İspaniya - düşüncələr və
unudulmaz xatirələr
(Əvvəli
ötən şənbə saylarımızda)
“Bütün böyük səyahətçilər
kimi, mən xatırladığımdan çox şeyi
görmüşəm və gördüklərimdən
çox şeyi xatırlayıram”.
Bencamin
Dizraeli
Böyük
Britaniyanın 1868-1874-cü illərdəki baş naziri
XVII əsrin sonunda II Filipp öz ölümündən
bir qədər əvvəl Fransa ilə müqavilə
bağladı.
Həm də artıq İspaniya öz yüksək
ambisiyalarında uğursuzluğunun şahidi olmuşdu. Buna baxmayaraq, İspaniya yenə də Avropada ən
güclü dövlət olaraq qalırdı. O, dənizlərin
o tayında olan milyonlarla insana xristianlıq gətirmişdi. İspan rahibləri və mistikləri katolitsizmə
yeni töhfə verdilər. İspan
ilahiyyatçıları və hüquqşünasları
beynəlxalq qanunun bünövrəsini yaratdılar.
İspan ədəbiyyatı və rəssamlığı
bu vaxt öz inkişafının böyük dövrünə
daxil olmuşdu. Mənəvi və iqtisadi cəhətdən
bunlar rəssamların tablolarına tutqun kolorit verirdi. Lakin ispanlar XVI və XVII əsrlərdə özlərinin
“Qızıl əsrini” yaşadılar.
İspaniyada 1600-cü ildə xüsusən iqtisadi və
siyasi düşüncələrin mənfi nişanələri
yarandı.
Ədəbiyyatda
İspan “Qızıl dövrü”
Burada müstəsna hallardan biri kimi, cəmiyyəti sadəlövhcəsinə
satira atəşinə tutan macəraya,
fırıldaqçılığa həsr olunmuş romanlar
yarandı. Bunun baş verməsi üçün kübar
adamlar kimi doğulmaq vacib deyildi. Belə
ki, Lasarilyo de Tormes (XVI əsr) İdalqonu təsvir edən macəra
romanını ilk dəfə yazmaqla, bu üslubun banisi oldu.
İdalqo (rıtsar olmaqla, İspaniyada kübar
idi) işləməkdənsə, bu ad altında qalmağa
razıdır, o, öz nökəri Lasarilyonu gözləyir
ki, bu oğlan hər ikisi üçün - həm
ağası, həm də özü üçün dilənçilik
etsin, bu dilənmə olmasa, onlar acından ölərdilər.
Migel Servantes “Don Kixot” romanında (1605-ci ildə nəşr
edilmişdir) macəranın sosial və psixoloji nüfuzunu
bütünlüklə təsvir edir. Selloriqonun “Vurğun
adamların respublikası” əsərində illüziya
dünyasında yaşayanlar külək dəyirmanlarını
vurub aşırmaqla məşğul olurlar.
Lope de
Veqadan başlayaraq, yazıçılar daha müstəsna
olan şeyləri qələmə alırdılar. Macəra romanı ilə yanaşı, “Qızıl
dövrün” komediyası həmin zamanın sosial səhnəsini
təsvir edirdi. Psixoloji problemlər son
münaqişələrdə üzə çıxan
xarakterlərlə birbaşa qarşılaşırdı.
Belə ki, Lope de Veqa ilk vaxtlarda
bütünlüklə səhnədə ümumi adamı
göstərirdi. Misal üçün, dəmirçinin
qızı məhəbbət emosiyasını büruzə
vermək üçün əvvəlcədən həmin
qız kübar xanımların səhnəsində təsvir
olunurdu.
El Qrekonun dini rəsmlərində
uzunlandırılmış fiqurların göyə
qalxması daha çox ruhi aspektləri təcəssüm
etdirir. Lakin El Qreko heç bir məktəb qoyub getməmişdi.
Onun “Toledonun görünüşü” tablosu
şəhəri real cizgilərdə təsvir etməklə,
bu qəribə məkanı ilhamla vəsf edir və həmin
mənzərə bugünkü Toledonu tanımağa da
kömək edir.
