Uğurlar təsadüfi olmur
Bir tərəfdən mavi gözlü Xəzər
öz şıltaq, qırçın ləpələri ilə
Şabran bölgəsinin saçlarına sığal çəkir,
o biri tərəfdən isə bu yurd sıx meşəli,
yaşıl donlu dağlara söykənir. Elə bizim Orta
Əmirxanlı kəndi də yüz illərdən bəridir
ki, bu dağların ətəyində qərar tutur.
Mən kəndimizin əsrarəngiz təbiəti,
diş göynədən çeşmələri, şaqraq
çayları ilə qürrələnmək fikrindən
uzaq olsam da, onu deməliyəm ki, yaşı min altı
yüz ili ötmüş, bizim ellərin başı üzərində
əzəmətlə ucalan əfsanəvi Çıraqqala
abidəsi qəlbimizə hər zaman vüqar, iftixar, fərəh
duyğusu bəxş edir.
Bir vaxtlar çox böyük bir kənd olan
Orta Əmirxanlıda üç seyid nəsli yaşayıb.
Seyid Bədərlilər. Seyid Rzalılar, Seyid Həsənlilər.
Hər üç soyad köklü-köməcli,
qollu-budaqlı, hörmətli, nüfuzlu, güzəran
sarıdan da korluq, çətinlik çəkməyib. Bu nəsillərin
törəmələri əksər Əmirxanlı camaatı
kimi bineyi-başdan ruzularını öz əllərinin zəhməti,
qabarı ilə, hallalıqla çıxarıblar...
Mən də bu yazımda əməksevər,
çalışqan, yorulmaz, ömrü boyu fəal həyat
mövqeyi tutan, təvazökar bir insan kimi
tanıdığım, pedaqoji elmləri doktoru, professor
Mübariz Əmirov haqqında söz açmaq istəyirəm.
Mübariz ağlı az-çox kəsəndən,
öz uşaq fəhmi ilə hiss edirdi ki, bu ailədə
düzlükdən, zəhmətə bağlılıqdan,
halallıqdan qiymətli heç nə yoxdur. Ata-ananın
gündəlik həyatında, davranışında,söz-
söhbətində də özünü göstərən
bu məziyyətlər ailədə böyüyüb
boya-başa çatan beş övladın da illər boyu
canına, qanına hopurdu. Atası ürəyi baş alıb
gedən çöllər-çəmənlər tək
geniş, sadə təbiətli Mirəziz kişi torpağa, təbiətə
ülvi münasibət bəsləyən, həyatı
sönməz məhəbbətlə sevən, ömrü boyu
insanlara sayğı ilə, xeyirxahlıqla yanaşan bir şəxs
idi. O, ötən əsrin 30-cu illərinin sonlarında, olduqca
mürəkkəb ictimai-siyasi mühitdə neçə-neçə
gəncin oxuyub, təhsil görməsində, həyata vəsiqə
almasında hədsiz xidmətlər göstərən, əsl
maarif fədaisi olan Səməd Şəfiyevin rəhbərlik
etdiyi Orta Əmirxanlı kənd 7 illik məktəbini bitirib.
Sonra dədə-babadan gəlmə, ürəyində tükənməz
torpaq sevgisi yaşadan Mirəziz Kirovabad (Gəncə) Kənd
Təssərrüfatı İnstitutunun nəzdindəki kolxoz
sədrləri hazırlayan bir illik kursa üz tutur. Oranı
bitirdikdən sonra isə Dəvəçi (Şabran) rayon
Maliyyə İdarəsində müfəttiş vəzifəsində
çalışır.
