxımdan, professor C.Məmmədli akademik Nizami Cəfərovla həmmüəllif olduğu "Qarabağ həqiqətləri professor Əli Həsənovun yeni təqdimatında" adlı məqaləsində professor Əli Həsənovun 8 dildə - türk, rus, ingilis, fransız, alman, ərəb, çincə çap etdirdiyi "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" və "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitablarını Azərbaycan həqiqətlərini dünya miqyasında tanıdan fundamental tədqiqat hesab edir. Çünki məqalə müəlliflərinin sözləri ilə qeyd etsək, "Qarabağ probleminə bağlı əsərləri yalnız Azərbaycan dilində nəşr etdirmək, xalq dilində desək, "özü deyib, özü eşitmək"dən başqa heç bir səmərə verməzdi". Məqalədə müəllifləri Ümumilli lider Heydər Əliyevin, möhtərəm Prezident İlham Əliyevin soyqırım hadisələrinə verdiyi siyasi qiymət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünya miqyasında apardığı "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətini nəzərə çatdırmışdır.

Azərbaycan mətbuatı sahəsində üç əsrin qəzeti olan "Kaspi"nin xüsusi çəkisi var. Qəzetin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva ictimai həyatda böyük uğurlara imza atmışdır. 2016-cı ildə o, qloballaşma mühitində milli mənəvi dəyərlərimizin zənginləşməsi naminə "Kaspi-maarrifçilik meydanı" adlı kitab çap etdirmişdir. C.Məmmədlinin Əflatun Amaşovla həmmüəllif olduğu "Maarrifçilik missiyası yeni dönəm sınağında" məqaləsində millətin maariflənməsi uğrunda çalışmış marifpərvər ziyalılarımız və "Kaspi-maarrifçilik meydanı" adlı kitabı haqqında qeydləri öz əksini tapmışdır. C.Məmmədlinin akademik Nizami Cəfərovla həmmüəllif olduğu "Kaspi: azad sözə sahib qəzet modeli" məqaləsində "Kaspi" qəzetinin milli maraqlar, ictimai marağa xidmət kimi müqəddəs bir mətbuat orqanı missiyasına sədaqətli olduğunu, dünya qəzetçilik təcrübəsində özünü çoxdan doğrultmuş, maraqlı mövzuları əhatə edən "Ədəbiyyat" əlavəsi ilə müasirliyin vacib kriteriyalarına cavab verdiyini qeyd etmişdir.

C.Məmmədli filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "İşığa gedən yol" romanı haqqında, "Arazbarı" şeirlər kitabı haqqında "Zaman xəbərsiz ötdü!" məqaləsində söhbət açmışdır.

Azərbaycanda modern xəbər agentliyi kimi formalaşmış AZƏRTAC-ın direktoru Aslan Aslanovun "İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar" dərsliyi haqqında C.Məmmədlinin akademik N.Cəfərovla birgə yazdığı "İnformasiya yaradıcılığı yeni yanaşma kontekstində" məqaləsi dərsliyin mükəmməl tələblərə cavab verdiyini bildirir.

C.Məmmədlinin "Öncə söz gəldi" kitabındakı məqalələrin ana xəttində böyük millilik və vətənpərvərlik duyğusu dayanır. "Nur yolunun yolçusu" məqaləsi Azərbaycan mətbuatının problemlərini, jurnalistikamızın yaradıcılıq prinsiplərini ciddi müzakirə müstəvisinə çıxaran Mətbuat Şurası və onun rəhbəri, həmişə jurnalistikaya xüsusi qayğı göstərən Əflatun Amaşovun uğurlu fəaliyyətini əhatə edir.

C.Məmmədli yaradıcılığının böyük hissəsi ədəbiyyatşünaslıqla bağlı tədqiqatlar təşkil edir. O, yazıçılara yalnız müsbət xarakterik xüsusiyyərinə görə deyil, bədii yaradıcılığının orijinal cəhətlərinə diqqət yetirir. Məşhur yazıçı İlyas Əfəndiyevə "Dünənin, bu günün, sabahın ustad sənətkarı", yazıçı, professor Elçin Əfəndiyevə "Ədəbiyyat xalqı ifadə edir", yazıçı Aqil Abbasa "Aqil Abbas: el adamının portret cizgiləri" məqalələri "Öncə söz gəldi..." kitabında yer almışdır.

