Sözün ölümsüz səfəri
ŞAİR RÜBAİLİN UNUDULMAZ XATİRƏSİNƏ
Gəlimli-gedimli
dünyanın sirr dolu nağılları içində
ömür az gedir, üz gedir, dərə-təpə
düz gedir və bu dünyanın nağıllarını
yarada-yarada özü də əfsanələşir.
Bir gün ömür bitir. Bitməyən zaman isə
sözün, yaradıcı insanın ədəbi taleyidir.
Bu taleyin ağrı-acıları kəlmə-kəlmə,
söz-söz ürəkdə hörüldükcə bir
könüldən min könülə səfər
başlayır... Sözün, poeziyanın ölümsüz səfəri...
Rübail Nəcəf oğlu Allahverdiyev qəlbinin atəşini,
könlünün sevdalarını böyük coşğu
ilə yaşadığı bir şəhərdə - Gəncədə
doğulmuşdu. Bu şəhər onun ədəbi taleyinin
sirli məkanı idi. O, bütün varlığı ilə
bu şəhərin ruhunu, əxlaqını, ədəb-ərkanını
varlığına çevirə bilmişdir. Azərbaycanda
çox az sayda belə şairlər
tapılar ki, onun ədəbi tərcümeyi-halı
doğulduğu yurda, ağaca, çinara, hətta məhəlləyə
bağlı olsun.
Rübail həyatının yarım əsrdən
çoxunu Gəncə Dövlət Aqrar Universitetinin
mühazirə salonlarında keçirib.
Tanınmış bir alim kimi öz sahəsinin bilicisi,
fanatı idi.
Yüzlərlə məqalə, elmi
araşdırmalar, monoqrafik tədqiqatlar onun elmi
potensialının göstəricisi idi. Rübail
bir müəllim, pedaqoq kimi öyrənməkdən və
öyrətməkdən yorulmurdu. Bu
peşə sevgisi, alim ömrü, onun şair taleyinə də
çox böyük əhəmiyyətli təsir göstərmişdi.
O, bir ürəkdə iki sənət sevdasını qoşa
yaşatmağı bacarırdı. Bu
bacarıq, bu sevgi isə elmi idrakla bədii təfəkkürün
həmrəyliyinə mane olmur, əksinə bir-birinə
qol-qanad verirdi. Onun
yaradıcılığında elmi dəyərlərlə bədii
dəyərlərin vəhdəti daim müşahidə
olunur.
Rübail həm də tanınmış bir ziyalı
kimi, böyüyüb boya-başa çatdığı
şəhərin ictimai, mədəni həyatında
yaxından iştirak edən, yorulmaq bilməyən fədakar
insan idi. Ulu öndər Heydər Əliyevlə tarixi
görüşü, ona həsr etdiyi ilhamlı, dərin məzmunlu
şeiri buna bariz nümunədir.
Şair Azərbaycanı, doğma vətənini ürəkdən
sevir, onun ağrı-acısı ilə yaşayırdı. Azərbaycan həqiqətlərini
sözün həqiqətinə çevirməkdən
qürur duyurdu. O, doğma torpağını - Vətənini
işıq bürcü kimi görürdü. Bu
bürcün işıqları isə həm sözünə,
həm də dünyaya düşürdü. Qaranlıqları yara-yara işığa doğru
gedən bu işıq bürcü onun sevgi və Vətən
bürcü idi.
Azərbaycan
yerin alov bayrağı,
Hər qəlpəsi
od nəfəsli bir hünər.
Dünyamızın
bu işıqlı torpağı,
Zülmət əksən işıq-işıq cücərdər.
Rübail
yazırdı... Öz taleyini, millətinin, vətəninin
taleyini. Söz onun ədəbi taleyinin
inanc yeri idi. Bu inanc, bu sevgi isə ona halal
şöhrət gətirmişdi. Elmdə
tanınmış alim, professor, Əməkdar müəllim, ədəbi
aləmdə isə Azərbaycanın unikal şairlərindən
biri, Prezident mükafatçısı, Beynəlxalq Rəsul
Rza mükafatı laureatı...
