AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

 

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.

(Əvvəli ötən şənbə saylarımızda) 

AZƏRBAYCAN ƏDƏBİYYATINDA “SAĞ QORXU”

Azərbaycanda ədəbiyyatın və sənətin milliyyətçilər əlində olması, ədəbiyyatda milli ruhun hakim bulunuşu, bolşeviklər kəndilərinə “cığırdaş” adlandırdıqları “xalqçı ədəbiyyat”ın “milliyyətçi ədəbiyyat”la birləşməsi, hətta proletar yazıçı-larının dəxi sağa doğru ayrılaraq milliyyətpərvər cərəyanın nüfuzuna düşdükləri Sovet hökumətilə bolşevik firqəsini ciddi surətdə düşündürməkdədir. Azərbaycanda qəzetələr, ictimalar, konqralar, mitinqlər həp bu mövzu ətrafında dolaşıyor. Azərbaycan bolşevik firqəsi konqraları bu məsələ üzərində günlərcə durmaqdadır. Müştərək Zaqafqaziya bolşevik firqəsi mərkəzi dəxi sırf bu məsələ haqqında konqre ədd etmişdir.

“Komunist” qəzetəsində (¹2457) Teymur Hüseynov “Ədəbiyyatda sağ qorxu əleyhinə” adlı məqaləsində bu məsələyə təmas edərək diyor ki:

“Son zamanlar, ədəbiyyat sahəsində olan cığırdaşlarımızın (xalqçı mühərrirlərin) təbəqələşməsi çox aydınlaşmışdır. Bunlardan bir qismi tamamilə sollaşmış, bir qismi də açıqdan-açığa bizə düşmən olan məfkurə cəbhəsinə keçmişdir. Bədii ədəbiyyat sahəsində sağ milliyyətçi məfkurə daşıyanlar aktivləşmiş, ədəbiyyatda açıq və aydın sağ (milli) qorxu mövcud olduğu görülmüşdür”.

Teymur bunun səbəbini izah ediyor və ədəbiyyat sahəsində milliyyətçilərin qüvvətlənməsini ümumiyyətlə iqtisadi və ictimai sahədəki həyati təbəddülün məhsulu ədd ediyor, diyor ki:

“Madam ki ölkəmizin daxili siyasi, ictimai və iqtisadi faktorları nəticəsində siyasi həyatımızda sağ uklon (Komunist firqəsində sağ milliyyətçi cərəyan) görünüyor, eyni qorxunu ədəbi həyatımızda dəxi görülməsi təbiidir. Çünki bədii ədəbiyyat dəxi yuxarıda göstərilən şəraitin məhsulu olduğundan o şəraitdən mütəəssir olacaqdır.

Və həyatın ictimai, siyasi, iqtisadi cəhətlərini bir güzgü kibi göstərən bədii ədəbiyyatın yaradıcıları bu ədəbiyyata kəndi tərəfindən sinfi ziddiyyət və məfkurə qatacaqlarının da təbii olduğunu qeyd etdikdən sonra əlavə ediyor ki:

“XV Komunist firqə konqrasından sonra Sovet hökumətilə Komunist firqəsinin götürdüyü xətti-hərəkət, qolçomaq və “nepman” adlanan yeni Sovet şəraiti burjuasına hücumdan ibarət oldu. Və pək təbii olaraq, bu hücum nəticəsində Sovet rejimi əleyhinə olan qruplar dəxi bütün qüvvətlərini hərəkətə gətiriyor, müqavimət ediyorlar. Şəhər burjuasının, köy burjuası, ruhanilər və orta zümrələrin güzgü (ayna) burjua ədəbiyyatıdır. Bu ədəbi qrup son zamanlarda sağlaşmış olan cığırdaşlarımızın hesabına qüvvətlənmişdir. Hazırda firqə qarşısında firqə içərisindəki sağ qorxu ilə mücadilə məsələsi durduğu kibi, vəzifəmiz bədii ədəbiyyatda olan böylə təhlükə ilə dəxi mübarizə yapmaqdır”.

Ədəbiyyat sahəsində milli ruhun hakim olması, mühərrirə görə bilxassə Azərbaycanda qorxuludur. “Çünki bu sağ qorxuyu canlandıran mənbə milliyyətçilikdir”.

