Alim və şair
ömrü: Gülhüseyn Hüseynoğlu
16 oktyabr müasir Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsi, Xalq
yazıçısı, nasir və ədəbiyyatşünas
Gülhüseyn Hüseynoğlunun doğum günüdür.
Anadan olmasının 95-ci ildönümü
tamam olan Gülhüseyn Hüseynoğlu mənsur şeirin
yaradıcısı kimi tanınmaqla yanaşı,
Müşfiq sevgisini hər bir azərbaycanlıya
çatdırmaqla özü də millətin sevimlisinə
çevrilib (AZƏRTAC). Gülhüseyn Hüseynoğlu
1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində
dünyaya göz açıb. O, kiçik yaşlarında ikən
ailəsi ilə birlikdə Bakıya köçüb və
burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci
ildə ali təhsilini başa vuran Gülhüseyn
Hüseynoğlu elə həmin il universitetin aspiranturasına
daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi
uğrunda mübarizə aparan gizli təşkilatın
yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə
hökmü ilə 25 illik həbs cəzasına məhkum
edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət
qazanıb Azərbaycan Dövlət Universitetinin
aspiranturasına bərpa edilib.
Əmək fəaliyyətinə hələ tələbə
ikən, 1942-ci ildə "Kommunist" qəzeti
redaksiyasında ədəbi işçi olaraq başlayan
Gülhüseyn Hüseynoğlu 1945-1947-ci illərdə
"Ədəbiyyat qəzeti" redaksiyasında, 1947-1948-ci
illərdə isə Gənc Tamaşaçılar
Teatrının pedaqoji şöbəsində işləyib.
O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət
Universiteti ilə bağlayıb, filologiya fakültəsinin
müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim,
baş müəllim, dosent və professor vəzifələrində
çalışaraq, ömrünün yarım əsrdən
artıq bir dövrünü ölkəmizdə təhsilin
inkişafına həsr edib.
Müasir Azərbaycan nəsrinin
tanınmış nümayəndələrindən olan
Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi
yaradıcılığa başlayıb, yetmiş ilə
yaxın müddət ərzində ədəbiyyatımızın
inkişafı naminə çalışıb. Onun
özünəməxsus üslubu ilə seçilən əsərləri
müasirlərimizin həyatını, mənəvi aləmini
dolğun əks etdirir. Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda
mənsur şerin ilk və dəyərli nümunələrini
yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur
baxımından yeni olan bir janrda meydana gətirilən həmin
əsərlər ədəbi tənqidin diqqətini daim
özünə cəlb edib və həmişə təqdirlə
qarşılanıb.
Yaradıcılığa "Ana" adlı ilk hekayə və "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir.
Gülhüseyn Hüseynoğlunun, eyni zamanda, tədqiqatçı
alim kimi Azərbaycan ədəbiyyatşünaslığı
qarşısında özünəməxsus xidmətləri
vardır. O, şəxsiyyətə pərəstişin ilk
qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk
monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər
üçün ilk dərs vəsaitinin müəllifidir. Onun
xüsusən böyük şairin poetik irsinə dair
çoxsaylı axtarışları, eləcə də digər
araşdırmaları həmişə elmi ictimaiyyətin
marağına səbəb olub. Yazıçının dərin
bədii-estetik keyfiyyətləri və orijinal məzmunu ilə
səciyyələnən əsərləri bir sıra dillərə
tərcümə olunaraq nəşr edilib.
Mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına
gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur
şeirləri çoxdur. Onların içində şah əsəri
olan "Mücrü" çox dillərə tərcümə
olunub, haqqında film də çəkilib.
Azərbaycan ədəbiyyatının
inkişafında xidmətlərinə görə
Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və
təltiflərə, o cümlədən, 2005-ci ildə
"Xalq yazıçısı" fəxri adına layiq
görülüb.
Gülhüseyn Hüseynoğlu 2013-cü il
iyulun 8-də vəfat etsə də, Azərbaycan
xalqının yaddaşında bir örnək kimi həmişə
yaşayacaq.
525-ci qəzet 2018.- 17 oktyabr.- S.7.