Bu adlar, bu uğurlar isə onun yorulmaz sənətkar həyatına
heç vaxt arxayınlıq gətirmirdi. Bir-birinin ardınca çap
olunmuş “Sübhə yaxın”, “Gecələr yuxusu
qaçar qızların”, “Bir işıqlı yol üstəyəm”,
“İldırımötürən”, “Zamanla əlbəyaxa”,
“Altı məzar, üstü bazar”, “Sahilsiz çaya
körpü”, “Tələsdikcə gecikirəm” və başqa
adlı kitabları tanınmış bir şairin söz abidələridir.
İndi
onun kitablarını vərəqləyirik.... Hər
poetik nümunədə dünyanın narahat şair
haraylarını eşidirik. Bu
ağrılar şair ürəyinin - Rübailin vətəndaş
mövqeyinin ağrılarıdır. “Mən
qəmimlə, kədərimlə yaşadım” - deyən
şairin şeirlərinə üz tuturuq. Zaman isə bu şeirlərin alt qatındadır.
Küləklər
dumanla əlbəyaxadı,
Adamlar
zamanla əlbəyaxadı,
Yaxşılar
yamanla əlbəyaxadı,
Yaxa kiminkidi, əl kiminkidi?
Amma bu ağrılar cavabsız qalmır, dünyanın
dərdi-səri şairi sualdolu acılarla üz-üzə
qoyur. Zamanın tale imtahanları bağlı qapılardan
keçməli olur. Özü də necə?
Göz
dikilib tale verən qapıya,
Bu
qapını kim aça, kim qapıya,
Dəmir
qapıların taxta qapıya,
Görən
işi düşəcəkmi, yoxsa yox?..
Dünyanın bütün dərdləri şair ürəyində
gecələyir. Kiminsə ümid bilib gözünü
dikdiyi qapı əslində, həqiqətin üzünə
bağlanmış qapıdır. Bu
qapıların arxasında sınmış talelərin göz
yaşları, naçar ümidlər əlacsız dərdlərə
çarə axtarır. Odur ki, şair “Bu qapını kim aça, kim qapıya” deyir. Qapı
qapamaq, bağlamaq anlamını ifadə edir. Bu da ictimai dəyəri artırır, poetik
ustalığı önə çəkir. Mətləbi poetikləşdirir, ona daxili ritmik məna
verir.
Zamanın və dünyanın dərdləri Rübail
şeirlərində deklarasiya yolu ilə deyil, bədii
faktın, orijinal müşahidənin məntiqi ilə mənalandırılır. Onun əsərlərinin
özünəməxsusluğundan danışanda məhz bu cəhətlərə
xüsusilə diqqət yetirilməlidir. Hamının
hər gün rastlaşdığı adi həyat faktına
şair görün necə böyük ictimai məna verib.
Məlumdur ki, adi məişət detalını bədii-fəlsəfi
mətləbə çevirmək qələm adamından
poetik ustalıq, poetik yanaşma tələb edir. “Sağlamlıq
kağızı” adlanan şeirin bədii qayəsində
olduğu kimi... Əvvəlcə adi
görünən bu mövzu müəlifin poetik
yanaşmasından sonra ictimai dəyərini artırıb.
Bax belə:
Sağlamlıq
haqqında arayışım yox,
Torpağım
yaralı sağlam daşım yox,
Bəladan
açılmaz rahat başım yox,
Sağlamlıq kağızı istəmə məndən.
Bu şeirdə sağlamlıq kağızı istəyən
məmurun, dəftərxana işçisinin əhval-ruhiyyəsi
deyil, başqa bir mətləb - ictimai mətləb önə
keçib. Şair sağlamlıq kağızına başqa məna
prizmasından yanaşıb. Bu da Rübail
yaradıcılığında mövzuya müxtəlif
baxışdan baxmaq məharətindən doğur. Vətən, millət dərdləri şeirin daxili
intonasiyasından üst qata - məna qatına keçir.
