Mingəçevir Dövlət
Dram Teatrının 50 illik yubileyi qeyd edilib
Oktyabrın 17-də Mingəçevir Dövlət
Dram Teatrının 50 illik yubileyi təntənəli şəkildə
qeyd olundu.
Tədbirdən öncə mədəniyyət
naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif
Əliyev, şəhər İcra Hakimiyyəti
başçısının səlahiyyətlərini icra edən
İlham İsmayılov, teatr ictimaiyyətinin nümayəndələri
Heydər Əliyev Mərkəzinin qarşısında ulu
öndərin abidəsini ziyarət etdilər. Abidə
önünə tər çiçək dəstələri
düzüldü.
Tədbir iştirakçıları daha sonra
Mingəçevir Dövlət Dram Teatrının foyesində
sənət ocağının fəaliyyətinə həsr
olunmuş foto sərgiyə baxdılar.
Mərasimdə çıxış edən mədəniyyət
naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət,
incəsənət sahəsinə göstərilən dövlət
qayğısından danışdı. Nazir qeyd etdi ki,
2006-cı ildə teatr fəaliyyəti haqqında qanunun qəbul
edilməsi, 2007-ci ildə ölkə
başçısının “Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında” sərəncam
imzalaması, “Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramının təsdiq edilməsi dövlətin
bu sahəyə diqqətinin bariz nümunəsidir. Bildirildi ki,
məhz bu mühüm sənədlərin qəbulu, dövlət
proqramı bizə beynəlxalq miqyaslı tədbirlər
keçirmək, teatr binalarını əsaslı təmir
edib, yenidən qurmaq imkanı yaradır. Bu proses təkcə
paytaxt teatrlarını deyil, həm də bölgə
teatrlarını əhatə edir.
Əbülfəs Qarayev Mingəçevir
Dövlət Dram Teatrının fəaliyyətindən
söz açaraq kollektivin əməyini yüksək qiymətləndirdi,
teatrın 50 illiyinin qeyd olunması haqqında Prezident İlham
Əliyevin sərəncamını xatırlatdı: “Bu
gün ölkəmizdə, mədəniyyətimizin digər
sahələri kimi, teatr sənəti də inkişaf edir.
Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət
yetirir. Yubileyini qeyd etdiyimiz Mingəçevir Dövlət Dram
Teatrı 1968-ci ildə yaradılıb. Sənət
ocağı 1969-cu ilin martın 28-də Cəfər
Cabbarlının “Almaz” əsərinin tamaşaya qoyulması
ilə fəaliyyətə başlayıb. Bu illər ərzində
yaradıcı kollektiv dünya və Azərbaycan
dramaturgiyasından 300-ə yaxın
tamaşa hazırlayıb”.
Nazir vurğuladı ki, yarandığı
gündən repertuarında milli klassik və müasir
dramaturgiya nümunələrini əsas götürən Mingəçevir
Dövlət Dram Teatrı Türkiyə, rus və dünya
dramaturgiyasına da müraciət edib. Mingəçevir
teatrı Azərbaycanda və onun hüdudlarından kənarda
fəal mədəniyyət ocağı kimi tanınır.
Teatr respublikamızın əksər şəhər və
rayonlarına, eləcə də Türkiyə,
Gürcüstan, Rusiyaya qastrol səfərləri edib, respublika
festivallarının iştirakçısı və qalibi
olub.
Əbülfəs Qarayev daha sonra Mingəçevir
Dövlət Dram Teatrının əməkdaşlarının
mükafatlandırılması haqqında Prezident İlham
Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamları
oxudu. Həmçinin teatrın bir neçə əməkdaşına
nazirliyin fəxri fərmanını təqdim etdi.
Nazir sonda bir daha teatrın kollektivini yubiley
münasibətilə təbrik edərək hər kəsə
gələcək fəaliyyətlərində uğurlar
arzuladı.
Mingəçevir Şəhər İcra
Hakimiyyəti başçısının səlahiyyətlərini
icra edən İlham İsmayılov yubiley gecəsində
çıxış edərək teatrın şəhərin
mədəni həyatında mühüm rolundan
danışdı. Bildirdi ki, Azərbaycan teatrı
böyük inkişaf yolu keçib və bu inkişafda Mingəçevir
Dram Teatrının da öz yeri var. O, teatrın yubileyinin qeyd
olunmasına, teatrın əməkdaşlarına
mükafatların verilməsinə görə Mingəçevir
sakinləri adından Prezident İlham Əliyevə öz minnətdarlığını
bildirdi.
İlham İsmayılov teatrın bir neçə
əməkdaşına İcra Hakimiyyətinin fəxri fərmanlarını
təqdim etdi.
Daha sonra Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov
teatrın kollektivinə təbriklərini
çatdırdı. Bildirdi ki, ənənələri olan Mingəçevir
teatrı bu gün ölkə teatrları arasında öz dəsti-xətti
ilə seçilir.
Azərbaycan Teatr Xadimləri İttifaqı
adından teatrın bir neçə əməkdaşına fəxri
fərmanlar təqdim edildi.
Yubiley gecəsi daha sonra konsert proqramı ilə
davam etdi.
Qeyd edək ki, Mingəçevir Dram
Teatrında ötən illərdə “Almaz” (C.Cabbarlı),
“Hacı Qara” (M.F.Axundzadə), “Eşq və İntiqam”,
“Laçın yuvası” (S.S.Axundov), “Həmyerlilər” (A.Məmmədov),
“Fərhad və Şirin”, “Vaqif” (S.Vurğun),
“Yağışdan çıxdıq yağmura
düşdük” (N.B.Vəzirov), “Kəndçi qızı”
(M.İbrahimov), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Qətl
günü” (Y.Səmədoğlu), eləcə də “Ezop”
(Q.Fiqeyredo), “Toros canavarı” (Ə.Nesin), “Müfəttiş”,
“Evlənmə” (N.Qoqol),
“Ayrılmaq anı” (M.Bayciyev)
kimi əsərlər müvəffəqiyyətlə
tamaşaya qoyulub, seyrçi rəğbətini qazanıb, mətbuatda
geniş işıqlandırılıb. Hüseyn Cavidin “Ana” əsərinin
tamaşası isə 2004-cü ildə Azərbaycan Teatr Xadimləri
İttifaqının qərarı ilə klassik
dramaturgiyanın uğurlu səhnə təcəssümünə
görə “Qızıl Dərviş” mükafatına layiq
görülüb.
525-ci qəzet 2018.- 19 oktyabr .- S.7.