Ürək çırpıntısı ilə yazılmış xatirələr...

Nemət müəllimin uzun illərdən bəri üst-üstə yaddaşına yığdığı, ürəyində əzizləyib saxladığı

Deyirlər ki, insan ömrü bir kitabdır. Yazılmamış, oxunmamış bir kitab. Nədənsə, yazıçı və şairlərin ömür yollarından bəhs edən kitablar, gündəliklər və xatirələr toplusu oxucuya bədii əsərlərdən daha çox zövq verir.

Yəqin bu ona görə belədir ki, həmin əsərlər hansısa bir yazıçının uydurub bədii don geyindirdiyi obrazlar aləmi deyil. Bu, konkret olaraq bir insanın keçdiyi həyat və ömür yoludur. Yaşantılarının acılı-şirinli xronikasıdır. İbtidaidən aliyə, uşaqlıqdan böyüklüyə, başlanğıcdan sona doğru uzanan bir yoldur. Belə əsərlər oxucuya daha çox təcrübə və bilik verir. Daim onu maraq dairəsində saxlayır.

Bugünlərdə tanınmış yazıçı və publisist Nemət Veysəllinin "Geriyə yol varmı..." kitabını oxuyarkən bir insan ömrünün keçdiyi yolla yaxından tanış oldum. Kitabı oxuduqca düşünürsən ki, insan ömrünə nə qədər faciəli hadisələr, nə qədər qəm, kədər sığa bilər? Hara çəksən, hara yozsan, üstünə nə qədər ört-basdır etsən də, son nəticə budur ki, insan ömründə sevincli, fərəhli günlər az olur. Çoxu qayğılar, ağrı-acılar və problemlərlə dopdolu günlərdir.

Müharibənin ağır nəticələrindən, insana, insanlığa vurduğu mənəvi və maddi zərbələrdən, ağrı-acılarından çox yazılıb, çox deyilib. Amma nə qədər yazılsa da, deyilsə də, müharibələr yaxamızı buraxmaq istəmir, əzizlərimizin, doğmalarımızın ömürlərini faciəli şəkildə son qoymaqda davam edir. Nə vaxt və harada baş verməsindən asılı olmayaraq müharibə həmişə insanlara ölüm və göz yaşları gətirir. Müharibələr bəşəriyyətə ağır, sarsıdıcı zərbələr vurur. Evlər dağıdılıb uçurulur, insanlar məhv olur. Tarixin atası adlandırılan Herodot müharibənin ağrı-acılarının insanlara vurduğu zərbəni belə xarakterizə edir: "Sülh zamanında oğullar atalarını dəfn edir, müharibə zamanı isə atalar oğullarını". Bəli, müharibə çox amansızdır, ondan yaxşı nəsə ummaq avamlıqdan başqa bir şey deyil.

Bir çoxları kimi müharibə Nemət müəllimin də ömrünə, həyatına ağır və sarsıdıcı zərbələr vurub. Böyük Vətən müharibəsinə çağırılan atası Bayramalı kişi hitlerçilərlə döyüşə yollanıb. Qanlı əməliyyatların birində düşmən gülləsinə tuş gəlib. O vaxtlar Nemət müəllim üç aylıq uşaq olub. Amansız müharibə ömrünün bu çağında, həyatının başlanğıcında onu atasız qoyub. İllər sonra isə N.Veysəlli özü Qarabağ müharibəsində iştirak edib. Bir-birindən gərgin günlər, çətin anlar yaşayıb. Qarabağ müharibəsi də Nemət müəllim üçün çox böyük faciə ilə nəticələnib. Erməni işğalçıları qoynunda dünyaya göz açdığı Yuxarı Veysəlli kəndini işğal edib. Müharibələr onun həyatına ağır itkilərlə dərin iz qoyub. Böyük Vətən müharibəsi Nemət müəllimin atasını, Qarabağ müharibəsi isə doğma kəndlərini əlindən alıb.