1950-ci ilin mülayim yaz günlərinin birində
Əmirxanlı kəndində axşam tərəfi kolxoz sədri
seçkisi keçiriləcəkdi. Kənd əhli bu məsul
tədbir ərəfəsində yekdil olmağa
çalışır, el qədri bilən, yurd təəssübü
çəkən, sabahı gün üçün ümidləri
doğrultmağı bacaran bir təssərrüfat rəhbərinə
səs verməyi fikirləşir, öz aralarında məsləhət,
məşvərət edirdilər. Sədrliyə namizədlər
arasında olan Mirəziz Seyidəmir oğlu barəsində də
geniş söz-söhbət getdi. İclasda onun
işgüzarlığı, ədalətpərəstliyi, təbiətinin
müxtəlif cəhətləri haqqında xeyli
danışdılar. Sonda iclas iştirakçılarının
böyük əksəriyyəti məhz Mirəziz kişiyə
səs verdi.
Keçmiş Sovetlər İttifaqının
hər yerində olduğu kimi, Azərbaycanda da Böyük Vətən
müharibəsindən sonrakı dirçəliş, quruculuq
dövrü xalqımızdan daha artıq gərgin fəaliyyət,
fədakar əmək, işgüzarlıq, birlik və mütəşəkkillik
tələb edirdi. Hələ də açılan süfrələr
üzə gülmür, qıtlıq, kasadlıq
özünü göstərirdi. Təzə kolxoz sədrinin
ölçüyə gəlməz zəhməti, yüksək
təşkilatçılıq bacarığı, ciddi məsuliyyət
hissi, elinə-yurduna olan can yanğısı getdikcə öz
bəhrəsini verir, kolxoz varlanır, əmək günləri
artır, çöhrələr nurlanır, ürəklər
sevinirdi.
Beş il sonra Mirəziz Əmirov daha mötəbər
bir işə - Dəvəçi rayonlararası Taxıl
Anbarları Bazasının baş direktoru vəzifəsinə
irəli çəkilir. Bu sahədə də ona göstərilən
etimadı ləyaqətlə doğruldur. Sonralar da o, uzun
müddət Azərittifaq sahəsində
çalışır.
Mirəziz kişinin ömür-gün
yoldaşı Qızxanım ana da Seyid Rzalı nəslinin
övladı idi. Evdar qadın olsa da, el-oba arasında
saflığı, hallallığı, qonaqpərvərliyi,
çətinə düşənin dadına yetməsi ilə
ad çıxarmışdı. O, öz yüksək insani
keyfiyyətləri ilə mənsub olduğu nəslin ulu adət-ənənələrini
yaşatmağa səy göstərir, övladlarının da
tərbiyəsini bu istiqamətdə qurmağa
çalışırdı. Təsadüfi deyil ki,
Qızxanım ana haqq dünyasına qovuşana qədər
balalarının, nəvələrinin xoş
sorağını eşitdi, özünü xoşbəxt ana
sandı...
Təbiət öz bahar donunu geyməyə
hazırlaşırdı. Nərgizlər, bənövşələr
yavaş-yavaş qış yuxusundan ayılıb, ətrafa
boylanır, ulu Şirvan torpağında çox tanınan
qıpqırmızı danaqıran gülü artıq
çəpərlərin üstündə atəş kimi
parıldayırdı. Cəmi iki il öncə başa
çatmış müharibənin sızıltıları,
ağrı-acıları hələ ürəklərdən
çəkilməsə də, bütün xalqımız
kimi Əmirxanlı əhli də qarşıdakı Novruz
bayramına hazırlaşırdı. Qız-gəlinlər,
ev-eşiklərdə səliqə-sahman yaradır, analar, nənələr
sandıqlarını, düyünçələrini
açır, bu əziz gün üçün
qoruyub-saxladıqları saxlanclarını üzə
çıxarır, elimizin qədim, müqəddəs
bayramına hazırlıq görürdülər.