Millətin
nə qədər əlili vardır,
Əli
göydə qalan zəlili vardır,
Qarabağ
möhürlü bəd ili vardır,
Sağlamlıq kağızı istəmə məndən.
lll
İndi
bu kağızı həkim verəmmir,
Başbilən
verəmmir, hakim verəmmir,
Bu dərdi
bəs necə çəkim, ver əmr,
Sağlamlıq kağızı istəmə məndən.
Bu orijinal yanaşma, mətnin poetik məna yükü
şairin vətəndaşlıq mövqeyini diqqətə
çəkir.
Zamanın dərdlərinə çarə
tapılmadıqca sağlamlıq kağızı verən
tapılmır. Sağlamlıq isə əslində,
şeirin başlıca motivi olan vətəndir, torpaqdır, ən
başlıcası vətəndaş mövqeyi, vətəndaş
yanğısıdır.
Şairin maraqlı, ictimai tutumlu şeirlərindən
biri də “Nobel mükafatı” adlanır. Bildiyimiz kimi,
Nobellərin Azərbaycana marağı 1873-cü ildən
başlayıb. 1879-cu ildə Nobel
qardaşlarının şərikli sərmayəsi əsasında
Bakıda “Nobel qardaşları” şirkəti
yaradılmışdır. Alfred Nobel bir dəfə
də olsun Bakıda olmadığı halda Bakı neftindən
böyük sərmayələr əldə etmişdir. Onun vəsiyyətinə görə Nobel
mükafatı təsis edilmişdi. Bu
mükafat isə ədəbiyyat üzrə ilk dəfə
1901-ci ildə verilmişdir. Bu tarixi gəzişmələrdə
başqa bir ictimai məna ortaya çıxır. Bu isə şairin “Nobel mükafatı” şeirində
sualdolu məqamları cavablandırır.
Nobel
qardaşları Bakı neftini,
Aldılar,
satdılar pul qazandılar
Biz vurduq
bağlarda tənək neftini,
Yadlar şərab içib qul qazandılar.
lll
Nobel
mükafatı mayası bizdən,
Onunla fəxr edir insan həyatı.
Mənim
nümayəndəm kənardı gözdən,
Hələ almamışıq bu mükafatı.
Tarixi həqiqətə şair bədii məntiqlə
yanaşır.
Tarix, tarixi faktlar bədii süjetə, bədii detala
çevrilir. Nobel mükafatının qayəsindəki
uyğunsuzluqlar şair qınağına çevrilir.
Dünyanı
dağıtmaq istəyənlərə,
Nobel
mükafatı verilir, Allah!
Rübail şerinin bədii qayəsi, özünəməxsus
mövzu axtarışları onun poetik yanaşmalarında sənətkarlıq
sirlərini, sənət uğurlarını daim
artırırdı. Çünki bu mövzuların mahiyyətində
dünyanın qlobal dərdləri, millət, vətən
ağrıları həmişə önə keçir.
Həqiqət isə zaman qarşısında təslim
olmaq istəmir. Şair zamanla əlbəyaxa savaşa
qalxır, fikir və həqiqət savaşına...
Poeziya işıqdır, ümiddir, sənətkarın
güvəndiyi, yaşadığı torpağın ən
ülvi dəyəridir. Bu dəyərlər xalqımızın
çoxəsrlik mədəniyyətindən, genetik
yaddaşından güc tapa-tapa varlığını,
sözünü, özünü qoruyur.
Rübail elə bir torpaqda doğulub ki, o torpağın
daşında, kərpicində, tarixi məhəlləsində,
ulu çinarlarında yaddaş kodu var. Bu sirr beşiyi dahi
Nizami yurdu - Gəncədir. Gəncə Rubail
şeirində aparıcı bir obraz kimi əsərlərinin
poetik simasını və gücünü ifadə edir.