Zaqafqaziya Ölkə Komitəsi bu münasibətlə çıxardığı qərarında diyor ki:

“Zaqafqaziya milliyyətçi firqələri: Müsavat, gürcü menşevikləri, erməni daşnaqları siyasi mübarizədə məğlub olmuşlardır. Fəqət bu Zaqafqaziyada məzkur firqələrin Sovetlərə qarşı mübarizədən əl çəkmiş olduqları demək degildir. Bu mübarizə, siyasi mübarizədən az aktiv olmayaraq, yeni şəkil və yeni üsullarla davam etməkdədir. Bu yeni üsul və şəkillər dəxi mədəniyyət vasitələrilə məfkurəvi mücadilədən ibarətdir. Xaricdə çalışanların bu tədbirləri Zaqafqaziya içərisində qismən qüvvətlənmiş olan burjuazi ilə birləşərək hər bir hadisədən istifadə etməyi bacaran düşmən ədəbiyyat sahəsində fəaliyyətini qüvvətləndirmiş, ədəbiyyatda milliyyətçiligə aktiv bir şəkil vermişdir”.

İştə qüvvətlənmiş və fəaliyyətini artırmış olan bu milliyyətçi ədəbiyyatın Azərbaycanda proletar ədəbiyyatına təərrüz etdigini, onu “köylü”, “xalq” və s. ünvanlarla parçalamağa, sağa çəkməyə müvəffəq olduğunu bu surətdə Azərbaycan proletar ədəbiyyatında “təslimçi bir ədəbiyyat” və “sağ uklon (təmayül) ədəbiyyatı” yaratdıqlarını qeyd etdikdən sonra, bolşevik konqrası, proletar ədəbiyyatının Marksizm və Leninizm əsasları üzərinə inkişaf etdirilməsi və hökumətcə proletar ədəbiyyatının himayə altına alınmasını mütəzəmmin qərarlar almışdır.

“Odlu-Yurd”, 28 Mayıs 1929, ¹4

AZƏRBAYCANDAN MƏKTUB

10 ildir ki, Azərbaycan istiqlalına nəhayət verilmişdir. Qızıl istilaçılar bu gün hakimiyyətlərinin 10-cu il dönümünü bayram ediyorlar. Və söz yoxdur ki, süngü ilə yaradılacaq mitinqlərdə və bolşevik mətbuatı səhifələrində Sovet rejimimim və Komunist firqəsi diktaturasının qüdrətindən, milliyyət və istiqlal hərəkatının ədəmi mövcudiyyətindən uzun uzadiyə bəhs ediləcəkdir.

İstilanın 10-cu il dönümündə Sovet rejimi ilə Komunist diktaturasının Azərbaycanda nə kibi bir müqavimətə məruz bulunduğunu göstərmək üçün dost və düşmən mətbuatının dəxi təsdiq etdigi aşağıkı məlumatı Azərbaycandan alaraq dərc etməklə oxucularımıza bir fikir vermək istiyoruz.

1. Əmələ iğtişaşları

Kanuni-sani (yanvar) ayının sonlarına doğru Bakı mədən, dəmir yol və fabrikalar əmələsi ilə hökumət arasında “Kollektiv müahidə” üzərində çıxan bir ixtilaf böyük ixtişaşlara səbəbiyyət verdi. Kollektiv müahidə məlum olduğu üzrə, ixtilaldan əvvəl patronlarla əmələ arasında əqd olunan və maaşları təyin edən bir şəraitnamə idi. Şimdi fabrikalar, vəsaiti istehsaliyyə, ticarət və istehlak vasitələri hökumət əlində olduğundan əmələyə istənilən qədər maaş veriliyor. Həyatın belə bir bahalı zamanında verilən maaşlarla ehtiyaclarını təmin edəmiyən əmələ, kəndi müməssilləri vasitəsilə, əmələ sindikasında maaşların artırılmasını tələb eyləmişdir. Fəqət əmələ sindikası deyilən müəssisə komunist partisinin bir şöbəsindən başqa bir şey olmayıb, komunist olmayan əmələyə qapıları qapalıdır. Əmələ müməssilləri bu müəssisə seksiyonlarını ehmal edərək bilavasitə əmələlərə izahat vermiş, sindikanın əmələnin təkliflərini rədd etdigini, hökumətin istənilən miqdarda maaş vermiyəcəgini söyləmişlərdir. Yazın köylərə getmiş və “əmələ ilə köylünün” birliyi üçün propağanda yapmış olan əmələlər mitinqlərdə çıxaraq köylünün ağır vəziyyətini, Komunist firqəsinin bu təzyiqi davam edərsə bir loğma əkmək bulunamiyacağını söyləmiş, tələb etmişlər ki: “Maaşları əskəri ehtiyaclara görə artıra bilməyən Sovet hökuməti heç olmazsa köylüyü sərbəst buraxsın, o zaman həyat bu qədər bahalılaşmaz”. Bakı əmələsinin bu yeni tələbinə Gəncə, Şəki və s. yerlərin əmələsi də iştirak eyləmiş və nümayişlərlə Komunist firqəsi təşkilatının bulunduqları bina önünə doğru yürümüşlərdir. Sovet hökuməti əmələyə “Çeka” cəza müfrəzələrilə cavab vermiş və bu surətlə bir vuruşma başlamışdır. Əmələlər həyəcana gələrək kooperativləri dağıtmış və komunistləri döymüşlər. Bu münasibətlə Bakı, Gəncə və Şəki əmələsi içərisində külliyyətli həbslər olmuşdur.

