Hüseyn Cavid irsinə böyük qayğının parlaq təzahürü

Tarix boyu Naxçıvanda doğulub böyümüş, buradan pərvazlanaraq tanınmış şəxsiyyətlər bu qədim diyara da yeni şöhrət gətirmiş, onu daha da şərəfləndirmişlər. Bunların hər biri haqqında cild-cild kitablar yazılıb, yazılır, yazılacaq da. Amma mən onlardan biri haqqında danışacağam bu yazıda: Hüseyn Caviddən söz açacağam. Daha doğrusu, Hüseyn Cavidin Ev Muzeyindən.

9 iyun 1984-cü il. Naxçıvanın ədəbi-mədəni həyatında yeni bir səhifə yazılır. Yarım əsrə yaxın bir keçmişdə Azərbaycan tarixindən silinib atılmağa çalışılan bir şəxsiyyətin, XX əsr Azərbaycan ədəbiyyatının dahilərindən biri, Stalin repressiyasının qurbanlarından olan Hüseyn Cavidin Ev Muzeyi açılır.

Muzeyin açılışı təntənəli qeyd edilir. Azərbaycanın Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimov, Xalq yazıçısı Hüseyn Abbaszadə, görkəmli ədəbiyyatşünas tənqidçi Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, Xalq artisti Vera Şirye, Əməkdar artistlər - Hamlet Xanızadə, Ramiz Məlikov, Əminə Yusifqızı və Hicran Mehbalıyeva, həmçinin, qonşu respublikalardan gəlmiş qonaqlar - Özbəkistan SSR-in Xalq yazıçısı Səid Əhməd, Ukraynanın Xalq artisti Anna Nikolaya, Litva SSR-dən gəlmiş yazıçı Pronas Raşşyus, Gürcüstan SSR-dən Roman Miminoşvili, Süleyman Süleymanov və başqaları iştirak edirlər.

Ötən əsrdə Azərbaycan çox mürəkkəb bir yol keçib. XX əsrin qanlı-qadalı ilk onilliklərindən çırpınıb çıxmaq, qısa sürən müstəqillik, əslində, dünyanın alt-üst olduğu əsrin ilk iki onilliyi, kollektivləşmə və islahatlar adı ilə keçən sonrakı iki qanlı onillik, bundan sonra gələn və yalnız iblisin hökmranlığı deyə biləcəyimiz, repressiya və müharibələrlə tarixin qan yaddaşına çevrilən 30-40-cı illər və nəhayət, bəşəriyyətin özünə gəlməsi üçün keçən üç onillik.

XX əsrin əvvəllərindən başlayaraq xalqımızın yaşadığı ağır mərhələlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsindən sonra arxada qaldı və ölkəmiz bundan sonra bir çox islahatlarla, həm də milli hafizənin bərpası ilə yeni bir mərhələyə qədəm qoydu. Məhz həmin dövrdə Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Ruhulla Axundov, Ülvi Rəcəb, Tağı Şahbazi, Hüseyn Cavid və onlarla başqa ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri yeni sovet nəslinin hafizəsinə yenidən və daha inamla yazılmağa başladı.

 

Azərbaycan xalqı, daha sonrakı illərdə artıq SSRİ adlanan böyük coğrafiya xalqımızın XX əsr nəhənglərini, o cümlədən də bu nəhənglər içərisində nəhəng olan Hüseyn Cavidi özü üçün layiqincə kəşf etdi.

1956-cı ildə, ölümündən sonra hüquqi bəraət alan Hüseyn Cavid irsinin əslində, həqiqi və hərtərəfli təntənəsi Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanında oldu. Onun birbaşa tapşırığı əsasında 1980-ci ilin axırları və 1981-ci ilin əvvəllərində H.Cavidin 1919-cu ilədək fasilələrlə yaşadığı Naxçıvan şəhərinin qədim Əlixan məhəlləsində, Bazar çayının kənarındakı evdə təmir işləri aparılaraq ədibin ev muzeyinin təşkili işinə başlanıldı. 1981-ci ilin iyul ayının 21-də isə Heydər Əliyevin Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında verdiyi və imzaladığı Azərbaycan KP MK-nın 1980-ci il 25 dekabr tarixli qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 13 fevral tarixli müvafiq sərəncamı Hüseyn Cavidin ev muzeylərinin təşkil olunması üçün əsas oldu. Beləliklə, 30 il əvvəl verilən bir qərar Azərbaycan ədəbi, mədəni, fikir tarixində xüsusi yeri olan Muxtar Respublikanın mədəniyyət ocaqlarının sırasına daha bir müqəddəs ünvan - Hüseyn Cavidin Ev-Muzeyini əlavə etdi.