Biz Toledoda olarkən dahi rəssamın ev-muzeyində
olduq. Rembrandtın Amsterdamdakı ev-muzeyində olduğu
kimi, bura da hər cür dəbdəbədən uzaq olan bir təsir
bağışlayırdı. El Qreko
(1541-1614-cü illər) vətəni Yunanıstanı tərk
etdikdən sonra bir qədər İtaliyada qalmış, orada
Renessansın dahi rəssamlarının rəngkarlıq təcrübəsini
öyrənmiş, sonra isə İspaniyaya, Toledoya gəlmiş,
ömrünün sonuna qədər orada yaşayıb-yaratmışdı.
İki il əvvəl
mənYunanıstanın Krit adasında İraklion
şəhərinə gedərkən, dahi rəssama hörmət
əlaməti olaraq, onun doğulduğu, yol üstündəki
Fodele kəndinə baş çəkmişdim.
Sonrakı ispan rəssamları, xüsusən Murilyo digər
dini düşüncəyə malik olmaqla, onlar həm də
daha çox romantikliklə seçilirdilər. Velaskes isə
çətinliklə dini rəssam sayıla bilərdi. Onun sübyektləri kral, onun ailəsi və saray, həm
də həmin dövrün ümumi adamları idi. Onların hamısı, güman ki, Rembrandt istisna
olmaqla, XVII əsrin realizmini və psixoloji cəhətdən
nüfuz etmək imkanını təqdim edirdi.
İspan
irsi uğrunda mübarizə
Otuzillik müharibədə (1618-1648-ci illər)
İsveç və Fransa 1630-cu ildə müharibəyə
daxil olanda, İspaniya sürətlə təşəbbüsü
itirdi. İspan ordusu İtaliyada və Almaniyada ancaq taktiki qələbələr
qazana bilərdi, lakin ispanların, xüsusən dənizdəki
uğursuzluqlarının sayı və ciddiliyi olduqca
böyük idi.
Kataloniya xeyli dərəcədə müxtariyyətə
malik olan bir vəziyyətdə idi. 1639-cu ildə baş
nazir Olivares Kataloniyadan Cənubi Fransaya qarşı cəbhə
açdı. Lakin Kataloniya kəndliləri
ispan qoşunlarına dəstək vermədilər. Elə
həmin ili kütlə Kataloniya
vitse-kralını qətlə yetirdi. Kataloniya
Fransadan kömək ala bilərdi. Lakin
fransızlar yenidən vətəndaş müharibələrini
(Fronda) təzələyəndə, onlar ordunu geri çəkdi
və 1652-ci ildə Kataloniya yenidən işğala məruz
qaldı.
Portuqaliya kübarlığı və kommersiya sinifləri
İspaniyanın himayəsi ilə və onunla ittifaqın
iqtisadi imkanları ilə əvvəlcə
razılaşırdılar. Lakin kübarlıq
Lissabonda hakimiyyəti ələ keçirməyi qərara
aldı və Braqansa hersoqunu IV İoann kimi 1640-cı ilin
dekabrında Portuqaliya kralı elan etdi. Madrid
isə artıq buna reaksiya vermədi.
1700-cü ildə övladı olmayan II Karlın vəsiyyətinə
görə Fransa kralı XIV Luinin nəvəsi olan d`Anju
hersoqu V Filippə çevrilməklə İspaniyanın
kralı oldu.
Burbon ailəsindən olan Filippi Avstriya
tanımaqdan imtina etdi, öz namizədini taxt-taca oturtmaqla, onların
ümidini puç etmək istədi. İngiltərəyə
də belə gəlirdi ki, İspaniyada Burbon kralının
olması ilə Avropada dövlətlər arasındakı
tarazlıq fransız hegemonluğunun xeyrinə pozulacaqdır.
XIV Lui İspaniyanın Burbon hakimiyyəti altında
siyasi və kommersiya cəhətdən Fransa üçün
faydalı olacağına əmin idi, çünki bu ölkə
Versaldan idarə olunacaqdı. Belə vəziyyət
İspaniya irsi uğrunda müharibə (1706-1714-cü illər)
ilə mürəkkəbləşdi. Bu vaxt
Britaniyanın və Avstriyanın müttəfiq orduları
İspaniyaya müdaxilə etdi ki, V Filippi qovsun və
“avstriyalı” namizədi, ershersoq Karlı taxt-taca oturtsun. Kastiliyanın və Fransanın dəstəyi ilə
V Filipp 1711-ci ilə kimi bir neçə məğlubiyyətdən
və Madridin iki dəfəki işğalından salamat
çıxa bilmişdi.
