Gedənlər gəlmədi  

 

 

İstənilən klassik sənət növləriylə məşğul olmağa qərar verən bir gənc bilməlidir ki, öz hiss və duyğularını, fikir və düşüncələrini sənət əsərində əks elətdirməkdən əvvəl uzunmüddətli bir peşəkarlaşma yolu keçməlidir, əvvəlki dövrlərin sənətkarlarının sənət incəliklərini, ifadə vasitələrini, fərdi üslublarını dərindən öyrənməli və eyni zamanda, təcrübədən keçirtməlidir.

 

Bu deyilənlər Qərb mədəniyyətinin bəhrəsi olan opera-balet kimi sənətlərdən tutmuş, xalqların milli klassik sənət növlərinin hamısına, konkret olaraq bizdə isə muğam sənəti, aşıq yaradıcılığı, klassik poeziyas. aiddir...

 

Və bəzən elə olur ki, haqqında danışdığımız “peşəkarlaşma” dövrü illərlə davam edir, ağır əziyyət və zəhmət tələb edir. Yalnız bu mərhələni başa vuran sənətkar öz fərdi üslubunu axtarıb tapmağa, özünü ifadə etmə prosesinə başlaya bilər.

 

gün getdikcə daha çox aktuallaşan, populyarlaşan klassik Şərq poeziyası üslublarında yazmaq da çox əziyyətli və zəhmət tələb edən bir sahədir. Klassik üslubda yazmağa başlayan gənc hələ illərlə əruz bəhrlərini, qafiyə sistemini, məntiqi bağlantıları, bədiiyyat nümunələrini necə istifadə etməyi öyrənib təcrübədən keçirməlidir. Yalnız bundan sonra müstəqil yaradıcılıqda ilk addımlarını ata bilər.

 

Bu gün şeirləri təqdim olunan Əlhəm Dəşti də gənc olmasına rəğmən klassik poeziyada müəyyən “peşəkarlaşma” mərhələsi keçməyə macal tapıb. Onun şeirlərinə diqqətlə nəzər yetirəndə hiss olunur ki, əruz yaradıcılığının ilk mərhələsini - klassik üslub və formanı dərindən mənimsəmək mərhələsini uğurla başa vurub.

O yarın zülfü ənbərdən, dodağı balü-şəkkərdən

Üzü mahü-münəvvərdən, boyu Tubadan əladır.

Yanağı lalədən əla, dodağı ləlidən əla,

Qaşı ayparədən əla, gözü dəryadan əladır.

İstənilən klassik poeziya bilicisi bu beytlərə fikir verən kimi dediklərimin həqiqət olduğunu hiss edəcək. Əlbəttə, Əlhəmin şeir-qəzəllərinin əksəriyyəti klassik obraz və təşbehlərlə, əski irfani fikir və düşüncələrlə zəngindir. O, sanki klassik Şərq poeziyasının sadəcə ənənəvi davamçısı kimi görünür. Bəli, yaradıcılığın ilk mərhələsi belə də olmalıdır. Və Əlhəm Dəştinin yaralıcılıqda öz üslubu, öz dəst-xəttini axtarması mərhələsi hələ indi başlayır. O, sanki klassik poeziya yaradıcılığının orta məktəbini başa vurub, ali məktəbə daxil olur. Məncə, bu mərhələ əvvəlkindən həm çətin, həm asan olacaq. Ona görə asan olacaq ki, istedadlı gənc şair artıq ən ağrılı olan ilkin peşəkarlaşma prosesini keçib. Artıq onun şeirlərində nə əruz-qafiyə xətaları, nə də məntiqi qüsurlar demək olar ki, qalmayıb, kifayət qədər cilalanıb. Lakin çətinliklər də var. Minillik tarixi olan bir janrda özünü tapmaq sanki özündən əvvəlki böyük sənətkarların kölgəsindən çıxmaq kimi görünür. Əlhəm Dəşti bunu bacaracaqmı, ya yox, - bu, onun zəhmətkeşliyindən, əzmindən və iradəsindən asılıdır.    

 

İlqar FƏHMİ

 

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.27.