Cümhuriyyətin Maliyyə
naziri Əbdüləli bəy Əmircanov
Nəsiman YAQUBLU
tarix elmləri
doktoru
Azərbaycanın görkəmli dövlət
xadimi və Parlamentin ilk üzvlərindən olan Əbdüləli
bəy Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə
Şəkidə anadan olub.
O, 1876-1883-cü illərdə buradakı məktəbdə
təhsil aldıqdan sonra Tiflisə getmiş və 1888-ci ildə
Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.
Tiflisdəki Aleksandrovsk Müəllimlər
İnstitutunda Ə.Əmircanov Azərbaycanın
tanınmış maarif xadimləri olan S.M.Qənizadə,
H.Mahmudbəyov, S.Əbdürrəhmanbəyovla birlikdə təhsil
almış və yaxın dostluq münasibətində olub.
Əlavə edək ki, tanınmış
milyonçu Şəmsi Əsədullayev 1913-cü ildə
Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar
Ə.Əmircanovun təhsil aldığı Tiflis Müəllimlər
İnstitutunda öz adına iki təqaüd təyin
etdirmişdi.
Ə.Əmircanov Tiflisdə ali təhsilini bitirdikdən
sonra Şəkiyə qayıtmış və burada şəhər
məktəbində müəllim işləmişdi. O, həmin
məktəbdə Azərbaycan dilində dərs keçilməsi,
rus dilinin öyrədilməsi, tarix, coğrafiya, təbiətşünaslıq
və riyaziyyatın tədrisində böyük rol
oynamışdı.
XIX əsrin axırlarında Ə.Əmircanov Lənkərana
köçmüş, orada müəllim işləmiş və
o dövrün tanınmış maarifçisi olan Teymur bəy
Bayraməlibəyovla (1862-1937) birlikdə bir çox mədəni-maarif
tədbirləri həyata keçirmişdi. Ə.Əmircanov
Lənkəranda çalışarkən, orada ailə həyatı
qurmuşdu.
XX əsrin əvvəllərində
Ə.Əmircanov Bakıya köçmüş, rus-Azərbaycan
məktəblərində dərs demiş, dövlət idarələrində
və müxtəlif şirkətlərdə mühasib olaraq
çalışmışdı.
Ə.Əmircanov Bakıda o dövrdə fəaliyyət
göstərən mədəni-maarif cəmiyyətlərinin
işində yaxından fəallıq göstərmişdi.
Belə cəmiyyətlərdən biri də "Bakı
Müsəlman Xeyriyyə Cəmiyyəti" idi. Bu cəmiyyətin
fəaliyyətinə xeyriyyə ilə yanaşı, mədəni
və təhsil müəssisələrinin inkişafına
kömək də daxil idi. Cəmiyyət bu məqsədlə
məktəblərin və tələbələrin dərsliklə
təmin edilməsinə, həmçinin, ən kasıb
şagirdlərin məktəbə daxil olmasına və orta təhsil
müəssisələrində təhsillərini
tamamlamasına kömək göstərirdi.
Ə.Əmircanov bu cəmiyyətin işlərində
fəallıq göstərən ziyalılardan idi.
Ə.Əmircanovun yaxından əməkdaşlıq
etdiyi digər bir cəmiyyət isə "Nəşri-Maarif"
idi. "Nəşri-Maarif" Cəmiyyəti
aşağıdakı işləri
reallaşdırmağı da planlaşdırırdı:
kitabxana - oxu zalı açılışı; pedaqoji kurslar
və xalq müəllimlərinin hazırlığı
üçün xüsusi təhsil müəssisələrinin
təşkili; tamaşaların qoyuluşu; ədəbi
axşamların keçirilməsi və s.
Qeyd edək ki, Ə.Əmircanov Cəmiyyətin
bu işlərində yaxından fəallıq göstərirdi.
1917-ci ildə Rusiyada baş verən Fevral - burjua inqilabından sonra Ə.Əmircanov da siyasi hadisələrə qoşulur. 1918-ci ilin 31 Mart hadisələrində erməni silahlıları Bakıda birbaşa Şaumyanın göstərişi ilə on mindən çox günahsız dinc insanı qətlə yetirdilər. Həmin dövrdə qətliamın qarşısını almağa çalışan ziyalılardan biri də Ə.Əmircanov idi. O, 1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.
1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və F.X.Xoyski yaratdığı ikinci hökumət kabinəsində (17.06.1918) Maliyyə naziri vəzifəsinin icrasını Ə.Əmircanova tapşırdı. Ə.Əmircanov Maliyyə naziri olarkən onun başçılığı ilə hökumət bankı da fəaliyyət göstərir.
1918-ci ilin oktyabrın 6-da Nazirlər
Şurasının sədri F.X.Xoyski kabinə dəyişikliyi
edir və Ə.Əmircanov Maliyyə naziri vəzifəsindən
uzaqlaşıb, Dövlət Müfəttişi vəzifəsini
icra edir.
