Novruz Aslan: "Ən
böyük problem ruhdan düşməyimizdir"
"525"in
müxbirinin suallarını millət vəkili,
tanınmış bəstəkar Novruz Aslan
cavablandırır:
- Novruz müəllim,
söhbətimizə mədəniyyət aləmində
yaşananlardan başlamaq istərdim. Təəssüflər
olsun ki, ölkəmizdə bir çox sahələrdə
böyük irəliləyişlərə rəğmən,
mədəniyyət sahəsində müəyyən geriləmələr
var. Daha doğrusu, bu gün nə istədiyimiz səviyyədə
ciddi mədəniyyət əsərləri yaranır, nə də
ki, olanlara ciddi münasibət sərgilənir. Sovetlər
dövründə həm ciddi əsərlər daha çox
idi, həm də onların dinləyiciləri, izləyiciləri,
auditoriyası... Həm şikayətlənirik, həm də
ciddi əsərlərə biganəlik göstərir,
bayağıların ağuşuna atılırıq. Niyə,
səbəb nədir?
- Açığı, söhbətə birinci bu sualdan başlamağınız məni çox təəccübləndirdi. Əslində, fikirləşirdim ki, ictimai sahədə çalışdığım, siyasətçi, millət vəkili olduğum üçün söhbətə sosial-siyasi məsələlərdən başlayacağıq. Buna baxmayaraq, bu məsələ xüsusi maraq doğurdu. Görünür, cəmiyyətimizin indiki inkişaf səviyyəsində bu problem daha aktualdır. Bu, onunla bağlıdır ki, vətəndaşı olduğumuz bu cəmiyyətdə qarşılaşdığımız çox mürəkkəb ictimai-siyasi məsələlərə biganə qala bilmirik. Biz bu cəmiyyətin bir üzvü, dövlətin bir nümayəndəsiyik. Təbii ki, burada baş verən hansı xarakterdən və səviyyəsindən asılı olmayaraq, daha çox diqqətçəkən hadisələr bizi narahat edir. Belə məsələlərə tənqidi yanaşmağımız çox vacib şərtlərdəndir. Bütün bunlar hər birimizin maraq dairəsində, diqqət mərkəzində olmalı, ona biganə qalmamalıyıq. Sanki bəzən bu məsələlərə seyirçi münasibət bəsləyirik. Artıq belə məsələlər bizi düşündürməli, səbəblərini və həlli yollarını axtarıb-tapmağa çalışmalıyıq. 27 ildir hər cür çətinliyi aradan qaldıraraq daim tərəqqi edən bu müstəqil dövlətin vətəndaşlarıyıq. Bu dövr ərzində müəyyən çətinliklərlə bərabər, kifayət qədər uğurlarımız olub və bu gün də davam edir. Keçmişimizə nəzər salsaq, görərik ki, artıq cəmiyyətimizin inkişafında yeni bir mərhələ, yeni bir dövrün başlanğıcıdır. Uşaq ana bətnindən, yaşadığı bir məkandan birdən-birə tam başqa bir məkana qədəm qoyur, fərqli bir dünyaya göz açır. Müstəqillik, azad yaşam tərzi də məhz həmin uşağın doğuluşuna bənzəyir. Bu, heç də asan olmayıb, ağrılı, acılı proseslərdən keçdik. 20 Yanvar hadisəsini yaşadıq, Qarabağ müharibəsi, ərazilərimizin işğalı və bir çox problemlərlə üz-üzə qaldıq (və təəssüflər olsun ki, dünyanın ədalətsizliyi səbəbindən işğal olmuş ərazilərimiz hələ də qalmaqdadır). Uzun mübarizədən sonra müstəqillik yoluna qədəm qoyduq, azadlıq əldə etdik. Azərbaycan dövləti heç kimdən asılı olmadan yaşamağa başladı. Bu azadlıq, müstəqillik hər bir sahəyə aid olduğu kimi, incəsənət sahəsində də özünü göstərdi. Deməzdim ki, indi keyfiyyətli, ciddi əsərlər yaranmır. Bu gün bizim Milli Konservatoriya, Musiqi Akademiyası yüksək ixtisaslı mütəxəssislər hazırlayır, gözəl musiqiçilərimiz var. Onlar öz qəlbi ilə, ürəyi ilə bu sahəyə bağlı olan insanlardır. Onlar ölkəmizdə baş verən böyük dəyişiklikləri əks etdirən ciddi əsərlər yaradırlar. Amma gəlin görək, onların yaratdığı əsərləri bu gün efir məkanında eşidə bilirikmi? Onları cəmiyyətə asanlıqla transfer edə bilirikmi?
- Sizcə, buna tələbat
var və ya transfer edə bilirikmi?
