DÖRDLÜKLƏR

 

İnsanı hər zaman ucaldır qürur,

Ən çətin gündə də yenilməz durur.

Kim boyun əyməyə adət edirsə,

Özünə şərəfsiz gələcək qurur.

Alimlər, dahilər görüb bu dünya,

Onların işləri saçıbdır ziya.

Heyhat, adamlıqdan kənar bəzisi

Hətta mənfur kimi bəlli hamıya.

Alın yazısını heç silmək olmaz,

Zorla cəmiyyətdə sevilmək olmaz.

Çoxu bəyənməsə, gördüyün işin,

Düzgün olduğunu tam bilmək olmaz.

Çətindir həyatda çox şeyi bilmək,

Bununçün daima çalışmaq gərək.

Yaxşı ad qazanmaq heç asan deyil

Müşküldür verilən pis adı silmək.

Dil başa bəladır”, - deyib atalar,

Onun həm şirini, həm acısı var.

Birisi sevdirər öz sahibini,

O biri hamının gözündən salar.

Hər yaşın özünə məxsus tərzi var,

Dəyişik salınsa, pozular meyar.

böyük-kiçiyin bilinər yeri,

ədəb-ərkandan əlamət qalar.

Açıq düşmənindən qorunmaq asan,

Hər an pisliyinə hazır olursan.

Yaxın dost bildiyin etsə xəyanət,

Bax, odur həyatda qorxulu insan.

Yersiz hərəkətlə bir sözlə bəzən,

Günahsız olan da qazanır düşmən.

Unutma, daha çox özgədən deyil,

Çalışıb özünü gözlə özündən.

Doğuşdan cismani əlillər var,

Yetişib onlardan neçə loğmanlar.

Bədbəxtlik gətirir bədəni sağlam,

Mənəvi cəhətdən şikəst olanlar.

Köməklik vəd edib, qəsdən uzatma,

Ümidin yerinə nifrət yaratma.

Ötüşəndə vaxtı əla şərab da

Çevrilir sirkəyə, yaddan çıxartma.

Yaxşı ki, bilinmir öldüyümüz gün,

Yoxsa həyatımız keçərdi üzgün.

ümid etməyə bir şey qalardı,

həvəs olardı arzular üçün.

Meydan sulasa da, dil qəhrəmanı,

Düşür etibardan bir zamanı.

İndi uşağı da aldatmaq çətin,

Hər kəsin tez çıxır üzə yalanı.

Ömrünü yaşayan mərdi-mərdanə

Heç bir əyintiyə qalmır biganə.

Qarşıda təhlükə gözlənsə belə,

Çəkinmir, düz yolu o seçir yeganə.

 

Ağıllı adama hakim gərək,

Səhv addım atıbsa, düz düşünərək.

Hökmü özü verir özünə qarşı,

Daha başqasından gözləmir kömək.

Təşəkkür bildirmək mədəniyyətdir,

Saymamazlıq tamam bədnam niyyətdir.

Hər kəsin həyatda tutduğu yerə,

Doğru qiymət verən tək cəmiyyətdir.

Həzrət İmam Əli deməyib əbəs:

Əsl igid özgə gücə güvənməz”.

İgid deyil, kim ki, xalq arasında,

Hey öyünür: “Atam olub filankəs”.

Kişilik aləmi pis günə qalıb,

Təmənna güdənlər yaman çoxalıb.

Qohumçün birisi xahişə gəlir,

Sonra eşidirsən ondan haqq alıb.

Təhqirə yol vermək nadan işidir,

Həm zəiflərin pis vərdişidir.

Ağıllı cavaba gücü çatmayıb,

Bu tərzdə danışan məgər kişidir?

Saxta alimliyə yoluxan məriz,

Adi bir fikri söyləyir qəliz.

Guya ki, qəlizlik zəka işidir,

Amma gölməçəyə kim deyər dəniz?

Dad işi bilməyən müdir əlindən,

Hamını bezdirən bəd əməlindən.

Kimin ki, cürəti yox söz deməyə,

Ona qarğış, söyüş düşmür dilindən.

Pak münasibəti dostluqdur quran,

Sağlam ailənin kökündə duran.

Onsuz Yer üzündə aləm qarışar,

Yaşasın səmimi dostluq hər zaman.