2. İqtisadi əksi ixtilal

5 illik planın suya düşdügünü ən məsul stalinçilər belə etiraf ediyorlar. Komunist firqəsinin 1929 təşrini-sani (noyabr) ictimai ümumisində Stalinin dedigi kibi komunistləri şimdidən kapitalizm qarşısında kaputulasiyon qorxusu bürüməgə başlıyor. Stalin demişdi ki: Köylərdə sosyalizm yaratamazsaq əksəriyyəti köylü olan məmləkətdə getdikcə qüvvətlənən burjua və kapitalizm üsulu, kapitalist ünsürlər hakim olacaqdır. Bunun üçün dəxi sənaye və məmulatı artırmalı, ziraətə lazım olacaq qədər istehsal alətləri və məmulat yaratmalıyız. Bunlar 5 il müddətində yapılmazsa, 5 illik plana müvəffəq olamazsaq kapitalizm qarşısında diz çökməkdən başqa çarəmiz qalmıyacaq. Stalin və Orjenikidze sənayenin Avropa ilə Amerikadan daha sürətlə artması üçün səy etməgi və illa dev addımları ilə irəliləyən Avropa və Amerika qarşısında, Rusiya sənayei, bu sürətlə, bir iş yapmiyacaq və sosyalizm əldə edilmiyəcəkdir. Qayə 5 sənədə bütün ziraəti traktor və elektrikə keçirmək və digər vəsaiti istehsaliyyəyi mən edərək, bu vasitələri əlində tutmaqla Sovet hökuməti köylərin sosyalize edilməsini əmr edə biləcəkdir. Sovet hökuməti bu qayəsinə 2 tərəfdən yaqlaşmaq istiyor. Bir tərəfdən “Nep” dsövrünün yaratdığı ufaq mülkiyyəti qaldıraraq köylərdə kollektiv ziraət əsasını vəz ediyor ki, nə kibi qüvvətli bir müqavimətlə qarşılandığı məlumdur. İkinci tərəfdən sənaye istehsalını yüksəltməgə, köyə lazım olan alət və məmulatı hazırlamağa can atıyor. Sovet hökuməti 5 sənə müddətində vücuda gətirdigi traktorları, fabrikalarda makinaları olduğu kibi, sosyalize edəcək, əkin sahəsində digər aləti mən edəcək və bu surətlə köylərdə ziraəti sosyalizmləşdirəcəkdir.

Əgər bu 5 illik plan baş tutmazsa Stalinin təbirincə, Sovet hökuməti kapitalizm qarşısında boyun əgmək məcburiyyətində qalacaq....

Fəqət ədəmi müvəffəqiyyət meydanda.... Bunu artıq hər kəs görüyor. Nə yapmalı? Nə yapmalı ki, heç olmazsa komunizm ölsə də, Komunist firqəsinin hakimiyyəti ölməsin?..