Müharibənin son səhnələri İspaniyaya aid
idi. Müttəfiqlər ershersoq Karlın arxasından
qaçdılar. Fransızlar V Filippə
azacıq kömək edirdilər. 1714-cü
ildə Filipp ershersoqun Barselonadakı paytaxtını yenidən
işğal etdi. Kataloniya da İspaniyaya
inteqrasiya edildi, bu, katalanların sonrakı nəsilləri tərəfindən
tənqid olunur. Lakin bu, həm də Kataloniyaya
İspaniyanın daxilindəki və dənizin o
tayındakı bazarının olmasına imkan verdi.
Paradoks orasında idi ki, bədbəxtlik gətirən
müharibə ilk dəfə birləşmiş İspaniya
dövlətini yaratdı. Bask ölkəsi və Navarra istisna
olmaqla, İspaniya bu vaxt birbaşa kral hakimiyyəti altında
idi.
İspaniya öz məğlubiyyətinin haqqını
ölkədən kənarda olan torpaqları ilə ödəməli
oldu. Maastrit və
Utrext müqavilələri (1713-cü il)
İspaniyanı Avropada malik olduğu ərazilərdən
(Belçikadan, Lüksemburqdan, Sardiniya və Neapoldan)
uzaqlaşdırdı. Britaniyaya isə Gibraltar
verildi.
Yeddiillik
müharibəyə (1756-1763-cü illər) yekun vuran Paris
müqaviləsi (1763-cü il)
bağlandı. Müharibə Amerika dövləti
kimi Fransanı məhv etdi. İspaniya
Florida və Missisipi arasındakı ərazini itirdi, əvəzində
Fransadan Luiziananı aldı. 1783-cü ildə
Versal müqaviləsi sayəsində Britaniyanın köməyilə
iki Floridalar və Minorka İspaniyaya geri qaytarıldı.
1788-ci ildə taxt-taca çıxan IV Karlı öz
arvadı Mariya Luiza, 1792-ci ildən isə bu qadının məşuqu
Manuel de Qodoy idarə edirdi. Fransız inqilabı və
Napoleon müharibələri onun zəif hakimiyyətinə
dözülməz təzyiq göstərirdi. 25 yaşlı Qodoy baş nazir oldu. Lakin o, İspaniyaya Avropada əlverişli yer tapmaqda
uğursuzluğa uğradı.
Fransa
kralı XVI Luinin edamından (1793-cü il)
sonra İspaniya Fransaya müharibə elan etməkdən
başqa bir alternativə malik deyildi. Müharibə
populyar olsa da, məhvedici idi, 1794-cü ildə fransız
orduları İspaniyaya müdaxilə etdi və bir neçə
şəhəri tutdu. Qodoy fransız
ordusunun zəiflətdiyi Kataloniyada inqilabi təbliğatın
yayılacağından qorxurdu. O, həm də
inanmışdı ki, Britaniya İspaniyanın əsl
düşmənidir. Dəqiq seçim Fransa ilə
ittifaqa girmək və yalnız ümumən zəif imperiya
hakimiyyətinə xas olan bir siyasət aparmaq idi.
Bu seçimin nəticəsi isə bədbəxtlik gətirdi. Britaniya ilə
müharibə labüd idi və İspaniyanın Amerika ilə
əlaqəsini kəsdi, onun bazarlarını Britaniya və
Birləşmiş Ştatlar üçün açdı.
1805-ci ildə fransız-ispan donanması Trafalqar körfəzində
admiral Horatsi Nelsonun başçılığı altında
britaniyalılar tərəfindən məğlub edildi. 1808-ci ildəki
siyasət Napoleonun İspaniyaya müdaxiləsinə
birbaşa şərait yaratdı. Qiyam nəticəsində
prints Ferdinandın tərəfdarları onun öz atası IV
Karlı taxt-tacdan getməyə məcbur etdilər. Napoleon qoca kralı və VII Ferdinandı Baronnaya
çağırdı.
Orada onların hər ikisini taxt-tacdan uzaqlaşmağa məcbur
etdi. İspan taxt-tacı Napoleonun qardaşı Jozefə
təklif edildi. Jozef güman edirdi ki,
Napoleon İspaniyada modern islahatları bərpa edə bilər.
Napoleonun özü də
işğalçı fransız ordularına qarşı
ispan xalqının müqavimətinin
mümkünlüyünə inanmırdı. 1808-ci ilin
2 mayında Madriddə qalxan bunt yatırdıldı.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.30.