- Əlbəttə ki, var. Bax, elə bu məsələdən
başlamaq lazımdır. Çox təəssüflər
olsun ki, müəyyən istisnaları nəzərə
almasaq, məsələyə müsbət cavab vermək
çox çətindir. Bu, bir acı reallıq, gerçəklikdir.
Mən, "ciddi əsərlər yaranmır" ifadəsini
qəbul etmək istəməzdim. Əslində, bütün
dövrlərdə bu məsələdə fərqli mövqe
ortaya qoyulub. Əgər kimsə hansısa bir əsər ərsəyə
gətirirsə, yaxud bir jurnalist kimi özünüz hansısa
bir yazı hazırlayırsınızsa, ilk növbədə,
onun təqdimatı, ictimaiyyətə
çatdırılması lazım gəlir. Siz bunu kimin
üçün edirsiniz? Təbii ki, cəmiyyət
üçün. Sizin o yazınız və yaxud da
yaratdığınız əsər əgər öz
tamaşaçısını, yaxud oxucusunu tapmırsa, elə
sizin özünüzdə də qalacaq. Sizdən və bir-iki
nəfərdən başqa heç kimin ondan xəbəri
olmayacaq. Ona görə bu məsələlərə sistemli
şəkildə yanaşmaq lazımdır. Milli Məclisin Mədəniyyət
komitəsinin üzvü, bir ziyalı olaraq məsuliyyətlə
qeyd etmək istərdim ki, biz artıq yeni dövrü
yaşayırıq, həyatımızın bütün sahələrində
yeni-yeni proseslər baş verir. Çox vaxt keçməsinə
baxmayaraq, mədəniyyət, incəsənət, ədəbiyyat
sahəsində bir çox yeniliklər var və bu tendensiya
artmaqdadır. Artıq bu yeniliklər bizə imkan verir ki, yaxşı
təhlillər aparaq, görək nələri əldə
etdik, nələri itirdik və yaxud nələri qazana bilərdik,
amma qazana bilmədik... Bu gün televiziya məkanı
respublikada baş verən hadisələrə, yeniliklərə
geniş yer ayırır, maraqlı verilişlər
hazırlayaraq təqdim edir. Əfsuslar olsun ki, bu sahədə
hələ də müəyyən
çatışmazlıqlar var. Bu gün bizim ictimaiyyətə
yaxın olan insanlardan, xüsusilə musiqiçilərdən,
incəsənətlə məşğul olan insanlardan sənət
nümunələri görə bilmirik. Düzdür, əvvəlki
illərlə müqayisədə, son zamanlar efir məkanında
yaxşı musiqilər səsləndirilir, bunu inkar etmirəm.
Bununla əlaqədar çoxlu nümunə göstərə
bilərəm. Misal üçün, bu yaxınlarda radio
dalğalarında xalq artisti Zülfiyyə Xanbabayevanın
ifasında "Etiraf" adlı gözəl bir musiqi əsəri
dinlədim. Öyrəndim ki, bu əsərin müəllifi
Xalq artisti, bəstəkar Faiq Sücəddinovdur. Dərhal ona
telefon açdım və bu əsərə görə təşəkkür
etdim. Amma nədənsə belə əsərləri az
eşidə bilirik.
- Nəyə
görə?
- Səslənən bayağı mahnılar,
zövqləri korlayan "musiqilər", demək olar ki,
ciddi əsərləri kölgədə qoyur. Burada zövqlərin
korlanmasının şahidi oluruq. Nədənsə bu məsələlər
insanları az maraqlandırır. Bilmirəm, hansı təsir
qüvvələri burada yer alır? Bəlkə kosmosdan və
yaxud qəbul etdiyimiz qidaların hansısa bir təsiri var? Bəlkə
genetikamızda hansısa bir dəyişikliklər baş
verir? Hələ də bunun cavabını tapa bilmirəm. Bir
bayağı musiqi var, adını çəkmək istəmirəm,
bu yaxınlarda internetdə, sosial şəbəkələrdə
geniş yayılmışdı. Bu sənətdə 30 ilə
yaxın çalışan bir insan kimi fikirləşirəm,
axı, burada maraqlı nə var? Mahnının nə musiqisi,
nə də sözləri bir məna kəsb edir! Bəs elə
isə nə baş verir? Burada xoşagəlimli nə var ki,
insanlarımız onları dinləyir, onlara diqqət
ayırırlar? Şəxsən mən orada sənət,
musiqi adına heç nə tapa bilmədim.
