Milli Dram Teatrı: repertuar haqqında düşüncələr

İKİNCİ YAZI

Son zamanlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında olan bir neçə tamaşa haqqında dolğun təsəvvür yaratmaq istərdim.

N.Qoqolun ölməz "Müfəttiş" əsərinə gənc rejissor Mikayıl Mikayılov çox maraqlı və baxımlı yozum verərək, günümüzlə səsləşən tamaşa hazırlayıb desək, heç də səhv etmərik. Bu əsər hər zaman yaradıcı insanları və tamaşaçıları cəlb edib və edir. Əsərin tamaşasına hər bir yaş təbəqələrindən olan insanlar maraqla baxır. Rejissor səhnənin arxasında başdan-başa müxtəlif ölçülü boş çərçivələr rəsmi verib. Bu, bəlkə də, naqis insanların fotoları üçün olan çərçivələrdir. Qoqol ölməz əsərində möhtəşəm mövzunu elə yüksək peşəkarlıqla qələmə alıb ki, ona istənilən şəkildə yanaşıb, istənilən yozum vermək olar. Əlbəttə, mənə elə gəlir ki, çərçivələr tamaşa boyu oynasaydı, daha baxımlı olardı. Düşündürücü rejissor yozumunda baxımlılığı ilə göz oxşayan, satirik planda təqdim olunmuş aktyor ifalarına tamaşaçı maraqla baxır.

Teatrımızın səhnəsində uğurla nümayiş olunan iki əsər haqqında da fikirlərimizi oxucularımızın diqqətinə çatdırmaq istəyirik. Bu əsərlərdən birincisi "Xəcalət", ikincisi isə "Vəsiyyət"dir. Günümüzlə səsləşən hər iki tamaşanı tamaşaçı diqqət və maraqla izləyir. Birinci tamaşanın mövzusu Qarabağ problemi, ikincinin mövzusu isə, insan xislətində olan var-dövlət hərisliyidir. Günümüzlə səsləşən hər iki əsərin müəllifi tanınmış ictimai xadim, yazıçı və dramaturq Hüseynbala Mirələmovdur.

"Xəcalət" dramının rejissor həlli Bəhram Osmanova, "Vəsiyyət" əsərinin səhnə həlli isə Firudin Məhərrəmova məxsusdur.

Qeyd etdiyimiz kimi, "Xəcalət" əsəri Qarabağ dərdimizə həsr olunub. Müəllif məlum mövzuya bir qədər fərqli yanaşıb. İki əks qütblərdə iki insan var. Onlar Qarabağ uğrunda gedən mübarizələrə birlikdə başlayıblar. Lakin sonradan onların yolları kəskin surətdə ayrılıb. Peşəkarlıqla işlənmiş dramatik süjet xəttində hadisələrin gözlənilməz ardıcıllığına, obrazların xarakterindəki bütövlüyə və eyni zamanda, dəyişkənliyə, tərəflər arasındakı ziddiyyətin kəskinliyinə tamaşaçı maraqla baxır. Bizim hər birimizə yaxşı tanış olan, daxilimizi titrədən mövzunun səhnə şərhini diqqətlə izləyirik. Aktyorlarımızın peşəkar və baxımlı ifalarına tamaşaçı biganə qala bilmir.

İkinci dram əsərini müəllif  "Vəsiyyət" adlandırıb. Müəllif milli problemin bəşəri təqdiminə və təsvirinə nail olub desək, heç də səhv etmərik. Tamaşa başlanan andan quruluşçu rejissorun yozumunda biz dramatik əsərin janr xüsusiyyətlərini, səhnə ritmini hiss edib, tamaşanın ümumi əhval-ruhiyyəsini, təklif olunmuş vəziyyətə uyğun, obrazların xarici təsvirinə qəti uyğun olmayan, tam fərqli daxili portret cizgiləri ilə tanış oluruq. Xarici portret cizgilərlə inanılmaz və tanınmaz şəkildə tərs-mütənasiblik təşkil edən daxili portret cizgilər bizi çaşdırır. İnsan xislətində var-dövlətə olan hərislik bəşəri mövzudur. Dövr dəyişir, insanlar müasirləşir, ancaq insanda var-dövlətə olan hərislik və tamah daha artıq özünü biruzə verir. Dramatik əsərin rejissor yozumu tamaşanın ümumi həllində maraqlı aktyor oyun tərzi vəhdətdə qəbul olunur. Tamaşa mövzusu, rejissor yozumu, bu yozumdan doğan səhnə tərtibatı və ifadəli aktyor oyun tərzi ilə tamaşaçını öz sehrində saxlaya bilir.