Belə xoş ovqatlı bir gündə, 1947-ci
il martın 15-də Mirəziz kişi ilə Qızxanım
ananın bir oğlan uşağı da dünyaya göz
açdı. Valideynlər körpəyə Mübariz
adını verdilər, enişli-yoxuşlu həyat
yollarında ona mübariz olmağı arzuladılar. Bu insanlar
övladlarının tərbiyəsinə, təhsilinə,
onların əməksevər ruhda böyüməsinə
mütəmadi diqqət yetirirdilər. Ciyərparalarını
xeyirxah, savab əməllər yiyəsi, təvazökar, ədalətli,
fəzilətli şəxs kimi görmək istəyirdilər.
Cürbəcür uşaq oyunları, əyləncələri
ilə böyüyən Mübariz orta məktəb illərində
dərslərinə həmişə hazırlıqlı gələr,
yüksək qiymətlərlə oxuyar, öz ədəb-ərkanı,
davranışı ilə müəllimlərinin də,
şagird yoldaşlarının da geniş hörmətini
qazanmışdı.
Biz Mübarizlə yeyniyetməlik
çağlarından ünsiyyətdə olmuşuq. İllər
keçdikcə münasibətlərimiz dostluq səviyyəsinə
qədər yüksəlib. Çox vaxt
sözümüz-sovumuz birgə olub. Gələcək
arzularımızdan yorulmadan söhbət
açmışıq. Onun özünəməxsus həyat,
yaşam prinsiplərinə, necə deyərlər,
standartlardan uzaq düşüncə tərzinə az-çox
bələd olduğumdan 1965-ci ildə Mübariz Əmirovun Dəvəçi
şəhər orta məktəbini bitirdikdən sonra, ali məktəbə
sənəd verməyib, sıravi fəhlə kimi işə
düzəldiyini eşidəndə o qədər də təəccüblənmədim.
Bu minvalla hekayətimin qəhrəmanı düz dörd il
istehsalatda çalışdı. 1960-cı ildə N.Tusi
adına Azərbaycan Pedaqoji Universitetinə qəbul olundu.
Hər zaman yada düşdükcə öz
şirinliyi, həzinliyi ilə ürək sızladan tələbəlik
həyatında da o, orta məktəb ənənələrinə
sadiq qaldı. Oxumaqdan, öyrənməkdən,
çalışmaqdan yorulmadı. İlk semestrdən
tutmuş son imtahana qədər həmişə seçildi,
fərqləndi. Tələbə yoldaşları bu gəncə
təkcə əməksevərliyinə, dərin biliyinə,
geniş dünyagörüşünə görə hörmət
bəsləmirdilər, ondakı yüksək həyat
eşqi, ictimai fəallığı daim diqqəti cəlb
edir, dəyərləndirilirdi.
Mübariz Əmirov 1973-cü ildə institutu
bitirib, Şabran rayonuna təyinat aldı. Doğma
Əmirxanlı kənd məktəbində tarix və ictimaiyyət
fənlərini tədris etməyə başladı. Eyni
zamanda, gənc pedaqoqa burda yenicə açılmış
axşam fəhlə-kəndli gənclər məktəbinin
direktoru vəzifəsi həvalə olundu. Növbəti tədris
ilində isə Mübariz müəllim qonşu Surra kənd 8 illik məktəbinə
direktor müavini vəzifəsinə təyin edildi.
Seçdiyi sənətə, ixtisasına ürəkdən
bağlı olan gənc müəllim öz fənnini
şagirdlərinə daha dərindən mənimsətmək
üçün var qüvvəsi ilə
çalışır, bu istiqamətdə müxtəlif
yollar, üsullar arayıb-axtarırdı. Bununla yanaşı,
ömür yolunda, həyat fəaliyyətində o,
reallığa, səmimiyyətə, haqqın
böyüklüyünə, insan ləyaqətinin
ucalığına daha artıq üstünlük verən bu
şəxs işlədiyi kəndlərdə az müddətdə
camaata qaynayıb-qarışmağı bacardı, bir
çoxları ilə yaxın yoldaşlıq, dostluq
münasibətləri qurdu.
