Azadlıq aşiqi, gerçək
vətənpərvər, fədakar istiqlal mücahidi
27 YAŞINDA
GÜNEY AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN
RƏHBƏRLƏRİNDƏN BİRİ OLMUŞ
FİRUDİN İBRAHİMİNİN DİPLOMATİK
FƏALİYYƏTİNƏ QISA BİR NƏZƏR
Azərbaycan Demokrat Firqəsi (Partiyası) Mərkəzi
Komitəsinin üzvü, Güney Azərbaycan Milli Məclisinin
nümayəndəsi Firudin İbrahimi (1918-1947) bu günədək
həyatı və xidmətləri tam öyrənilməmiş
mücahidlərimizdəndir.
Onun haqqında 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru, görkəmli dövlət xadimi, bacarıqlı natiq və publisist kim az-çox danışılıb. Amma hesab edirik ki, Firudin İbrahiminin diplomatik fəaliyyətinə də nəzər salınmalı, onun gördüyü işlər öyrənilməli və layiqincə qiymətləndirilməlidir.
... Hüquq təhsili almış Firudin
İbrahimi 1943-cü ildən İran Xalq Partiyasının
üzvü, istedadlı diplomat kimi xalqımız
qarşısında böyük xidmətlər göstərib.
O dövrün tədqiqatçıları yaxşı bilir
ki, İbrahimi 1946-cı il iyulun 29-da başlayıb oktyabrda
15-də bitən, 21 dövlətin təmsil olunduğu Paris
Sülh Konfransında iştirak edib. Yəqin Parisdə, Moskvada,
ABŞ-ın, başqa ölkələrin həmin dövrə
aid arxivlərində İranın, Azərbaycan Milli Hökumətinin,
dolayısı ilə Firudin İbrahimin adı çəkilən
sənədlər saxlanılır. Həmin arxivlərdən
önəmli faktları, mühüm əhəmiyyət kəsb
edən məqamları tapıb üzə çıxarmaq
olar.
... Dünya dövlətləri tərəfindən
tanınmış, beynəlxalq əlaqələri qurulmuş
bir dövləti təmsil etmək kimi məsul və çətin
bir missiyanı çiyninə götürmüş Firudin
İbrahimi özünün savadına, qabiliyyətinə
güvənərək, Vətəninə sevgisindən,
xalqına inamından güc alaraq Avropaya yola
çıxmışdı. Necə ki, 1918-ci ilin sonunda Azərbaycan
Demokratik Cümhuriyyətinin qurucularından biri - Əlimərdan
bəy Topçubaşovun başçılığı
altında Quzey Azərbaycanın müstəqilliyini
tanıtmaq, ərazi bütövlüyünü qorumaq
üçün bir heyət Paris Sülh Konfransına
getmişdi. Bu o zaman idi ki, Birinci Dünya Müharibəsinin nəticəsi
olaraq xəritələr təzələnir, millətlərin
müqəddəratına yenidən baxılırdı.
ADC-nin qurucuları belə həssas məqamda hərəkət
etməyin vacibliyini, dünyanın hakim-mütləq qüvvələrinə
səsimizi duyurmağın yolunu axtarırdılar. Firudin bəy
İbrahimi də İkinci Dünya Savaşından sonra Parisdə
keçirilən həmin konfransda Güney Azərbaycanın
müstəqilliyinə dəstək aramağın vacibliyini hər
şeydən üstün tutmuşdu. Ancaq buna aparan yol hamar
deyildi. Seyid Cəfər Pişəvərinin
başçılığı ilə qurulan Azərbaycan
Milli Hökümətinə (1945-1946) "Buyurun gəlin, siz
də sözünüzü ərz edin" - deyən yox idi.
Firudin bəy savadı, istedadı, təkcə öz ölkəsinin
tarixini deyil, "imperialistlərin xislətini" yaxından
bilməsi sayəsində buna nail oldu. Firudin İbrahimi ana dili
olan Azərbaycan türkcəsindən savayı fransız, fars
və ərəb dillərini də mükəmməl bilirdi.