Teatrımızın yeni yaradılmış kiçik səhnəsində hazırlanmış üç tamaşa haqqında da fikirlərimizi oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Elə bilirəm ki, tamaşaçıların maraqla baxdıqları bu tamaşalar haqqında da oxucular məlumatlansa, yaxşı olar.

Kamal Abdullanın "Bir, iki-bizimki" əsərinin rejissor quruluşu Azər Paşa Nemətovun bədii rəhbərliyi ilə Əlif Cahangirliyə, hadisələrin cərəyan etdiyi məkan dəqiqliyi ilə rəssam İlham Əsgərova məxsusdur. Məşhur uşaq oyunu versiyasında düşünülmüş əsər, əslində, fani insan ömrü haqqında fəlsəfi düşüncələrdir. Varlıq və yoxluq, həyat və ölüm, itirdiklərimiz və qazandıqlarımız - bütün bunlar insanı daim narahat edən əbədi mövzulardır. Ə. Cahangirov müəllif ideyasına sadiq qalaraq, ədəbi mövzunun meydan tamaşaları prinsipində həllinə və aktyor ifalarında yüksək plastik, baxımlı və cəlbedici oyun tərzinə nail ola bilmişdir.

Teatrın kiçik səhnəsində ikinci maraqlı tamaşa Miro Qavranın "Qəribə, çox qəribə əhvalat" tamaşasıdır. Bu tamaşa da meydan tamaşaları prinsipində Azər Paşa Nemətovun bədii rəhbərliyi ilə Əlif Cahangirli tərəfindən hazırlanıb. Əsərin müəllif ideyasının dəqiq nümayişi olan rəssam işi Nazim Bəykişiyevə məxsusdur. Əsərin adı tamaşaçını xəbərdar edir ki, qəribə yox, çox qəribə bir əhvalatın səhnə versiyasının şahidi olacağıq. Başqa sözlə desək, ağlasığmaz bir əhvalatın şahidi olacağıq. Elə də olur, biz doğrudan da iki yaşlı insanın dəhşətli dərəcədə aldanışının və sonda bununla razılaşmalarının şahidi oluruq. Çox maraqlı və tamaşaçını silkələyən mövzunun rejissor yozumu da müəllif ideyasına müvafiq dəqiq və cəlbedicidir. Aktyor ifalarına qalınca, obrazların mahiyyətindəki rəngarənglik, hərəkət bütövlüyü maraq və diqqət çəkir desək, heç də yanılmarıq.

Kiçik səhnəmizdə tamaşaçılar tərəfindən maraqla qarşılanan daha bir tamaşa Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanı əsasında Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayevanın, İlham Əsgərovun rəssam tərtibatında təqdim etdiyi "Manqurt" tamaşasıdır. Maraqlı rejissor yozumunda əsərin ideyasına uyğun insanın "manqurtlaşma" prosesinin mərhələlərini tamaşaçı dəqiq aktyor ifalarında maraqla izləyir.

Kiçik səhnədə növbəti tamaşa Ayşad Məmmədovun "İuda" monopyesinin tamaşasıdır. Bu tamaşa Azər Paşa Nemətovun bədii rəhbərliyi ilə Anar Babalının maraqlı rejissor yozumunda müəllif ideyasına uyğun baxımlı aktyor ifasında təqdim edilir. "İuda" tamaşası ümumi mənada insan təbiətində olan xəyanətkarlığa həsr olunub. Mono pyesin  mövzusu ümumbəşəridir. Tarixi mənbələrdən məlumdur ki, İuda ustadı İsa Məsihi düşmənlərə ələ verdiyinə görə həyatı boyu vicdan əzabından qurtula bilmir. Tamaşa sentyabr ayında Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında ölkəmizi çox böyük uğurla təmsil edib. "İuda" tamaşası festival rəhbərliyi və teatr ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanıb.

Çingiz ƏLƏSGƏRLİ

Teatrşünas

525-ci qəzet  2018.- 18 oktyabr.- S.7.