Həyat öz ahəngi ilə davam edirdi... Bir
gün Mübariz müəllim Şabran rayonunda hamının
olduqca yüksək ehtiram bəslədiyi, "Müəllimlər
müəllimi" adlandırdığı, bir yandan zəhmi-zabitəsi,
təmkini, o biri tərəfdən isə ürək dolusu
xeyrixahlığı, bəsirəti, mükəmməl
xarakteri, müdrik məsləhətləri, hikmətli
söz-söhbəti ilə yetirmələrinə hər zaman
yol göstərməyi bacaran, sözün əsl mənasında
görkəmli pedaqoq, filologiya elmləri namizədi mərhum
Nurulla Xəlilovla rastlaşdı. Nurulla müəllim öz
keçmiş şagirdi ilə səmimiyyətlə
görüşüb hal-əhval tutdu. Söhbət əsnasında
dedi ki, "cavan da olsan, müəllimliyin haqıında
adamlar rəğbətlə danışırlar. Elə mən
də sevinirəm. Amma mən sənin biliyinə,
potensialına bələdəm. Yaxşı olar ki, təhsilini
davam etdirəsən, elm yolu ilə gedəsən, alim olasan. Bu
yolda məncə, daha çox fayda verərsən..."
1975-ci ilin dekabrında Mübariz Əmirov Azərbaycan
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına
qəbul olundu. Elmi araşdırmalar aləminə yenicə qədəm
qoymuş aspiranta "Sovet dövləti və hüququnun əsasları
fənninin tədrisi, metodikası" mövzusunda tədqiqat
aparılması tövsiyə edildi. Bu sahə üzrə
bütün keçmiş sovetlər ölkəsində ilk
elmlər doktoru Murtuz Ələsgərov və
tanınmış pedaqoq-alim Əjdər Ağayev onun elmi rəhbərləri
təyin edildi. Mübariz aspiranturada təhsil aldığı
ilk vaxtlardan gərgin yaradıcılıq
axtarışları, zəhmətsevərliyi,
yazdığı dolğun, dəyərli məqalələri
ilə diqqəti cəlb etməyə başladı. Şəhərimizin
kitabxanalarında, arxivlərində yorulmadan
çalışdı. Bundan əlavə, tədqiqat
mövzusu ilə əlaqədar respublikamızın tədris
müəssisələri ilə yanaşı, Moskva, Sankt-Peterburq,
Yekaterinburq şəhərələrində, Pribaltika
respublikaları paytaxtlarının bir sıra orta məktəblərində
bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsinə
böyük əmək sərf etdi. Bir məsələni də
vurğulayım ki, bu elmi sahə Azərbaycanda yenicə təşəkkül
tapırdı. Bu məsələ ilə bağlı mənbələr
demək olar ki yox idi.
Mübariz Əmirov bu fənnin tədrisi
metodikasının elmi əsaslarının yaradılması,
formalaşdırılması ilə məşğul olan ilk tədqiqatçılarından,
pionerlərindən biri idi. Bu konsersiya isə cəmiyyətimizdə
yetərincə elmi və pedaqoji əhəmiyyət kəsb
edirdi. Başqa sözlə desək, ümumtəhsil məktəblərində
hüquq elminin əsaslarının, mahiyyətinin öyrənilməsində,
daha dərindən mənimsənilməsində, şagirdlərdə
hüquq mədəniyyətinin, hüquqi şüurun
yaradılıb, inkişaf etdirilməsində, həmçinin,
Azərbaycan dövlətinə, dövlətçiliyinə
münasibət, sayıq və tənqidi nöqteyi-nəzərinin
formalaşmasında böyük rol oynayırdı. Bu tədqiqat
mövzusu, görülən işlər, böyük və
ardıcıl zəhmət sayəsində ortaya çıxan
proqnozlar, müddəalar, nəticələr cəmiyyətdə
nümunəvi vətəndaşların yetişdirilməsində
və gələcəkdə peşəkar dövlət idarəçiliyi
kadrlarının hazırlanmasında da öz ciddi
sözünü deyəcək. O da aydındır ki, məhz
hüquq mədəniyyətinə yüksək səviyyədə
malik olan vətəndaşlar dövlətçilik ənənələrinin
daha da möhkəmləndirilməsində, zənginləşdirilməsində
fəal iştirak edir.