Yıxılıb qalxmağı bacaran hər kəs,

Enişli-yoxuşlu yoldan çəkilməz.

Ən çətin sahəyə düşsə beləsi,

Dirçələr orada yeni bir həvəs.

Həyat bir imtahan, yarış olayı,

Hər kəsə paylanıb bacarıq payı.

İllər ötüşdükcə belə sınaqda,

Məğlub olanların azalmır sayı.

 

TƏMSİLLƏR

OLMAZ

 

Balçılıq alimi cır arıdırsa,

Onun qara milçək həmkarıdırsa,

Elmdə yalan olar, həqiqət olmaz.

 

lll

 

Dovşanın önündə, rastlaşan zaman,

Quyruq bulayırsa zəhmli aslan,

Yaltaqlıq yayılar, mürüvvət olmaz.

 

lll

 

Həm qan içən, həm tor quran hörümçək

Pərvanəyə hakim kəsilsə, demək,

Hüquqlar pozular, ədalət olmaz.

 

lll

 

Tapşırılsa bir gün hansı diyarda,

Toyuqlar tülküyə, qoyunlar qurda,

Haram vüsət alar, bərəkət olmaz.

 

lll

 

Surətlə yeni bir sahə qurmağa

Rəhbərlik edərsə hərgah tısbağa,

Boş sözlər çoxalar, hərəkət olmaz.

  

ZÜRAFƏ

 

Ən hündür heyvandır bəlkə zürafə,

İridir çoxundan, gör neçə dəfə.

Amma cəsarəti olmadığından

Uduzur həmişə hər bir zəifə.

 

QARĞA SADİQLİYİ

Dimdiyini dik tutub,

Hey özünü öyürdü.

Yerli-yersiz həmişə,

Sinəsinə döyürdü:

Vətənimə sadiqəm;

Uçmayıram heç yana.

Ondan ötrü dözürəm,

Mən soyuğa, tufana”.

Unudurdu hər dəfə,

Ancaq o söyləsin bir,

Görən, bu sadiqliyin

Vətənə xeyri nədir?

     

TƏZƏ ŞAR

Bir anda yüksəklərə

Qalxsın deyə təzə şar,

Üfürdükcə şişirdi,

Genəlirdi o ki var.

Fəqət birdən partlayıb,

Düşdü yerə əski tək.

Çünki öz həddini o,

Unutmayaydı gərək...

BOŞ MÜBAHİSƏ

Bir gün ürəklə böyrək

Boş yerə sözləşdilər.

Köhnə ilqarı pozub,

Yamanca üzləşdilər.

Ürək dedi: “İnsana

Həyat verən mənəm, mən.

Söylə bir, mən olmasam,

Axı, nəyə gərəksən?”

Söz altında qalmayıb,

Qışqırdı böyrək: “Dayan!

Heç gözləməzdim bunu,

Sən ki, düz danışansan.

Təsdiq eləyər hamı,

Dünyada mənsiz heç kəs

Həkimlər əlləşsə ,

Uzun yaşaya bilməz.

Belə isə üçün

Gərək sənə əyiləm?

Mən ki, səndən, ay ürək,

Heç əskik deyiləm”.

Hey o dedi, bu dedi,

Söhbət yaman uzandı.

Axırda qəzəblənib,

Ürək qəfil dayandı.

Ara yerdə hər şeydən

Xəbərsiz yazıq insan

Bircə göz qırpımında

Vaxtsız getdi dünyadan.

YEL DƏYİRMANI

İşləməkçin həmişə

O, bircə yol bilirdi.

Külək hayana əssə,

O yana çevrilirdi.

DƏVƏQUŞU

Çətinliyə düşəndə

Onun obası, yurdu,

Qorxusundan başını

Tez qumluğa soxurdu.

Güya zülmü, zilləti

eşidir, nə görür.

Zənn edirdi beləcə

Keçəcək həyat, ömür.

Qınayanda deyirdi:

- Bitərəfəm əl çəkin.

Mənim heç kimə qarşı

Qəlbimdə yox qəzəb, kin.

Bir gün aləm qarışdı,

Eşitmədi el səsi.

Başı qumluqda ikən

Parçalandı gövdəsi.

 

Elxan ƏZİZOV

 

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.26.