Nemət Veysəllinin kitabının adı da diqqətimi çəkdi: "Geriyə yol varmı..." Əslində, müəllif bu sualı ilə hamıya - illərdən bəri Qarabağın və işğal olunmuş başqa rayonların erməni işğalçılarından sülh yolu ilə azad olunması işi ilə məşğul olan beynəlxalq təşkilatlardan tutmuş, hər bir vətəndaşa, hər bir məmura ünvanlayıb. Torpaq itkisi, yurd həsrəti çox ağır, çəkilməz dərddir. Uzun illərdir ki, erməni qəsbkarları N.Veysəllinin doğma kəndini işğal altında saxlayır. Bu həsrətin, bu intizarın sonu görünmür.

Kitabı oxuduqca, Nemət müəllimin xatirələri əlimizdən tutub bizi onun ömrünün ilk çağlarına çəkib aparır. Uşaqlıq illəri ömrümüzün əlifbasıdır, həyatımızın başlanğıc nöqtəsidir desək, yəqin ki, oxucular bizimlə razılaşar. Kənd yerində böyüyən uşaqların həyatı, yaşayış tərzi bir-birinə çox oxşayır. Kitabı vərəqləyib sıralanan sözlərə, bir-birinin ardınca düzülən cümlələrə göz gəzdirdikcə mənə elə gəlir ki, sanki N.Veysəlli mənim uşaqlığımı yaşayıb. Ya da əksinə, mən onun uşaqlığını yaşamışam. Səhifələri bir-bir arxada qoyduqca hiss edirdim ki, sanki müəlliflə yanaşı addımlayır, Yuxarı Veysəlli kəndinin küçələrini, geniş çöllərini, barlı-bərəkətli bağ-bağatını gəzirik.

Həyatda qəribə, təzadlı və gözlənilməz hadisələr çox olur. Keçdiyi həyat yolu, yaşadığı ağrı-acılarla tanış olanda gördüm ki, Nemət müəllimlə mənim taleyimdə haradasa bir oxşarlıq, bir paralellik, bir yaxınlıq var. Onun da atası Böyük Vətən müharibəsində iştirak edib, mənim də. O da ata üzü görməyib, mən də. Amma ondan fərqli olaraq mən heç olmasa, atamın şəklini görmüşəm. Nemət müəllimin də qoynunda dünyaya göz açdığı kəndləri işğal olunub, mənim də. Uzun illərdir mən də doğma ocaqlarımıza həsrət qalmışam, o da.

Anası Nənəxanımın xatirəsinə həsr etdiyi bu kitabı Nemət müəllimin uzun illərdən bəri üst-üstə yaddaşına yığdığı, ürəyində əzizləyib saxladığı xatirələrinin boğçası da adlandırmaq olar. Müəllif yaddaşına əsaslanaraq yaşanıb arxada qalan ömrünün bütün anlarını ən xırda detallarına qədər qələmə almağa çalışıb. N.Veysəlli illər sonra xəyalların qanadında geriyə - uşaqlıq illərinə dönərək, keçmişə boylanaraq gördüklərini, eşitdiklərini ağ vərəqlərə köçürüb. Köçürüb ki, ötən günlərdən bir iz, bir mənbə, bir söykənəcək qalsın. Nemət müəllim böyük səbrlə, təmkinlə ömrünün ayrı-ayrı parçalarını bir yerə toplayıb. Toplayıb ki, xatirələri orda-burda itib-batmasın, gələcək nəsillərə qalsın.