Təəssüf ki, belə musiqilər nədənsə
bəzi insanlar tərəfindən coşqu ilə
qarşılanır, onlara maraq göstərilir. Toylarda, məclislərdə
məhz o bayağı, dayaz, cılız musiqilərin
müşayiəti ilə həmin adamlar həvəslə rəqs
edir, xüsusi canfəşanlıq göstərirlər. Məni
də narahat edən budur. Biz insan, fərd olaraq keçmiş
çətinlikləri arxada qoyaraq, pillə-pillə
inkişaf edərək, XXI əsrə qədəm
qoymuşuq. Lakin indi də bəzi ünsürlərə
görə mənəviyyatımızın korlanması
hallarına rast gəlirik. Bu, məni narahat etməyə bilməz.
Hamıya bəllidir ki, insan cəmiyyətdə
formalaşır, ictimai münasibətlərə girərək
fəaliyyət göstərir. Amma bu münasibətlər
heç də bizim istədiyimiz, fikirləşdiyimiz kimi
baş vermir. Biz gənclərimizdə görmək istədiklərimizi
görə bilmirik. Əlbəttə, bunun həm obyektiv, həm
də subyektiv səbəbləri ola bilər. Gənc nəslin
formalaşmasında biz daha diqqətli olmalı, onların həyat
tərzi, fəaliyyəti ilə hərtərəfli
maraqlanmalıyıq. Vacib olan məsələlərdən
birincisi təhsildir. Hərçənd, son zamanlar təhsildə
böyük işlər görülür və mühüm
islahatlar aparılır. İnanıram ki, bu işlər gələcəkdə
öz bəhrəsini verəcək və biz gözlədiyimizə
nail olacağıq. Çünki təhsildə olan islahatlar
bir günə, iki günə həyata keçirilə bilməz,
buna zaman tələb olunur. İnanıram ki, hazırda bu sahəyə
rəhbərlik edənlər gələcəyi nəzərə
alıb, təhsildə yaşananları sistemli şəkildə
dəyişəcəklər. Bu, mütləq şəkildə
lazımdır. Təhsil bizim gələcəyimizdir. Başqa
sahələrdən fərqli olaraq, təhsildə gecikmək,
arxayınlaşmaq, dayanmaq olmaz. Bu sahənin inkişafı
davamlı olmalıdır. Məncə, hər bir insan, hər
bir vətəndaş özü də buna maraq göstərməlidir.
Burada təkcə təhsildən deyil, mədəniyyətdən,
elmdən də söhbət gedir. Odur ki, bunlara sistemli şəkildə
yanaşılmalıdır. Respublika prezidentinin məqsədi
maddi kapitalı mənəvi kapitala, elmi kapitala çevirməkdən,
insanların mənəviyyatını zənginləşdirməkdən,
ölkəmizi daha qüdrətli etməkdən, neftdən
asılı olmayaraq, iqtisadiyyatı, sənaye və kənd təsərrüfatınının
bütün sahələrini inkişaf etdirməkdən ibarətdir.
- Öz sahənizlə
(mədəniyyənt, incəsənət aləmi nəzərdə
tutulur) bağlı məsələlərdə optimistsiniz,
yoxsa pessimist?
- Pessimist deyiləm, amma deyim ki, tam optimistəm,
o da düzgün alınmaz. Mən bir verilişdə
çıxış edirdim. Mənə reytinq haqqında sual
verdilər. Hazırda bir çox özəl televiziyalarda iddia
edirlər ki, bəzi bayağı verilişlərə və
yaxud hansısa səviyyəsi aşağı olan bir
aparıcıya bu gün tələbat var. Bunu hansı
meyarlara əsaslanıb deyirlər, bilmirəm. Bəlli olur ki,
hər hansı bir televiziya
verilişinə baxış digərlərinə nisbətən
daha çoxdur. Buradan belə bir nəticə
çıxır ki, həmin verilişin reytinqi var və o,
mütləq efirdə yaşamalı, davam etməlidir. Bu, təbii
ki, düzgün yanaşma deyil. Ola bilər ki, hansısa bir
verilişdə bayağı, ictimaiyyətə lazım olmayan
bir söhbət, şit zarafat yer alır, onun minlərlə izləyicisi olur. Amma
buna heç də maarifləndirmə demək olmaz. Bu, cəmiyyətə
müsbət heç nə verə bilməz. Suala cavab olaraq
dedim ki, televiziyalarda reytinqlər heç də belə
üsullarla ölçülməməlidir. Əgər kimsə
efirdə səslənən mənalı, dəyərli
sözləri dinləyirsə, mənə elə gəlir ki,
belə insanların sayı az olsa belə, o, bayağı və
şit verilişlərə qulaq asanlardan daha əhəmiyyətli,
faydalıdır. Çünki belə verilişlərin əsas
izləyiciləri ziyalılar, alimlərdir, dünyanı dərk
edən, yaxşını pisdən ayıran, haqqı
tanıyan insanlardır.
