Xalq
yazıçısı Elçinlə Bakı Kitab Mərkəzində
görüş
Oktyabrın 16-da Bakı Kitab Mərkəzində
"Yazıçı ilə dialoq" layihəsi çərçivəsində
Xalq yazıçısı Elçinlə görüş təşkil
edilib.
Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Günel Rzayeva açıb. Elçinin yaradıcılığı haqqında danışan G.Rzayeva görkəmli yazıçı ilə rəhbəri olduğu qurumda görüş keçirilməsindən məmnunluğunu ifadə edib.
Sənətşünas Məryəm Əlizadənin
aparıcılıq etdiyi görüşdə görkəmli
yazıçının yaradıcılığından
söz açılıb, Azərbaycan ədəbiyyatı və
dramaturgiyasına verdiyi töhfələrdən
danışılıb.
Tədbirdə akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Elmira Axundova, şair Səlim Babullaoğlu, tənqidçi Nərgiz Cabbarlı, yazıçı Vaqif Nəsib çıxış edərək qonağın çoxşaxəli yaradıcılığından söz açıb, özünəməxsus üslubu, hadisələrə, həyata, ədəbiyyata fərqli yanaşması, orijinal ədəbi dili, sərhəd tanımayan istedadından danışıblar. Vurğulayıblar ki, Elçin təkcə yazıçı, dramaturq kimi yox, ədəbiyyatşünas, tənqidçi kimi də qiymətli irs yaradıb. Onun müxtəlif mövzulu tənqidi məqalələri, monoqrafiyaları Azərbaycan ədəbiyyatının, ədəbiyyat tariximizin öyrənilməsində qiymətli mənbə rolu oynayır. Elçinin yaradıcılığının ilk illərində qələmə aldığı hekayələri, uşaqlar üçün yazdığı nağıllar, povest və kinopovestlər, pyeslər, romanlar, publisistik məqalələr, esselər, prozalar küll halında ayrıca məktəb, ədəbi yoldur.
Tədbirdə o da qeyd olunub ki, Elçin təkcə
yazıçı kimi yox, dramaturq kimi də böyük işlər
görüb, Azərbaycan teatrlarının repertuarına,
seçim zənginliyinə, janr müxtəlifliyinə
böyük töhfə verib. Bundan başqa, o da nəzərə
çatdırılıb ki, Elçinin
yaradıcılığı ölkə sərhədlərini
aşaraq dünyada yayılıb, müxtəlif dillərdə
oxucularını tapıb, onların qəlbində yer edib.
Pyesləri fərqli ölkələrin teatr səhnələrində
uğurla tamaşaya qoyulub.
Xalq yazıçısı Elçin oxucularla görüşündən
məmnunluğunu dilə gətirib. Heydər Əliyev Fondunun
təşəbbüsü ilə belə böyük və
gözəl kitab mərkəzinin fəaliyyətə
başlamasını yüksək qiymətləndirib.
O, oxucuların çoxsaylı suallarını
ətraflı cavablandırıb, öz
yaradıcılığı da daxil olmaqla ötən əsrin
60-cı illərindən üzübəri Azərbaycan ədəbiyyatı
barədə sistemli şəkildə söhbət
açıb.
Sonda Xalq yazıçısı oxucuları
üçün müəllifi olduğu kitabları
imzalayıb.
Cavid QƏDİR
525-ci qəzet 2018.- 18 oktyabr.- S.7.