Yeganə çarə ədəmi müvəffəqiyyəti Komunist firqəsinin üzərindən alıb milliyyətçi və komunist olmayan bitərəf mütəxəssislər üzərinə yüksəltməkdir. Odur ki, Bakı, Gəncə, Şəki, Naxçıvan v.s. Azərbaycan fabrika, emalatxana və mədən dairələrində çalışan mütəxəssislər, ehmal, səhlənkarlıq və iqtisadi əksi ixtilalda ittiham olunaraq qafilə-qafilə həbsə alınıyorlar. Yalnız Bakı ilə Gəncə fabrikalarında 300-dən fəzlə mühəndis tutulmuş, tutulanlar içərisində mühəndis Ağalar Mahmudbəyli, Ağa Axundzadə kibi tanınmış simalar olduğu kibi bir çox gənc mühəndislər, texniklər, ustalar və doktorlar da vardır. “Çeka”da çürümək istəmiyən bir çox mütəxəssislər İrana firar etmişlərdir ki, içlərində mühəndislərdən Ş.Hüseyin bəy, Əfəndizadə Emin bəy, Murad bəy, M.İsmayıl bəy v.s. vardır. “Bakinski Raboçi” qəzetəsi bu münasibətlə yazdığı bir məqalədə bunları əksi ixtilalçı və xain deyə adlandırıyor.

3. Harsı və ideoloji əksi ixtilalı

Bu terminlərdə yeni çıxmışdır. Və bu “əksi ixtilalı” yapanlar müəllimlər, mühərrir, ədib, şair, gözəl sənət müntəsibləri, alim və mütəfəkkirlərdir.

Məktəblərdə oxuyan tələbə həmən ümumiyyətlə milliyyətpərvər və istiqlalçıdır. Komunist gənclik dəxi daxil olmaq üzrə bugünkü gənclik orta və yüksək (ali) məktəblərin, idarələrin, müəssisələrin türkləşdirilməsini, rus lisanının və rus məmurlarının Azərbaycandan çıxarılmasını tələb ediyor. Türkcənin siyasət, elm, fənn, sənət, ordu, iqtisad sahələrində tam və mütləq hakimiyyəti tələb olunuyor. Tələbənin 95 faizi dövləti və ümumi kütübxanələrdən oxumaq üçün aldıqları kitablar həmən ümumiyyətlə milli harsa və milli ədəbiyyata və həyata, elm və fənn və Qərbi Avropa əsərlərinə aiddir. Kütübxanələri dolduran komunist əsərlərini kimsə oxuyamiyor. Azərbaycan diktatoru Çikalonun bir ictimada söylədigi kibi, Azərbaycanda “Müsavat” nəşriyyatı Komunist nəşriyyatından daha çox və daha həvəslə oxunmaqdadır. Tələbənin içində Sovet qanuni-əsasını, Komunist firqəsi prinsiplərini, Oktyabr ixtilalı tarixini bilənlərə nisbətən Azərbaycan tarixilə türk tarixini bilənlər 90 faiz təşkil etməkdədir.

Komunist firqəsi bunun səbəblərini məktəbləri idarə edən müəllimlərdə, onların bir türlü milliyyət ideolojisindən ayrılıb da komunizm ideolojisini qəbul etməmələrində görüyor.

“Sovet hökumətinin əkməyi ilə yaşamaq fəqət onun mövcudiyyətini aradan qaldırmaq istəyən ideolojidə davam etmək bir əksi ixtilaldır” deyə hayqırılıyor.

Sovet istilası dövründə Azərbaycan səhnəsində bircəcik belə olsun yeni bir opera, yeni komedi, “Müsavatçı” Cəfər Cabbarlının “Aydın”, “Oktay”, “Od gəlini” və “Sevil” əsərləri ilə yenə milliyyətpərvər Hüseyn Cavid bəyin “Peyğəmbər”, “Topal Teymur”, “Azər”, “Dəli Kinyaz” kibi komunist ixtilalı ilə qətiyyən əlaqəsi olmayan əsərləri xaric olmaq üzrə, heç bir ciddi dram əsəri görülməmişdir.

Şairlər Cavadın məruf “Göy göl” şeirindən sonra qopan qiyamət üzərinə qaç ildir ki, susuyorlar. Mütəfəkkirlər, alimlər, mühərrir və yazıçılar bir sükut-ixtiyor eyləmişlər.

