Aşıq Şəmşirin
125 illiyi beynəlxalq tədbirlə qeyd olundu
Oktyabrın 12-də Aşıq Şəmşirin
anadan olmasının 125 illiyi münasibətilə Rəşid
Behbudov adına Mahnı Teatrında daha bir təntənəli
tədbir keçirilib.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan
Aşıqlar Birliyi, "Aşıq Şəmşir" Mədəniyyət
Ocağı İctimai Birliyi və "Türk dünyası
Qorqud Ata aşıqlar karvanı" layihəsinin təşkilatçılığı
ilə reallaşan tədbirdə Mədəniyyət
Nazirliyinin nümayəndələri, millət vəkilləri,
tanınmış elm və mədəniyyət xadimləri və
incəsənət adamları iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan
Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı və "Türk
dünyası Qorqud Ata aşıqlar karvanı" layihəsinin
rəhbəri Menderes Dəmir Aşıq Şəmşirin həyatından
və yaradıcılığından söz açıblar.
Vurğulanıb ki, Aşıq Şəmşir Azərbaycanın
çoxəsrlik şifahi sənət ənənələrini
layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng
poetik-bədii nümunələrlə milli folklor xəzinəsini
daha da zənginləşdirmiş görkəmli söz
ustalarındandır. Qədim saz havalarının və
dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı
daim Vətən torpağına bağlı olmuş,
yaradıcılığı boyunca xalqın duyğu və
düşüncələrini, yüksək mənəvi
keyfiyyətləri və yurdun təbiət gözəlliklərini
tərənnüm etmişdir.
Aşıq Şəmşirin toxunduğu
bütün mövzular - dostluq və xəyanət, həqiqət
və yalan, xeyirxahlıq və zülm - əsl həyat
ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz
bu xüsusiyyətlər ilə insanları özünə cəlb
edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə
ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir,
xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan
aşıq sənətinin sözün əsl mənasında
zirvələrə qaldırıb.
Tədbirdə iştirak edən Azərbaycanın
müxtəlif bölgələrini təmsil edən
aşıqlarla yanaşı, Türkiyə və
Qazaxıstandan gəlmiş sənət adamlarının da
çıxışları tamaşaçılar tərəfindən
böyük rəğbətlə qarşılanıb.
Sonda "Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin
deputatı, sənətkarın nəvəsi Cavid Qurbanov
Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına
bəxş etdiyi zəngin mədəni irsdən söz
açıb, babası haqqında maraqlı xatirələrini
bölüşüb. Ümummilli lider Heydər Əliyevin
xalqımızın ən qədim mənəvi dəyərlərindən
olan aşıq sənətinə, XX əsr Azərbaycan
aşıq poeziyasının görkəmli nümayəndələrindən
biri Aşıq Şəmşirin
yaradıcılığına göstərdiyi diqqət və
qayğıdan danışan C.Qurbanov Prezident İlham
Əliyevin Sərəncamı ilə söz ustadının
125 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə
qeyd edildiyini vurğulayaraq, bu diqqət və qayğıya
görə ailəsi adından ölkə rəhbərliyinə
və tədbirin təşkilatçılarına minnətdarlığını
bildirib.
Tədbirdə iştirakçılara Azərbaycan
Aşıqlar Birliyinin və "Aşıq Şəmşir"
Mədəniyyət Ocağı İctimai Birliyinin ustad
aşığın anadan olmasının 125 illiyi münasibətilə
çap etdirdiyi "Dədə Şəmşir ərməğanı"
kitabı və sənətkarın səs yazılarından
ibarət disk təqdim edilib.
Sonda Azərbaycan Aşıqlar Birliyinin və
"Türk dünyası Qorqud Ata aşıqlar
karvanı" layihəsinin diplomları təqdim edilib.
525-ci qəzet 2018.- 17 oktyabr.- S.7.