Nemət Veysəllinin böyük əziyyətlə yazıb araya-ərsəyə gətirdiyi bu kitabı böyük maraqla oxudum. Yazılanlar bir oxucu kimi məndə nostalji hisslər oyatdı. Bu sətirləri qələmə alarkən müəllifin hansı hisslər keçirdiyi mənə çox tanışdır. Müəllifin acılı-şirinli xatirələrini oxuduqca Qarabağın bir parçası olan bu gözəl diyarı xəyalən də olsa gəzib dolandım. O yerlərin gözəlliyinə, bənzərsizliyinə heyran qaldım. Xüsusilə Nemət müllimin Veysəlli bağlarından yazdıqları zövqümü oxşadı. Xəyalən də olsa o yerlərə heyran qaldım. Yazı məni o qədər tutdu ki, sanki bir anlıq özümü o ağacların kölgəsində hiss etdim, meyvələrindən yedim, bulaqlarından su içdim. Belə gözəl bölgələrimizin düşmən əlinə keçməsi ürəyimi ağrıtdı, qəlbimi göynətdi. Hər cümlədə, hər sözdə, hər səhifədə Nemət müəllimin ürəyinin döyüntüsünü hiss etdim. Ümumiyyətlə, hiss olunur ki, müəllif xatirələrini ürək çırpıntıları ilə yazıb. Başqa cür də, ola bilməz. Çünki bu çox ağır, çox üzüntülü bir mövzudur.

Nemət müəllim xatirələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri yaramaz hərəkətlərindən də ürək ağrısı ilə söz açır. "Herher kəndi" bölməsindəki xatirələrində ermənilərin azərbaycanlılara olan münasibətləri açıq-aydın işıqlandırılıb. Yazlanlardan, deyilənlədən belə nəticəyə gəlmək olur ki, ermənilərin gözü həmişə torpaqlarımızda olub. Bu bərəkətli torpaqları ələ keçirmək üçün həmişə min cür hiylə qurub, min bir cildə giriblər. Məqsədlərinə çatmaq üçün hər cür hiylə və xəyanətlərə əl atıblar.              

Uzun illərdir torpaqlarımızın işğalı ürəyimizi yandırır. Dədə-baba yurduna dönəcəyimiz günü intizarla gözləyirik. Həsrət çəkməkdən gözümüzün kökü saralıb. Deyirlər ki, inam, ümid sonda ölür. İnanırıq ki, gec-tez həsrətə son qoyulacaq, gözəl günlərin birində Nemət müəllim kimi yurd həsrətli minlərlə insan Azərbaycan Ordusunun erməni işğalçılarından azad edəcəkləri doğma ocaqlarına dönəcəklər.

Nemət Veysəlli kitabını bu sözlərlə bitirir: "...İlahi, sən özün mənə düşdüyüm bu uzun, qaranlıq lağımın sonunda bir işıq zolağı aç, işıqlığa çıxım". Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Gec-tez biz də qaranlıqdan işığa çıxacağıq. Axı bütün qaranlıq yollar sonda işıqlığa gedib çıxır. Təbiidir ki, nə sülh, nə də müharibə şəraiti uzun müddət davam edə bilməz. Gündən-günə gücünü, qüdrətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadir və hazırdır. Müntəzəm olaraq keçirilən təlimlərdən qələbə qoxusu, zəfər sevinci gəlir.

Deyirlər ki, hər şeyin zamana ehtiyacı var. Bu gün zaman bizim xeyrimizə işləyir. Düşmən getdikcə zəifləyir, biz güclənirik. Bütün sahələrdə qəsbkarları üstələyirik. Döyüş meydanlarında da daşnakları mütləq məğlub edəcəyik. Deməli, doğma yurd-yuvamıza dönəcəyimiz günə çox qalmayıb. Yəqin ki, daim bizi irəli aparan zaman günlərin birində bizi arzumuza qovuşduracaq. Onda ürəyimiz açılacaq, qəlbimizin göynərtisi kəsiləcək. Ürəyimizi sevinc, şadlıq və xoş hisslər bürüyəcək. Onda neçə illərdən bəri işğal altında inləyən torpaqlarımızın da üzü güləcək. İnsanla torpağın sevinci bir-birinə qarışacaq.

Vahid MƏHƏRRƏMOV

525-ci qəzet  2018.- 18 oktyabr.- S.8.