Mustafa Quliyev, Ruhullah Axundov, Hacı Kərim Saniyev, Əli Nazim bu sükuta “Xəyanət və harsı əksi ixtilalçılıq” adını veriyorlar. Proletar yazıçıları konqrasında Mustafa Quliyev “bütün dünya kapitalistlərinin qəbul eyləmək məcburiyyətində qaldıqları Sovet hökumətini Azərbaycan yazıçıları qəbul etmiyorlar, dünyayı titrədən bu inqilabdan mütəəssir olmamaq əksi ixtilalçılıqdır” demişdi. Fabrikadakı makinələrə malik olmaq və onları kəndi faydasına işlətmək mümkün olsa da millətin dimağını təşkil edən mütəfəkkirlərin qafasına çalik olmaq və onları komunistcə düşünməyə icbar eyləmək mümkün olmamışdır. Nəinki olmamışdır, hətta “proletar harsı” müməssilləri ədd olunan Almas Yıldırım, Fövzi, Mehdi, Adil Necdət və s. milliyyətçilər cəbhəsinə keçmişlər.

Sovet hökuməti bu “əksi ixtilalı tənqid” üçün tədabir alıyor, o cümlədən, bütün bunları hizmətlərindən qovaraq aclığa məhkum etmək istiyor.

4. Köylərdə kollektivize və köylü müqaviməti

Yuxarıda qeyd etdik ki, Komunist firqəsi köylərdə sosyalizmi tam başqa türlü təsəvvür ediyor. O, ziraətdəki istehsal alətlərini makinaya çevirərək, bütün digər alətləri mən edərək yeni aləti hökumət əlində tutacaq və bu surətlə fabrikalarda olduğu kibi köylərdə dəxi sosyalizm adlandırdıqları dövləti bir kapitalizm təsisinə müvəffəq olacaqlardır.

Şimdiki kollektivize hərəkatı ibtidada isə tam başqa qayə ilə təşəkkül eyləmiş və bilxassə azuqə və ərzaq hazırlığında oyniyacağı rola əhəmiyyət verilmişdir. Doğrudur, fərdi və xüsusi ziraəti qaldırmaq, şəxsi mülkiyyətin inkişaf və artmasına mane olmaqla bolşeviklər, bu kollektivize hərəkatı ilə sosyalizmə doğru mühüm addım atmış oluyorlar. Fəqət bu kollektiv ziraət müəssisələri içərisinə daxil olan yoxsul və orta hallı köylülər əmlaklarına, yerlərinə və məhsullarına mərbut olmaqda davam ediyorlar və bu hal Sovet hökumətini o qədər də sinirləndirmiyor. Çünki, əsas qayə sosyalizm degil, məhsullarını Sovet hökumətinə vermiyib də sərbəst bazara çıxaran köylülərin əlləri və qollarını bağlamaq və köyləri iqtisadən qolayca istismar etməkdir.

Əskəri komunizm dövründə bu kibi təşkilatların  böyük rol oynadıqlarına şahid idik. Fəqət o zaman bu təşkilşatların artması nisbətində əkin yerlərinin dairəsi də azalıyordu. Yeni şəxsi təşəbbüs öldükcə ziraət dəxi ölüyordu. “Nep” dövründə bu müəssisələr tamamilə ölməgə başladı, buna müqabil ziraət artdı qıtlığa və aclığa bir nihayət verildi. Fəqət Sovet hökumətinin köylərdən topladığı ərzaq dəxi toplanamadı. 1927 sənəsi kanuni əvvəlində (oktyabrda) Komunist firqəsinin XV konqrasında Stalin əski ərzaq komitələrini “Kolxoz” adı altında ehya etməgi meydana atdı. Fəqət bu müəssisələr zorla degil təlqin və təşviq ilə yapılacaqdı. 1928 sənəsində ərzaq hazırlığı yox dərəcəsinə gəldi və köylülər açıq bazara çıxaraq Sovet iqtisadi planlarını alt-üst etdilər. Sovet hökuməti hücuma keçdi və süngü gücü ilə buğdanı ələ almağa girişdi. Köylülərin müqaviməti iqtisadi cəbhədən digər sahəyə intiqal etməgə başladı. Köylülərin müqaviməti artdıqca, ərzaq və azuqə böhranı şiddətləndikcə Sovet hökumətinin kolxoz hərəkatı dəxi şiddət kəsb etdi. Nihayət bugünkü qanlı bir şəklə girdi... Sovet hökumətinin əmri mövcibincə hər bir köylü bütün mal qarası ilə, yeri ilə, əmlakı ilə və məhsulatı ilə kollektiv ziraət təşkilatlarına daxil olub şəxsi ziraətdən vaz keçməlidirlər. Bu əmrə itaət etmiyənlərin evi, eşigi, malı və əmlakı zəbt olunuyor.... və kəndisi də “hər bir haqdan” məhrum ediliyor... Köylülər Sovet hökumətinə bu xüsusda müdhiş müqavimət göstəriyorlar. Qəzalarda komunistlərin qətliamı artmışdır. Köylülər çox yerdə malqaralarını məhv edərək evlərini və mallarını yaxaraq dağlara çəkiliuyrlar. Hüdud boylarında Türkiyə və İran Azərbaycanına mühacirət edənlər son günlərdə çox artmışdır.