... Tarixi Paris Sülh Konfransının əsas
məqsədi İkinci Dünya Müharibəsindən qalib
çıxmış antihitler koalisiyası (1939-1945) ilə
faşist Almaniyasının Avropadakı köhnə müttəfiqləri
- İtaliya, Bolqarıstan, Macarıstan, Rumıniya və
Finlandiya arasında sülh müqavilələrini nəzərdən
keçirmək və yeniləmək idi. 1946-cı il Paris
Sülh Konfransında söz sahibi sayılan əsas
iştirakçılar SSRİ, ABŞ, Böyük Britaniya,
Fransa və Çin idi. Tərəflər müzakirə
mövzusu kimi gündəliyə Avstraliya, Belçika, Belarus,
Braziliya, Yunanıstan, Hindistan, Kanada, Hollandiya, Yeni Zelandiya,
Norveç, Polşa, Ukrayna, Çexoslovakiya, Efiopiya, Yuqoslaviya
və Cənubi Afrikanın ərazi məsələsini də
daxil etmişdilər. Bəzi dövlətlərin (Meksika,
Kuba, Misir, İran, İraq, Albaniya və Avstriya) rəsmi
xahişi ilə onların nümayəndələrinə
konfransda öz mövqelərini bildirmək imkanı
verilmişdi. İran nümayəndələri məhz bu yolla
konfransa qatıla bilmişdilər. Firudin İbrahimi həm
İran hökuməti ilə diplomatik savaşda qalib gələrək
seçilib Parisə göndərilmiş, həm də
Avropanın aparıcı dövlətlərinin
qarşısında Güney Azərbaycan mövzusunu gündəmə
gətirməklə uğur qazanmışdı.
Düşünürəm ki, məhz Firudin İbrahimi kimi cəsarətli
və fədakar diplomatlarımızın, milli ruhlu dövlət
xadimlərimizin sayəsində Azərbaycan çətinliklərə
sinə gərə bilmiş və bu gün biz
Güneyli-Quzeyli bir millət olaraq mövcudluğumuza görə
onlara borcluyuq.
... Ən qədim zamanlardan diplomatiya sahə və
peşə olaraq imtiyazlı yuxarı dairələrin, saray
elitasının əlində olmuş, həmçinin,
böyük bir tarixi inkişaf yolu keçmiş və təkmilləşmişdir.
Tədricən dövlətlərarası münasibətlərin
qayda və normalarının hüquqi bazasından ibarət
beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, bu elmə qədim
Romada "Xalqlar hüququ" adı verilmişdi.
Diplomatiyanın tarixin müəyyən dönəmlərində
vəzifələri çoxşaxəli olub, bilavasitə
qarşıya qoyulan məqsədin
aydınlaşdırılmasına və reallaşmasına
xidmət edib. Firudin İbrahimi Güney Azərbaycan Milli
Hökumətinin yaradılması məqsədini, Güney Azərbaycan
xalqının öz tarixi torpaqlarında Tehran rejiminin
zülmünə məruz qalmasını Qərbin başbilənlərinə
lazımi səviyyədə anlada bilmişdi.
... Yuxarıda qeyd etdiyim kimi, Paris Sülh Konfransında rəsmi Tehrana İkinci Dünya Müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətlərilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri ilə bağlı öz mövqeyini ortaya qoymaq, onu şərh etmək imkanı verilmişdi. Firudin İbrahimi Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi kimi bu konfransa getmiş, 1946-cı il avqust ayının 10-dan etibarən Parisin "Lüksemburq" adlanan ən məşhur sarayında keçirilən danışıqlarda iştirak etmişdir. Lüksemburq sarayı tarixən Fransa Senatının toplandığı məkan olub. 1946-cı ildə Fransa Müvəqqəti Milli Məclisi məhz bu sarayda toplanır və millət vəkilləri öz iclaslarını burada keçirirdi. Paris Sülh Konfransı barədə Firudin İbrahimidən ardıcıl olaraq doğru və düzgün məlumat alan Seyid Cəfər Pişəvəri 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Partiyasının təsis olunmasının bir illiyi münasibətilə Təbriz Teatrının salonunda keçirilən bayram mərasimindəki nitqində böyük fəxrlə belə deyirdi: "İndi Sülh Konfransına təkcə Yaxın Şərqdən deyil, Əlcəzair və Tunisdən gələn mətbuat işçiləri də bizim nümayəndələrə demişlər ki, onlar bizim böyük işimizi alqışlayırlar" ("Azərbaycan" qəzeti ADP-nin orqanı, say 1 (290), 5 sentyabr 1946-cı il). Firidun İbrahimi Paris Sülh Konfransında iştirakı ilə Güney Azərbaycan Milli Hökumətini beynəlxalq səviyyədə təmsil edən və tanıdan ilk şəxs olub.