Dəfələrlə televiziyalarda
yayımlanan müxtəlif səpkili, aktual mövzulu
verilişlərin iştirakçısı olmuşam. Efirdəki
söhbətlərimi, çıxışlarımı
ziyalılar dinləyirsə, deməli, mənim dinləyicilərə
olan təsir gücüm o bayağı verilişlərdən
daha çoxdur. Baxmayaraq ki, yaxşı musiqilərin dinləyicilərinin
sayı səviyyəsiz musiqilərin dinləyicilərinin
sayından azdır, onların qulaq asdığı mənasız
musiqilər sonda sabun köpüyü kimi partlayaraq yoxa
çıxır. Belə musiqilərin ömrü az olur.
Kiçik bir zaman kəsiyində dinlənilir və sonradan
tamamilə unudulur. Lakin ciddi əsərlərimiz, musiqilərimiz
tarix boyu yaşayır. Yeri gəlmişkən, deyim ki, cəmiyyəti
irəli aparan kütlə deyil. Cəmiyyəti, dövləti
inkişaf etdirən məhz nadir insanlardır, alimlərdir,
siyasətçilərdir, sənətkarlardır və digərləridir.
Buna görə də konkret olaraq musiqimə yüzlərlə
və ya milyonlarla insanın qulaq asması məni heç də
narahat etmir. Elə hansısa bir görkəmli insan mənim
musiqimə qulaq asaraq əhval-ruhiyyəsi yaxşı olursa,
bu, mənim üçün kifayətdir. Özümü ən
xoşbəxt insan hiss edərəm. Çünki o, sənətkardır,
o, sənətə qiymət verməyi bacaran bir insandır.
Deməli, onun zövqü korlanmayıb, o bilir musiqi nədir,
incəsənət nədir. Bəzən hansısa bir tədbirdə
500-600 nəfər, 1000 nəfər iştirak edir. Amma bir
neçə nəfəri çıxmaq şərti ilə
iştirak edənlərin əksəriyyəti natiqlərə
qulaq asmırlar. Qulaq asmayanlar, bəlkə evdə valideynlərinin,
böyüklərinin də sözünə qulaq asmır.
Amma səni dinləyən səni gözəl anlayır. Elə
ən vacibi də bundan ibarətdir. Televiziyalara müsahibə
verəndə heç də narahat olmuram. İndi bizim
yazımızı ola bilər ki, kimsə oxuyacaq, kimsə
oxumayacaq. Kimlərsə deyəcək ki, yenə Novruz Aslan
başladı, yenə Kamil başladı. Saytı çevir və
yaxud qəzeti at o tərəfə. Şəxsən mən bundan
heç narahat deyiləm. Amma bu yazını iki, yaxud
üç nəfər oxuyacaq, nəsə qəbul edəcək.
Bizim bu söhbətimizin fəlsəfəsi də elə bu
sözləri məhz onlara çatdırmaqdan ibarətdir.
Amma burada bir mənfi cəhət də var ki, onu mütləq
nəzərə almalıyıq.
- Söhbət hansı
cəhətdən gedir?
- Təəssüf
ki, biz bəzən özümüzə qapanırıq. Sadəcə
kənardan seyr etmək, danışmamaq, görməmək
böyük problemdir. Bəzi sənətkarlar elə fikirləşir
ki, sənətdə 30, 40, 50 il külüng vurub,
böyük bir yol keçib, xalqına, dövlətinə,
millətinə xidmət edərək əsərlər yaradıb,
həmin əsərlərlə Azərbaycanımızı
dünyaya tanıdıb. Amma həmin sənətkar, istər
yazıçı, istər şair, istər bəstəkar
olsun, görəndə ki, onları başa düşmək
istəmirlər, onlar elə özlərinə qapanırlar.
Belə fikirləşirlər ki, nəyimə lazımdır,
mən kimə deyim sözümü? Kim məni eşidəcək?
Məni anlayan olacaqmı? Əşi, nəyimə
lazımdır, kimin üçün danışıram, əziyyət
çəkirəm və sairə... Bax, o "nəyimə
lazımdır"lar gətirib vəziyyəti bu yerə
çıxarır. Səbəblərdən biri də bax,
budur. Bizim kənara çəkilməyimiz, ruslar demişkən,
"mı zdayomsya", bax, bunlar böyük problemlər
yaradır. Hər zaman mübariz olub, heç vaxt təslim
olmayıb, belə xoşagəlməz ünsürlərin
qarşısını almaq üçün bu gün də
mübarizəmizi davam etdirməliyik.
Kamil
HƏMZƏOĞLU
525-ci qəzet 2018.- 18 oktyabr.- S.5.