Bundan başqa, Ulu Öndər Heydər Əliyevin diqqəti və qayğısı sayəsində qədim Naxçıvanın XX əsr tarixinin ən böyük şəxsiyyətlərindən, ədəbiyyatımızın korifeylərindən Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin, nəhəng sərkərdə Cəmşid Naxçıvanskinin, böyük rəssam Bəhruz Kəngərlinin ev-muzeyləri də açılıb. Bu muzeylər bizimlə qədim Gəmiqaya, Atabəylər dövlətinin tarixi abidələri Möminə Xatun, Yusif ibn Küseyr türbələri, onların müəllifi, dahi memar Əcəmi Əbubəkir oğlu Naxçıvani, Qarabağlar türbə kompleksi, monqol-tatar hücumunun şahidi Köhnə qala, orta əsrin mütəfəkkiri Nəimi arasında, yaxın və uzaq keçmişimiz arasında mənəvi körpü qurur, yaddaşımızı təzələyir.

Hüseyn Cavid əfəndinin ev-muzeyinə gəldikdə, bu barədə bir qədər ətraflı danışmaq, onun həyat vəsiqəsi almasında xidməti olanlara da vəfa borcumuzu - yad etməmiz vacibdir.

Hər şeyin, hər işin başlanğıcı ən çətin dövrdür. Bu baxımdan Cavid əfəndinin ev-muzeyinin təşkili işi də istisna deyildi, bəlkə də digər muzeylərin açılmasından da çətin idi. Bu çətinliyi Stalin repressiyası illərini yaşamayanların təsəvvür etməsi çox çətindir. Repressiya təkcə insanı məhv etməklə kifayətlənmir, bununla doymurdu, onun yaxınlarını, dostlarını, tanışlarını, evini, əşyalarını, onun adı ilə bağlı olan hər şeyi doymayan əjdaha kimi udur, yer üzündən silir, yox edirdi. Cavid əfəndi üçün də bu istisna olmamışdı. Amma onun bunda "bəxti gətirmişdi" ki, Cavid əfəndi başqalarının, sevənlərinin hafizələrində, həyatında yaşamağa başlamışdı. Bu baxımdan ev muzeyin təşkili çətin də olsa, mümkün görünürdü.

Muzey ekspozisiyasının mövzu-tematik planı Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun əməkdaşı, teatrşünas Tamilla Təhmasibə həvalə olunmuşdu, bədii tərtibatı isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Muzeylərin və sərgilərin bədii tərtibatı və layihələşdirilməsi" emalatxanası tərəfindən icra olunurdu.

 

Muzeyin yaradılmasına şairin qızı, o zaman Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Turan Cavidin çox böyük köməyi oldu. O, həm muzey otaqlarının qurulması və tərtibatında dəyərli məsləhətlər vermiş, həm də Cavidin əsərlərinin ilk nəşrlərini - "Keçmiş günlər", "Şeyda", "İblis", "Topal Teymur", "Uçurum", bunlardan əlavə də 100-ə yaxın foto-şəkillər, sənədlər və xatirə əşyalarını muzeyə hədiyyə etmişdi.

Cavidlə əlaqələr müxtəlif sənədlər, fotoşəkillər, qəzet və jurnal materialları, kitablar, xatirələrin əldə edilməsində Cavid əfəndinin yaxın dostu olmuş, görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin xüsusi rolunu qeyd etmək yerinə düşər. Onun 1983-cü ildə ev-muzeyə təqdim etdiyi hədiyyə özünün 1977-ci ildə çapdan çıxmış və üzərində avtoqrafı olan "Keçmiş günlərdən" kitabından və bir dəftərdən ibarət idi. Məktubda deyilirdi: "... Məndə qalan bircə bu dəftərdir ki, vaxtilə mən Cavidin atama yazdığı məktubların surətini oraya köçürmüşəm. Bu dəftər mənim üçün nə qədər qiymətli olsa da, onu unudulmaz dostum və böyük qardaşımın ev-muzeyinə göndərməyi mümkün bildim".