C.Məmmədlinin diqqət mərkəzində müdriklik sevgisi, publisistikanın nəzəri milliözünüdərk səviyyəsində, insanın dünyaya münasibətini ifadə edən fəlsəfə dayanır. Onun AMEA-nın müxbir üzvü, filosof alim Səlahəddin Xəlilova həsr etdiyi "Səlahəddin Xəlilovun hikmət dünyası", "Məbədə aparan yolun bələdçisi", akademik Nizami Cəfərovla birgə həmmüəllif olduğu "Publisistika fəlsəfi təfəkkür aynasında" adlı məqalələri maraqlıdır.

Böyükdən kiçiyə qədər hamıya məlumdur ki, professor Cahangir Məmmədli publisistika sahəsində sanballı tədqiqatların müəllifidir. "Publisistika fəlsəfi təfəkkür aynasında" adlı məqaləsində müəllif AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun həm elmi-fəlsəfi, həm də publisistik yaradıcılığını təhlil edir. Onun Azərbaycan elmini beynəlxalq səviyyədə tanıtması, "fəlsəfi publisistika", "maarifçi publisistika" terminlərini elmə gətirməsini yüksək qiymətləndirir. Onun publisistikanın özəlliyi isə publisistikanın nəzəri özünüdərk səviyyəsində fəlsəfənin tərkib hissəsi olduğunu əsas götürməsidir. Müəllifin fikrincə, "dünyaya fəlsəfi baxış bucağı S. Xəlilov yaradıcılığını xüsusiləşdirən, fərqləndirən və qiymətə mindirən əsas keyfiyyət kimi hələ uzun müddət özünü göstərəcəkdir".

C. Məmmədli ömrünün çox hissəsini Bakı Dövlət Universitetinə həsr etmiş, peşəkar pedaqoq, eyni zamanda, hörmətli ziyali alim, xeyirxah müəllim kimi tanınır. Ona görə də kitabdakı məqalələrin bir çoxu Bakı Dövlət Universiteti və onun alimlərinə həsr olunmuşdur.

C. Məmmədli həm də qədirşünas alimdir. Professor Mir Cəlal Paşayeva həsr etdiyi "Bir müəllim tanıyırdım", professor Nəsir İmanquluyevə həsr etdiyi "Klassik müəllimin sənət həqiqətləri" məqalələrində o, öz müəllimlərini həm yüksək insani keyfiyyətlərinə görə, həm də zəhmətkeş, qayğıkeş, alim kimi səciyyələndirir.

C. Məmmədlinin "Vətəndaşlığın, yaradıcılığın, şəxsiyyətin ziyalı modeli" məqaləsində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun quruculuq işləri təqdir olunur, akademik Vasim Məmmədəliyevlə həmmüəllif olduğu "Universitetdən dünyaya - dünyadan Universitetə" adlı məqaləsində akademikin elmi fəaliyyətindən söhbət açır.

C. Məmmədli dosent Məmməd Rəcəbovla həmmüəllif olduğu məqaləsini "Elmi istedadı və yüksək mədəniyyəti özündə birləşdirən alim: Aydın Kazımzadə" Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadəyə həsr etmişdir.

Bakı Dövlət Universitetinin professoru Abdulla Abbasovun  həm xarakteri, həm də elmi fəaliyyəti haqqında dosent Könül Niftəliyeva ilə həmmüəllif olduğu "Alim və müəllim şəxsiyyətinin miqyası" məqaləsində söhbət açmışdır.

"Qırx ildən sonra" məqaləsini professor Cahangir Məmmədli Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Allahverdi Məmmədliyə həsr etmişdir. Məqalədə müəllif dəyərli alim haqqında fikirlərini diqqətə çatdırmışdır.

C. Məmmədli eyni zamanda, özü kimi vətən sevgisi ilə yaşayan tədqiqatçıların dostudur. Azərbaycan mühacirət mətbuatı sahəsində sanballı tədqiqatların müəllifi, filologiya üzrə elmlər doktoru Abid Tahirli haqqında "O illərdən üzü bəri..." məqaləsində yazır: "Abid tələbəlik illərindən bir çox istedadlı tərəfləri ilə bərabər, elmə də xüsusi həvəsi olan bir adam kimi özünü göstərirdi. Amma bütün müsbət keyfiyyətlərinin önündə Vətən sevgisi dayanırdı".

"Öncə söz gəldi..." kitabının ərsəyə gəlməsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının qayğıkeş əməkdaşı Esmira Rövşənovanın da böyük zəhməti olmuşdur.

Ümumiyyətlə, professor Cahangir Məmmədlinin "Öncə söz gəldi..." kitabı yalnız jurnalistlər üçün deyil, həm də tarixçilər üçün gərəkli mənbədir.

Aynurə PAŞAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet  2018.- 17 oktyabr.- S.8.