5. Partizan hərəkatı

İstilanın ilk günlərindən şimdiyə qədər Azərbaycan dağları Sovet hökumətinə müsəlləh müqavimət göstərən partizanlardan heç də əksik olmamışdır. Bu xüsusda Lənkəran dağları, Quba, Şamaxı və Bakı ətrafındakı dağlar, Göyçay, Zaqatala, Qazax, Gəncə və Qarabağ dağları böyük hərəkatların daimi mərkəzi rolunu oynamışlardır.

Son kolxoz və köylü əmlakını zəbt etmək hərəkatı, bu münasibətlə artan köylü müqaviməti partizan hərəkatını artırmışdır. Partizan quruplarını dolduranlar və təşkil edənlər həmən ümumiyyətlərilə köylülərdir.

Qarabağ, Zəngəzur və Naxçıvan dağlarında bir qaç partizan qurupları hərəkət ediyor. 100, bəzən də 100-dən fəzlə əzaya malik olan bu partizan qurupları Komunist firqəsilə və Sovet hökumətilə əlaqəsi olanlara, Sovet müəssisələrinə, kooperativlərə, kolxozlara basqınlar yapıyorlar. Köylərdə məsul komunistləri kollektivize işlərinə məmur edilmiş Moskva ajanları - rus qızıl nəfərləri bu partizanların əlinə düşərsə o saət məhv ediliyorlar.

Qazax qəzası ilə Borçalı qəzasında vücuda gəlmiş partizan qurupu 1200 kişidən ibarət ədd olunuyor. Bunların qərargahı Qarayazı ilə Şeyxli və Qazax arasında “Avçölü” deyilən ormandadır. Bu qurupun vücuda gəlməsində bu qəzalardakı köylərdə kollektivize yapan komunistlərlə hökumət məmurları arasında bir vuruşma olmuş, köylülər bir qaç komunisti öldürmüşlərdir. Əhali məhbəsləri açaraq tustaqları buraxmış, onlar da əhali ilə bərabər çetələr yaratmışlar. “Avçölü” partizanları üzərinə göndərilmiş qızıl əskərlərin çoğunun asilərə iltihaq etdigi rəvayət olunuyor.

Vedibasar qəzasında köylü üsyanı vüqu bulmuş. Üsyan gündən-günə şiddət ediyor. Üsyançılarla Sovet ordusu arasında şiddətli müharibə olmaqdadır. Bir müddət dəmir yolu hətta asilər əlinə keçdigindən Culfa ilə Erivan və Gümrü arasında münaqilat durmuşdur.

Gəncənin “Samux” ormanlarında yerləşən və Məhəmməd Qasım bəy çetəsi adı ilə məruf partizanların miqdarı 1000 kişiyi keçməkdədir. Kanuni-əvvəl (dekabr) sonlarında Ağdaşı işğal edən bu qüvvət bütün komunistləri məhv etmiş və Yevlaxdan gedən qızıl ordu hissəsinə epiyi bir təlafat verərək dağlara çəkilmişdir.

Partizan hərəkatının ənənəvi mahalı olan Lənkəran dağlarında, Muğan çölündə köylülərdən yeni partizan qurupları təvəkkül eyləmiş, bunlar 10 sənədən bəri dağlarda olan çetələrə iltihaq edərək Sovet müəssisələrinə, qızıl ordu hissələrinə və komunistlərə basqınlar yapıyorlar.

“Komunist” qəzetəsinin dəxi təsdiq etdiginə görə Quba qəzasında köylülərdən təşəkkül edən və Sovet hökumətinin tətbiqatına felən, silah ilə müqavimət göstərən köylü partizanları bu qəzada ələ keçən komunistləri və qızıl ordu nəfərlərini amansızca məhv ediyorlar.