Bu yanaşmalardan tədqiqatçının
başa çatdırdığı elmi iş daha çox
diqqəti çəkir, öz aktuallığı ilə
maraq doğururdu. Mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilən namizədlik
dissertasiyasını Mübariz Əmirov 1985-ci ildə Tbilisi
Pedaqoji Universitetində böyük müvəffəqiyyətlə
müdafiə etdi.
Necə deyərlər, xəmiri zəhmətlə
yoğrulmuş Mübariz Əmirov
çalışdığı elm ocağında da
özünəməxsus iradə, mətinlik göstərir, qəlbi
yenilik həvəsi, yaradıcılıq eşqi, yüksək
uğurlar əzmi ilə çağlayırdı. Təsadüfi
deyil ki, gənc alim cəmi bir neçə il ərzində
kiçik elmi işçidən institutun tarix, hüquq və
coğrafiyanın tədrisi şobəsinin müdiri vəzifəsinədək
nəzərə çarpan bir yol keçmişdi.
1980-ci ildə Mübariz müəllim işlədiyi
elmi-tədqiqat müəssisəsində öz vəzifəsində
qalmaqla yanaşı, N.Tusi adına Azərbaycan Pedaqoji
Universitetinə, dosent vəzifəsinə dəvət
aldı. Bu məşhur ali məktəbdə də qəhrəmanımız
həm tədris, həm də elmi-tədqiqat sahəsində
eyni şövqlə çalışır, səmərəli
fəaliyyət göstərirdi.
2008-ci ildə isə o, "Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması mövzusunda" elmi işini tamamlayaraq, doktorluq dissertasiyası müdafiə etdi. 2014-cü ildən isə həmin pedaqoji universitetin "Türk və Şərqi Avropa xalqları tarixinin tədrisi" kafedrasının professoru seçildi. Ömrünün mühüm bir qismini, uzun illər qəlbinin odunu, atəşini elmi yaradıcılığa, yüksək ixtisaslı kadr hazırlığına həsr edən Mübariz Əmirov bu gün də yorulmaq bilmir. Elmin zirvələrinə gedən yolda inadla, inamla, ruh yüksəkliyi ilə addımlayan təcrübəli, səriştəli alim-pedaqoq indiyə qədər iki monoqrafiyanın, iki dərsliyin, altı adda dərs vəsaitinin, iki yüzə yaxın elmi məqalənin müəllifidir. Onun bir sıra məqalələri isə tanınmış Avropa jurnallarında nəşr edilmişdir.
Yenə də gənclik həvəsi, ovqatı
ilə, elmə öz töhfələrini verən, dedikcə
vətənpərvər, həssas, xeyrixah, humanist bir insan olan
Mübariz müəllim həm də yetərincə ailəcanlı
bir azərbaycanlı kişisidir. Uzun illər orta məktəblərdə
şagirdlərinə coğrafiya fənnini öyrədən
Svetlana xanımla birgə, çiyin-çiyinə Mirvaleh və
Anar adlı iki oğul ərsəyə yetiriblər. Öz təhsili,
əmək yolu, cəmiyyətdə tutduğu mövqeləri,
mənəvi dünyaları ilə bu qardaşlar valideynlərinə
həmişə baş ucalığı gətirirlər.
Arzular insan ömrünün simvoludur... Ölkələrin
bayraqları kimi... Kəndimizin yetirməsi Mübariz
Əmirovun qəlbi bu gün də arzular məcrasıdır.
Bu məcradan sabaha yeni-yeni arzular boylanır.
Nizami RƏHMANLI
525-ci qəzet.-2018.-19 oktyabr.-S.8.