... Firudin İbrahiminin diplomatik
bacarığından çəkinən şah rejimi
1946-cı ilin dekabr ayında Güney Azərbaycanda Milli
Hökuməti qan içində boğdu. Onlar Firudin
İbrahimini həbs etməklə kifayətlənmədilər,
bütün həyatı, parlaq diplomatik karyerası
qarşıda olan 29 yaşlı milli mücahidimizi 1947-ci il
may ayının 22-də Təbriz şəhərindəki
"Gülüstan bağı"nda dar ağacından
asdılar. Firudin bəy ölüm ayağında belə özünü
deyil, xalqını düşünmüş və edam
kürsüsündən millətə müraciət
etmişdi. O görəndə ki, xalq edam qərarına
görə təlatümə gəlib və kütlə
jandarmalara, şah qoşununa hücum etməyə
çalışır, üzünü meydana toplaşanlara
tutub belə deyib: - Mənim əzizlərim, həmvətənlilərim!
Səbr edin, qoy qan tökülməsin! Çox keçməz
ki, Azərbaycan xalqı qələbə çalacaq və
yenidən Azərbaycanda Milli Hökumət qurulacaq.
Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana
Vətənimiz Azərbaycan!
Firudin İbrahimi bu müraciəti ilə həm
kükrəməyə hazır olan əhalini qorumuş, həm
də onlara milləti gələcəyə aparacaq doğru
yolu göstərməkdən çəkinməmişdir. Bu,
özü-özlüyündə bir cəsarət nümunəsi,
diplomatiya məktəbidir!
... Gənc Firudin farsca məqalələr
toplusunu tərtib etmiş və o, Azərbaycan Demokratik Partiyasının
orqanı olan "Azərbaycan" qəzetində çap
olunmuşdur. Bundan əsl məqsədinin nə olduğunu
özünün fars dilində yazdığı müqəddimədə
belə izah etmişdir: "Bu xatirələri yazmaqda əsas
məqsədim budur ki, Tehran boşboğazlarını yerində
oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin
hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə
etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi
nədir və ulu babaları kimlər olub, öz milli heysiyyətlərini
qorumaq üçün hansı fədakarlıqları
etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə
özünə layiq yerini və mövqeyini əldə etmək
üçün ayağa qalxmış Azərbaycan millətinin
həqiqi kimliyini bütün dünyaya bildirəm" ("Azərbaycan" qəzeti
(ADP-nin orqanı), say 43, 1 noyabr 1945). Firudin İbrahimin bu
uzaqgörənliyini məhz diplomatik strategiya olaraq qiymətləndirmək
lazımdır. Həmin müqəddimədə Azərbaycan
türkcəsinə və mədəniyyətinə
münasibətdə fars şovinistləri tərəfindən
həyata keçirilən məlum siyasətə işarə
vuran İbrahimi incə diplomatik taktika işlədərək
yazırdı: "Bizim ulu babalarımız olan madlar bəşər
tarixində mühüm rol oynamışlar. Onlar eramızdan
800 il əvvəl güclü müstəqil dövlət
qurmağa nail olmuşlar. Bu dövlət şimal-qərbdə
Urartu (Van), qərbdə Assur dövləti ilə həmsərhəd
və qonşu olmuşdur. Həmin zamanlarda Mad dövlətinin
şərq hissəsində pars (fars) xalqı
yaşayırdı. Madlar mədəniyyət və sivilizasiya
baxımından o dövrün ən mütərəqqi və
inkişaf etmiş xalqları sırasında assurlar və
babilərlə yanaşı dayanırdılar. Amma tarixi tədqiqatlar
göstərir ki, pars xalqı mədəniyyət və
yaşayış tərzi baxımından madlara nisbətdə
xeyli geri qalırdılar..."
(“Azərbaycan" qəzeti (ADP-nin orqanı), say 45, 4
noyabr 1945-ci il).
Səadət
KƏRİMİ
dosent
İsveç
525-ci qəzet 2018.- 17 oktyabr.- S.6.