Onun əsərlərində Gəncə
coğrafi məkandan daha çox intibah mədəniyyətinin
ocağı kimi təqdir olunur. Bu da
şeirlərinin ovqatında hərəkətverici ruhu daim təzələyir,
ona novator forması gətirir. Gəncə
ilə bağlı çoxsaylı şeirləri isə onun
yurd sevgilərinin poetik çələngdir. Qəhrəmanlıq
və hünər çələngi...
İgidliyi
bəxşiş edib yaradan,
Döyüşlərdə qayıtmayıb yarıdan.
Çinar
kimi buludları qanadan,
Cavad Xanın cidası var Gəncədə.
Vətənidir
səngər-səngər qazılan,
Tarixidir neçə səmtə yoxulan.
Hər
bürcündə qəhrəmanlıq yaradan,
Cavad Xanın qalası var Gəncədə.
Rubail poeziyasında diqqəti çəkən məqamlardan
biri də milli dəyərlərimizə sənətkar həssaslığıdır. Hər
daşın, hər kərpicin məna qatında yaşayan,
unudulmayan tarixdir. Bu baxımdan onun xeyli sayda etnoqrafik
detallarla dolu olan, mənəvi dəyərlərimizi ifadə
edən şeirləri az deyil. “Anamın ağ kəlağayı” şeiri bu qəbildəndir.
Qədimdən kəlağayı
analarımızın yüz illər boyu baş örpəyi
olub. Örpək isə millətin namus,
qeyrət dəyəridir.
Açılanda
səhər idi,
Ömrümüzə
nəmər idi,
Günəş
içrə qəmər idi,
Anamın
ağ kəlağayı.
lll
Buludlara
yaraşırdı,
Baxanda
göz qamaşırdı,
Anama
çox yaraşırdı,
Anamın
ağ kəlağayı.
lll
O,
atamın əl işidi,
Bəyazlığı
gümüşüydü,
Bir səadət
gəlişiydi,
Anamın
ağ kəlağayı.
Bu şeirdə övlad sevgisi bir ananın örpəyi
timsalında sanki bəşəriləşir. Ağ kəlağayının
rəngləri taleyin rəngləri ilə birgə
yaşayır. Xoşbəxt günlərin rəngi ağ kəlağayıdırsa, dərdin,
hicranın rəngi isə qara kəlağayıdır. Şair bu rənglər içində öz sevgisini,
anasına, doğmalarına olan istəklərini poetik formada
ifadə edir. Analarımızın kəlağayı
bir simvol kimi, obraz kimi canlı və ibrətamizdir.
“Qaranlığa qənim olan” abır-ismət
örtüyü yad baxışa nifrət, işıqlı
ürəklərə isə məhəbbət bəxş
edir. Şeirin son bəndlərində ifadə olunan fikirlər
necə də ibrətamiz və
düşündürücü bədii detallarla zəngindir.
Atam
öldü - uçdu qaya,
Hamı gəldi bu haraya.
Döndü qara kəlağaya,
Anamın ağ kəlağayı.
lll
Yetimliyim yaddaş olub,
İpəkliyə yad daş olub,
Məzar üstə ağ daş olub,
Anamın ağ kəlağayı.
Qəlbinin odunu, sözə, şeirə, böyük sənətə bəxş edən sənətkarı ehtiramla yad etmək, xatirəsini uca tutmaq poeziyasevərlərin ümdə borcudur. O, indi əbədiyyət yuxusundadır. Amma bütün ruhu ilə canından çox sevdiyi vətən torpağı onun şeirlərində ölümsüz bir səfər üstədir. Vətənin bu günü, sabahı və gələcəyi ilə...
Yerin behişt, ruhun şad olsun, qələm dostum!
İnqilab İSAQ
Gəncə
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.25.