Azərbaycanda hərəkət edən partizanlardan ən qüvvətlisi “Axsaq-Teymur” çətləridir. Bu ənəsil sovetlərdə bolşevik tətbiqatına müqavimət göstərən köylülərin təşkil etdikləri bir fraksiyonun ismi olmuşdur. Sağ cərəyana mənsubiyyət adilə Komunist firqəsindən ixrac olunan bir çox sovet əzaları komunistlər də bu fraksiyona iltihaq edərək, böyük bir müxalifətə səbəb olmuşlardır. Mərkəz və qəza şəhərlərində olan sovetlərin həmən həpsində mövcud olan bu fraksiyonların mühüm simaları təqib olunmaya başlayınca bunların çoxu dağlara çəkilmiş, dağlardakı partizanları təşkil və tənzim edərək onlara “Axsaq Teymur” təşkilatı adını vermişlərdir. Qarabağ, Quba, Şamaxı, Lənkəran dağları ilə Bakı ətrafında hərəkət edən və get-gedə digər çətələri də ətrafına toplayan bu təşkilat, üzərində şüarlar yazılı milli Azərbaycan bayrağı daşıyor. Bayraqda yazılı şüardan bəziləri şunlardır: “Bizim 5 illik planımız komunistlərin imhası, rusların Azərbaycandan çıxarılması, Azərbaycanın və Azərbaycan xalqının hürr və müstəqil edilməsidir!”, “5 illik planımızı 2 ayda icra edəlim!”.

Azərbaycanda vücuda gələn böylə bir vəziyyət komunistləri, bilxassə Azərbaycan komunistlərini qorxuya salmışdır. Moskvanın aciz uşaqları olan onlara qarşı dəxi çox, daha şiddətli kin mövcud olduğu hər yerdə nəzərə çarpmaqdadır. Kollektivizədən imtina və ricət belə vəziyyəti islah edəmiyəcəkdir. Sovetlərə olan bu ilki seçkilər təxir edilmişdir.

Bütün müxalilət və müqavimət hərəkətlərinin “Müsavat” bayrağı və “Müsavat” şüarları altında, komunizmə qarşı, istilaya və rusluğa qarşı olaraq inkişaf eyləməsi istilanın 10-cu ili sonlarında Azərbaycanın Moskvaya verilən növbəti töhfələrindən biri degil də nədir?!

Bakı - Mart 15    

Daş-Dəmir (M.B.Məhəmmədzadə)

“Odlu-Yurd”, 27 nisan (aprel) 1930, ¹14

Ədəm - olmayan, yoxluq

Firar - qaçma

AZƏRBAYCANDA VƏZİYYƏT

(Azərbaycandan bizə yazıyorlar)

Qanlı icraat

Terror bütün dəhşətilə davam edir. Ta iç səflərinə qədər soxulan ufaq burjuazi təbir etdikləri müxalifətlə mücadilə edən komunistlər sadə “milliyyətçilik” təmayülü göstərən dünki arqadaşlarını bolşevik firqəsindən və sovet məmuriyyətlərindən atmaqla qalmayıb əskəri komunizm dövrünün qanlı dəhşətlərini də ehya etməkdədirlər. Həqiqətən də öylə: şimdiki həyat mənzərəsi sadə zəruri həyat maddələrini təmin edən dükanlar qarşısında toplanaraq növbət bəsləyən “quyruqlarla” degil, axıdılan məsum qanlarla da 1920 və 1921 sənələrini andırmaqdadır.

İştə bu sənə həziranın (iyunun) 18-c

i gecəsində isimləri aşağıda qeyd olunan vətəndaşlar “Çeka” tərəfindən öldürülmüşlər:

Əhmədbəyli İbrahim, Eyvazlı Zülfüqar, Dadaş Vəfalı, Hacızadə Əhməd, Mirzə Həsən, Nəsir Hüseynoğlu, Xasay Süleymanoğlu, Molla Yunus, Həsənqulu Məmmədzadə, Murad, Adışirin, Müseyib, Mirzə İman.