1918-ci ilin dekabrın 7-də Bakıda Azərbaycan
Parlamenti fəaliyyətə başlayır. Ə.Əmircanov
da Parlamentə üzv seçiləcək
bitərəflər qrupuna daxil olur.
1918-ci ilin dekabrında F.X.Xoyski hökuməti istefa verdiyindən Ə.Əmircanov Dövlət Müfəttişi vəzifəsini tərk edir.
1919-cu ildə Ə.Əmircanov B.Cavanşirlə
birlikdə xarici ölkələrlə ticarət əlaqələri
yaratmaq üçün Bakıda "Dəyanət"
şirkəti yaradırlar.
Ə.Əmircanov Cümhuriyyət dövründə bir çox mədəni-kütləvi tədbirlərin təşkilatçılarından biri idi.
Ə.Əmircanovun Azərbaycan Xalq Cümhuriyyəti
dövründəki fəaliyyətinin öyrənilməsində
Parlamentdəki çıxışları mühüm rol
oynayır. O, bu fəaliyyətində yeni yaranmaqda olan dövlətin
iqtisadiyyat, sənaye, gömrük və digər sahələrini
inkişaf etdirməyə çalışır. Bu sahələr
üzrə yeni qanun layihələrinin hazırlanıb
müzakirəyə çıxarılmasında böyük
fəallıq göstərir.
1918-ci ilin dekabrından Bakıda Azərbaycan
parlamenti fəaliyyətə başlayır. Ə.Əmircanov
Azərbaycan Parlamentinin üzvü olaraq iclaslarda fəal
iştirak edir, dövlətin maliyyə, vergi sistemlərinə
aid sənədlərin hazırlanmasında mühüm rol
oynayırdı.
Bu baxımdan onun Parlamentin 1919-cu ilin iyunun 16-da
keçirilən qırx səkkizinci iclasındakı
çıxışları maraqlıdır. Əsasən səkkiz
məsələnin müzakirəsinin keçirildiyi iclasda
Ə.Əmircanov iki sənədlə bağlı məruzə
edirdi: 1) Gəlir vergisindən azad olunan varidat miqdarının
artırılması haqqında; 2) maliyyə nəzarətində
gömrük vergisi şöbəsinin fəaliyyəti
haqqında.
Ə.Əmircanov birinci qanun layihəsini Azərbaycan
və rus dillərində oxuyub, Parlament üzvlərini
tanış edir. O bildirir ki, 1917-ci ilin 13 iyun qanununa görə,
gəlir vergisindən azad olunan varidatın miqdarı min rubl təyin
edilmişdi. O bildirir ki, bu min rublun dəyəri indi çox
aşağı düşdüyündən, Maliyyə naziri
təklif edir ki, bu rəqəm 5 min rubla qaldırılsın,
bu məbləğdən artıq olan varidatdan 187 min manat vergi
alınsın. Layihə maddələr üzrə səsə
qoyulduqdan sonra qəbul edilir.
Parlamentin 1919-cu ilin 2 oktyabrında keçirilən səksəninci iclasında çıxış edən Ə.Əmircanov Azərbaycanın əsas sərvətlərindən balıqçılıq haqqında məlumat verir: "Bizim Azərbaycanımız o qədər balıq verir ki, onu Rusiyadan başqa, Avropa və Amerikaya da aparırdılar, yenə qurtarmırdı. Bir Bankə ilə Samur çayı arasında tutulan balıq bunu sübut edir. Məsələn, 1916-cı ildə tutulub 1.950 000 put, 1917-ci ildə 2 milyon beş yüz min put xırda balıqlar tutulmuşdu. Bunların hamısı Rusiyaya gedib. Bankədən aşağı hərçəndi burada hesabı yoxdur, əlbət ki, ondan da çox balıq tutulur. Kutayis və Gürcüstanın dolanacağı bütün-bütünə bu balıqdandır. Kürdən çıxan naqqa və som balıqlar var ki, müsəlmanlar yeməyirlər, onlar gərək xaricə çıxsın".
1920-ci ilin fevralın 2-də Parlamentin yüz iyirmi birinci iclası keçirilir. Parlamentin iclasına müvəqqəti sədrliyi doktor Məmmədrza ağa Vəkilov edir. İclasda ilk olaraq Parlament sədrinin müavini məsələsi həll olunmalıdır. Həsən bəy Ağayev səhhətindəki problemlərlə bağlı istefa verdiyindən, onun yerinə bir şəxsin seçilməsi zəruriliyi ortaya çıxıb. "Müsavat" fraksiyası tərəfindən həmin vəzifəyə Məmməd Yusif Cəfərovun namizədliyi irəli sürülür. Eyni qaydada Ə.Əmircanov, Ə.Qarayev və Kravçenkonun da namizədliyi irəli sürülsə də, onlar öz namizədliklərini geri götürürlər. M.Y.Cəfərovun namizədliyi gizli şar üsulu ilə səsə qoyulur. Lehinə 47 ağ şar və əleyhinə 5 qara şar verilir və o, Parlament sədrinin birinci müavini seçilir.