Vaxtı ilə Cavidin qonşusu və tələbəsi olmuş professor Əli Sultanlının bacısı Bətulə xanımın muzeyə hədiyyə etdiyi, üzərində müəllifin avtoqrafı olan 1924-cü ildə nəşr olunmuş "İblis" əsəri ev-muzey üçün çox qiymətli idi.

Həmin ərəfədə akademik Məmməd Cəfər Cəfərova, professor Abbas Zamanova, Yaşar Qarayevə, görkəmli jurnalist, tədqiqatçı Qulam Məmmədliyə, SSRİ Xalq artisti, professor Mehdi Məmmədova, cavidşünas Zahid Əkbərova, Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ələsgər Şərifova, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinə, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasına və hətta Gürcüstan, Türkmənistan və  Özbəkistan Dövlət arxivlərinə məktublarla müraciət olundu və muzey ekspozisiyası qurulduğu vaxt Cavidlə bağlı müəyyən qədər sənəd, fotoşəkil, qəzet və jurnal materialları, kitablar əldə edildi ki, bunlar hamısı muzey ekspozisiyasında öz layiqli yerini tutdu.

Ev-muzeylərin fərqli bir xüsusiyyəti vardı. Bu abidələr başqaları kimi qurulub başa çatmırlar, daima yeni eksponatlarla zənginləşə-zənginləşə həyatlarını davam etdirirlər. Cavid əfəndinin muzeyinin həyatı da belə davam edir. Fəaliyyətə başladığı 1981-ci ildən bu günədək muzeyin fonduna 9300-dən artıq eksponat toplanıb. Bunların içərisində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotolar, sənədlər, xatirə əşyaları, təsviri sənət və heykəltaraşlıq nümunələri, əsərlərinin ilk nəşrləri, üzərində qardaşı qızı Rəna Rasizadəyə avtoqrafla hədiyyə etdiyi, 1934-cü ildə nəşr olunmuş "Səyavuş" əsəri, Turan Cavid tərəfindən son vaxtlar hədiyyə olunmuş "Knyaz" əsərinin əlyazması, atasının pensnesi (gözlüyü), yazı dəsti, Ərtoğrol Cavidin hərbi xidmət illərində 1942-ci ilin 28 fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan Bakıya anası Mişkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 ədəd məktubu və  Turan Cavidə məxsus xatirə əşyaları da vardır.

Cavid əfəndinin həmyerliləri, qohumları, dostları, yoldaşları onun məruz qaldığı ədalətsizliyi aradan qaldırmağa can atırmış kimi hamılıqla çalışır, ev-muzeyə əllərindən gələn köməyi göstərirdilər. H.Cavidin Ev-Muzeyi ilə uzun illərlə çox yaxından əməkdaşlıq edən tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin bağışladığı, içərisində H.Cavid haqqında yazılar və şəkillər verilmiş və bir neçəsində ədibin "Afət" pyesi ilk dəfə olaraq hissə-hissə çap olunmuş 1926-cı ilə aid 6 ədəd "Maarif və mədəniyyət" jurnalını, Xalq yazıçısı Hüseyn İbrahimovun üçcildlik "Seçilmiş əsərləri" ("Böhtan" romanı həmin cildlərə daxil edilib), akademik İsa Həbibbəylinin "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları", Hüseyin Cavidin Bakıdakı Ev Muzeyinin nəşrləri olan "Cavidşünaslıq", "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" topluları və muzeyin direktoru Gülbəniz Babaxanlının "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid", akademik Rafael Hüseynovun "Əbədi Cavid", professor Kamran Əliyevin "Hüseyn Cavid: həyat və yaradıcılığı", professor Cəlal Qasımovun "Cavidi məhbəsə aparan yol", filologiya elmləri doktoru Hüseyn Həşimlinin "Azərbaycan poeziyasında sonet və terset", filologiya elmləri üzrə fəlsəfə doktoru İsgəndər Atillanın "Əsrin şairi" əsərinin I-IX hissələri və "İnsan ömrü bir dalğa kimi", filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlının "Ərtoğrol Cavid, yaxud bir ailənin dramı", Pedoqogika üzrə fəlsəfə doktoru Yusif Aslanovun "Cavidin söz dünyası", şair Əbülfəz Naxçıvanlının "Tale burulğanı" və Nazim Əkbərovun "Cavid dünyasına üç pəncərə" əsərləri muzeyin ekspozisiyasını zənginləşdirib.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi diqqət və qayğısı ilə ev-muzeydə əsaslı təmir və bərpa işləri aparılmış, muzeyin binası öz əvvəlki görkəminə qaytarılmış, muzeyin maddi-texniki bazası gücləndirilmişdir.