Qətl edilən bu vətəndaşlardan başqa aşağıdakı məhbuslar da aclıqdan və xəstəlikdən ölmüşlərdir:

Mirəhmədli Əbdüləli, Məşədi Abdulla, Molla Həsən, Qaraş Səid Mahmudlu

“Səlyan süngüsü”

Bakı vilayəti Səlyan qəzasında “Səlyan süngüsü” namı altında çalışan gizli bir təşkilata intisab töhmətilə aşağıdakı isimləri qeyd olunan vətəndaşlar müstövli hökuməti tərəfindən məhkum edilmişlərdir.

1. Zabitlərdən Şirin Baba - 10 sənə Solovkaya sürgün

2. Yenə zabitlərdən Soltan Əziz - 10 sənə Solovka

3. Məşədi Xəlil - 10 sənə həbs

4. Sultan bəy - 8 sənə həbs

5. İsmayıl Lütfəli - 6 sənə həbs

6. Talışlı Rüstəm - 8 sənə həbs

Bu təşkilat milli istiqlal fəaliyyətilə ittiham olunmuşdur.

lll

Ormanlara çəkilən bir “Komunist”

Lənkəran qəzasında milliyyətçiliklə ittiham olunaraq bir taqım müsavatçılarla birlikdə tövqif edilmək istənən yerli komunistlərdən Cavadlı Əli namında bir komunist yanına bir qaç arqadaş alaraq ormanlara çəkilmişdir.

Cavadlı Əli çetəçilərilə hökumət məfrəzləri arasında qanlı toqquşmalar cərəyan etmişdir.

“Odlu-Yurd”, birinci təşrin (oktyabr) 1929, ¹8

MƏHKUM MİLLƏTLƏR KONQRASI

Rus əsarətində bulunan millətlərdən Azərbaycan, Krım, Ədil-Ural, Şimali Qafqasya, Ukrayna, Gürcüstan, Kuban və Don müməssilləri (nümayəndələri) eylül (sentyabr) ictimai zamanı Millətlər Cəmiyyətinə müştərək bir müxatirə (yazılı xatırlama) ilə müraciət etmişlərdir. Müxatirədə deyilmişdir ki:

“Millətlər Cəmiyyətinin yüksək və müqəddəs prinsipləri yalnız Millətlər Cəmiyyətində əza (üzv) bulunan millətlər üçün degil, üzv bulunmayan, fəqət Millətlər Cəmiyyətinə mənəvi yardım göstərə biləcək millətlər üçün dəxi əzizdir. Bu millətlərin ilk şurasında əcnəbi hakimiyyət altında bulunan və bu üzdən Millətlər Cəmiyyətində rəsmən təmsil olunmayan millətlər duruyorlar.

Millətlər Cəmiyyəti misaqının (öhdəyə götürdüyü) böyük prinsiplərinə varlıqlarilə mərbut bulunan bu millətlərin, kəndi yüksək prinsiplərinin Millətlər Cəmiyyətinin tətbiq elədiyi şərait içərisində sadə seyirçi qalmaları da qeyri təbiidir. Bu millətlər imkan və qüvvətləri nisbətində ümumi sülhün inkişafına, ədalət və beynəlmiləl təşriki-məsaiyə yardım etmək istiyorlar, çünki bəşəriyyətin səadət və qurtuluşu Millətlər Cəmiyyəti prinsiplərinin ədalətsiz bir təhəkküm (məhkum etmə) üzərinə çalacağı zəfərdən asılıdır”.

Xatırlamalarının sonunda deyiliyor ki: 1919 şubatın (fevralın) 15-də məzkur millətlərin Praqada əqti-ictima edən nümayəndələri yuxarıda adları zikr olunan millətlərin Millətlər Cəmiyyətilə təşriki-məsaisini (ortaq fəaliyyətini) və bu millətləri əlaqədar edən həyati məsələləri tədqiq edərək kəndi müqəddəratlarına sərbəstcə malik olmaq yollarını aramaq məqsədilə bir konqra dəvətinə qərar vermişlərdir.

Muxtarayi-Azərbaycan naminə - Vəkili Mustafa bəy, Ədil-Ural naminə - Ayaz İshaqi, Şimali Qafqasiya naminə - Süleyman Metçur, Krım naminə - Səid Əhməd, Gürcüstan naminə - Salakaya və Kazbek, Ukrayna naminə - Smalstotski və İsaak Buzyak, Kuban naminə - Solyatitski, Don naminə - Fralov imza eyləmişlərdir.

“Odlu-Yurd”, oktyabr 1929, ¹8

 

(Ardı var) 

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.28-29.