Bunca tökdüm göz yaşı, əmma gedənlər gəlmədi,

 

Göz yaşım oldu mənim dərya, gedənlər gəlmədi.

Dostlarım ağlar mənim əhvalıma, dostlar gülər,

Hər gülüşdə var min istehza: “Gedənlər gəlmədi”.

Hər bir işdə var bir hikmət deyirlər, burda da

Varmıdır hikmətli bir məna, gedənlər gəlmədi.

Göylərə çəkdi mələklər bəlkə bu getmişləri,

Yoxsa çəkdi nüvəyə dünya? Gedənlər gəlmədi.

Göz yumub açınca, söylərdim, gələrlər, saf-saf,

Oldu ta gəlməkləri röya, gedənlər gəlmədi.

Getdilər bir-bir gedənlər, qoydular bu Dəştini

Bunca insan içrə tək-tənha, gedənlər gəlmədi.

lll

Kuyindən uzaq qalmağa canımda dözüm yox,

 

Kuyin mənə qismət ola, cənnətdə gözüm yox.

Gəl söhbət edək üz-üzə, çün badi-səbadən,

Sözlər o qədər yollamışam, artıq üzüm yox.

Şerim sənin əlbət hünərindir, məni çünki

Söz yazmağa vadar eləyən sənsən, özüm yox.

Gəl, az məni tərif elə, ey söz xiridarı,

Sözdən savayı şerdə, sənətd ə sözüm yox.

Məcnundan əgər az dəyə səhrayə ayağın,

Dəşti, o zaman söylə ki, səhradə izim yox.

lll

Rəhm eylə, xuda, can çıxa dünya qəfəsindən,

 

Pərvaz eləyə bülbüli-şeyda qəfəsindən.

Öz ömrünü sərf eylədi Leylasına Məcnun,

Məcnunu çıxarma, nola, Leyla qəfəsindən.

Saqi meyi həbs eylədi səhbayə, ey aşiq,

Azad elə, qurtar meyi səhba qəfəsindən.

Hər sözdə sıxıb saxlamışam gizlicə məna,

sözləri, məna çıxa məna qəfəsindən.

Zindan ola gər Dəştiyə səhra, yenə xoşdur,

Dur eyləmə, ya rəb, onu səhra qəfəsindən.

lll

Əql deyir: qulluq elə canına,

 

Qəlb deyir: ver canı cananına.

Əql deyir: heç nəyi alma vecə,

Qəlb deyir: yarı düşün hər gecə.

Əql deyir: çəkmə daha dərdü qəm,

Qəlb deyir: mən çəkərəm hər sitəm.

Əql deyir: eşq ya sevda nədir?

Qəlb deyir: qeyrisi əfsanədir.

Əql deyir: eşqdən ollam cüda,

Qəlb deyir: eşqdən allam qida.

Əql deyir: eşq ki var, qəmdir o,

Qəlb deyir ki, mənə məlhəmdir o.

Əql deyir: qəm səni əldən salır,

Qəlb deyir: Dəşti fəqət zövq alır.

lll

Mənim yarım gözəllikdə gözəl Leyladən əladır,

 

Mənim eşqim isə Məcnundakı sevdadən əladır.

O yarın zülfü ənbərdən, dodağı balü şəkkərdən,

Üzü mahi-münəvvərdən, boyu tubadən əladır.

Yanağı lalədən əla, dodağı ləldən əla,

Qaşı ayparədən əla, gözü dəryadən əladır.

Elə göftarı vardır, mən o göftarın giriftarı,

Dili şirin, sözü şirin, özü əladən əladır,

Qədəm qoymuşsa bir toprağə, o topraği-cənnətdir,

Ora dünya ola bilməz, ora dünyadən əladır.

Təəccüb eyləmə səhradəyəmsə, böylə aşiqçün,

De, ey Dəşti, haradır ki, ora səhradən əladır.

lll

Vahid, ömrün boyu sən sakini-meyxanə idin,

 

Qəmi-eşq ilə həmişə gözü məstanə idin.

Çöhrəsində görünür surəti gül üzlülərin,

Bu səbəbdəndi ki, sən aşiqi-peymanə idin.

Sənə bica yerə məskən deyil Odlar yurdu,

Çünki eşq atəşinə şövq ilə pərvanə idin.

Ey özü sadə, sözü sadə olan ustadım,

Sənin o əqlinə çatmaz biri, fərzanə idin.

Hər sözün indi , Vahid, dilimiz əzbəridir,

Sağlığında necə ki, dillərə əfsanə idin.

Vahida, Dəşti sənin hər sözünün valehidir,

Hər sözün ayrı dəlil oldu ki, bir danə idin.

lll

Hər dəfə, gülüm, bağrımı qan etməsən olmaz?

 

Məndən gül üzün bir də nihan etməsən olmaz?

Vəslin də nəsib olmadı, bir dəfə gülüm mən,

Göz yaşımı hicrində rəvan etməsən olmaz?

Hər gün, gözəlim, mən sənin arxanca süründüm,

Bu felimi hər yerdə əyan etməsən olmaz?

Ey bağü bəharım, yenə həsrətlə keçir ömr,

Həsrətde qoyub ömrü xəzan etməsən olmaz?

Qaldım yenə dərya gözünün seyrinə həsrət,

Həsrətlə bu könlü nigəran etməsən olmaz?

Dəşti, sənə çox söylədilər ahını az et,

Aşiqsən axı, ahü fəğan etməsən olmaz.

 

Əlhəm DƏŞTİ

 

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.27.