Böyüklüyün qədrini böyük təfəkkür sahibləri anlayar. Cavid ev-muzeyinin bir hissəsi adlandırdığımız Cavid məqbərəsi Heydər Əliyevin əsəridir. 1991-ci ildə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçidikdən bir aydan bir az artıq vaxt sonra Cavid əfəndinin anadan olmasının 110 illiyi münasibəti ilə Cavid əfəndinin məzarı üstündə xalqa belə bir söz verdi: "Mən sizə söz verirəm, Cavid əfəndini Sibir meşələrindən alıb buraya, vətəni Naxçıvana gətirdiyim kimi, onun məzarı üstündə ona layiq bir məqbərə tikdirəcəyəm. Cavid əfəndi buna layiqdir".

Ulu öndər söz verdi və təqribən bir ildən sonra xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə gələndən az sonra Hüseyn Cavid məqbərəsinin inşasına başlandı. Və onun açılışını - 1996-cı ilin 29 oktyabrda Ümummilli lider Heydər Əliyev özü həyata keçirdi.

Bu gün də Cavidə olan diqqət və qayğı layiqincə davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli şair-dramaturq Hüseyin Cavidin 17 aprel 2007-ci il tarixdə imzaladığı 125, 16 fevral 2012-ci il tarixdə imzaladığı 130, 24 oktyabr 2017-ci il tarixdə imzaladığı 135 illik yubileylərinin keçirilməsi haqqında Sərəncamlarının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla təsdiq edilmiş "Tədbirlər planlarına" uyğun olaraq Naxçıvan Muxtar Respublikasında müxtəlif tədbirlər həyata keçirilib. Qeyd olunmuş yubileylərlə əlaqədar Tədbirlər Planlarında simpoziumların, elmi-nəzəri konfransların keçirilməsi, Naxçıvan Dövlət Musiqili Dram Teatrında "Səyavuş", "Şeyx Sənan" və "İblis" əsərlərinin tamaşaya hazırlanması, "Naxçıvan" jurnalının bir nömrəsinin yubileyə həsr olunması, Cavid ensklopediyasının nəşr edilməsi üçün hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və gerçəkləşib.

Bunlara əsasən Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində də bu yubileylərin keçirilməsi ilə əlaqədar Tədbirlər Planları tərtib edilib ki, "Hüseyn Cavid-125", "Hüseyn Cavid-130", və "Hüseyn Cavid-135" adlı sərgilərin hazırlanıb mədəni-maarif müəssisələrində nümayiş etdirilməsi, muzey ekspozisiyasında açıq dərslərin keçirilməsi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin iştirakı ilə "Hüseyn Cavid şeirlərinin ən yaxşı ifaçısı" mövzusunda şeir müsabiqəsinin, elmi-nəzəri konfransların və Cavid poeziya günlərinin təşkili nəzərdə tutularaq yüksək səviyyədə icra olunub.

Bu gün 9300-dən artıq eksponatla zənginləşən ev muzeyinin ekspozisiyasında yeni eksponatlar əsasında əlavə və dəyişiklər edilib, muzey ekspozisiyası xeyli zənginləşdirilib. Belə ki, muzey yeni ekspozisiya ilə muzeyə gələn qonaqları dahi şair-dramaturqun zəngin ədəbi irsi, onun zəngin yaradıcılığı ilə tanış edir.

Bəhruz AXUNDOV

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru

525-ci qəzet  2018.- 19 oktyabr.- S.6.