Ə.Əmircanov
çıxışlarında, irəli sürdüyü
fikirlərdə qətiyyətli və konkretlik tərəfdarı
idi. Onun bu mövqeyi Parlamentdə qəbul edilir, diqqətlə
yanaşılırdı.
1920-ci ilin Aprelin 27-də Azərbaycan
bolşeviklər tərəfindən işğal edildikdən
sonra Ə.Əmircanov Türkiyəyə - İstanbula gedir.
O, 1920-ci illərdə Türkiyədə siyasi
fəallıq göstərir. 1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin
sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin ikinci heyəti
aşağıdakı mühacirlərdən ibarət olaraq
formalaşır: M.Ə.Rəsulzadə (sədr),
Ə.Əmircanov (xəzinədar), Ə.M.Topçubaşov,
M.Y.Mehdiyev, M.Məhərrəmov, X.Xasməmmədov, M.Vəkilli
və Ə.Şeyxülislamov.
M.Ə.Rəsulzadənin yazdığı məlumatlarda
isə Ə.Əmircanovun Azərbaycan Milli Mərkəzinin
üzvü kimi adı 1927-ci ildə mövcud olmuş birinci
heyətdə də qeyd olunur. Azərbaycan Milli Mərkəzinin
1934-1936-cı illərdəki siyahısında isə onun
adı qeyd olunmur.
Ə.Əmircanovun 1920-ci illərdəki fəaliyyəti
və əlaqələri ilə bağlı sənədlərə
1921-ci ildə rast gəlmək mümkündür. Bu sənədlərdən
aydın olur ki, o, artıq 1921-ci ildə İstanbulda
yaşayırdı və Xəlil bəyə
yazdığı məktubda ağır vəziyyətdə
olan mühacirlərə kömək etməsini xahiş
edirdi.
X.Xasməmmədov 1921-ci il mayın 23-də ona
yazırdı: "Çox hörmətli Əbdüləli
bəy! Sizin 22 mayda yazdığınız məktuba cavab
olaraq bildirirəm ki, bizim qaçqınlara kömək etmək
üçün sərəncamımızda heç bir vəsait
yoxdur".
1928-ci ilin 17 iyununda Ə.Şeyxülislamov
Parisdən Ə.Əmircanova məktub göndərir. Həmin
məktubda maliyyə problemlərinə toxunan Ə.
Şeyxülislamov sonda yazır: "Bundan əlavə, mən
başqa yolla Azərbaycandan məlumat almaq üçün
orada kiminləsə əlaqə saxlamalıyam. Çox
xahiş edirəm ki, bu məktubu alan kimi iyul ayı
üçün mənə veriləcək pulun heç
olmasa 1000 frankını teleqrafla göndərin".
Ə.Əmircanovun Azərbaycan Milli Mərkəzindən
uzaqlaşması məlumatı Ə.M.Topçubaşovun
C.Hacıbəyliyə 1928-ci ilin 26 noyabrında Parisdə
yaşadığı Sen-Kludan yazdığı məktubda da
qeyd olunub. Ə.M.Topçubaşov yazırdı:
"...M.Ə.Rəsulzadədən latın hərfləri ilə
yazılmış məktub aldım. O təsdiqləyir ki,
baş vermiş narazılıq nəticəsində X.Xasməmmədov,
Ş.Rüstəmbəyli, Ə.Əmircanov artıq Mərkəzin
heyətindən çıxıblar. Ə.Əmircanov bu haqda
Ə.Şeyxülislamova yazıb".
Ə.Əmircanov 1937-ci ilin 17 mayında
İstanbuldan Mir Yaqub Mehdiyevə göndərdiyi məktubda
Qafqazda yaşayan 9 milyonluq əhalinin 6 milyonunun müsəlman,
3 milyonunun isə gürcü və erməni olduğunu qeyd
edir. O bildirir ki, Türkiyədəki türklər say
etibarı ilə çoxluğa baxmayaraq, müsəlmanların
yox, gürcü və ermənilərin aparıcı mövqe
tutduqlarına təəccüblənirlər.
Ə.Əmircanov məktubun sonunda yazır:
"Sizin "patriotluğunuza" müraciətlə
xahiş edirəm ki, yeni Azərbaycan Milli Mərkəzinin
siyahısının hazırlanmasına
başlayasınız. Siz sədr olmalısınız.
Türkiyədən kənar, kimi istəyirsiniz cəlb edin.
Buradan türklərin etibarını qazanmış
adamları dəvət edin. Aşağıdakıların cəlb
olunmasını təklif edirəm: Mustafa Vəkilli, Xasməmmədov,
Mirzə Hacızadə, Mir Əli, Sultanov və Əmircanov (yəqin
ki, Lütfəli Əmircanov - red.). Mənim müraciətimə
diqqət edərək, vaxt az olduğundan tez cavab verin.
Güclü Milli Milli Mərkəzin təşkili vaxtı gəlib
çatıb".
Ə.Əmircanov 1948-ci ildə
İstanbulda vəfat etmişdir.
525-ci qəzet 2018.- 18 oktyabr.- S.6.